• çərşənbə axşamı, 23 aprel, 14:33
  • Baku Bakı 24°C

MONOLOQ

11.10.18 11:30 7200
MONOLOQ
Düşündüklərimizi hiss edirik, yoxsa hiss etdiklərimizi düşünürük? Olaylara etiraz etmək, onları "düzəltmək" istəyi məntiqə qarşı üsyandırmı? Düşüncənin qaynağı insanın özüdür və ya hissin qaynağı insandan kənardadır, yoxsa əksinə? Bəlkə hər ikisinin qaynağı elə insanın özüdür, başqası deyil? Bəlkə tam tərsinə, düşüncə də hiss də kənardan qaynaqlanır?
Düşünmək nədir? İradi hərəkətdir, yoxsa təbii zərurət? Bəlkə də düşüncə ayrı şeydir, düşünmək ayrı şey. Bəlkə də hər kəsdə "düşüncə" adlı isim vardır, ancaq hər kəs onu "düşünmək" adlı feilə çevirə bilmir!?
Hissin isə kənardan qaynaqlandığı fikri çox populyardır. Ancaq biz bəlkə düşündüklərimizi hiss edirik sadəcə? Hər ikisinə reaksiya verən və onların rəngə, şəklə büründüyü, fəaliyyətə keçdiyi yer insan beyni deyilmi? "Hiss" kəlməsi ərəbcədir. Onun türkcədəki mümkün ehtimal tərcüməsi "çəkim"dir. Bəlkə insan ümumiyyətlə, hər şeyi özünə çəkir. Bəlkə tale də, qəzavü-qədər də, fələk də çox məsumdur. İnanıram ki, "tale" adında, "bəxt" adında və ya "fələk" adında bir "tanrı", yaxud da "din" olsaydı, heç kim onlardan küsməz, heç kim onları söyməzdi. Çünki "Tanrı" dedikləri onların hamısından güclüdür. Tanrıçılığı, onun iradəsinin guya təzahürü olan dinləri təsdiq və təbliğ edənlər əslində taledən, qəzavü-qədərdən, fələkdən yox, onlara nəzarət edən, "adil" və "alim" Tanrının özündən küsür, onun özünü söyürlər. Sadəcə, zahirdəki qınaq mənbələri müqəddəslik statusu qazanmadıqları üçün hər kəs onlara yüklənir.
Düşüncələr ehtiyacdan yaranır, yoxsa ehtiyacı yaradan düşüncədir? Ehtiyaclar hisslərə nə qədər bağlıdır? Sevgi hissdir, yoxsa ehtiyac? Bəlkə sevmək sadəcə, bir düşüncədir? Məchulluğun dərəcəsi olsaydı, məchul elan edilərdimi? Fəlsəfələrə, nəzəriyyələrə tabe olmaq, başqa düşüncələrin yolu ilə getmək ədalətdir, yoxsa tənbəllik - məntiqdir, yoxsa gücsüzlük?!
Barmaq uclarındakı ən zərif, ən yaxın hisslər qara və qarışıq boyalarla iylənmiş qorxunc düşüncə məkanını bir anda necə gözəlləşdirə bilir? Sonra bu gözəllik hara gedir? Dualar nə üçün təngnəfəsliyin dərindən bir aha dönüşdüyü zaman, sanki qəbul olur? Yalançı olan hisslərdir, yoxsa düşüncələr? Əməllər bunların hansından qaynaqlanır?
Bizsiz də mövcud olan və bizdən asılı olmayanlar Tanrıdırmı? Elə isə biz kimik və bizdən asılı olanlar nədir? Məsumiyyət sadəcə, günahları müəyyən etmək üçündürmü? Günahsız məsumiyyət qarşı cism olmadan hərəkət etdiyi bilinməyən təyyarəyəmi bənzəyir? Hökm vermək necə bir duyğudur?! Öz düşündüyündən, gəldiyi kəskin qənaətlərdən başqa hər şeyi şübhə hesab edən hökm sahibləri, əslində ədalətin, yoxsa qüdrətin təmsilçiləridir? İqtidar sahibi hər zaman adildirmi? Və ya ədalət daşıyıcıları nə zaman qüdrət sahibi olacaqlar? Hər ikisi bir arada mövcud ola bilərmi? Əgər bu mümkündürsə, o zaman nə zaman gələcək?!
Fəqət, tənhalığın, dərin və əminliklə varılmış küskünlüyün əsəri olan incəliklər - yəni şeir, incəsənət, öz zamanını çox-çox qabaqlayan elm - bunların hamısı məhz gücsüzlüyün gücüdür! Qüdrət ədaləti özündən uzaqlaşdırdığı kimi, ədalət də qüdrəti tərk edir, başqa bir qüdrətə - heç bir zaman qüdrət sayılmayacaq bir qüdrətə çevrilir. Bizi tərk edən ədalət və gözəllik özü ilə bərabər Tanrını da çəkib apardı...
Ancaq guya Tanrıya olan ehtiyac düşüncələrin və hisslərin yenidən kukla kimi oyub düzəltdiyi bir və birlərlə dolu "tanrılar" yaratdı. Dünyanın hər yerində tanrı təkdir, birdir, ancaq görün bir olan dünyada nə qədər tanrı var!!!
İnsan düşüncəsi hislərə toxuna bilərmi? Deyirlər, hislər düşüncəni dəyişdirir. Bəs, düşüncənin özü hisləri idarə edə bilərmi? Ümumiyyətlə, idarəçilik güclü olmaqdır, yoxsa fırlanan aləmin yerdəyişmələrinə tabe olan məntiqi göstəricidir? Yerini dəyişməyən yeganə güc Tanrıdırsa, başqa güclərə nə ehtiyac var? Axı küskün və görünməyən güclər elə Tanrının özü kimi heç zaman yerini dəyişmir və əbədi qalır! Bəlkə Tanrı da küskün olduğu üçün göylərə çəkilib? Hər şey bizdən qaynaqlanırsa, biz nəyə etiraz edirik? Və yaxud da hər şey ilahi bir iradənin nəzarəti və diktəsi altında baş verirsə, biz hansı əyriləri düzəltməyə çalışırıq və necə, hansı iradə ilə, hansı güclə? Yaradan Odursa, deməli,dağıdan bizik? Ancaq O bizdən məntiqlə düşünülməyəcək qədər güclüdürsə, Onun yaratdığını biz necə dağıda bilərik? Bəlkə biz heç pozmuruq, dağıtmırıq? Bəlkə bu da bir düşüncədir? Axı, məsələn, ət yeməyənlər ət yeyənlərdən çox sonralar meydana çıxdı... Əgər düşüncə sonradan yaranırsa, bəs ondan öncəki nə idi? Axı, bütün düşünənlər özlərindən əvvəl heç kimin düşünmədiyini düşünürlər! Tanrıdan öncə tanrı var idimi? "Tanrıdan öncə nəinki tanrı, heç tanrıdan öncəsi yoxdur!” Belə düşünmək hardan qaynaqlanır - müqəddəslik tabusundan, yoxsa əqli çarəsizlikdən? Əgər inkar da, təsdiq də düşüncənin məhsuludursa, təsdiqi imana, inkarı küfrə kim çevirdi?! Axı, nə imanın nə də küfrün düşüncə ilə bir əlaqəsi var! Hər ikisi hökmdür, düşüncə deyil. Düşüncə toplumun fərdə, hökm isə fərdin topluma müdaxiləsidir. Hansı haqlıdır və ya haqdır?! Ümumiyyətlə, haqq nədir və onun ölçülərini kim müəyyən edir - yenə də düşüncə sahibi insanmı, yoxsa kim olduğu, nə düşündüyü bilinməyən Tanrımı?
İnsan hər şeyə əlləri, barmaqlarının ucu ilə toxunmaq istəyir. Kəbə divarını ziyarət edənlər də bunu edirlər. Onlar özləri də düşünmədən Tanrıya toxunmaq istəyirlər - bir sevgili kimi, bir aşiq kimi! Ancaq onlar bunu bilmirlər. Bilmədikləri üçün də toxunduqları şey sadəcə, bir daş parçası, ordan apardıqları isə şəfa, ruzi, dünyagirlik niyyətləridir. Əgər onlardakı Tanrının özü qədər gizli qalan hislər, onların düşüncələrinə sirayət etsəydi, onlar aşiq, Tanrı isə məşuq olar, bu dünya cənnətin məşq evi yox, Tanrının eşq evi olardı. Ancaq belə olmadığı üçün hislərdən uzaq düşən ağıl zavallı bir canavara, düşüncə ilə birləşə bilməyən hislər isə ya şəhvətə, ya da heç kimin dinləmədiyi, içini unudub, çölünə heykəl qoyduğu dahiyanəliklərə çevrildi.
Tale, bəxt yırtıcı bir oyunbazdır. İnsan düşüncəsini təsdiqdən inkara sürükləyən də onlardır. Ancaq tale dənizinə qərq olmaq ölümdür, yoxsa həyat?! Bu məşum dalğaların arasında xilas axtarmaq nə dərəcədə gerçəkdir?! Bəlkə müqəddəs saydığımız, dar ayaqda bağlandığımız hər şey bu dünyanın özü kimi möhtəşəm bir nağıldır?! Bir anda ağladıb, bir anda güldürən, ölümdən həyata, həyatdan ölümə amansız bir sadəlövhlüklə aparıb gətirən bu həyatın hər kəslə ikilikdə oynadığı bu gözəl, bu çirkin oyunun sonu kimin xeyrinə bitir?! Ünvanlı çarələr axtarmaqla sağalmayan dərdlər, yaralar danışmaqla, yazmaqla, yaratmaqla necə sağalır? Bu həqiqətdir, yoxsa gerçəkləri təcavüzə uğradaraq dünyaya gətirilən təsəlli? İlk dəfə kim kimi tərk etdi - insanlar dahiləri, yoxsa dahilər insanları?! İlk tərk edən günahkardırmı? Tərk etmək günahdırsa, dahilər nə üçün hər kəsi tərk etdilər? Dahilik üçünmü? Bəs tərk etmədən və ya tərk olunmadan düha ortaya çıxarmı?! Bu da bir müəmmadır... Əgər düha icmanın düşüncəsindən fərqli düşünməkdirsə, o zaman hər dəli və yaxud da hər iqtidar sahibi özlüyündə bir dahidir. Fərqlilik sadəcə, üstünlükdürmü? Bəlkə üstün olanlar fərqli deyil!? Əgər düşüncə fərdi azadlıqdırsa, o zaman qüdrətə yetişmiş bir düşüncə sahibi niyə başqalarını fərdi düşüncə azadlığından məhrum etmək istəyir? Axı yeritdiyi "ədalət" onun öz düşündükləridir. O, şəxsən özünü necə inandıra bilib ki, onun düşündüklərini hər kəs düşünsə, cəmiyyət çox gözəl olar?! Absurddur, cavabı axtarılmağa layiq olmayan əxlaqsız bir sualdır!
Sübhün yarıqaranlıq yellərində gözdən itən təcrübəli kölgələrin müdrik etiraflarını eşidən Hamlet kimi, çarəsiz əsəbiliklə fəlsəfi intiharın arasında qalır insan! Kirlənmiş, yazıq və həyasız bir zehniyyətlə hər gün bir az daha ölür bu insanlıq! Zəhərə batırılmış qılınclara tuş gələcəyini bilən və onu gözləyən dahilər isə ölümləri ilə özlərinə xilas gəmisi düzəldənlərdir. Onların həyatı Həzrəti Nuhun həyatı, ölümləri isə bir ömür boyu hazırlanan həmin o gəmidir. Gözlərin dikildiyi məchul və böyük ehtimalla mövcud olmayan üfüqlər ümid vəd etmir... Əllər və barmaq ucları o sevgiyə bir kərə toxunsa, yetər! Bəli, sevgiliyə yox, məhz sevgiyə. Çünki sevgi əbədiyyətdir, sevgili isə icaddır. Əbədiyyəti görmək, ona toxunmaq istəyi insanın ən böyük kəşfinə - məhəbbətə səbəb oldu! Kimsə fərqində deyil, ancaq heç kim o sevginin bitib tükənməsini istəmir. Çünki şüuraltı yaxşı bilir - o sevgi əbədidir! Ancaq həminəbədiyyətin girdiyi əlbisə fanidir. İnsanın itirdiyi isə əbədiyyət deyil, fənadır. Nə yazıq ki, fani üçün ağlayan insanın əbədi üçün sevinməyə vaxtı qalmır. Kədər gətirən sevinclərin fəna, sevinc gətirən kədərlərin isə əbədiyyət olduğunu bilmir insan! Bilsəydi, gülmək yerinə ağlayar, ağlamaq yerinə gülərdi. Sevindiyi şeylərə kədərlənər, kədərləndiyi şeylərə sevinərdi...
Bu dünya, yəni fəna özü də bilmədən bütün gözəllikləri yasaqlayır. Qanunlar və tabular isə bu yasaqlardan faydalanır. Fərdi qənaətlərin hökmranlıq istəyinin ən böyük düşməni gözəllikdir. Çünki bütün gözəlliklər azadlıqdan yaranır. Azadlıq isə hökmün qatilidir. Bəli, hökm heç bir zaman azadlığı öldürə bilməyib. Ancaq insan nə zaman azad olsa, hakimiyyətlərin sonu çatır. Çünki hökm fənadan, gözəllik isə əbədiyyətdən gəlir. Hakimlərlə dahilərin oxşar cəhəti hər ikisinin güclü və əmin düşüncəyə sahib olmasıdır. Ancaq onların fərqli cəhəti ondadır ki, hakimlər düşüncələrini hökmə, dahilər isə düşüncələrini elmə və gözəlliyə çevirirlər. Əslində isə əsil hakimlər elə dahilərdir. Çünki elm və gözəllik bu aləmin iki əbədi hökmdarıdır!
Sual vermək cavab axtarmaqdan qat-qat çətindir. Çünki düşüncənin yaratdığı, daha doğrusu, düşüncə tələb edən şey cavab deyil, sualdır. Cavabın əvvəli, yəni kökü sualdadır, ancaq sualın kökünü gərək axtarıb tapasan, yəni düşünəsən. Bu dünyanın demək olar ki, bütün sualları ironikdir və cavabını da özündə gəzdirir. Bəs bizim insan düşüncəmizdə doğan suallara kainatın cavabı nədir və ümumiyyətlə varmı o sualların cavabı?! Ulduzların düzülüşündəki fiqurlar gerçəkdirmi, yoxsa onlar da insan düşüncəsinin yaradaraq, görmək istədikləridir? Bəlkə heç gerçəklər düşüncələrdən ayrı deyil? Bəlkə ümumiyyətlə, düşüncədən başqa bir gerçək yoxdur? Bəlkə heç düşüncə deyilən bir şey yoxdur, sadəcə, gerçəklər vardır?! Ancaq biz düşüncəmizin qəbul etmədiyi gerçəkləri yalan zənn edirik. Düşüncədən kənarda bir düşüncə varmı? Axı biz düşüncəmizdən artıq düşünə bilmirik! İstəsək də, düşünə bilmədiklərimizi varlıq hesab edə bilmirik. Halbuki, onlar vardır, biz onları düşünsək də düşünməsək də...
Dənizlərin dərinliyimi, dağların ucalığımı - hansı daha əlçatmazdır? Əlçatmazlıq nə üçündür? Və ya nə üçün insan əli oralara çatmalıdır? Axı bu istək və ümumiyyətlə istəklər olmasaydı, kainatda əlçatmaz heç bir şey olmayacaqdı! Bəlkə elə Tanrı da onu dərk etmək istəyənlərin əlindən qeybə çəkildi?! Dərinlikmi, ucalıqmı - hansında düşüncəni xilas edəcək sirlər yatır? İnsan düşündükcəmi əsir olur? Yoxsa azadlıq düşünmək deməkdir? Əgər belədirsə, hərəkətli, yəni faydalı və zərərli düşünən insan nəyə görə öz əsarətindən qurtula bilməyən yeganə canlıdır? Onun hisləri onu aldadır, yoxsa düşüncələri? Onun könlü harasındadır - düşüncəsində, yoxsa hissində?! Bəlkə könül də onun öz icadıdır. Bəlkə nə bədən var, nə də ruh?!
Bütün bunlar sualdırmı, cavabdırmı?! Təntənə ilə bitən hər bir əsər nə üçün yarımçıq qalır? Və ya sonsuzluq niyə bütövlük hesab edilir?
Hamlet də belə deyirdi…
Fəxrəddin Salim
banner

Oxşar Xəbərlər