• çərşənbə axşamı, 16 aprel, 18:43
  • Baku Bakı 18°C

Moskvada İkinci Qarabağ müharibəsində Qələbənin ildönümünə həsr olunmuş görüş keçirilib

15.10.21 12:13 315
Moskvada İkinci Qarabağ müharibəsində Qələbənin ildönümünə həsr olunmuş görüş keçirilib
Moskvada İkinci Qarabağ müharibəsində Qələbənin ildönümünə həsr olunmuş görüş keçirilib.
AZƏRTACxəbər verir ki, görüşdə Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Rusiyanın baş ravvini Berl Lazar, Dövlət Dumasının Beynəlxalq məsələlər komitəsinin sədri Leonid Slutski, Rusiyadakı Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.
Əvvəlcə İkinci Qarabağ müharibəsində Vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi anılıb, müqəddəs "Qurani-Kərim”dən ayələr oxunub.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu tədbiri açaraq xatırladıb ki, ötən gün Azərbaycan, Rusiya və Ermənistan dini liderlərinin görüşü keçirilib. O deyib: "Şeyxülislam Allahşükür Paşazadə bu gün Azərbaycanın Vətən müharibəsində böyük Qələbəsindən sonra ilk dəfədir Rusiyaya səfər edir. Ona görə də onun Azərbaycan diasporunun nümayəndələri və Rusiyadakı dini icmaların rəhbərləri ilə görüşü əlamətdardır”.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə görüşdə çıxış edərək bildirib ki, Azərbaycanın oğulları Vətənin ərazi bütövlüyü uğrunda hər an canlarından keçməyə hazırdırlar. Şeyxülislam deyib: "Ona görə də zəfər bizimlədir. "Qurani-Kərim”də buyurulub ki, əgər insan Allaha tərəf bir addım atarsa, torpağını, ailəsini qoruyarsa, Allah-Təala ona tezliklə fəth, qələbə nəsib edəcək. Ona görə də biz 30 il işğal altında olan torpaqlarımızı Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev başda olmaqla, rəşadətli Ordumuz və xalqımızın birliyi nəticəsində azad edə bildik”.
Qafqaz Müsəlmanları İdarəsinin sədri vurğulayıb ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşən və şəhid olanlar arasında xristianlar, yəhudilər də olub. Bu, çoxmillətli, çoxkonfessiyalı Azərbaycanın Qələbəsinin rəmzidir. "Üçtərəfli görüşdə erməni katolikosla danışanda mən qalib olduğumu hiss etdim, II Qaregin isə məğlub idi. O da bunu hiss etdi. Bu qalibiyyəti bizə bəxş edən Ali Baş Komandanımızın rəhbərliyi ilə Ordumuz, xalqımız idi. Bu, Haqqın batil üzərində qələbəsi idi. Ona görə də Vətənimiz uğrunda şəhid olanlar üçün dualar edirik. Mən çox sevinirəm bu gün Rusiyadakı Azərbaycan diasporu ilə qalib xalqın şeyxülislamı kimi görüşürəm. Bundan fərəh hissi duyuram. Xalqımla, dövlətimlə, dövlətimizin başçısı ilə qürur duyuram. Allah bu Qələbəni bizim üçün daimi edəcək”, - deyə Allahşükür Paşazadə bildirib.
Rusiyanın baş ravvini Berl Lazar Azərbaycan və yəhudi xalqları arasında möhkəm dostluq münasibətlərindən danışıb, Bakıya səfəri zamanı ümummilli lider Heydər Əliyev ilə görüşünü xatırlayıb. O, Azərbaycanda böyük yəhudi diasporunun firavan yaşamasını, sinaqoq, muzey və yəhudi məktəblərinin fəaliyyət göstərməsini xalqımızın tolerantlığının göstəricisi kimi qiymətləndirib. "Azərbaycanda millətlərarası münasibətlər bütün dünya üçün nümunə ola bilər”, - deyə B.Lazar bildirib.
Dövlət Dumasının Beynəlxalq məsələlər komitəsinin sədri Leonid Slutski Azərbaycanın İkinci Qarabağ müharibəsində böyük Qələbəsi münasibətilə təbriklərini çatdıraraq deyib: "Prezident İlham Əliyev Qarabağı Azərbaycana yenidən qaytarmaqla öz adını tarixdə əbədiləşdirdi. Prezident İlham Əliyev atası Heydər Əliyevin vəsiyyətini yerinə yetirmək üçün bu günə doğru addım-addım gəlirdi. Tarixi həqiqət zəfər çaldı və İlham Əliyev həm xalqının, həm də dünya tarixinə xilaskar kimi daxil oldu”.
Tədbirin sonunda şəhidlərin ruhuna dualar oxunub, ehsan verilib.
banner

Oxşar Xəbərlər