• cümə axşamı, 25 aprel, 21:02
  • Baku Bakı 21°C

“Molla Nəsrəddin”in “Neştər” imzalı yazarı

06.09.13 10:17 1405
“Molla Nəsrəddin”in “Neştər” imzalı yazarı

XIX əsrin sonu, XX əsrin əvvəlləri Naxçıvanda Məhəmməd Tağı Sidqi, Məmmədqulubəy Kəngərli, Məhəmməd Əli Sidqi, Qurbanəli Şərifzadə, İsa Sultan Şahtaxtinski və Eynəli bəy Sultanov kimi maarifpərvər, vətənpərvər ziyalılar təkcə Naxçıvanda deyil, bütöv Azərbaycanda maarifin, təhsilin, yeniliyin təbliği üçün böyük və xeyirxah işlər gördülər. Bu böyük işlərin nəticəsi idi ki, ömrü boyu təmənnasız olaraq xalının xoşbətliyi və azadlığı yolunda mübarizə aparan Mirzə Cəlillər, Hüseyn Cavidlər yetişdi...
Belə maarifpərvər xeyirxahlardan biri də Eynəli bəy Sultanov idi. O, 1866-cı ildə Naxçıvanda Çölü kişinin ailəsində anadan olub və ilk təhsilini də dini məktəb alıb. Əlbəttə bu təhsil nə onu, nə də ailəsini qane edirdi. Ona görə də əvvəl İrəvan “Kişi gimnaziyası”nda, sonra isə Tiflis də “Klassik gimnaziya”da təhsilini davam etdirir. Tiflisdə oxuyarkən rus dilini yaxşı öyrənən Eynəli rus və Qərbi Avropa ədəbiyyaını klassiklərinin yaradıcılığını dərindən öyrənməyə başlayıl.
Təhsilini başa vuran Eynəli tərəddüt etmədən Naxçıvana qayıdır və burada maariflə, elmlə onun təbliğilə məşğul olmağa başlayır. Böyük mülkə sahib olan Eynəli bəy 1907-ci ildə Naxçıvan şəhəri ətrafındakı ata-baba torpaqlarının böyük bir qismini yoxsul kəndli ailələrinə bağışlayıb.
Gənc Eynəlinin bu işi əksər Naxçıvanlıları təcübləndirsə də bir qurup ziyalıları sevindirir. Onlar Eynəlinin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvanda “Ziyalılar məclisi” və “Müsəlman incəsənəti və dram cəmiyyəti” təşkil edirlər. Bu cəmiyyətin və məclisin göməkliyi ilə Naxçıvanda yeni üsullu məktəblər açılır, teatr tamaşaları göstərilir. Teart tamaşalarının təşkilində yaxından kömək edən Eynəli bəy hətta özü də teatrda oynayır.
Xalqı əksəriyyətinin savadsızlığı, xüsusən də kəndlilərin savadsızlığı nəticəsində əziyyətlər çəkməsi onu narahat edirdi. Əsas da məhkəmələrdə hüququnu bilməyən kəndlilər hər dəfə haqsızlıqların qurbanı olduqları üçün Eynəli bəy bir müddət İrəvan dairə məhkəməsində tərcüməçi, məhkəmə katibinin köməkçisi vəzifələrində işləyərək onların hüquqlarını müdafiə edirdi. Bütün varlığı ilə xalqının tərəqqisinə çalışan Eynəli Sultanov xatirələrində yazırdı ki: “Mənim xalqım! Səni azad, insanlar içində azad, xoşbəxtlər içində xoşbəxt görə biləcəyəmmi?”.
Əlbəttə Naxçıvanda belə bir maarifpərvər gəncin olması Mirzə Cəlilin də diqqətindən yayınmayıb. 1887-ci ildə Mirzə Cəlil ilk dəfə Eynəli bəylə tanış olur. (Sonra bu tanışlıq ömürlük dostluğa çevrilir). Bu o vaxt idi ki, M.Cəlil Qori Müəllimlər Seminariyasını yenicə başa vuraraq “Zaqafqaziya tədris dairəsi rəisinin 939-saylı məktubu ilə” Uluxanlı məktəbinə müəllim təyin edilmişdi.
İllər sonra bu haqda Mirzə Cəlil yazırdı: “Mən özüm darülmüəllimini qurtaran zaman Naxçıvanda ... özümdən artıq hüşyar dostlarıma rast gəldim... Mənim səsimə səs verən sirdaşlarımdan qabaqca əzizim Eynəli Sultan oldu”.
Eynəli bəyin Mirzə Cəlillə və Azərbaycanın ilk jurnalistlərindən olan İsa Sultan Şahtaxtinski ilə dostluğu istər -istəməz onu mətbuat, söz aləminə meylləndirib. (Eynəli Sultanov İsa-Sultan Şahtaxtinski ilə birlikdə on ildən çox Karsda hərbi qubernatorun dəftərxanasında işləyib).
Maarifin təbliğində mətbuatın gücünü dərk edən Eynəli bəy Sultanov “Molla Nəsrəddin”ə kimi 1890-cı ildən başlayaraq “Tətcüman”, “Kaspi”, “Kavkaz”, “Novoe obozrenie”, “Sankt-Peterburqskie vedomosti” kimi dövrün məşhur mətbuat orqanlarında müntəzəm olaraq publisistik məqalələri ilə çıxış edərək elmi xalq arasında təbliğ edib. Müəllif bu məqalələrində tərəqqinin qayğısına qalan maarifpərvər ziyalıları rəğbət hissi ilə anırdı.
Eynəli Sultanov jurnalistlik yaradıcılığı ilə yanaşı ədəbi yaradıcılıqla da məşğul olub. “Tatarka” pyesini və “Qurd balası”, “Calma” “, Xan, nə xan”, “Cənub gecələri”, “Seyidlər” və s. hekasyələrini yazıb.
Artıq 1904-cü ildə E.Sultanovun imzası “Şərqi-rus”da, 1907-dən “Molla Nəsrəddin”də sovet dövründə isə “Dan yıldızı”, “Yeni fikir” kimi qəzet və jurnallarda görünməyə başlayır. Hətta “Qafqaz komunası” qəzetini redaktoru da olmuşdu. L.Tolstoy, M.Qorki kimi rus klassiklərindən tərcümələr edərək qəzetlərdə çap etdirib.
Yuxarıda qeyd etdik ki, Mirzə Cəlil seminariyanı bitirib Naxçıvanda müəllimlik edən illərdə Eynəli bəylə dostluq edib. Geniş mütaliyə dairəsi olan Eynəli bəyin köməyilə Mirzə Cəlil Avropa və rus mədəniyyətilə daha yaxından tanış oldu. İllər sonra o böyük bir qələm əhli olmasında Eynəli bəyə öz minnətdarlığını 13 iyul 1925-ci ildə yazdığı məktubunda belə bildirirdi: “ ...qırx il bundan qabaq yanımda oturub, cavanlıq həvəsilə oxuduğunuz kitablardan rus maarifindən Avropa əhli-qələmlərindən şirin-şirin və bəzi vaxt da odlu-odlu yanıqlı-yanıqlı söhbətlər edirdiniz. O qədər məni özünə qulaq asdırdın ki, axırda məni doğrudan da maarif aləminə daxil elədin. Yəqin bilirəm ki, sən olmasaydın mən də qeyri-sadə kənd müəllimlərinin içində yaddan çıxmışdım”.
Tədqiqatçların fikrincə “Molla Nəsrəddin”də əsasən “Neştər” imzası ilə müxtəlif satirik janrda yazan E.Sultanov başqa mətbu orqanlarında “Dəli”, “Naməlum”, “Eynəli”, “Ayn-Sin” imzalarından istifadə edib. 1908-ci ildə Naxçıvandan Tiflisə göcən Eynəli bəy bir müddət burada yaşayır. Mollanəsrəddinçilərlə daha yaxından təmasda olur. Bu da onun yaradıcılığına öz müsbət təsirini göstərir.
banner

Oxşar Xəbərlər