• cümə axşamı, 28 mart, 12:49
  • Baku Bakı 16°C

Moskva Tehrana 5 milyard dollar kredit verir

20.02.19 18:47 514
Moskva Tehrana 5 milyard dollar kredit verir
İrana qarşı ABŞ sanksiyalarının bərpasından sonra bu ölkənin Rusiya ilə münasibətləri yenidən strateji müstəviyə keçib. Söhbət artıq İranın Rusiyanın himayəsi ilə ərsəyə gələn təşkilatlara, bloklara da cəlb edilməsindən gedir. İranın energetika naziri Rza Ərdəkanian deyib ki, ölkəsinin bu ilin martın sonuna kimi Avrasiya İqtisadi İttifaqına (Aİİ) qoşulması layihəsi təsdiqlənəcək. R.Ərdəkanianın sözlərinə görə, hazırda layihə İran parlamentinin gündəmindədir və ilin sonuna kimi təsdiqlənməsi qərara alınıb. Nazir deyib ki, ehtiyacların təmin olunması üçün bazarlarda iştirak İranın əsas prioritetlərindən biridir. Bundan əlavə, Astana iqtisadi forumu çərçivəsində Aİİ və İran arasında azad ticarət zonasının yaradılması haqqında müvəqqəti saziş də qüvvəyə minir. Müvəqqəti saziş üç illiyinə bağlanılır, bu müddət ərzində tərəflər azad ticarət zonası haqqında daimi saziş haqqında razılaşmalıdırlar. Qeyd edək ki, müvəqqəti sənəd Aİİ ilə İran arasında azad ticarət zonasının formalaşdırılmasının ilkin mərhələsi hesab olunur. Sazişə əsasən, xeyli sayda mal və məhsulların gömrük haqlarının aşağı salınması və ya sıfırlanması nəzərdə tutulur. Sazişin həyata keçirilməsi ötən il 2,7 milyard dollar olan qarşılıqlı ticarət dövriyyəsinin həcmini artırmağa imkan verəcək. Rusiya-İran Hökumətlərarası Komissiyasının həmsədri, energetika naziri Aleksandr Novakın sözlərinə görə, saziş iki ölkə arasındakı ticarət dövriyyəsini artıracaq.
Qeyd edək ki, Rusiya ilə İran arasında sərbəst ticarət zonası yaradılmasına dair danışıqlara üç il əvvəl start verilmiş, ancaq proses dəfələrlə dayandırılmışdı.
Bəs İran ilk dəfə olaraq tarixi ənənəni pozaraq hansısa bir quruma daxil olmaq əvəzində nə alacaq? Rusiya və İran mediasında dərc olunan xəbərlərə görə, Rusiya İrana güzəştli şərtlərlə 5 mlrd. dollar kredit verir. Qeyd olunan kreditlə bağlı müzakirələrə 2015-ci ildən başlanılsa da, məhz indi qərar verilib. Dörd il əvvəl İran və Rusiya prezidentləri Həsən Ruhani və Vladimir Putin arasında ən müxtəlif sahələri əhatə edən çoxsaylı sənədlər, o cümlədən kredit ayrılması barədə sənəd imzalanmışdı. Lakin sanksiyalar aradan qaldırıldıqdan sonra İran kreditin alınmasına o qədər də səy göstərmədi. Zaman keçdi və Donald Tramp prezidentlik kürsüsünə qədəm qoyandan sonra İrana qarşı sanksiyalar yenidən qüvvəyə mindi. Bununla da kredit məsələsi yenidən gündəmə gəldi. Mediada yayılan xəbərlərə görə, maliyyə köməyi İrana sənaye kooperasiyasını gücləndirməyə kömək edəcək. Ayrılacaq vəsait infrastruktur layihələrinə də yönləndiriləcək. Artıq İran Rusiyanın vəd etdiyi kreditləri gözləyir. "MehrNews” agentliyi xəbər verir ki, 5 mlr. dollar vəsait martın 21-də başlayacaq maliyyə ilində dövlət gəlirlərinin əsas mənbələrindən biri olacaq. Bu vəsait atom energetikası, dəmiryolu daşınmaları, su təchizatı və dambaların inşasına sərf olunacaq. Məlumat üçün bildirək ki, Rusiya krediti bundan əvvəl "Sirik” İstilik Eletrik Stansiyasının və Qarmsar-İncə Burun dəmir yolu xəttinin inşasına sərf olunub. Bundan əlavə, tərəflər arasında Buşəhr Atom Elektrik Stansiyasının (Rosatomun layihəsi) və beynəlxalq Şimal-Cənub nəqliyyat dəhlizinin maliyyələşdirilməsi də müzakirə olunur. Ötən həftə Soçidə İran prezidenti Həsən Ruhani və Rusiya prezidenti Vladimir Putin arasında görüşdə də bu məsələlər müzakirə mövzusu olub.
"Mehr” agentliyinin yaydığı xəbərə görə, 5 mlrd. dollar kredit infrastruktur və sənaye sahələrində kapital aktivlərində də istifadə olunacaq. Kreditin geri qaytarılması müddəti hökumət tərəfindən daxil olacaq təklif və iradlardan sonra təsdiq olunub.
Maliyyə nazirinin müavini Sergey Storçak bildirib ki, İran iki tranşla kredit əldə edəcək.
Moskvada səfərdə olan İran xarici işlər nazirinin müavini, Siyasi və beynəlxalq Tədqiqatlar İnstitutunun direktoru Seyid Kazım Sadcapur "Kommersant”a müsahibəsində bildirib ki, İranla Rusiya arasında əməkdaşlıq artıq strateji önəm kəsb edir. O, ölkəsinə qarşı tətbiq olunan sanksiyalarla bağlı bildirib ki, bu, İrana qarşı nifrət və düşmənçiliyin təzahürüdür. "Bu, əsl müharibə, o cümlədən sadə insanların həyatına təsir edən iqtisadi müharibədir. Hazırda ABŞ-ın İrana qarşı düşmənçiliyi ən yüksək həddədir. Lakin İran bunun öhdəsindən insanların və resurslarının köməyi ilə gəlir. Bizim bununla bağlı təcrübəmiz də var”, - deyə nazir müavini bildirib.
O ki qaldı İrana qarşı blokun yaradılmasına, nazir müavini hesab edir ki, bu cəhdlər süni və gülməlidir: "İran regionun problemi deyil. İran həll demədir. Regionda onun iştirakı olmadan hər hansı bir məsələnin həlli mümkün deyil və bu iştirak sülhün bərqərar olması istiqamətində pozitiv rol oynaya bilər. Birləşmiş Ştatların məramı anti-İran atmosferinin yaradılması üzərində qurulub. Bir məsələ də var ki, Rusiyanın özü də sanksiyalardan əziyyət çəkir. Ölkə də İran kimi sanksiyaların təsiri altındadır və bunun fəsadlarını yaşayır. Məsələn, Rusiya İqtisadi İnkişaf Nazirliyi bəyan edib ki, ABŞ və Qərb ölkələrinin tətbiq etdikləri sanksiyalar tək ötən il dövlətə 7 mlrd. dollara yaxın ziyan vurub.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər