• çərşənbə axşamı, 16 aprel, 22:41
  • Baku Bakı 18°C

Moskva çətin seçim qarşısında

11.04.15 04:48 887
Moskva çətin seçim qarşısında
Rusiya İkinci Dünya Müharibəsində faşizm üzərində Qələbənin 70 illiyi ərəfəsində çox maraqlı bir nüansla üzləşib. Kreml Birinci Dünya Müharibəsi illərində yaşanan iki hadisənin qeyd olunması tədbirlərinə qatılmaq problemini yaşayır. Söhbət qondarma soyqırımının 100 illiyi ilə bağlı Yerevanda keçiriləcək tədbirdən və Rusiyanın orada hansı tərkiblə iştirakından gedir. Eyni gündə isə Türkiyə də məşhur Çanakkala döyüşünün 100 illiyi ilə bağlı tədbir keçirəcək. Ermənistanı Rusiyanın Cənubi Qafqazdakı forpostu kimi qələmə verən Rusiya nəşrləri bu məsələyə geniş yer ayırıblar.
“Nəzərə alsaq ki, Ermənistan Rusiyanın Cənubi Qafqazdakı forpostudur, Türkiyə isə Moskvanın Avrasiya məkanında başlıca tərəfdaşıdır, onda Kreml Türkiyədə alternativ olaraq keçirilən tədbirdə iştirak etməlidir” - qeyd edən “Kommersant” yazır ki, Rusiya prezidenti Vladimir Putinin Yerevana təşrif buyuracağı barədə xəbərlər ötən ayın ortalarında yayılıb. “Rusiya Federasiyası türkiyəli tərəfdaşlarımızın Çanakkala döyüşü ilə bağlı anım tədbirlərində yüksək səviyyədə təmsil olunacaq” – deyə jurnalistlərə V.Putinin mətbuat katibi Dmitri Peskov deyib. Putinin qondarma erməni soyqırımının 100 illiyi ilə bağlı tədbirlərdə iştirak etməsi üçün Ermənistana gedəcəyi ilə bağlı suala Peskov belə cavab verib: “Məsələ əvvəlki kimi nəzərdən keçirilir, biz müvafiq qərarı elan edəcəyik”.
Qeyd edək ki, Ermənistan XİN başçısı Edvard Nalbandyan da Moskvada deyib ki, Rusiya prezidenti qondarma “soyqırım”la bağlı təşkil olunan tədbirlərə qatılacaq. “Yerevanda Putini gözləyirlər. Yaxın günlərdə bu səfər baş tutacaq” - deyə Nalbandyan vurğulayıb. Rusiya Dövlət Dumasının spikeri Sergey Narışkin də bəyan edib ki, Rusiya prezidenti Vladimir Putin qondarma erməni soyqırımının 100 illiyinə həsr olunmuş anım tədbirlərinə qatılmaq üçün Ermənistana gedəcək. Onun sözlərinə görə, səfər aprelin 22-də başlayacaq və 24-dək davam edəcək. Səfər proqramında Dumanın bir neçə deputatı da iştirak edəcək. Spiker xatırladıb ki, Dövlət Duması “erməni soyqırımı” ilə bağlı müvafiq sənəd qəbul etməyi də planlaşdırır.
Maraqlıdır ki, don günlərə qədər Kreml Putinin məlum tədbirdə iştirakı barədə konkret heç nə demirdi. D.Peskov dünən yenidən Moskvanın Yerevanda keçiriləcək tədbirlərdə iştirakı ilə bağlı yeni bir intriqanın yaranmasına səbəb olan açıqlama verib. Onun sözlərinə görə, Moskva Çanakkalada aprelin 24-də keçiriləcək tədbirlərdə yüksək səviyyədə təmsil olunacaq. Peskov həmin rəsminin adını açıqlamaq istəməyib. Lakin “Kommersant” qəzeti öz mənbələrindən əldə etdiyi xəbərdə göstərib ki, bu şəxs Dövlət Dumasının spikeri Sergey Narışkin olacaq.
Xatırladaq ki, Çanakkala savaşı bir il davam edən Dardanell əməliyyatının kulminasiya nöqtəsi olub. Həmin döyüş Rusiya, İngiltərə və Fransanın daxil olduğu Antanta ittifaqının məğlubiyyəti ilə nəticələnib. Nəticədə onlar qoşunlarını Türkiyə ərazisindən çıxarmağa məcbur oldular. Üstündən 100 il keçsə də, Türkiyə ilə Ermənistan arasında mübahisə səngimək bilmir. Ermənistan o zaman soydaşlarının separatçı əməlləri üzündən məruz qaldıqları hadisələrə görə Türkiyəni ittiham edir. Türkiyə isə bu məsələnin tarixçilərin ixtiyarına verilməsini və birgə tarix komissiyası yaradılmasını irəli sürür. Şübhəsiz ki, Ermənistanın burada məqsədi heç də qondarma soyqırımının tanınması deyil. Bu, sırf siyasi məsələdir. Ermənistan saxta soyqırımlarını tanıtdırmaqla Türkiyədən təzminat almaq və ardınca da ərazi iddialarını ortaya atmaq istəyir. Türkiyə də bunu çox gözəl anlayır, bu iddialara qarşı mübarizə aparır.
Yeri gəlmişkən, qondarma soyqırımının 100 illiyinə ciddi şəkildə hazırlaşan ermənilər Yerevan tədbirinə dünyanın əksər liderlərini dəvət etmək niyyətindədirlər. Yüksək vəzifəli şəxslərdən Fransa prezidenti Fransua Olland və ABŞ-ın vitse-prezident Co Baydenin gələcəyi gözlənilir. Türkiyə isə həmin hadisənin rezonansını aşağı salmaq üçün Çanakkalada tədbir düzənləmək qərarını verib. Məlumat üçün bildirək ki, Türkiyə indiyə qədər Çanakkala döyüşünün ildönümünü beynəlxalq miqyasda qeyd etməyib.
Ekspertləri indi ən çox Rusiyanın hər iki tədbirdə hansı formada iştirakı maraqlandırır. “Moskva çox mürəkkəb bir duruma düşüb. Hər iki tədbirə prezident öz komandasından kimisə göndərsə, yaxşı olardı. Yəni birinci şəxssiz” - deyə Karnegi Fondunun Moskva Mərkəzinin rəhbəri Aleksey Malaşenko vurğulayıb. Ermənipərst politoloqlar isə əks fikirdədirlər. Məsələn, politoloq Boris Tumanov hesab edir ki, Putin Yerevana getməsə, bu, iki ölkə arasında status-kvonun pozulmasına səbəb ola bilər. Dərhal da qeyd edir ki, Putinin Yerevana gəlməməsi onsuz da Gümrü hadisələrindən sonra pisləşən Rusiya-Ermənistan münasibətlərinə xələl gətirə bilər: “Eləcə də Rusiyanın Azərbaycana silah satması da erməniləri özündən çıxarıb”. Ekspertlərin qənatəincə, Rusiya balanslaşdırılmış siyasət yeritməlidir. Bir tərəfdən Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzvlüyü Moskva qarşısında müəyyən öhdəliklər qoyub. Digər tərəfdən isə Türkiyə ilə münasibətlər böyük önəm kəsb edir.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər