• çərşənbə, 24 Aprel, 10:18
  • Baku Bakı 13°C

Moldovanın yeni prezidenti prioritetləri açıqladı

07.12.16 14:43 907
Moldovanın yeni prezidenti prioritetləri açıqladı
Moldovada rusiyapərəst olduğu iddia edilən İqor Dodonun prezident seçilməsi ilə çoxları elə fikirləşirdi ki, bununla ölkə tam şəkildə Rusiyaya meyl göstərəcək. Lakin hadisələrin gedişi göstərir ki, bu, heç də belə deyil. Yeni prezident artıq Moskvaya loyal olduğu barədə dediyini nəinki təkzib edir, hətta belə bir bəyanat vermədiyini vurğulayır. İnauqurasiyaya hazırlaşan Dodon Dnestryanı münaqişənin həlli ilə bağlı Rusiyanın təklif etdiyi həll variantını belə, qəbul etmir. Məlumat üçün bildirək ki, seçkilərdən əvvəl sosialistlərin lideri hər zaman Rusiyanın adamı olduğunu iddia edirdi. Hətta onun lideri olduğu Sosialistlər Partiyasını Rusiya maliyyəsi ilə qurduğu da vurğulanırdı. Seçki kampaniyası zamanı isə Rusiyanın estrada ulduzları ona dəstək konsertlərinə qatılır və hamını İqor Dodona səs verməyə çağırırdılar. Kampaniya müddətində o, Vladimir Putinlə birgə şəkillərinin yaymaqdan belə çəkinmirdi. Bundan əlavə, Rusiyada fəaliyyət göstərən moldov mənşəli iş adamı Renato Usatı ona açıq maliyyə dəstəyi göstərirdi. Nəticədə İqor Dodon seçkilərin ikinci turunda rəqibini məğlub edərək prezident seçilməyə müvəffəq olub. İqor Dodon prezident seçkilərində qalib gələndə əksəriyyət bunu Rusiyanın triumfu kimi qələmə verməyə tələsirdi. İndi isə vəziyyət dəyişib. Moldova prezidenti seçildikdən sonra daha çox qərbyönümlü bəyanatlar verən Dodon artıq Avropaya inteqrasiyanın da zəruriliyindən danışır. Ən maraqlısı isə odur ki, yeni prezident bildirib ki, ölkənin xarici siyasət kursunu dəyişmək onun səlahiyyətlərinə daxil deyil.
Bu yaxınlarda "Deutsche Welle” nəşrinə müsahibəsində İqor Dodon onu da açıq şəkildə bildirib ki, Rusiya prezidentinin xüsusi nümayəndəsi Dmitri Kozakın Dnestryanı münaqişənin həlli ilə bağlı təklif etdiyi konsepsiyanı qəbul etmir. Onun sözlərinə görə, bu sənəd artıq aktuallığını itirib. İ.Dodon Dnestryanı bölgənin ayrılması məsələsinin mümkünsüzlüyünü ifadə edib – "İkinci Kalininqrad olmayacaq”. Rusiyayönümlü siyasətçi olması barədə sualın cavabında isə bunu tam şəkildə təkzib edib. Hətta ona bu cür ləqəb verilməsinin mənbəyi ilə da maraqlanıb. 41 yaşlı prezident Rusiya ilə münasibətlərə gəldikdə bildirib ki, Moskva ilə bir sıra problemləri birgə həll etmək gərəkdir: "Mən nə rusiyayönümlü, nə də qərbyönümlüyəm, mən moldovayönümlüyəm, dövlətçiliyimizin qorunmasının tərəfdarıyam. Hesab edirəm ki, ən önəmlisi dövlətimizin maraqlarının qorunmasıdır. Rusiyayönümlü damğasını isə mənə siyasi opponentlərim vurublar”.
"İlk səfərinizin Buxarestə deyil, Moskvaya edəcəyinizi demisiniz. Axı mövcud ənənəni pozub niyə belə bir addım atırsınız” sualına isə İ.Dodon bildirib ki, son illər ölkə sürətlə Rusiyadan uzaqlaşmağa çalışıb: "Bizim son 6-7 ildə xarici siyasət sürətlə Qərbə doğru istiqamət götürüb. Və Rusiya ilə münasibətlərimizə ciddi xələl gəlib. Daha dəqiq desək, münasibətlərimiz dost münasibətlər deyil. Bu səbəbdən də ilk səfərimi Moskvaya edəcəyəm və bir sıra həlli vacib məsələləri həll etməliyəm. Sonra isə Brüsselə gedəcəm”. Yeni prezident Moldovanın Rusiyaya bir sıra məhsulları ixrac etmək niyyətində olduğunu dilə gətirib: "Bundan əlavə, qarşıda iki ciddi məsələnin həlli durur – birincisi miqrantlarla bağlıdır. Rəsmi məlumatlara görə, Rusiyada 500 min moldov miqrant çalışır, qeyri-rəsmi isə onların sayı bir milyondur. Onların 200 mini miqrasiya qaydalarını pozduqlarına görə evlərinə dönə bilmirlər. Çünki qorxurlar ki, təzədən Rusiyaya dönə bilməyəcəklər. Belə bir hal 50 mindən artıq soydaşımızla bağlı yaşanıb. Rusiyada işə düzəliblər, qısa vaxtda ölkələrinə dönüb sonra geri qayıda bilməyiblər. Bu insanların problemlərini həll etmək gərəkdir. İkinci vacib məsələ Rusiyaya Moldova mallarının ixracı məsələsidir. Mən bizim mallara qarşı tətbiq edilən embarqonun geri götürülməsinə və Rusiya ilə azad ticarətin bərpasına çalışıram. Lakin bu məsələni ikitərəfli qaydada həll etmək mümkün olmayacaq. Çünki, bizim Avropa İttifaqı ilə müvafiq sazişimiz var. Bu səbəbdən də problemi üçtərəfli formatda həll etmək gərəkdir”.
"Sizin proqram çıxışlarınızdan birində Moldovanın Avrasiyaya inteqrasiya məsələsi əks olunub. Bu ideyanı müdafiə edəcəksinizmi” sualına isə yeni prezidentin cavabı maraqlı olub. O bildirib ki, bir vətəndaş kimi Moldova üçün əsas prioriteti Avrasiyaya inteqrasiyada görür. Lakin əlavə edib ki, hansısa bir sənədi qəbul etməyə prezidentin səlahiyyəti çatmır. Onun sözlərinə görə, prezidentliyi müddətində Moldovanın Avrasiya İqtisadi İttifaqına üzvlüyü məsələsini qaldıracaq. Ölkənin gələcək prezidenti onu da bildirib ki, kardinal dəyişiklikləri parlament seçkilərindən sonra reallaşdırmaq mümkündür.
Xatırladaq ki, İ.Dodon bir neçə dəfə bəyan edib ki, prezident seçiləcəyi təqdirdə Avropa İttifaqı ilə assosiativ üzvlük barədə sazişi ləğv edəcək. İndi isə bəyan edib ki, bütün məsələlər üçtərəfli (Avropa İttifaqı, Rusiya və Moldova) danışıqlardan asılı olacaq.
Müsahibədə Rumınıya ilə də bağlı məsələ də diqqət mərkəzində olub: "Rumınlar bizim qardaşlarımız və dostlarımızdır, lakin qonşu dövlət birləşmə ideyasından imtina etməli, dövlət sərhədləri haqqında müqaviləni imzalamaqla moldovalılara hörmətlərini sübut etməlidirlər”. Prezident əlavə edib ki, Rumıniya və Moldova müstəqil və suveren dövlətlər olaraq bir-birinə hörmətlə yanaşmalıdırlar:"Əlbəttə, bizim ümumi tarixi köklərimiz var. Suveren dövlət olaraq Rumıniyaya hörmətlə yanaşırıq, istəyirik ki, Moldovaya da elə yanaşılsın. Bir-birimizə qonşu kimi gedib-gələ bilərik, lakin birləşmə ideyaları olmadan. Heç zaman anti-rumın olmamışam və indi də belə deyiləm, lakin hər zaman birləşmənin əleyhinəyəm”. Moldova prezidenti Rumıniya hökumətinə də müraciət edib. İqor Dodon həmin ölkərəsmilərini artıq 25 ildir imzalanmayan dövlət sərhədləri haqqında müqaviləni imzalamağa çağırıb: "Rumıniya Moldovanın müstəqilliyini tanıyan ilk dövlətdir. Buna görə sizə minnətdarıq. Əgər bizə müstəqil dövlət kimi yanaşırsınızsa və Moldovanın bir dövlət kimi yox olması üçün gizli niyyətiniz yoxdursa, onda birbaşa söyləyin ki, dövlət sərhədləri haqqında müqaviləni imzalamağa hazırsınız, birləşmə hərəkatı Rumıniyanın rəsmi hakimiyyət dairələri tərəfindən dəstəklənmir və maliyyələşmir”. Moldova prezidenti onu da bildirib ki, Moskva və Brüsseldən sonra üçüncü xarici səfərini Rumıniyanın paytaxtı Buxarestə edəcək.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər