• cümə, 26 Aprel, 10:09
  • Baku Bakı 12°C

Moskva “yaxşı” separatçıları müdafiə edir

29.09.16 14:32 917
Moskva “yaxşı” separatçıları müdafiə edir
Ötən bazar Moskvada bütün dünya boyu separatçı qurumları təmsil edənlər və bu ideyanı yayanların ikinci qurultayı düzənləndi. Xatırladaq ki, birinci qurultay 2015-ci ildə Rusiya prezidentinin İşlər İdarəsinə aid "Prezident-Otel”də keçirilmişdi. Bu dəfə isə separatçıların sayı o qədər çox olub ki, sonda tədbiri "Rits Çarlton Moskva”da keçirmək qərarına gəlinib. Bu dəfə tədbirdə Dnestryanı bölgədən tutmuş Livana (bu ölkənin Demokratik Partiyası və Əl-Marada qurumları) kimi ən müxtəlif separatçı qurum və hərəkatlar təmsil olunub. Təşkilatçılar tədbirin keçirilməsinə 3,5 mln. rubl sərf ediblər.
"Millətlərin dialoqu” adı altında keçirilən konfransa təqribən 30-a yaxın separatçı hərəkat və tanınmamış qurumların nümayəndələri qatılıblar. Söhbət şimali irlandiyalılar, katalonlar, texaslılar, kaliforniyalılar, havaylılar, puerto-rikalılar, eləcə də Dnestryanı bölgə və Dağlıq Qarabağ separatçılarından gedir. Bir çoxları qurultaya təmsil olunduqları separatçı qurumların milli geyimlərində təşrif buyurublar. Məsələn, Donetsk Xalq Respublikası və Rusiyanın dəstəyi altında olan Ukrayna separatçı hərəkatının nümayəndələri.
Məlumat üçün bildirək ki, "Millətlərin dialoqu” Rusiya Antiqlobal hərəkatı tərəfindən keçirilir. Bu hərəkat Kremlin xarici siyasət istiqamətlərini müdafiə edir və "xalqların öz müqəddəratını müəyyən etməsi”, eləcə də "çoxqütblü dünya”nın qurulması adı altında fəaliyyət göstərir. Yəni bir növ onlar ABŞ-ın dünya üzrə hegemonluğuna qarşı çıxırlar.
"Qurultay” nümayəndələrinin bir çoxları artıq yaxşı tanınır. Məsələn, katalonlar və İrlandiyanın "Şinn Fenn” qrupu. Ən maraqlısı isə odur ki, burada Kaliforniyanın azad edilməsi üzrə hərəkat də təmsil olunub. Onun lideri Luis Martinelli hər yerdə bəyan edir ki, ABŞ 170 il bundan əvvəl Kaliforniyanı zəbt edib. O, Rusiyanı buna qarşı çıxmağa və onlara dəstək verməyə çağırır. Maraqlısı budur ki, bu şəxs hazırda Uralda ingilis dilindən dərs deyir.
Tədbiri açan Aleksandr İonov bir sıra ölkələri, xüsusən də ABŞ-ı imperiya ambisiyalarından əl çəkməyə çağırıb. Ardınca da bütün separatçı bölgələrdə davam edən münaqişələrin sülh yolu ilə həllinə səsləyib. Dha sonra çıxış edən Dnestryanı bölgənin "XİN” rəhbərinin müavini Dmitri Palamarçuk Cənubi Sudan və Krımda keçirilən referendumları xatırladıb. Dünya düzənini pisləyən separatçı qurumun təmsilçisi hamını "ölkəsinin müstəqilliyinin tanınmasına dəstək olmağa” çağırıb. Bütün çıxışçılar bu ideyanı dəstəkləyərək problemlərinin sülh yolu ilə həllinin zəruriliyini bildiriblər. Texaslı separatçı Neyt Smit isə Texasın ABŞ-dan ayrılması barədə referendum hazırladıqlarını bildirib. Bir faktı da qeyd edək ki, təşkilatçılar bəyan ediblər ki, keçirilən tədbirin Rusiya dövlətinə heç bir aidiyyatı yoxdur. Buna baxmayaraq, iştirakçıların bir çoxu öz çıxışlarına onlara tədbirin keçirilməsinə göstərdiyi yardıma görə Rusiya hökumətinə təşəkkür etməklə başlayıblar. Konkret olaraq, tanınmamış Dnestryanı bölgənin "XİN rəhbərinin müavini” Rusiyaya onlara maliyyə, hərbi və informasiya dəstəyi göstərdiyinə görə təşəkkür edib. Konfransa Rusiya tərəfindən rəsmi şəxslər qatılmasalar da, millətçi Liberal-Demokrat Partiyasından olan deputatlar onun işində iştirak ediblər. Onların isə Kremlin siyasətinin ruporu olduqları bəllidir. Bu faktın özü Rusiyanın müəyyən dairələrinin tədbirin keçirilməsində maraqlı olduğunu göstərmiş olub. LDP-ni təmsil edən deputatlardan biri Mixail Deqtyaryev Birləşmiş Ştatları diktatura rejimi adlandırıb. O, əlavə edib ki, Ağ ev dünyanı idarə etmək qabiliyyətində deyil. Millətçi deputat Krımda keçirilən "referendum”u demokratik adlandıraraq ABŞ-ın bunu qəbul etməməsini pisləyib. Eləcə də Ağ evin Kosovonun müstəqilliyinə razılıq verməsini pis amil adlandırıb. Onun qənaətincə, bu dövlətdə "başkəsənlər” hakimiyyətə gəlib. "ABŞ bizim müttəfiqimiz olan serblərdən bu torpaqları alıb”, - deyə o əlavə edib.
Yeri gəlmişkən, "bütün dünyanın separatçıları”nın qurultayının əsas təşəbbüskarı və hamisi Aleksandr İonov adlı şəxsdir. Boyu iki metrə çatan bu şəxs diplomatdan daha çox mühafizəçini xatırladır. Rusiya Antiqloballaşma hərəkatına rəhbərlik edən bu şəxsin təmsil etdiyi təşkilatda dünyanın tanınmış şəxsləri, o cümlədən Suriya prezidenti Bəşər Əsəd, İranın keçmiş prezidenti Mahmud Əhmədinejad üzvdürlər. Bundan əlavə, onun da ifadə etdiyi kimi, o, "Donetsk Xalq Respublikasının Xarici İşlər Nazirliyi”nin Cənubi Amerika və Yaxın Şərqlə münasibətlərini nizamlayır. Rusiya ordusunun zabiti olmuş bu şəxs özünü "beynəlxalq kommersiya firmasının direktoru” adlandırır. Adını açıqlamayaraq bunu "kommersiya sirri” adlandırır. O ki qaldı qurultayın maliyyələşdirilməsi məsələsinə, A.İonov bildirib ki, təmsil etdiyi qurum öz büdcəsinin böyük bir qismini təmin edir. Yerdə qalan vəsait isə prezident fondundan daxil olur. Bu resurslar da son anda konfransın "Prezident-Otel”dən daha yüksək rahatlığa malik "Rits Çarlton Moskva” hotelinə keçməsinə imkan verib. A.İonov etiraf edir ki, bir sıra nümayəndələrin yol pulunu ödəyib. Lakin o, ad çəkməkdən imtina edib.
Antiqloballaşma hərəkatının rəhbəri bir sıra nümayəndə heyətlərinin tədbirə qatılmamasından (əsasən də Lombardiya və Venesiyanın) təəssüfləndiyini də bildirib. Maraqlıdır ki, bu şəxsin özü Rusiyadan olan separatçıların fəaliyyətinə mənfi münasibət bəsləyir. "Müstəqillik tələb edən çeçenlər və Krım tatarları ekstremistlərdir və öz icmalarının mənafelərini təmsil etmirlər. Onlar üçüncü ölkələri təmsil edirlər”, - deyən hərəkat rəhbəri ölkə dedikdə ABŞ-ı nəzərdə tutduğunu bildirib. "Biz leqal fəaliyyət göstərən hərəkatları bura dəvət edirik”, - deyə o bildirib. Bir faktı da qeyd etmək yerinə düşər ki, ötən il Rusiya Dövlət Duması federasiya daxilində olan subyektin müstəqilliyi çağırışlarını qadağan edən qanun qəbul edib. Buna qarşı çıxanları beş ilə qədər həbs cəzası gözləyir. Belə olan halda Kremlin belə bir tədbirə rəvac verməsi, hətta onun keçirilməsinə dəstək verməsi başadüşülən deyil.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər