• şənbə, 20 Aprel, 12:50
  • Baku Bakı 23°C

MONUMENTALLIĞIN LİRİK-POETİK ÇALARLARI

22.02.16 10:00 3407
MONUMENTALLIĞIN LİRİK-POETİK  ÇALARLARI
Azərbaycan təsviri sənətinin son bir qərinəlik inkişaf mərhələsində həm rəngkar, həm də heykəltəraş kimi fəaliyyət göstərən Əli İbadullayevin xüsusi yeri vardır. Özünəməxsus yaradıcılıq dəst-xəttinə malik olan sənətkarın milli incəsənətimizə verdiyi töhfələr layiqincə dəyərləndirilmiş, ölkə prezidenti cənab İlham Əliyevin 30 dekabr 2015-ci il tarixli sərəncamı ilə Əli İbadullayevə “Azərbaycan Respublikasının Xalq rəssamı” fəxri adı verilmişdir...
Abşeronun qədim Əmircan kəndində dünyaya göz açan Əli İbadullayevin ruhunda gəzdirdiyi gözəlliyi duymaq missiyasının zamanında gerçəkləşməsi nə qədər içindən qaynaqlanan arzunun görüntüsü idisə, bir o qədər də yaşadığı məkanın tanınma nişanına çevrilən məşhur rəssam Səttar Bəhlulzadənin onun sənət idealına çevrilməsi idi. Yaşlaşdıqca, dünyanı dərk etdikcə və enişli-yoxuşlu sənət yoluna çıxmağa cəsarət edəndə, sözlə - rənglə görünənlərə başqalarının heç vaxt deyə - görə bilməyəcəyi görüntü və məna-məzmun verən həmyerliləri şair Səməd Mənsur və rəssam Səttar Bəhlulzadənin sənətkar “mən”inə uzanan yaradıcılıq yollarının nə qədər çətin olduğuna əmin oldu...
Bakıdakı məşhur “Əzimzadə məktəbi”ndə (1966-1970) və Moskvadakı Stroqanov adına Rəssamlıq Akademiyasında (1970-1975) təhsil alan Əli İbadullayev tanınmış fırça ustalarından (Əyyub Hüseynov, Bağır Maratlı, Qeliy Korjev və s.) əxz etdiyi nəzəri-təcrübi bilik və vərdişlərə bu günə kimi davam edən yaradıcılıq axtarışları ilə özünəməxsus bədii-estetik tutum və yozum verə bilmişdir. Bütün bunlar isə son nəticədə onun müxtəlif rəsmi dövlət təqdirləri ilə yanaşı, həm də rəssamlıq məkanında sənətkar “mən”inin təsdiqinə səbəb olmuşdur. Etiraf edək ki, bu gün kifayət qədər müxtəlif adlarla zəngin olan Azərbaycan təsviri sənət məkanında özünəməxsusluq nümayiş etdirmək çox çətindir. Əlavə edək ki, o, bu fərdi və fərqli bədii-estetik xüsusiyyətləri həm rəngkarlıq, həm də heykəltəraşlıq sahəsində yaratdığı əsərlərdə nümayiş etdirə bilmişdir. Özünün monumental duyumuna lirik-poetik çalar qatmaqla müraciət etdiyi ən müxtəlif mövzulara möhtəşəmliyi ilə yanaşı tamaşaçısını duyğulandıran ovqat bəxş edə bilməsi Əli İbadullayevin əsərlərini başqalarından fərqləndirir. Qənaətimizcə, rəssam-heykəltəraşın sənətkar özünəməxsusluğunu şərtləndirən başlıca məziyyət də elə onun yaradıcılıqda kifayət qədər səmimi və duyğulandırıcı, bilavasitə iç dünyasının ifadəçisi olmasıdır...
Qeyd etmək lazımdır ki, Əli İbadullayev bəziləri istisna olmaqla, əksər heykəltəraşlıq əsərlərini həmkarı - xalq rəssamı Səlhab Məmmədovla birgə işləmişdir. Təsviri sənət məkanında “qoşa qanad” kimi tanınan bu cütlüyün ərsəyə gətirdiyi plastika nümunələri çağdaş Azərbaycan heykəltəraşlığını yeni yanaşma və bədii şərhlərlə zənginləşdirmişdir desək, yanılmarıq. 2006-cı ildən başlayan bu əməkdaşlığın nəticələri olan heykəllər hazırda Azərbaycanla yanaşı, dünyanın bir çox ölkələrini, o cümlədən İtaliya, Polşa, Rusiya, Almaniya və s. bəzəyir.
Onun müxtəlif mövzulu “Muğam” (2009, Bakı), “Neftçi Fərman Salmanovun abidəsi” (2009, Yuqra, Rusiya), “Xocalı” (2011, Berlin), “Dərvişlər” (2011, Bakı), “Nizami Gəncəvinin abidəsi” (2012, Roma), “Abşeron işıqları” (2012, Bakı), “Azərbaycan-Polşa dostluğu abidəsi” (2013,Qnezno.Polşa), “Su mühəndisi Stefan Skrşvanın xatirə lövhəsi” (2013, Lodz,Polşa), “Rasim Ocaqovun xatirə lövhəsi” (2013, Bakı), “Neft mühəndisi Pavel Potoskinin abidəsi” (2015, Krakov, Polşa), ”Nar abidəsi” (2015, Göyçay) və s. heykəl kompozisiyaları dediklərimizi təsdiqləyir. Bakıdakı Müasir İncəsənət Muzeyinin qarşısını bəzəyən “Külək” və “Kometa” əsərləri isə Əli İbadullayevin bilavasitə müstəqil işlədiyi plastika nümunələridir.
Etiraf edək ki, forma-biçim dəyişkənliyi və orijinallığı ilə diqqət çəkən bu plastika nümunələrinin hər birində heykəltəraşlığın ifadə imkanlarının nəhayətsizliyini əyaniləşdirən bədii çalarlar, forma improvizələri kifayət qədərdir. Belə ki, özünəməxsusluğu birmənalı olan bu heykəllərdə ənənəvi realizmdən uzaq, onunla yalnız anım yarada biləcək plastik tutuma yaradıcı müəllif müdaxiləsi ilə əlavə olunmuş elə bir bədii şərh mövcuddur ki, o bütün görüntüsü ilə tamaşaçısını dialoqa çəkmək, onunla həmsöhbət olmaq gücündədir.
Müəlliflərin uzaq-yaxın keçmişdə Azərbaycanın şöhrətini dünyaya yayması ilə millətinə başucalığı gətirən görkəmli şəxsiyyətlərin obrazlarına müraciətləri də maraqlı sənət əsərlərinin yaranmasına səbəb olmuşdur. Dahi Azərbaycan şair Nizami Gəncəvinin (2012) və həmyerlimiz-əfsanəvi geoloq Fərman Salmanovun abidələri (2009) bu qəbildəndir.
Heykəltəraşların Azərbaycan həqiqətlərinin dünyaya yayılmasında xidmətləri də kifayət qədər yaddaqalandır. Polşanın Qnezno şəhərində qoyulan “Azərbaycan-Polşa dostluğu” (2011) və Berlindəki Qotfrid-Veni kitabxanasının həyətində ucaldılan “Xocalı” (2011) abidələri (ikinci əsərin yaradılmasında Akif Əsgərov və İbrahim Əhrari də iştirak etmişdir) məna-məzmun və cəlbedici tutumuna görə adları qeyd olunan ölkələrdə xalqımızın yaşadığı gerçəklikləri və azərbaycanlı yaradıcıların yüksək sənətkarlığının təbliği baxımından gözəl bədii vasitələrdirlər. “Xocalı” abidəsinə görə müəlliflərin 2012-ci ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təsis etdiyi “Zirvə” mükafatına layiq görülmələrini də onların ustalığının təqdiri saymaq olar. .
