• şənbə, 20 Aprel, 15:36
  • Baku Bakı 23°C

Moldovada “Əsrin oğurluğu” ilə bağlı şok həbslər

29.04.17 09:30 1694
Moldovada “Əsrin oğurluğu” ilə bağlı şok həbslər
Moldovada antikorrupsiya əməliyyatları pik həddə çatıb, həbslər və axtarışlar kütləvi hal alıb. Korrupsiyaya qarşı mübarizə üzrə Milli Mərkəzin rəhbəri Boqdan Zumbryanu bildirib ki, aparılan kampaniya birdəfəlik tədbirlər deyil. "Həbslər o qədər geniş xarakter alıb ki, məhbusları saxlamaq üçün kameralar kifayət etmir. Korrupsiyada ittiham olunan 24 şübhəli hazırda mərkəzdə saxlanılır, yerdə qalanları isə polis idarələrində yerləşdiriblər. Bu günə qədər 70 nəfər saxlanılıb, onların 40-ı barədə ev dustaqlığı qərarı çıxarılıb”, - deyə o bildirib. Ötən gün axtarışlar Nəqliyyat Nazirliyində də aparılıb. Burada Avropa İttifaqının yolların inşası üçün ayırdığı pullar mənimsənilib. Antikorrupsiya tədbirləri çərçivəsində kənd təsərrüfatı naziri Eduard Qramma və iqtisadiyyat nazirinin müavini Valeri Triboy da həbs edilib. Onlar vəzifələrindən azad ediliblər və hazırda ev dustağıdırlar. Ötən gün isə Moldova KİV-ləri nəqliyyat naziri Yuri Kirinçukun 72 saatlıq müddətə həbs edildiyini xəbər veriblər.
Nazirin evində Avropa fondları ilə bağlı qaldırılan cinayət işi çərçivəsində axtarış aparılıb. Axtarışlar Nəqliyyat Nazirliyinin digər əməkdaşlarının evlərində də keçirilib. İstisna deyil ki, axtarışlar və həbslər digər məmurların da evlərində aparılsın. Aprelin 26-da Dövlət Yol Administrasiyasının rəhbəri Vyaçeslav Teleman da saxlanılıb. Hazırda onu istintaq idarəsində dindirirlər. Onun ofisində axtarış aparılıb və müvafiq sənədlər götürülüb. "Realitatea.md” saytının yaydığı xəbərə görə, axtarışlar Avropa fondlarının ayırdığı vəsaitlər hesabına reallaşmalı olan layihələrdə yol verilən korrupsiya faktları ilə bağlıdır. Moldovanın cənubundakı əyalətlərin rəhbərlərinin evlərində də axtarışlar aparılıb və həbslər həyata keçirilib. Bu günlərdə isə korrupsiya ittihamı üzrə Kişinyovun vitse-meri Nestor Qrozavu və meriyanın nəqliyyat idarəsinin rəhbəri İqor Qqameçki həbs ediliblər. Məhkəmə ötən gün onlar barəsində 30 gün müddətinə ev dustaqlığı qərarı çıxarıb. Sosial şəbəkələrdə artıq belə bir fikir yayılıb ki, onlar mer Dorin Kirtoake barəsində ifadə verməyə başlayıblar. Bu səbəbdən də onlar barəsində həbs qərarı ev dustaqlığı ilə əvəz olunub. Antikorrupsiya idarəsinin prokuroru Roba Dumitr bildirib ki, Qrozavu istintaq orqanları ilə əməkdaşlıq edir. Məşhur moldav blogeri Yevgeni Lukyanyuk sosial şəbəkələrdə yazıb ki, Dorin Kirtoakenin qrup yoldaşı Nəqliyyat İdarəsinin rəhbəri İqor Qamreçki özəl "parkovka”larla bağlı saxlanılıb.
Bloger onun bu yaxınlarda təyyarə aldığını da yazıb. Lukyanyukun sözlərinə görə, özəl "Cessna 150” təyyarəsinin qiyməti 20-25 min avro dəyərindədir. O həmçinin əlavə edib ki, Qamreçki uzun illər ərzində pilot lisenziyası almaq istəsə də, bu arzusu baş tutmur. Korrupsiyaya qarşı mübarizə üzrə Milli Mərkəzin mətbuat katibi Anbjela Starinskaya bildirib ki, müvəqqəti saxlanma mərkəzlərində saxlanılan şəxsləri yerləşdirmək üçün yer bəs etmir. Onun sözlərinə görə, qurumun kameralarında məhbuslar dörd-dörd saxlanılır. Mətbuat xidməti həbslər çərçivəsində xeyli məmur, bankir, məhkəmə icraçılarının həbs edildiyini bildirib. Antikorrupsiya tədbirləri çərçivəsində ilk olaraq sabiq baş nazir Vladimir Filat həbs edilib. Onu Moldova banklarından ofşor zonalara 1 mlrd. dollar köçürməkdə ittiham ediblər. Onun barəsində 9 il həbs qərarı çıxarılıb. Bu məbləğ Moldova üçün fantastikdir - bu, dövlət büdcəsinin 15 faizi deməkdir. Ev dustaqlığı qərarı Orqeva şəhərinin meri, müğənni Jasminin əri İlan Şor barəsində də çıxarılıb. O da yoxa çıxan pullarla əlaqədar həbs edilib. 28 yaşlı iş adamı İlan Şor hadisənin əsas əlaqələndiricisi və gəlir götürəni hesab edilir. Banklardan yoxa çıxmış pulun əksəriyyəti Britaniya şirkətləri vasitəsilə qəbul edilib.
Yeri gəlmişkən, "Əsrin oğurluğu” adını alan bu cinayət işində obyektiv araşdırma aparılması üçün Birləşmiş Ştatların özəl araşdırma orqanlarına müraciət edilib. "Kroll və Steptoe & Johnson” qrupuna müraciətin müəllifləri parlamentin spikeri, baş nazir və Mərkəzi Bankın prezidenti olub. Bankların qarət olunması barədə dinləmələrdə spiker Andrian Kandu, baş nazir Pavel Filip, Mərkəzi Bankın prezidenti Serdjiu Çoklya, ədliyyə naziri Vladimir Çebotar və maliyyə naziri Oktavian Armaşu iştirak ediblər. Maliyyə naziri Oktavian Armaşu bildirib ki, hazırda indiyə qədər mənimsənilən 1 milyard dollardan bir ley belə, Moldova büdcəsinə qaytarılmayıb. Onun sözlərinə görə, ABŞ şirkəti yoxlamaları başa çatdırdıqdan sonra ilkin məlumatlar bəlli olacaq. "Mövcud vəziyyət belədir”, - deyə nazir bildirib.
Xatırladaq ki, 1 milyardlıq korrupsiyaMoldovada minlərlə insanın korrupsiya əleyhinə təşkil edilmiş böyük mitinqlər keçirməsinə səbəb olmuşdu. İnsanlar ölkənin banklarından bir milyard dollardan çox pulun yoxa çıxmasıyla bağlı rəsmilərin heç bir tədbir görməməsinə etiraz ediblər.
Etirazçıların fikrincə, baş vermiş fırıldaqçılıq hadisəsi onların həyatına mənfi təsir göstərib. Moldova Avropanın ən kasıb ölkələrindən biridir və baş vermiş fırıldaqçılıq milli valyutanın dəyərdən düşməsinə səbəb olub.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər