• cümə, 29 Mart, 01:33
  • Baku Bakı 7°C

Monumental inqilabi xalq epopeyası

27.04.17 13:00 3716
Monumental inqilabi xalq epopeyası
«Koroğlu» operası musiqi və opera sənətimizin mükəmməl bir abidəsidir ki, o, nəsillər boyu yaşayacaqdır.
S.Vurğun
Hər birimiz dünyanı duymağa və özümüzü dərk etməyə başlayandan bəri xalq qəhrəmanımız Koroğlu barədə nəğmələri, hikmətli sözləri, rəvayətləri və dastanları dönə-dönə eşitmişik. Yaradıcılıq yolu xalq mədəniyyəti və xalq yaradıcılığı ilə ayrılmaz tellərlə bağlı olan Azərbaycan musiqi mədəniyyətinin kamil bilicisi Üzeyir Hacıbəyov xalq musiqisi ruhunda yazdığı «Koroğlu» operasında da xalq həyatını, xalqın öz azadlıq və səadəti uğrunda apardığı qəhrəmanlıq mübarizəsini geniş və parlaq şəkildə təsvir etmişdir.

Bu monumental inqilabi xalq epopeyası aşıq motivləri əsasında yazılmış, Azərbaycan kəndlisinin keçmişdə (XVI-XVII əsrlər) apardığı milli azadlıq mübarizəsinə həsr edilmişdir.

«Koroğlu» operası Üzeyir Hacıbəyov yaradıcılığının ən yüksək zirvəsidir. Ölməz xalq dastanlarından, xalq musiqisindən bəhrələnmiş bu əsər bəstəkarın çoxillik yaradıcılıq axtarışlarının nəticəsidir. «Koroğlu» operasını yazmazdan əvvəl bəstəkar çətin yaradıcılıq yolu keçmişdir. Bunun üçün o, xalq musiqi incəsənətini, rus və qərb klassik musiqisini dərindən öyrənməli olmuşdur. Bu opera sözün əsl mənasında milli əsərdir, xalq yaradıcılığının canlı surətdə coşduğu bir əsərdir. Bu operanın musiqisində istedadlı və güclü xalqın hərarətli nəfəsi hiss edilir.

İlk tamaşası 30 aprel 1937-ci ildə M.F.Axundov adına Opera və Balet Teatrında qoyulan «Koroğlu» operası, Ü.Hacıbəyovun beşillik gərgin əməyinin bəhrəsidir. O, bu operanı yazmaqdan ötrü 20 ilə qədər bir müddətdə şifahi xalq dastanı «Koroğlu»nu, onun müxtəlif variantlarını dönə-dönə öyrənmiş, tədqiqatlar aparmış, məlumatlar toplamışdır. Çünki Üzeyir bəyin «Koroğlu»su onun xalqının ürəyində yaşatdığı «Koroğlu»ya layiq olmalı idi. İ.Hidayətzadənin quruluş verdiyi ilk tamaşaya bəstəkar özü dirijorluq etmişdi, ikinci tamaşada isə bəstəkarın tələbəsi Əşrəf Həsənov dirijor kürsüsü arxasında olmuşdur.

Operanın librettosu H.İsmayılov və M.S.Ordubadi tərəfindən məşhur aşıq nağılları əsasında tərtib edilmişdir. İlk tamaşada Koroğlu rolunu Bülbül, Nigar rolunu G.İskəndərova, Həsən xan rolunu isə M.Bağırov ifa etmişdir. Operanın rəssamı R.Mustafayevin tərtibatı quruluşla üzvi surətdə bağlı idi.

Uzaq keçmişdə baş vermiş kəndlilər üsyanının əzəmətini musiqidə qüdrətlə təcəssüm etdirən «Koroğlu» operasında nikbinlik ruhu, azadlıq pafosu canlanır. Xor və rəqs səhnələrində xalq kütlələri məğlubedilməz nəhəng qüvvə kimi təsvir edilmişdir. Musiqisi uvertüra ilə başlayan bu operada mübarizəyə çağırış, hünər və qələbə təntənəsi aydın duyulur.

Koroğlu özü aşıqdır və onun dastanı aşıqlar tərəfindən oxunur. Buna görə də operada əsas stil - aşıq stilidir. Muğamatdan isə başlıca olaraq, xanın və onun saray adamlarının xarakteristikası üçün istifadə edilmişdir. Üzeyir bəy məhz «Koroğlu» operasında ilk dəfə olaraq simfonik orkestrin tərkibinə milli çalğı alətlərimizi - tar, kamança, zurna, balaban, dəfi əlavə edərək, operanın milliliyini daha da nəzərə çarpdırmışdır. Ü.Hacıbəyovun milli musiqi ənənələri əsasında yaratdığı «Koroğlu» operası böyük mədəni bir hadisə, Azərbaycan milli musiqi mədəniyyətinin inkişafında mühüm mərhələ oldu. 1938-ci ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti və incəsənəti ongünlüyündə epik qəhrəmanlıq səciyyəli bu operanın təntənəli nümayişi olmuş, qeyrilərindən fərqli olaraq tamaşa bir dəfə yox, üç dəfə göstərilmiş, o dövrün yüksək mükafatına - Stalin mükafatına layiq görülmüşdür.

Tamaşadan sonra Ü.Hacıbəyov dörd saat İ.V.Stalinlə milli operanın perspektivləri, əsərin ideya-mənəvi amilləri barədə söhbət etmişdir. Stalinin tövsiyəsi ilə Ü.Hacıbəyov əsərin finalında bir qədər dəyişiklik etmiş, onun daha təsirli alınmasına nail olmuşdur. Belə ki, bəstəkar operanın V pərdəsini də əlavə edərək, III variantını işləmiş və əsər 1943-cü ildə Bakıda rus dilində səhnəyə qoyulmuşdur.

Qazandığı müvəffəqiyyətə görə, Stalin mükafatına layiq görülən Üzeyir bəy mükafatlanma mərasimindəki çıxışında demişdir:«Mənə «Koroğlu» operası üçün mükafat verilmişdir. Bu opera uzun illər boyunca qızğın işin məhsuludur. Mən bu əsəri yaradarkən xalq ictimaiyyəti xəzinəsindən, böyük qəhrəman haqqında gözəl dastanlardan, Koroğlu kimi gözəl qəhrəman yetişdirmiş xalqa onun bəslədiyi böyük məhəbbətdən ilham almışam. Yüksək mükafatdan son dərəcə şadam. Bu mükafat, yeni əsərlər üzərində daha qızğın işləmək vəzifəsini üzərimə qoyur”.
«Koroğlu» operasının yaranmasından artıq 80 il keçir. 80 ildir ki, bu opera Azərbaycan Opera və Balet Teatrının səhnəsindən düşməyib, ruhumuzu oxşayır.
Yarandığı ilk gündən Şərq xalqlarının opera yaradıcılığının inkişafında böyük rol oynayan bu əsər, əlbəttə ki, bundan sonra da opera səhnəsində şedevr əsər olaraq qalacaqdır.
Təranə Həsənova,
Üzeyir Hacıbəylinin ev muzeyininkicik elmi işçisi



banner

Oxşar Xəbərlər