Bənzərsiz mənəvi dəyərimiz olan “Muğam”a abidə ucaltmaq (2009) təcrübəsi olan plastika ustalarına 2015-ci ildə həm də Bakıda keçirilən I Avropa oyunlarının rəmzi olan nara heykəl qoyulmasının həvalə olunması yəqin ki, çox məntiqli seçim olmuşdur. Keçən il Azərbaycan narının vətəni kimi tanınan Göyçayda bu bürünc abidənin açılışının baş tutması və əsərin özünəməxsus plastik həlli - bu meyvənin paralanmış formada təqdimatı onun müəlliflərinin yaradıcı potensialının genişliyini əks etdirdi. Heykəllərlə bağlı fikirlərimizi ümumiləşdirməli olsaq, deməliyik ki, onlardakı plastika oynaqlığı və monumentallığa bələnmiş lirik-poetik çalarlar ilk növbədə Əli İbadullayevin geniş ümumiləşdirmələrlə səciyyələnən rəngkarlığından gəlmə bədii məziyyətlərdir.
Doğrudan da, Əli İbadullayev plastikada nümayiş etdirdiyi monumentallığı özünün müxtəlif mövzulu və janrlı tablolarında da sərgiləmişdir. Etiraf edək ki, onun gördüklərini fraqmentvari-qabardılmış tutumda təqdim etməsi Azərbaycan təsviri sənətində yeni və orijinal bədii yanaşmadır. Onun qısa zaman kəsiyində duyulası evolyusiya keçmiş rəngkarlıq manerasında real-gerçəkçi baxışdan abstrakt-mücərrədçi şərhə qədər uzanan bu dəyişiklik bütün hallarda yüksək estetik daşıyıcılığına görə diqqəti cəlb edib. Bunun çox önəmli olduğunu vurğulamaqla, Əli İbadullayevin mücərrədçiliyində ənənə ilə müasirliyin vəhdətinin duyulduğunu qeyd etmək istərdik. Elə müəllifin reallıqla irreallıq arasında tapdığı önəmli nöqtədə də onun məntiqə söykənmiş özünəməxsusluğu ifadə olunur. Odur ki, bu sintezi şərtləndirən “nöqtə”nin işığından nur alan bənzərsiz görüntülər də onu əhatə edənlərin bütün cizgilərinə qədər hamının tanıya biləcəyi adi təsviri yox, görünənlərin rəssam təxəyyülündə yaranan ümumiləşdirilmiş obrazıdır. Rəssamın adətən iri ölçülərdə işlədiyi “Muğam” (triptix), “Xəzər” (triptix), “Vulkan”, “Abşeron motivi”(triptix), “Hərəkət”, “Çəhrayı güllər”, “Uçuş”, “Nar” “Üzümlük” və s. əsərləri yuxarıda vurğuladığımız bədii-estetik məziyyətlərin daşıyıcılarıdır.
“Muğam”da müxtəlif dəsgahlara xas ruhi-mənəvi hal daşıyıcılığının, “Abşeron motivi”ndə torpağın qürurvericilikdən haraya qədər davam edən yaşantısının, “Xəzər”də “Gilavar”lı “Xəzri”li suyun göyümtül-bəyaz-bozumtul koloritində tuş gəlinən ağlı-qaralı, acılı-şirinli “təbiət hekayəti”inin inandırıcılığı kifayət qədər cəlbedici, bir çox hallarda isə bədii şərhinə görə heyranedicidir.
Əli İbadullayevin yurdumuzun nəbatat aləminə, onun maddi nemətlərinə sonsuz məhəbbətinin ifadəsi olan tablolarında da obyektə fraqmentvari baxış hakimdir. Bu mənada onun budaqlara “hörülmüş” bəyaz-narıncı çiçəklərin, açılmış gül formasında təqdim olunmuş nar dənələrinin neytral yerlikdən “boylanan” qabarıq görüntülərində tamaşaçını duyğulandıra biləcək mənəvi-estetik enerji qədərincədir.
Müxtəlif mövzulu bütün bu əsərləri səciyyələndirən başlıca bədii xüsusiyyət kətan boyu yayılmış rəng qatının duyulası ekspressivliyi, “yaxı oyunları”nın ümumi fikrin açımına yönəli məntiqli ritm və axara köklənməsidir. Odur ki, onun süni müasirlikdən uzaq olan rəngkarlıq irsi də heykəlləri kimi həm forma, həm də məna-məzmun tutumuna görə zamansızlığa qovuşmuş sənət nümunələri kimi qəbul olunurlar...
Ziyadxan Əliyev
banner

Oxşar Xəbərlər