• cümə axşamı, 28 mart, 22:49
  • Baku Bakı 13°C

Montyor aktyor – Mən gənc olarkən

01.05.15 07:34 1796
Montyor aktyor – Mən gənc olarkən
Valeh Kərimov: “Lütfəli Abdullayevin bığını teatrdan gətirdiyimə görə özümü o qədər xoşbəxt hiss edirdim ki...”
Onu görəndə çoxlarımızın beynindən iki söz keçir: “Moşu” və “xoşvaxtlıx”. Təkcə Vaqif Səmədoğlunun əsəri əsasında hazırlanan “Bəxt üzüyü” filmdə canlandırdığı şair Moşu Göyəzənli obrazı ilə milyonlarla tamaşaçının sevimlisinə çevrilib. Müsahibimiz Azərbaycan və dünya dramaturqlarının müasir və klassik əsərləri əsasında hazırlanmış tamaşalarda, filmlərdə bir-birindən maraqlı 100-dən artıq obraza can verən, Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, Azərbaycanın Xalq artisti Valeh Kərimovdur.
Bu ilin əvvəlinə kimi çalışdığı Sumqayıt Dövlət Teatrında bir-birindən gözəl rolları - Cəfər Cabbarlının “Sevil”ində Balaşı, Nəcəf bəy Vəzirovun “Müsibəti Fəxrəddin”ində Fəxrəddini, Sabit Rəhmanın “Toy”unda Surxayı, Süleyman Sani Axundovun “Tamahkar”ında Hacı Muradı, Molyerin “Skapenin kələkləri”ndə Silvestri, Anarın “Adamın adamı”nda İbiş İbişlini, Mirzə Fətəli Axundovun “Lənkəran xanının vəziri”ndə Vəziri, Vilyam Şekspirin “Hamlet”ində Hamleti və s. ustalıqla oynayıb.
İnqilabçının oğlu
V.Kərimov İkinci Dünya Müharibəsi illərində - 1944-cü ildə - Cənubi Azərbaycanın Miyana şəhərində dünyaya göz açıb. Anadan olduğu ay, gün bilinməsə də, şəxsiyyət vəsiqəsinə 20 mart tarixi doğulduğu gün kimi qeyd edilib. Atası Seyfulla bəy inqilabçı kimi tanınıb. 1945-ci ilin noyabrından 1946-cı ilin noyabrına qədər Cənubi Azərbaycanda fəaliyyət göstərmiş muxtar sosialist hökumətin - 21 Azər Hərəkatının fəallarından olub. İranda o zaman qadınların oxumasına, işləməsinə pis baxıldığından anası da evdar qadın kimi uşaqlarını saxlayıb. İnqilabçılar məğlub olanda atası o vaxt SSR-nin tərkibində olan Şimali Azərbaycana keçib. Anası və Valehlə bərabər bir qardaşı isə Cənubi Azərbaycanda qalıb. 1959-cu ildə isə anası ilə yanaşı, uşaqlar da Şimali Azərbaycana indiki Samux rayonunun Qara arx kəndinə üz tuturlar. Burada daha 4 qardaşı və bir bacısı dünyaya gəlir. Amma Samuxda da uzun müddət yaşamırlar. 7 ildən sonra Bakıya köçürlər. Ailənin böyük uşağı kimi müsahibimiz balacalıqda dəcəl olmadığını deyir. Orta məktəbdə dərslərini də pis oxumur: “Orta məktəbdə yaxşı oxuyurdum, qiymətlərim pis deyildi. Çünki atam tələb edirdi. Xüsusilə ədəbiyyatı çox sevirdim. Dərs ilinin əvvəlində müəllimə yalvarırdım ki, kitabın sonundakı şeirləri də məndən soruşsun. Şeirlə aram yaxşı idi”.
“Məni səhnəyə buraxmırdılar”
Kəndlərindəki dərnəklərə yazılıb tamaşalarda rol almaq istəsə də, digər uşaqlar onu yaxın buraxmır, səhnəyə qoymurdular: “Amma sonda mən aktyor oldum, o uşaqların heç biri bu sənətin arxasınca getmədi”.
1959-cu ildə yeddinci sinfi Samux rayonunda bitirib sənədlərini montyor olmaq həvəsilə Göyçaydakı Kənd Təsərrüfatı Texnikumuna verir: “Qaranlıqları işıqlandırmalıydım, amma qismət olmadı”.
Texnikumda oxuyanda artıq ailəsi Bakıda yaşayırdı. O isə Göyçayda oxuya-oxuya incəsənətlə maraqlanmağa başlamışdı: “Texnikumda oxuyanda rayona tez-tez Gənc Tamaşaçılar Teatrından, Milli Dram Teatrından truppalar gəlib tamaşa göstərərdi. O tamaşalara baxa-baxa məndə incəsənətə maraq yarandı. Bakıya gələndən sonra marağımı içimdə boğa bilmədim və özümü bu sahədə sınamaq üçün o vaxt fəaliyyət göstərən dram dərnəklərinə getməyə başladım. Artistləri görəndə daha da həvəslənir, özümü onların yerində təsəvvür edirdim”.
“40 yaşımda da atam söz soruşanda, əsirdim”
Bu həvəs V.Kərimovu 1969-cu ildə indiki Dövlət Mədəniyyət və İncəsənət Universitetinə qədər gətirir: “Mənim incəsənətlə maraqlanmağım atamın xoşuna gəlmirdi. Anam isə heç nə demirdi, bütün analar kimi, hər şeyin övladının ürəyincə olmasını istəyirdi. Atam isə aktyor olmağımı qəbul etmirdi. Düzdür, sonralar çıxışlarımı görüb yavaş-yavaş ürəyində qəbul etdi. Amma üzdə heç vaxt mənimlə razılaşmadı. Atam ağır təbiətli insan olduğundan əslində heç vaxt mənə narazılığını ifadə edən bir söz belə demədi. Amma onun xasiyyətini bilirdim, çox danışmazdı, söz deməzdi, razılığını və narazılığını baxışlarıyla hiss etdirərdi. Mən də ondan çox qorxardım. Yekə kişi idim, 40 yaşım var idi, amma yenə atam məndən söz soruşanda, əsirdim”.
“O vaxt işləməmək ayıb sayılırdı”
Beləliklə, sənədlərini Dövlət Mədəniyyət və İncəsənət Universitetinin mədəni-maarif fakültəsinə verir. Amma aktyor olmaq həvəsilə. O vaxt aktyorluq fakültəsinə daxil olmaq çətin idi deyə, ona məsləhət görürlər ki, mədəni-maarif fakültəsinə daxil olsun, sonra ixtisasını dəyişər. Elə də edir. Universitetin mədəni-maarif fakültəsində axşam şöbəsində təhsil almağa başlayır. Gündüzləri isə Keşlədəki parça kombinatında 6 böyük sexin növbətçi-elektriki kimi işləyir. Özünün zarafatla dediyi kimi, “kasıb, zəhmətkeş, optimist nəslin nümayəndəsi idi”. Müsahibimizin sözlərinə görə, işləməyinin iki səbəbi var idi: “Ailəmizdə uşaq çox olduğundan imkanımız yaxşı deyildi. Atam da təqaüdə çıxmışdı. Bundan əlavə, o vaxt heç bekar qalmaq da olmurdu, cavan oğlanların əksəriyyəti işləyirdi. Avara-avara gəzmək indikindən fərqli olaraq, hamı üçün ayıb sayılırdı. İşə həvəsim çox idi. İndi də bekar qala bilmirəm, özümə nəsə iş tapıram. Şükürlər olsun ki, övladlarım da mənim kimi zəhmətkeşdirlər. İşim Keşlədə idi, oradan çıxıb Razinə evimizə qaçırdım, çörəyimi yeyib tez instituta gedirdim, dərsdən 22.30-da çıxıb yenidən Razinə tələsirdim. Bəlkə də gün ərzində dəqiqələrlə sayılacaq bir zamanda boş ola bilərdim”.
“Cəmi 6 ay aktyorluqda oxudum”
Mədəni-maarif fakültəsində oxusa da, aktyorluqla maraqlanır, aktyorluq kursunda təhsil alan tələbələrin diplom tamaşalarında müxtəlif rollarda yer alır: “O vaxt axşam kursunun müəllimi rəhmətlik Ağəli Dadaşov məndəki istedadı görüb aktyor olmaq istəyib-istəmədiyimi soruşdu. İstədiyimi dedim. Məni öz kursuna dəvət etdi. Sonra sənəd işlərinin hamısını özü həll etdi, heç xəbərim də olmadı. Beləliklə, 4-cü kursdan cəmi 6 ay Dram və kino aktyoru ixtisası üzrə oxudum”.
Lütfəli Abdullayevin bığı
Sovet dövründə 1 mayda və 7 noyabrda parad keçirilərdi: “O vaxt cavan uşaq idim. Hər il paradda iştirak edər, artist truppasının böyrü ilə yavaş-yavaş gedərdim. Fotoaparatımla da gizli-gizli onların şəkillərini çəkərdim”.
Universitetdə birinci kursda oxuyanda başına gələn hadisəni indiki kimi xatırlayır: “Stadionda tədbir keçirilirdi. Müəllimim məni də ora dəvət etmişdi. Lütfəli Abdullayev tədbirdə çıxış edəcək, bığlı bir qəhrəmanı canlandıracaqdı. Dedilər ki, aktyorun bığı yaddan çıxıb teatrda qalıb. Məni taksiyə mindirib Lütfəli müəllimin bığını gətirməyə göndərdilər. Bu, dünyada mənim üçün hər şey idi. Lütfəli Abdullayevin bığənı teatrdan gətirdiyimə, onu yaxından gördüyümə görə özümü o qədər xoşbəxt hiss edirdim ki...”.
Yeşik düzəldib özünə köynək alır
İlk maaşını indiki kimi xatırlayır: “Yeddinci sinifdə oxuyurdum. Kəndimizdə üzüm bağları var idi. Şagirdlərlə tətil vaxtı üzüm bağlarında işləyir, üzümlərin yığılması üçün yeşik düzəldirdik. Yeşiklərə seçmə, ən yaxşı üzüm salxımlarını yığıb Moskvaya göndərirdilər. Mən də yeşik düzəldirdim və bunun müqabilində müəyyən miqdarda əməkhaqqı verirdilər. İlk əmək haqqıma özümə köynək aldığım gün indiki kimi yadımdadır”.
Moşunun “xoşbaxtlıx” iksiri
Xalq artisti gənclərə tövsiyələrini də bildirdi: “Boş dayanmasınlar, iş tapıb işləsinlər. İşsizlik pis əməllərə yol açır. Kafelərdə gedib qəlyan çəkməsinlər. Bunlar gənclərimizi yaxşı yola aparmır. Kitab oxusunlar. Özlərindən böyüklərə hörmətlə yanaşsınlar, az ədabazlıq etsinlər. Şəxsən məndə ədabaz adamlar ikrah hissi yaradır. İnsan vəzifəsinin böyük-kiçikliyindən asılı olmayaraq insan olmalıdır. İnsanlığın vəzifəyə heç bir dəxli yoxdur”.
Sonda “xoşbaxtlıx”a hələ də qafiyə tapmayan “Moşu”dan xoşbəxtliyin onun üçün nə olduğunu soruşduq: “Xoşbəxtlik anlarla, dəqiqələrlə ölçülür, əbədi deyil. Sağlam, gümrah olmaq ən böyük xoşbəxtlikdir. Kasıb olmaq olar, əsas odur ki, üzündən-gözündən gülüş əskik olmasın”.
Lalə MUSAQIZI

banner

Oxşar Xəbərlər