• çərşənbə axşamı, 16 aprel, 09:02
  • Baku Bakı 14°C

Moldova yenə çalxalanır

11.03.20 18:57 1124
Moldova yenə çalxalanır
Rusiyapərəst Dodon Aİ və ABŞ tərəfdarları ilə hakim alyans yaratmaq istəyir

Moldovada sosialistlər (qeyri-formal lideri prezident İqor Dodondur) demokratlarla hakim parlament çoxluğunun formalaşdırması barədə danışıqlara start verib. İttifaqın təşəbbüskarı isə maraqlıdır ki, elə prezident İqor Dodonun özüdür. Rusiyapərəst olması ilə ad çıxaran Dodon xəbərdar edib ki, əgər danışıqlar reallaşmasa, onda ölkədə növbədənkənar parlament seçkiləri keçiriləcək. Moldova Sosial-Demokrat Partiyasının lideri Viktor Şelin hesab edir ki, yaradılacaq yeni alyans geosiyasi vektorun heç də Rusiya Federasiyasının xeyrinə olmayacaq. "Qərbyöbümlü demokratlar hökumətdə və Xarici İşlər Nazirliyində, müdafiə, təhsil və iqtisadiyyat nazirliklərində əsas postlara iddialı olduqlarını bildiriblər”, - deyə o bildirib. Sosial-Demokrat Partiyasının liderinin qənaətincə, ölkədə növbədənkənar parlament seçkiləri olmayacaq. Çünki, bu seçkilər Demokrat Partiyasına sərf etmir. Bu siyasi qurumu əhali keçmiş oliqarx, demokratların ölkədən qaçmış keçmiş lideri Vladimir Plaxotnyukla əlaqələndirirlər. Xalq onu "ölkəni ələ keçirmək” ittihamı üzrə məhkəmə qarşısına çıxmasını tələb edib. Plaxotnyuk faktiki olaraq partiya rəhbərliyində təmsil olunan şəxslər vasitəsilə məhkəmələr, o cümlədən Konstitusiya Məhkəməsi, prokurorluq, güc strukturları nazirliklərində, prokurorluq və bütövlükdə hökumətə rəhbərliyi həyata keçirib. "Bu gün Plaxotnyuk ölkədə yoxdur, lakin adamları vəzifələrdə qalmaqdadır. Parlamentdə Demokratik Partiyanın 22 üzvü təmsil olunur. Baş nazir və bir sıra nazirliklərin rəhbərləri keçmiş demokratlardır. Əgər Dodon Demokratik Partiyanın şərtləri altında özünün də ifadə etdiyi kimi, korrupsionerlərdən azad bir alyans yaratmağa müvəffəq olarsa, onda demokratların əlində XİN, Müdafiə Nazirliyi, təhsil və iqtisadiyyat nazirləri postları qala bilər. Bu isə o deməkdir ki, xarici siyasəti Qərb nümunəsi üzrə quracaq. Rusiya geri çəkilməli olacaq, orta məktəblərdə isə dərslər rumın dilində tədris olunacaq. Ən əsası, ordunu NATO standartlarına uyğun quracaqlar”, - deyə Şelin vurğulayıb. O hesab edir ki, demokratlarla oyun payızda keçiriləcək prezident seçkilərinə də təsirsiz ötüşməyə bilər. Rusiya mediası açıq şəkildə Dodonun məğlub ola biləcəyini irəli sürür. Onların qənaətincə, əhalinin böyük bir hissəsi Demokrat Partiyasını ölkənin əksər bəlalarının səbəbkarı adlandırır. Onu "əsrin oğurluğunu” həyata keçirməkdə ittiham edir. O zaman Moldova banklarından nə az, nə çox, düz 1 mlrd. dollar vəsaitin ofşor zonalara keçirilməsi baş vermişdi. Hakimiyyət orqanları vəsaitin əhaliyə qaytarılacağını vəd etsə də, bu, hələ də baş verməyib. Bundan əlavə, onun ödənilməsini vergiödəyicilərinin üzərinə atıblar. V.Şelin istisna etmir ki, yaradılacaq alyans çevrilişlə nəticələnə bilər.
Hüquqi, siyasi və sosioloji tədqiqatlar İnstitutunun direktoru Viktor Juk hesab edir ki, hazırkı anda koalisiyanın yaradılması üçün obyektiv zərurət yoxdur. Yeni koalisiya yaradılmasının arxasında daha çox subyektiv maraqlar durur: "Bununla da prezident hakimiyyətdə qalmaq üçün özünə daha konsolidə edilmiş vəziyyət yaratmağa çalışır”. Juk hesab edir ki, parlament çoxluğu müəyyən platforma üzərində qurulur. Demokrat Partiyası və Sosialist Partiyası ilə bağlı vəziyyətə gəldikdə burada bir çox fərqliliklər üzə çıxmamalıdır. "Sosial siyasətin irəli aparılmasına yönəlik sosial-iqtisadi dəstək mövcuddur. Eyni zamanda, xarici siyasi vektorla bağlı fikir ayrılıqları mövcuddur – bir qrup Rusiya Federasiyası ilə yaxınlaşmanın tərəfdarıdır. Digər qrup isə Avropa İttifaqına üstünlük verir”, - deyə V.Juk bildirib. Əlavə edib ki, Sosialistlər Partiyası bir sıra nazirliklərin Demokrat Partiyasına verilməsinə maraqlıdır. Moldovalı ekspert Ştefan Qliqorun qənaətincə, Demokrat Partiyasının hakim koalisiyaya daxil olmaq maraqları mövqelərini saxlamaq və bununla bağlı razılıq əldə etmək üzərində köklənib – söhbət üç-dörd nazirliklər və agentliklərdən gedir. "Lakin məsələ Sosial-Demokrat Partiyasının üzərinə gəldikdə, onların fraksiyası və İqor Dodonun mövqeləri nədənsə üst-üstə düşmür. İqor Dodon üçün prezident kürsüsünü qoruyub saxlamaq müxtəlif nöqteyi-nəzərdən prinsipial məsələdir. Onların arasında Rusiyanı əsas faktor kimi saxlamaq da var. Axı hər halda Dodonun uğurlar əldə etməsində Rusiyanın rolu əvəzsizdir. Əgər Dodon prezident kürsüsünü itirərsə, bu, Rusiya ilə münasibətlərin soyuqlaşmasına gətirib çıxara bilərdi. Sosialistlər fraksiyasının nümayəndələri də anlayırlar ki, İqor Dodonun oyunları onlara mandatlarını itirmək hesabına başa gələ bilər”, - deyə moldovalı ekspert vurğulayıb. Bütün bunlara baxmayaraq, hakim alyansı formalaşdırmaq məsələsi ilə bağlı sosialistlərlə demokratlar arasında diskussiyalar davam edir. Prezident məlumat verib ki, son günlər Sosialistlər Partiyası ilə demokratların liderləri arasında müzakirələr aparılıb. Bildirib ki, indiki azlığın hökuməti uzun müddət fəaliyyət göstərə bilməz. Bu barədə agora.md internet nəşri məlumat yayıb. "Noyabr ayında mən baş nazir vəzifəsinə namizəd məsələsini irəli sürəndə bildirdim ki, bu, azlığın hökumətidir və bir neçə ay sonra biz hansısa bir qərar qəbul etməliyik. İndi elə bir vəziyyət yaranıb ki, hökuməti rəsmən sosialistlərin 36 deputatı dəstəkləyir. Mən hesab edirəm ki, azlığın hökuməti uzun müddət işləyə bilməz. Bu səbəbdən də biz hansı addımların atılması barədə qərara gəlməliyik – hökumətin indiki tərkibi ilə işləməliyik, ya da növbədənkənar seçkilərə getməliyik”, - deyə Dodon vurğulayıb. Prezident əlavə edib ki, "qeyd olunan bu iki varianta daha biri əlavə olunmalıdır - parlament çoxluğunun yaradılması. Mən hesab edirəm ki, azlığın hökuməti işləməkdə davam edəcəksə belə, uzun müddət belə şəraitdə davam gətirə bilməyəcək. Ən yaxşısı, parlament partiyaları arasında diskussiyaların aparılmasıdır. Əgər koalisiya formalaşacaqsa, bu o deməkdir ki, bizdə yaxın 2-3 il üçün sabitlik yaranacaq. Əgər biz koalisiyaya nail olmasaq, onda növbədənkənar seçkilərə hazır olmalıyıq”, - deyə prezident vurğulayıb.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər