• cümə axşamı, 28 mart, 12:30
  • Baku Bakı 16°C

Moskvada separatçı Dnestryanı bölgənin nümayəndəliyi açılıb

23.01.19 16:36 552
Moskvada separatçı Dnestryanı bölgənin nümayəndəliyi açılıb
Postsovet məkanındakı qondarma respublikalara açıq dəstək verən Rusiya Moldova ilə münasibətləri kəskinləşdirən növbəti addım atıb. Rusiya kütləvi informasiya vasitələrinin yaydıqları məlumata görə, qonşu ölkənin Xarici İşlər Nazirliyi Moskvada qondarma Dnestryanı bölgənin nümayəndəliyinin açılması barədə xəbəri təsdiqləyib. Məlumatda bildirilir ki, nümayəndəlik sosial və mədəni əlaqələrin "inkişafına” xidmət edir. Tanınmamış qurumun Ali Şurasının sədri Aleksandr Şerba "Nezavisimaya qazeta”ya müsahibəsində bu informasiyanı şərh etməkdən boyun qaçırsa da, Kişinyovda fəaliyyət göstərən "Politicon” strateji tədqiqatlar və siyasi konsaltinq mərkəzinin direktoru Anatol Çaranu hesab edib ki, Moskvanın atdığı bu addım Dnestryanı bölgənin tanınması istiqamətində mühüm bir addımdır. Bu isə Kişinyov və Moskva arasında münasibətlərin gərginləşməsinə gətirib çıxara bilər. "Moskvanın atdığı addım Kişinyovda Moldovanın daxili işlərinə qarışmaq cəhdi kimi qiymətləndirilib. Moskvada "Dnestyanı” fondunun qeydiyyatdan keçilməsi və açılması Rusiyanın tanınmamış qurumun müstəqilliyini tanıması demək olacaq. Dnestryanı liderin bu yaxınlarda Tiraspolun Moldova ilə federal əsaslarla birləşmə formuluna razılaşmayacağı barədə bəyanatı fonunda Moskvada açılan yeni fond xüsusi əhəmiyyət kəsb edir”, - deyə Moldovanın Rusiya Federasiyasındakı keçmiş səfiri olmuş A.Çaranu bildirib. O əlavə edib ki, indi artıq Rusiya ilə Moldova arasında münasibətlərin kəskinləşəcəyini gözləmək lazımdır. Politoloqun qənaətincə, Moskva hər zaman Dnestryanı bölgəni Moldovaya qarşı təzyiq vasitəsi kimi nəzərdən keçirib və gələcəkdə də bu siyasəti davam etdirmək niyyətindədir. Fondun yaradılması da buna xidmət edir. A.Çaranu hesab edir ki, Dnestryanı bölgə ilə mədəni və sosial əlaqələrin inkişaf etdirilməsini yeni struktur olmadan da həyata keçirmək mümkün idi və indiyə qədər də bütün məsələlər bu formada həyata keçirilib. Bundan əlavə, moldovalı ekspertin qənaətincə, Moskva Dnestryanı bölgəyə yardımını hansısa bir fond olmadan da həyata keçirib.
Yeri gəlmişkən, Rusiya XİN-in məlumatında o da bildirilir ki, bu cür qurumlar əvvəllər də yaradılıb. Nazirlikdən təsdiq ediblər ki, "təşkilatın fəaliyyətinin əsas məramı sosial-struktur, sosial-iqtisadi fəaliyyətinin genişləndirilməsidir”. Əlavə edilib ki, bu məqsədlə çap işləri və sərgilərin keçirilməsi də nəzərdə tutulub. "Qeyd etmək istərdik ki, "Dnestryanı” fondunun açılması Rusiya Federasiyasının Dnestryanı münaqişənin nizamlanması ilə bağlı prinsipial mövqeyinin dəyişilməsi demək deyil”, - deyə nazirliyin məlumatında bildirilir.
Kişinyovda isə bunun tam əksini fikirləşirlər. Xüsusən də Dnestryanı bölgənin lideri Vadim Krasnoselskinin Avropa KİV-lərinə verdiyi müsahibədən sonra Moldovada tamam başqa fikirdədirlər. Belə ki, "Avropa həqiqətləri”nə müsahibəsində o, Dnestryanı bölgənin Moldovanın nəzdində federal statusda qalması ideyasının mümkünsüz olduğunu bəyan edib. Halbuki, Moldovanın Dnestryanı bölgə ilə federal əsaslarla birləşməsi ideyasını bu ölkənin prezidenti İqor Dodon irəli sürüb. Kişinyovda Krasnoselskinin digər bəyanatları, xüsusən də Rusiya hərbi kontingentinin iştirakı barədə fikirləri də ciddi rezonans doğurub. O bildirib ki, Dnestryanı bölgədən, eləcə də, Rusiya hərbçiləri tərəfindən Ukraynaya qarşı hər hansı bir aqressiv hərəkət gözləməyinə dəyməz. O, həmçinin Kolbasnıdan Rusiya hərbi kontingentinin çıxarılmasına qarşı olduqlarını da dilə gətirib.
Kişinyovda hesab edirlər ki, Dnestryanı bölgə tanınmamış respublikanın ərazisində Rusiya silah-sursatının Kremlə gərəkən müddətdə saxlanılması üçün arqumentlər axtarıb tapmaqda davam edəcək. A.Çaranunun qənaətincə, "Rusiya Federasiyası Dnestryanı bölgədə özünün hərbi iştirakını hər zaman qoruyub saxlamaq istəyib - silah anbarları isə bunun üçün ən yaxşı vasitədir”. Ekspert hesab edir ki, Rusiya üçün Dnestryanı bölgədə münaqişənin dondurulmuş vəziyyətdə saxlanılması sərf edir və Kreml nəyin bahasına olursa-olsun regionda status-kvonun saxlanılmasına çalışacaq.
Bu fonda Qara dənizdən Ukraynanın hava məkanına daxil olan Birləşmiş Ştatların hərbi təyyarəsi aranı qatıb. Məlumata görə, təyyarə Moldova sərhədi boyu, o cümlədən qondarma Dnestryanı bölgə üzərindən uçuşlar edib. Kəşfiyyatçı təyyarənin Tiraspoldan 15 km. Məsafədə olduğu bildirilib. Bu barədə Ukrayna kütləvi informasiya vasitələri məlumat yayıb. Lakin Dnestrdəki Birləşmiş nəzarət komissiyasının rəhbəri Oleq Belyakov bildirib ki, tanınmamış qurumun hava hücumundan müdafiə qüvvələri bu təyyarəni qeydə almayıblar. Çox güman ki, bütün bu məsələlər Moldova prezidenti İqor Dodonun rusiyalı həmkarı Vladimir Putinlə gələn həftə Moskvada keçirəcəyi müzakirələrdə əsas mövzular olacaq.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər