• cümə axşamı, 18 aprel, 14:59
  • Baku Bakı 22°C

Moldovanın 3 yerə bölünmək təhlükəsi yaranıb

04.06.19 18:08 497
Moldovanın 3 yerə bölünmək təhlükəsi yaranıb
Moldovada xaotik vəziyyət davam edir. Hakimiyyətsizlik ölkəni növbədənkənar seçkilərə doğru sürükləməkdədir. Belə bir durumda Avropa İttifaqı, Birləşmiş Ştatlar və Rusiya nümayəndələri eyni gündə Kişinyova təşrif buyurublar. Parlament partiyalarının liderləri ilə görüşdə ölkədə hələ də hökumətin təşkil olunmaması müzakirə olunub. Məsələ ondadır ki, üst-üstə düşən səfərlərdə əsas məram ölkəni gərginlikdən qurtarmaqdır. Hər bir heyət ölkənin mövcud inteqrasiya vektorunun qorunub saxlanmasına çalışır. Söhbət ya rusiyayönümlü, ya da qərbyönümlü olmaqdan keçir. Və hər biri də ayrılıqda Moldovaya təsir etməyə çalışır. Xalq-Sosialist Partiyasının lideri Viktor Stepanyuk "Nezavisimaya qazeta”ya müsahibəsində bildirib ki, Moldovanı üç yerə bölürlər və sürprizlər gözləməyə dəyər. Əgər hakim koalisiyanı yaxın günlərdə formalaşdıra bilməsələr, onda prezident İqor Dodon növbədənkənar parlament seçkilərinin keçirilməsi barədə qərar qəbul etməli olacaq. Məlumat üçün bildirək ki, parlament seçildiyi tarixdən - fevralın 27-dən bəri fəaliyyət göstərmir. Parlamentdə ən çox səsə malik Sosialistlər Partiyasının hakim partiya – ACUM bloku ilə danışıqları da nəticəsiz başa çatıb. Demokrat Partiyası ilə sosialistlər danışıqlar aparmayıb. Səbəb də odur ki, demokratların lideri Vladimir Plaxotnyuka qarşı Rusiyada cinayət işi qaldırılıb. Sosialistlər Partiyası seçkiqabağı proqramını Rusiya ilə münasibətlər üzərində qurmuşdu və məhz bu da qələbəni təmin etdi. Lakin Xalq-Sosialist Partiyasının lideri Viktor Stepanyuk istisna etmir ki, əgər cinayət işi məsələsini Kişinyova səfər edən Rusiya prezidentinin xüsusi nümayəndəsi, baş nazirin müavini Dmitri Kozakla həll edərsə, onda sosialistlər demokratlarla danışıqlara gedə bilərlər. Bu da sonda Moldova hökumətinin formalaşmasına gətirib çıxara bilər. Hazırda ölkədə rusiyayönümlü prezidentdən başqa işlək qurum mövcud deyil. Ötən gün Dodon bildirib ki, Dmitri Kozak şəxsən onun tərəfindən dəvət edilib və danışıqlarda ikitərəfli münasibətləri əhatə edən məsələlər müzakirə edilib. Məlumdur ki, Dodonu Rusiyaya Moldova məhsullarının daşınması narahat edir. İyunun 1-nə qədər bu məhsullar gömrük rüsumları olmadan buraxılırdı. Moldova prezidenti indi də ölkəsi üçün bu preferenslərin qalmasına çalışır. İ.Dodon iddia edib ki, rusiyalı heyətlə Moldovadakı siyasi vəziyyəti müzakirə etməyəcək. Lakin ondan fərqli olaraq Kozak Dodonla görüşdən sonra baş tutan brifinqdə deyib ki, "biz siyasi qüvvələrin diqqətinə çatdırmaq istəyirik ki, bütün qüvvələrlə əməkdaşlıq edilməlidir. Avropa İttifaqına orientasiya olunmaqla Şərqdəki körpüləri yandırmaq gərək deyil - Rusiya və Avrasiya İqtisadi İttifaqı ilə də əməkdaşlıq etmək gərəkdir”. O, jurnalistlərin sosialistlərin kimlərlə koalisiya yaratması sualına cavab olaraq avropayönümlü ACUM-la koalisiyasının mümkünlüyünə işarə edib.
Yeri gəlmişkən, D.Kozakı separatçı Dnestryanı bölgədə də gözləyirlər. Tanınmamış qurumun rəhbəri Vadim Krasnoselski bildirib ki, Kozak Tiraspola da gələcək. Krasnoselski bildirib ki, Rusiya prezidentinin xüsusi nümayəndəsi ilə iki mövzunu müzakirə etmək niyyətindədir. Bu, Dnestryanı bölgənin sakinləri üçün Rusiya vətəndaşlığının verilməsinin sadələşdirilməsi, eləcə də separatçı bölgə əhalisi üçün bir sıra güzəştlərin tətbiqidir. Kozakın demokratların lideri Plaxotnyukla görüşəcəyi gözlənilmir.
Demokratlar artıq bəyan ediblər ki, ölkədə sabitliyi təmin etməkdə maraqlı olan istənilən şəxslə danışıqlar aparmağa hazırdırlar. Moldova KİV-ləri yazır ki, iyunun 5-də demokratlar bütün tərəfdarlarını Kişinyovun mərkəzi meydanına toplaşmağa çağırıblar. Bəzi məlumatlara görə, aksiyaya 50 min insanın qatılacağı bildirilir. Stepanyukun sözlərinə görə, belə bir şayiə gəzir ki, toplaşanlar parlamentdən oliqarx Plaxotnyukun baş nazir təyin olunmasını tələb edəcəklər. Sosialistlərə, eləcə də, Dodona deputatların qərarı ilə razılaşmaqdan başqa yol qalmayacaq. "İnzibati resurs kimin əlindədirsə, o da qalib gələcək. Bu qüvvə isə Plaxotnyukdur. Demokratik Partiya hökumətə nəzarət edir. Onların nəzarəti altında DİN və prokurorluq da var. Bir də maliyyə”, - deyə moldovalı siyasətçi bildirib. Bu səbəbdən də sosialistlər çox ağır vəziyyətdədirlər və onlar sadə olmayan qərar qəbul etməli olacaqlar”, - deyə Stepanyuk bildirib. Kişinyov meriyasının məlumatına görə, Demokrat Partiya şəhərin mərkəzində iyunun 5-9-u arası bir neçə aksiya keçirməyi planlaşdırır. Hələ ki, sosialistlər fikirləşməkdə ikən V.Plaxotnyuk Avropa Komissiyasının genişləndirmə və mehriban qonşuluq siyasəti üzrə komissarı Yohannes Hanla görüşüb. Bundan əlavə, o, ACUM blokunun liderləri - Mayya Sandu və Andrey Nestase ilə, eləcə də, Sosialistlər Partiyasının lideri Zinaida Qreçan və prezident İqor Dodonla görüşüb. Yəni, son üç ayda müxtəlif konfiqurasiyalı alyans qurmaq istiqamətində uğursuz danışıqlar aparan qüvvələrin hamısı ilə fikir mübadiləsi aparıb. Baş nazir Pavel Filip və bütün partiyaların liderləri ABŞ Dövlət Departamentinin Şərqi Avropa məsələləri üzrə nümayəndəliyinin direktoru Bredli Freden ilə də görüşüblər. V.Stepanyuk bildirib ki, "ilk dəfədir ki, belə yüksək rütbəli qonaqlar eyni gündə ölkəyə təşrif buyurublar. Bu o deməkdir ki, Moldova Aİ, ABŞ və Rusiya üçün əhəmiyyət kəsb edir”. Lakin tərəflərin danışıqlarının mövzusu bəlli deyil. Çox güman ki, nəticələr yaxın günlərdə məlum olacaq. Demokrat Partiyasının lideri V.Plaxotnyuk bu günlərdə bəyan edib ki, "dinamik və qüdrətli siyasi qüvvədir və ssenaridən asılı olmayaraq mobilləşməyə qadirdir”.
Kişinyovda bu bəyanat rəqiblərə siqnal kimi qiymətləndirilib. O ki qaldı Dodona – prezident növbədənkənar seçkiləri mövcud vəziyyətdən çıxış yolunda ən mümkün hal sayır. Əgər iyunun 10-a qədər deputatlar razılıq əldə edə bilməsələr, onda parlamentin buraxılması proseduruna başlanılacaq. Bununla yanaşı, Dodon bildirib ki, "seçkilər avropayönümlü partiyaların on illik idarəçiliyindən sonra ağır iqtisadi böhran keçirən ölkə üçün arzuolunmaz ssenaridir”.

Azər
banner

Oxşar Xəbərlər