• şənbə, 20 Aprel, 11:19
  • Baku Bakı 14°C

Moldovalı ombudsman Ermənistanı ittiham etdi

27.08.13 08:56 1223
Moldovalı ombudsman Ermənistanı ittiham etdi
Ermənilərin iç üzünü, işğalçı siyasətini, mahiyyətini dünyaya çatdıran moldovalı ombudsman Aureli Qriqoriu Almaniyanın “Tabula Rasa” nəşrinə müsahibə verib. Alman jurnalist Ştefan Qrossa müsahibəsində ombudsman əvvəlcə ölkəsinin Avropaya inteqrasiya məsələlərinə toxunub. Onun sözlərinə görə, Moldova qarşısına hüquqi demokratik dövlət qurmaq, insan haqlarına və azadlıqlarının əsas prinsiplərinə əməl etmək məqsədini qoyub.
Bu prinsiplər dövlət qulluğunda olan məmurların hər bir vətəndaşın ləyaqətinə hörmət etməsindən, hüquqi fundamentin bərabərlik prinsipinə əməl etməsindən ibarətdir: “Moldovanın bu istiqamətdə müəyyən uğurlar əldə etməsinə baxmayaraq, insan haqları ilə bağlı vəziyyət və demokratik institutların inkişafı Avropa standartlarından çox-çox uzaqdır. İnsan haqlarının pozulması hakimiyyətin bütün səviyyələrində mütəmadi olaraq baş verir. Bunların da əsas səbəbi ədliyyə, effektiv menecmentliyin (Good Governance) və azad mətbuatın olmamasıdır. Nə məhkəmə, nə polis, nə dövlət idarələri adi bir vətəndaşın hüquqlarını müəyyən səviyyədə qorumaq iqtidarında deyil”.
Bəlli olduğu kimi, Avropa Birliyi Ermənistanla Assosiativ üzvlük barədə sazişə imza atmağa hazırlaşır. Alman jurnalist də moldovalı rəsmiyə Ermənistanın bu sazişi imzalamağa hazır olub-olmaması ilə bağlı sual ünvanlayıb. Ombudsmanın sözlərinə görə, demokratik institutların inkişafı və qurulması postsovet ölkələri üçün uzunmüddətli məqsədi olaraq qalır. “Ermənistanda insan haqlarının pozulması, demokratik proseslərlə imitasiya davam edir. Bu ölkəyə səfərimin yekunlarından bəhs edərkən deyə bilərəm ki, burada qanunin aliliyi prinsipinə əməl olunmur. Milli maraqlar həm ölkə daxilində, həm onun hüdudlarından kənarda birinci yerdədir. Hüquqi dövlət və insan haqlarına hörmət haqqında gedən bütün danışıqlara baxmayaraq, bu ölkədə insan haqlarına hörmət edilmir. Hökumət orqanları tərəfindən bu vəziyyəti düzəltməyə cəhd belə göstərilmir. Və yaxın gələcəkdə də vəziyyət dəyişməyəcək. Elə olmasa idi, Ermənistan hakimiyyətinin mənə - əcnəbi dövlətin insan haqları üzrə müvəkkilinə, bir qadına qarşı hərəkətini necə izah etmək olardı? Yerevanda parlamentdə çıxışdan sonra mənə qarşı təzyiqlərə başlamaqla Ermənistan insan haqlarının əsas prinsiplərini pozmuş oldu. Artıq erməni mətbuatında ölkəyə gələn hüquqşünaslar, ombudsmanlar və hüquq müdafiəçiləri üzərində nəzarətə başlanması barədə məlumatlar yayılıb. Ermənistan əhalisinin öz fikirlərini sərbəst şəkildə ifadə etməsi cəhdlərinə fiziki zorakılıq və hədələrlə reaksiya verilir. Belə olan halda, ölkənin AB-yə assosiativ üzvlüyü üzərində düşünmək gərək olacaq. Hesab edirəm ki, Avropa Şurası müəyyən nəticələr çıxarmalıdır. Avropa dəyərlərinin tətbiqi ilə imitasiya etmək yox, onları real həyata cəlb etmək gərəkdir. Çox böyük təəssüflə deyə bilərəm ki, siyasi rəhbərlik Avropa dəyərlərinin gündəlik həyata tətbiqindən çox-çox uzaqdır”.
