Moskva “yaxşı” separatçıları müdafiə edir
Ötən bazar Moskvada bütün
dünya boyu separatçı qurumları təmsil edənlər və bu ideyanı yayanların ikinci
qurultayı düzənləndi. Xatırladaq ki, birinci qurultay 2015-ci ildə Rusiya
prezidentinin İşlər İdarəsinə aid "Prezident-Otel”də keçirilmişdi. Bu dəfə isə separatçıların sayı o qədər çox olub ki,
sonda tədbiri "Rits Çarlton Moskva”da keçirmək qərarına gəlinib. Bu dəfə tədbirdə
Dnestryanı bölgədən tutmuş Livana (bu ölkənin Demokratik Partiyası və Əl-Marada
qurumları) kimi ən müxtəlif separatçı qurum və hərəkatlar təmsil olunub. Təşkilatçılar
tədbirin keçirilməsinə 3,5 mln. rubl sərf ediblər.
"Millətlərin dialoqu” adı
altında keçirilən konfransa təqribən 30-a yaxın separatçı hərəkat və tanınmamış
qurumların nümayəndələri qatılıblar. Söhbət şimali irlandiyalılar, katalonlar,
texaslılar, kaliforniyalılar, havaylılar, puerto-rikalılar, eləcə də Dnestryanı
bölgə və Dağlıq Qarabağ separatçılarından gedir. Bir çoxları qurultaya təmsil
olunduqları separatçı qurumların milli geyimlərində təşrif buyurublar. Məsələn,
Donetsk Xalq Respublikası və Rusiyanın dəstəyi altında olan Ukrayna separatçı
hərəkatının nümayəndələri.
Məlumat üçün bildirək ki, "Millətlərin
dialoqu” Rusiya Antiqlobal hərəkatı tərəfindən keçirilir. Bu hərəkat Kremlin
xarici siyasət istiqamətlərini müdafiə edir və "xalqların öz müqəddəratını
müəyyən etməsi”, eləcə də "çoxqütblü dünya”nın qurulması adı altında fəaliyyət
göstərir. Yəni bir növ onlar ABŞ-ın dünya üzrə hegemonluğuna qarşı çıxırlar.
"Qurultay” nümayəndələrinin
bir çoxları artıq yaxşı tanınır. Məsələn, katalonlar və İrlandiyanın "Şinn
Fenn” qrupu. Ən maraqlısı isə odur ki, burada Kaliforniyanın azad edilməsi üzrə
hərəkat də təmsil olunub. Onun lideri Luis Martinelli hər yerdə bəyan edir ki,
ABŞ 170 il bundan əvvəl Kaliforniyanı zəbt edib. O, Rusiyanı buna qarşı çıxmağa
və onlara dəstək verməyə çağırır. Maraqlısı budur ki, bu şəxs hazırda Uralda
ingilis dilindən dərs deyir.
Tədbiri
açan Aleksandr İonov bir sıra ölkələri, xüsusən də ABŞ-ı imperiya
ambisiyalarından əl çəkməyə çağırıb. Ardınca da bütün separatçı bölgələrdə
davam edən münaqişələrin sülh yolu ilə həllinə səsləyib. Dha sonra çıxış edən
Dnestryanı bölgənin "XİN” rəhbərinin
müavini Dmitri Palamarçuk Cənubi Sudan və Krımda keçirilən referendumları
xatırladıb. Dünya düzənini pisləyən separatçı qurumun təmsilçisi hamını "ölkəsinin
müstəqilliyinin tanınmasına dəstək olmağa” çağırıb. Bütün çıxışçılar bu ideyanı
dəstəkləyərək problemlərinin sülh yolu ilə həllinin zəruriliyini bildiriblər. Texaslı separatçı
Neyt Smit isə Texasın ABŞ-dan ayrılması barədə referendum hazırladıqlarını
bildirib. Bir faktı da qeyd edək ki, təşkilatçılar bəyan ediblər ki,
keçirilən tədbirin Rusiya dövlətinə heç bir aidiyyatı yoxdur. Buna baxmayaraq,
iştirakçıların bir çoxu öz çıxışlarına onlara tədbirin keçirilməsinə göstərdiyi
yardıma görə Rusiya hökumətinə təşəkkür etməklə başlayıblar. Konkret olaraq, tanınmamış
Dnestryanı bölgənin "XİN rəhbərinin müavini” Rusiyaya onlara maliyyə, hərbi və
informasiya dəstəyi göstərdiyinə görə təşəkkür edib. Konfransa Rusiya
tərəfindən rəsmi şəxslər qatılmasalar da, millətçi Liberal-Demokrat
Partiyasından olan deputatlar onun işində iştirak ediblər. Onların isə Kremlin
siyasətinin ruporu olduqları bəllidir. Bu faktın özü Rusiyanın müəyyən
dairələrinin tədbirin keçirilməsində maraqlı olduğunu göstərmiş olub. LDP-ni
təmsil edən deputatlardan biri Mixail Deqtyaryev Birləşmiş Ştatları diktatura
rejimi adlandırıb. O, əlavə edib ki, Ağ ev dünyanı idarə etmək qabiliyyətində
deyil. Millətçi deputat Krımda keçirilən "referendum”u demokratik adlandıraraq
ABŞ-ın bunu qəbul etməməsini pisləyib. Eləcə də Ağ evin Kosovonun müstəqilliyinə
razılıq verməsini pis amil adlandırıb. Onun qənaətincə, bu dövlətdə
"başkəsənlər” hakimiyyətə gəlib. "ABŞ bizim müttəfiqimiz olan serblərdən bu
torpaqları alıb”, - deyə o əlavə edib.
Yeri gəlmişkən, "bütün
dünyanın separatçıları”nın qurultayının əsas təşəbbüskarı və hamisi Aleksandr
İonov adlı şəxsdir. Boyu iki metrə çatan bu şəxs diplomatdan daha çox
mühafizəçini xatırladır. Rusiya Antiqloballaşma hərəkatına rəhbərlik edən bu
şəxsin təmsil etdiyi təşkilatda dünyanın tanınmış şəxsləri, o cümlədən Suriya prezidenti
Bəşər Əsəd, İranın keçmiş prezidenti Mahmud Əhmədinejad üzvdürlər. Bundan
əlavə, onun da ifadə etdiyi kimi, o, "Donetsk Xalq Respublikasının Xarici İşlər
Nazirliyi”nin Cənubi Amerika və Yaxın Şərqlə münasibətlərini nizamlayır. Rusiya
ordusunun zabiti olmuş bu şəxs özünü "beynəlxalq kommersiya firmasının
direktoru” adlandırır. Adını açıqlamayaraq bunu "kommersiya sirri” adlandırır.
O ki qaldı qurultayın maliyyələşdirilməsi məsələsinə, A.İonov bildirib ki,
təmsil etdiyi qurum öz büdcəsinin böyük bir qismini təmin edir. Yerdə qalan
vəsait isə prezident fondundan daxil olur. Bu resurslar da son anda konfransın
"Prezident-Otel”dən daha yüksək rahatlığa malik "Rits Çarlton Moskva” hotelinə
keçməsinə imkan verib. A.İonov etiraf edir ki, bir sıra nümayəndələrin yol
pulunu ödəyib. Lakin o, ad çəkməkdən imtina edib.
Antiqloballaşma hərəkatının
rəhbəri bir sıra nümayəndə heyətlərinin tədbirə qatılmamasından (əsasən də
Lombardiya və Venesiyanın) təəssüfləndiyini də bildirib. Maraqlıdır ki, bu
şəxsin özü Rusiyadan olan separatçıların fəaliyyətinə mənfi münasibət bəsləyir.
"Müstəqillik tələb edən çeçenlər və Krım tatarları ekstremistlərdir və öz
icmalarının mənafelərini təmsil etmirlər. Onlar üçüncü ölkələri təmsil
edirlər”, - deyən hərəkat rəhbəri ölkə dedikdə ABŞ-ı nəzərdə tutduğunu bildirib. "Biz leqal
fəaliyyət göstərən hərəkatları bura dəvət edirik”, - deyə o bildirib. Bir faktı
da qeyd etmək yerinə düşər ki, ötən il Rusiya Dövlət Duması federasiya
daxilində olan subyektin müstəqilliyi çağırışlarını qadağan edən qanun qəbul
edib. Buna qarşı çıxanları beş ilə qədər həbs cəzası gözləyir. Belə olan halda
Kremlin belə bir tədbirə rəvac verməsi, hətta onun keçirilməsinə dəstək verməsi
başadüşülən deyil.
Azər
NURİYEV