• cümə axşamı, 28 mart, 20:52
  • Baku Bakı 13°C

Moldovada yeni həbs dalğası

24.05.17 09:00 905
Moldovada yeni həbs dalğası
Moldovada həbslər dalğası səngimək bilmir. Bu dəfə növbə paytaxt meriyasının yüksək rütbəlilərini əhatə edib. Belə ki, Kişinyov meriyasının bütün rəhbər şəxsləri həbs edilib. Hətta meriyanın ötən günə nəzərdə tutulan iclası da təxirə düşüb. Mer səfərdə olub, onun müavinləri isə istintaq altındadırlar. Bundan əlavə, baş nazirin bir neçə müavini də həbs edilib. Moldova nəşrlərinin yaydıqları xəbərə görə, məlumatı Korrupsiya ilə mübarizə üzrə Milli Mərkəzin istintaq idarəsinin rəhbəri Fyodor Zumbryanu da təsdiqləyib. Lakin yerli jurnalistlərinin apardıqları təhqiqat nəticəsində, hüquq-mühafizə orqanlarının diqqətini daha bir neçə nəfər cəlb edib. Bunlar yolların tikintisinə və təmirinə cavabdeh olan məmurlardır. Moldovanın Antikorrupsiya Prokurorluğu idarəsinin rəhbəri Viorel Morar bildirib ki, jurnalistlərin təhqiqatları sübuta yetirilərsə, yeni həbslərin baş verə biləcəyi istisna deyil. O, xatırladıb ki, artıq nəqliyyat naziri Yuri Kirinçuk həbs edilib. Viorel Moraryanın sözlərinə görə, Kirinçuk M1 avtomobil trassının yenidən qurulması zamanı yol verdiyi korrupsiya ittihamı üzrə həbs edilib. "Yuri Kirinçuk xidməti səlahiyyətindən istifadə edərək, tenderdə namizədliyini irəli sürən rəqibləri sıradan çıxarıb, yerinə özünün adamını qalib edib. Əvəzində isə 5 faiz xeyir götürüb”, - deyə prokuror bildirib. O, həmçinin qeyd edib ki, rəhbərlik etdiyi qurum jurnalistlərin təqdim etdikləri təhqiqatın bütün məlumatlarını araşdıracaq. "Zdg.md” saytının ortaya qoyduğu araşdırma təsdiqini taparsa, onda yeni həbslər dalğası başlayacaq. Morar onu da bildirib ki, Antikorrupsiya Prokurorluğu jurnalist təhqiqatının bütün faktları üzrə araşdırma aparacaq. "Düzdür, onların heç də hamısı həqiqəti əks etdirməsə də, hər halda araşdırma tələb edir”, - deyə o əlavə edib.
Bütün bunlarla yanaşı, Avropa İttifaqının müasir avtomobil yollarının qurulması ilə bağlı ayırdığı vəsaitin taleyi ölkə ictimaiyyətini çoxdandır narahat edir. Moldovanın keçmiş və indiki məmurları ilə sıx əlaqədə olan altı şirkət son yeddi ildə Yol Fonduna ayrılan vəsaitlərin yarısını əldə ediblər. "Zdg.md” saytının apardığı təhqiqat bu nəticəyə gəlib. Bütövlükdə altı şirkət Yol Fondu üçün 2010-2016-cı illərdə ayrılan vəsaitin 55 faizini (3,7 milyard lev, 100 dollar 1800 levdir) əldə ediblər. Moldovalı jurnalistlər iddia edirlər ki, həmin firmalar on, yüz milyonlarla lev vəsait əldə ediblər. Saytının hesablamalarına görə, pul ayrılan şirkətlərdən biri "Lusmecon” olub. Bu şirkətə isə Anatoli və Qalina Qilaş rəhbərlik edir. Anatoli Qilaş həm də Moldova Demokrat Partiyasının rəhbər şəxslərindən biridir. Ondan sonra "Rutador” şirkəti gəlir. Son 7 ildə bu şirkət 730 milyon levlik müqavilə əldə edib. Şirkətin rəhbəri isə Milli Yollar Agentliyinin sabiq rəhbəri Vitali Panurko olub. Sonrakı yerdə "Irinda-Prim” şirkəti gəlir. Son yeddi ildə bu şirkət 245 milyon levlik müqavilə əldə edib. 2016-cı ildə Rəqabət üzrə Şura onu 191,8 milyon lev cərimə dib. "Irinda-Prim” yoxlama zamanı müvafiq sənədləri təqdim edə bilməməkdə günahlandırılıb. Bunun rəhbəri isə İqor Qalyamovdur. Eləcə də, güzəştli müqavilələr alanlar arasında "Genesis International” da var. Bunu isə eks-prezident Petr Luçinskinin qardaşları Kirill və Sergey yaradıblar. Bu gün ona rəhbərliyi Moldova parlamentinin keçmiş deputatı Vitalie Mruqu rəhbərlik edir. 2010-2016-cı illərdə bu şirkət 239 milyon lev alıb. Bu şəxsin adı başqa bir firma ilə bağlıdır. "Aspect-M” adlanan şirkət milli yolların yenidən qurulması işləri üçün milyonlarla lev alıb. Bütün bu faktlar isə hazırda antikorrupsiya prokurorluğunda araşdırılır. O ki qaldı Kişinyov meriyasının yuxarıda qeyd etdiyimiz operativ iclasına – bu dəfə məmurların olmamağı səbəbindən ləğv edilib. Mer Dorin Kirtokae bildirib ki, Avropada keçirilən tədbirlərdən birində iştirak etmək məqsədilə ora gedib. Vitse-merlər isə istintaq altındadırlar. Vitse-mer Nistor Qrozavu ödənişli dayanacaqlarla bağlı iş üzrə saxlanılıb. Bunu Korrupsiya ilə mübarizə üzrə Milli Mərkəzin istintaq idarəsinin rəhbəri Boqdan Zumbryanu bildirib. Merin ikinci müavini Vlad Koteç barədə bağ və rüşvət məsələləri, eləcə də xidməti səlahiyyətlərindən sui-istifadə üzrə cinayət işi qaldırılıb. Boqdan Zumbryanu onu da bildirib ki, aparılan kampaniya birdəfəlik tədbirlər deyil. Onun sözlərinə görə, korrupsiyada ittiham olunan 24 şübhəli hazırda istintaq altındadır. Antikorrupsiya tədbirləri çərçivəsində kənd təsərrüfatı naziri Eduard Qramma və iqtisadiyyat nazirinin müavini Valeri Triboy da həbs edilib. Hazırda həmin şəxslər ifadə verirlər.Dövlət Yol Administrasiyasının rəhbəri Vyaçeslav Teleman da saxlanılıb.
Xatırladaq ki, antikorrupsiya tədbirləri çərçivəsində ilk olaraq sabiq baş nazir Vladimir Filat həbs edilib. Onu Moldova banklarından ofşor zonalara 1 milyard dollar köçürməkdə ittiham ediblər. Onun barəsində 9 il həbs qərarı çıxarılıb. 1 milyard dollar Moldova üçün fantastikdir - bu, dövlət büdcəsinin 15 faizi deməkdir.
Qərb mediasında "Əsrin oğurluğu” adını alan bu qalmaqallı cinayət işində obyektiv araşdırma aparılması üçün Birləşmiş Ştatların özəl araşdırma orqanlarına da müraciət edilib. Bir faktı da qeyd edək ki, 1 milyardlıq korrupsiyaMoldovada minlərlə insanın korrupsiya əleyhinə təşkil edilmiş böyük mitinqlər keçirməsinə səbəb olmuşdu.
Azər
banner

Oxşar Xəbərlər