Aureli Qriqoriu Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi və BMT-nin işğal olunmuş torpaqların azad edilməsi ilə bağlı qətnamələri ilə bağlı sualı da cavablandırıb. Ombudsman Azərbaycan və Ermənistan arasındakı münaqişəyə son qoyulmasının yollarına toxunub: “Siz bildiyiniz kimi, Avropa dövlətlərinin imzaladıqları bir sıra sənədlərdə, o cümlədən BMT qətnamələrində birmənalı olaraq Azərbaycan torpaqlarının işğal olunduğu yazılıb. Mənim qənaətimcə, münaqişənin nizamlanması üçün Ermənistan insan haqlarına əməl etməli, BMT qətnamələrinə, qurumun digər bir üzvü - Azərbaycanın ərazi bütövlüyünə hörmət etməlidir”. O, daha sonra ölkəsi ilə Ermənistanın Avropa dəyərlərinin reallaşdırılması istiqamətindəki fərqlərinə toxunub. Onun qənaətincə, əsas fərq Moldovanın Avropa dəyərlərinin həm milli, həm də beynəlxalq səviyyədə reallaşdırılmasına çalışmasıdır. Ermənistan isə öz milli maraqlarını Avropa dəyərlərinin bütün bəndlərindən üstün tutur: “Bununla da demokratik prinsipləri və insan haqlarını pozur”.
Alman jurnalist daha sonra moldovalı hüquq müdafiəçindən Ermənistanda başına gələnlər barədə danışmağı xahiş edib: “Mən orada beynəlxalq konfransda çıxış etdim. Orada mövzuya uyğun olaraq Ermənistanın başqa ölkənin torpaqlarını işğal etdiyini bildirdim. Və bu çıxışım BMT-nin müvafiq qətnamələrinə uyğun idi. Çıxışımdan sonra bildim ki, hüququn aliliyinə bu ölkədə əməl olunmur. Ünvanıma Azərbaycanın təbliğatını apardığım barədə yalan ittihamlar səslənməyə başladı. Qeyd edim ki, vitse-spiker Ermine Naqdalyan 30-dan artıq konfrans iştirakçısını mənim çıxışımı pisləyən bəyanat imzalamağa çağırsa da, sonda bu, baş tutmadı. Lakin buna baxmayaraq, məni çıxışıma görə cəzalandırmaq istədilər. Qaldığım mehmanxanaya məni fiziki cəhətdən aradan götürmək zəngləri edildi. “Facebook” səhifəmə isə təhqirlər və hədələr yağdırılmağa başladı. Erməni nəşrlərində mənim fotolarım və zorakılıq tətbiq edilməsi ilə bağlı məlumatlar yerləşdirildi. Ölkədən çıxmağım belə çətinləşdi. “Ermənistan dərsi” mənim üçün unudulmaz olaraq qalacaq. Ermənistanda qanunun aliliyi barədə çox danışırlar. Lakin Avropa qanunları kobud şəkildə pozulur. Halbuki, bu ölkə quruma üzv olarkən bunlara əməl edəcəyi ilə bağlı üzərinə öhdəlik götürüb. Şəxsən mənimlə bağlı Ermənistan Avropa İnsan haqları Konvensiyasının bir çox bəndlərini pozub. Özü də Moldovayə döndükdən sonra belə, ünvanıma yeni hədələr daxil olmaqdadır. Bu hədələr ABŞ vətəndaşı olan ermənilərdən də daxil olmaqdadır. Hətta erməni diasporası mənim vəzifəmdən götürülməyimə də çalışıb. Təəssüf ki, Moldova parlamentinin spikeri və bir sıra nəşrlər də ermənilərin hay-küyünə qoşularaq mənə qarşı hücuma keçdilər. Mənə qarşı təhqirlər imicimə ziyan vurur və mənim şərəf və ləyaqətimə toxunur. Çox təəssüf ki, mənə qarşı hücumlara dövlətim reaksiya vermir və mən müdafiə olunmamışam”.
Ombudsman ümid edir ki, Avropa və beynəlxalq təşkilatlar onunla bağlı Ermənistanda yaşananlara müvafiq reaksiya verəcəklər: “Ümidvaram ki, mənim çıxışım Avropa dəyərlərinin reallaşdırılması kimi başa düşüləcək. İstənilən vəziyyətdə, hər bir vətəndaş üçün mərkəzi yerdə insan haqlarının qorunması durmalıdır”.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər