• cümə axşamı, 25 aprel, 11:21
  • Baku Bakı 14°C

Moskvadakı çadır düşərgəsində türkürpədən mənzərə - Fotolar

08.08.13 09:44 2297
Moskvadakı çadır düşərgəsində türkürpədən mənzərə - Fotolar
Avqustun 7-də səhər saatlarında 400 nəfərə yaxın xüsusi təyinatlı polis dəstəsi miqrantların çalışdığı “Sadovod” bazar kompleksinə hücum edib. “Profilaktik tədbir” adı altında keçirilən əməliyyat zamanı saxlanılan yüzlərlə şəxs arasında azərbaycanlılar da var. Rusiya mətbuatının yazdığına görə, Çerkizov bazarı bağlanandan sonra çinlilər və başqa ölkələrdən olan miqrantlar işləmək üçün bu bazara üz tutublar. Paytaxtdan 14 km aralıda yerləşən bazara əvvəllər də güc sturkturlarının basqını olub. Hazırda isə artıq bazarın işləməməsi haqqında məlumatlar yayılıb. Rusiya polisinin verdiyi məlumata görə, saxlanılanlar qeyri-leqal miqrantlar üçün təşkil edilən düşərgəyə göndəriləcək.
Qeyd edək ki, Rusiya paytaxtında ilk dəfə olaraq qeyri-leqal miqrantlar üçün böyük çadır düşərgəsi qurulub. Moskvanın şərqində - Qolyanovo rayonunda salınan çadırlardan ibarət düşərgədə hər biri 40 nəfər üçün nəzərdə tutulan 40 çadır quraşdırılıb. Çadırların əksəriyyəti hələ ki, boşdur. Hər bir çadırda çarpayılar üst-üstə qurulub. Artıq düşərgəyə vyetnamlılardan ibarət böyük bir qrup gətirilib.
“Keçən həftə reydlər zamanı mindən artıq saxlanan qeyri-leqallar arasında Orta Asiya, Azərbaycan, Misir, Özbəkistan və s. ölkələrdən olan miqrantlar var”. Paytaxt polisinin qeyri-leqal miqrantlarla bağlı start verdiyi əməliyyat isə gün-gündən genişlənir: «Bizdə operativ informasiya var ki, İraq, Suriya, Vyetnam və Azərbaycandan minlərlə qeyri-qanuni miqrantı Moskvaya gətiriblər» - deyə Moskva şəhər polis rəisinin müavini Vyaçeslav Kozlov bildirib: «Onların arasında vyetnamlılar üstünlük təşkil edir. Hamısı da tikiş fabrikində işləyib».
V.Kozlovun sözlərinə görə, əvvəlcə gizli biznesin 8 təşkilatçısı tutulub. Daha sonra isə fabrikin özü mühasirə olunub. Belə ki, fabrikdə məşhur marka altında kütləvi istehlak malları aşkarlanıb və onlar anbarlarda yerləşdirilib. Həmin fabrik üzün illər Rusiya bazarları üçün qeyri-qanuni paltarlar tikib. Şüşələri sınıq ikimərtəbəli tikilidə polislər tikiş maşınlarından və digər avadanlıqlardan ibarət 20 sex görüblər. Həmçinin onların arasında saxta Vyetnam pasportları və mühasib sənədləri aşkarlanıb. İki mərtəbəli sexlər ucuz işçi qüvvəsinin həm iş, həm də yatacaq yeri olub. Belə ki, birinci mərtəbədə onlar işləyir, ikincidə isə yatırlar. “Biz onları görüncə oradakı antisanitariya şəraitindən dəhşətə gəldik. Təsəvvür edə bilmirəm, belə şəraitdə necə yaşamaq olar? Onları ya orada zorla saxlayıblar, ya da əksinə, yaxşı pul ödəyiblər. Biz bunları aydınlaşdıracağıq».
Saxlanılan miqrantlar arasında çoxlu uşaq və hamilə qadınlar var. Onlardan biri hətta, polisləri görüb çarpayıdan qalxa bilməyib. Qadının üzərində bıçaq yarası olsa da, o, tibbi kömək üçün müraciət belə etməyib. “Belə görünür ki, miqrantlar ümumiyyətlə, küçəyə də çıxmayıblar. Yaxınlıqdakı evlərdə yaşayanlar deyiblər ki, onlar miqrantları ətrafda görməyiblər. Baxmayaraq ki, rusdilli asiyalılara diqqət yetirmək o qədər də çətin deyil. Bu miqrantlar hələlik çadır düşərgələrdə yerləşdiriləcək, daha sonra deportasiya olunacaqlar» - deyə Kozlov bildirib.
Çadırların döşəməsi asfaltdır. İçəridə çarpayılar qoyulub. Hər çadırın qarşısında bio-tualetlər və əl-üzyuyanlar qurulub. Yeməkxana da çadırdan ibarətdir. Çadırların ətrafı hasarlanıb.
Miqrantların burada «istirahəti»nin nə qədər davam edəcəyini söyləmək çətindir. Buna hökumət qərar verəcək. Polislər isə bununla bağlı suala qısaca cavab verirlər: «Hələ sənədlər tam tərtib olunmayıb». Düşərgədəki çadırların sayının gün-gündən çoxalaçağı da istisna deyil.
Düşərgədən qaçmaq mümkünsüzdür
“Komsomolka”nın müxbiri düşərgədə olarkən miqrantların şikayətlərini eşidib: “Böyük çadırda hava boğanaqdır. İkimərtəbəli çarpayılar, zolaqlı matraslar diqqət çəkir. Qırmızı “futbolka”lı arıq vyetnamlı əli ilə siqaret çəkmək istədiyini bildirərək «Var? Var?» - deyə təkrarlayır. Ancaq düşərgənin ərazisində siqaret çəkmək qadağan olunub. Hələlik düşərgədə 200 vyetnamlı, Orta Asiya respublikalarından, Morokkodan olanlar və hətta bir suriyalı var. Bura əsasən elə qeyri-leqal miqrantlar gətirilir ki, artıq məhkəmə onların deportasiyası haqqında qərar verib. Demək olar ki, çoxunun pasportu yoxdur. Düşərgədən qaçmaq isə onlar üçün mümkünsüzdür. Keçmiş tikiş fabrikinin ərazisində yerləşən düşərgə hündür hasarlarla əhatələnib. Hasarların ətrafında xüsusi təyinatlı polis dəstəsi gəzişir”.
Rusiya Federasiyası DİN-in İctimai Məsləhət Şurasının sədr müavini Anton Svetkov başqa ictimai təşkilatların müşahidəçiləri ilə əraziyə gələrək miqrantların yaşayışı ilə maraqlanıb. Vyetnamlılar Svetkova şikayətləniblər ki, yeməkləri pisdir, onlara əsasən ətlə qarabaşaq sıyığı, çay və peçenye verirlər. Vyetnamlılar qarabaşağa öyrəşmədiklərini bildirərək onun düyü ilə əvəz olunmasını istəyiblər. Nümayəndələr «Sizin xahişinizi çatdırarıq» - deyə bildiriblər. Digər şikayətlər isə çadırlarda rozetkaların olmaması ilə bağlı olub: «Mobil telefonlarımızı “zaryadka”ya qoya bilmirik. Yalnız kimin telefonunun batareyası qurtarmayıbsa, ondan xahiş edib zəng edə bilirik». Həmçinin miqrantlar ərazidə siqaretin çəkilməsinə qoyulan qadağadan da gileyləniblər.
Vyetnamlılar tərcüməçinin köməyi ilə öz tarixçələrini danışıblar. Əksəriyyəti Rusiya ərazisinə iki ildən az müddətdir ki, daxil olublar. Onları siyahıya götürməyiblər və nəticədə iş üçün rəsmi icazə ala bilməyiblər. İşə düzəldikləri yerlərdə isə yerliləri onlara aya 300-400 dollar verəcəklərinə söz veriblər. Vyetnam ölçüləri ilə bu, onlar üçün böyük puldur. Amma Moskvaya biletə və işə düzəlməyə 2000 «yaşıl» ödəmək lazım gəlib. Onlar həmin pulları qohumlarından borc götürərək gəliblər və söz verdikləri pulu isə hələ heç kim ödəyə bilməyib. Sutkada 14 saat və istirahətsiz işləməklə onlar pul qazanmağa çalışıblar. «Tikiş fabrikindən ayda bir-iki dəfə yoxlama olurdu. Biz gah gizlənir, gah da sexi bağlayırdılar. Ya da «menecer» 2000 rubl yığırdı və yoxlama gedirdi».
“Dustaqlar”ı necə yedizdirməli?
Düşərgənin qarşısında müşahidəçiləri yubandırırlar. Vyetnam səfirliyinin əməkdaşları öz yerliləri ilə danışıqlara gəlib. «Siz başa düşürsünüz ki, bura, kurort deyil» - deyə Anton Svetkov konsula izah edir. “Sizin vətəndaşlar bizim qanunları pozublar və deportasiyaya hazırlaşırlar. Bax, siz onları öz hesabınıza gündə 3 dəfə yedizdirə bilərsiniz? Əgər istəyirsinizsə biz bütün bunları sizin kabinetlərdə hazırlamaq üçün qadın göndərək». Vyetnamlılar başlarını bulayıblar. Onların ideyası isə belədir: «Dustaqlar» üçün humanitar kömək elan etmək. Bəlkə əhali onların qidalanması üçün ərzaq verdi. «Bu, mümkün deyil» - deyə Anton Svetkov etiraz edib. Əlbəttə, insanlar gətirəcəklər. Hansısa xeyirxah babalar, nənələr mərhəmət göstərəcəklər. Ancaq onların gətirdiyi ərzaqların keyfiyyətini necə yoxlamalı? Necə təyin etməli ki, onlar nə vaxt və necə hazırlanıb?”
Düşərgənin böyük qapısı zaman-zaman açılıb-örtülür. Hər dəfə də içəriyə balaca mikroavtobuslarla qeyri-leqallar gətirilir. Düşərgənin lap qurtaracağında isə fəhlələr əlavə çadırlar qururlar. Ola bilsin ki, tezliklə qanunsuz miqrantlar üçün yer çatışmayacaq. Çünki təmizlənmə bütün Moskvada gedir...
Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər