• cümə, 19 Aprel, 13:18
  • Baku Bakı 25°C

Moldova üçün ikinci “Dnestryanı” problemi hazırlanır

15.12.17 10:00 1853
Moldova üçün ikinci “Dnestryanı” problemi hazırlanır
Postsovet ölkələrində mövqelərini qoruyub saxlamağa cəhd göstərən Rusiya bu istəyinə çatmaq üçün hər cür vasitələrdən istifadə etməkdə davam edir. Belə ölkələrdən biri də Moldovadır. Bu ölkədə rusiyapərəst İqor Dodon prezident seçildikdən sonra aktivləşən Kreml hər vasitə ilə onun güclənməsinə çalışır. "Kozır” kimi də Dnestryanı bölgəni seçib. Separatçı bölgə vasitəsilə Moldovanın qərbpərəst hökumətinə təzyiqləri gücləndirən Moskva Kişinyovu avrointeqrasiya siyasətindən döndərməyə çalışır. Dnestryanı bölgənin yanına daha biri əlavə oluna bilər. Belə ki, bu yaxınlarda Moldova ilə Rusiya arasında münasibətləri gərginləşdirən ciddi bir problem baş qaldırıb. Məsələ ondadır ki, Moldova parlamenti ölkə ərazisində Rusiya informasiya analitik verilişlərinin translyasiyasının qadağan edilməsi barədə qanun layihəsi qəbul edib. Bu da qarşı tərəfdə dərhal əks effekt verib. Rusiya Qaqazuyadakı tərəfdarlarını buna qarşı çıxmağa sövq edib. Qurumun rəhbəri İrina Vlax bildirib ki, qaqauzlar Rusiya telekanallarına tam formada baxacaqlar. O bildirib ki, kanallar kabel televiziyası vasitəsilə yayımlanacaq.
"Hər halda, qanun bunu qadağan etmir”,- deyə o bildirib. Məsələ ondadır ki, Moldova tərəfinin iradlarında əsas da var. Belə ki, həmin verilişlərdə Moldova aşağılanır, rəsmi Kişinyovun Qərbin istəyi ilə oturub-durduğu barədə fikirlər ana xətt kimi keçir. Bu da təbii ki, qarşı tərəfi özündən çıxarmaya bilməzdi. Rusiya tərəfi tək Qaqauziyada deyil, ona qarşı loyal olan ərazilərdə də narazılıq dalğasını gücləndirməyə start verib. Məsələn, Basarabysk şəhərində şəhər rəhbərliyi Moldova parlamentinin qəbul etdiyi qərarı Rusiyaya qarşı növbəti təxribat kimi qarşılayıb. Hətta bununla bağlı müvafiq bəyannamə də qəbul edilib. Bəyanatda strateji müttəfiq olan Rusiyaya qarşı bu cür addımların yolverilməz olduğu vurğulanıb. Moldovada rusiyapərəst politoloqlar hesab edirlər ki, parlamentin qəbul etdiyi qərar Rusiya prezidenti Vladimir Putinin ölkədəki nüfuzunun artması ilə bağlıdır. Politoloq Anatol Şaranu hesab edir ki, Rusiya ölkə ərazisinə özünün informasiya təzyiqini xeyli gücləndirib. Bu səbəbdən də Putin Moldovada ən populyar siyasətçiyə çevrilib. Lakin Kişinyovda fəaliyyət göstərən Politicon - Strateji tədqiqatlar və siyasi konsaltinq Mərkəzinin rəhbəri Anatol Çaranu hesab edir ki, Rusiya telekanalları Moldova cəmiyyətində ikitirəliyə səbəb olub. Onun sözlərinə görə, Rusiya prezidenti əhaliyə özünü sosial yönümlü prezident kimi təqdim edə bilib. Bu səbəbdən də əhali Rusiyanın xəbər kanallarına baxmağa üstünlük verir.
Bu səbəbdən də vəziyyətə mütləq müdaxilə etmək və ölkənin informasiya təhlükəsizliyini təmin etmək gərəkdir. Politoloq əlavə edir ki, iki ölkə arasında münasibətlər normal olsaydı, bəlkə də bu sərt addımdan qaçmaq olardı. Lakin Moldovaya qarşı Rusiyanın iqtisadi embarqosu davam edir, Moldova ərazisində Rusiya hərbi kontingenti yerləşir. Ekspert əmindir ki, Rusiyanın telexəbərlərinə qadağa çoxdan tətbiq edilməli idi. "Lakin buna baxmayaraq, yenə də gec deyil. Bu, düzgün siyasətdir və bizim informasiya təhlükəsizliyimizi təmin edə bilər. O ki qaldı Qaqauziyaya – bu, ayrıca mövzudur. Bu əyalət rusofil bölgə kimi tanınır və bunun tarixi kökləri var. Xristian qaqauzları vaxtilə Balkanlarda qırırdılar və onlar o zaman Rusiya ərazisinə qaçıb gəliblər. Öz dil və milli ənənələrinin saxlamağa müvəffəq olublar. Onların Rusiyaya qarşı rəğbəti də bununla izah olunur”, - deyə politoloq vurğulayıb. Qaqauziya başkanı (burada vilayət rəhbəri belə adlandırılır) İrina Vlax Çaranunun qaqauzlarla bağlı səsləndirdiyi fikirləri bölüşür. O bildirib ki, vilayətdə rusca danışıb, Rusiya kanallarına baxmaqda davam edəcəklər: "Kişinyov bizim iradəmizin əleyhinə çıxa bilməz”. Onun sözlərinə görə, bu gün qaqauzlar moldovan, rus və qaqauz televiziyalarına baxırlar. "Hətta burada bir türk telekanalı da yayımlanır”, - deyə başkan bildirib. Onun qənaətincə, Moldova parlamentinin qəbul etdiyi qanun Rusiya ilə Moldova arasında gərginliyi gücləndirəcək.
Ona dəstək verənlər arasında muxtariyyətin Xalq Məclsinin rəhbəri Vladimir Kıssa da var. O, Moldova parlamentinin spikeri Andiran Kanduya qanunverici orqanın qəbul etdiyi qanuna yenidən baxmağı və Qaqauziyanın maraqlarının təmin olunmasını tələb edən məktub göndərib.
Xatırladaq ki, dekabrın 7-də parlamentin qəbul etdiyi qanunu pozan telekanal və radioları 70 min lev (1800 lev 100 dollar) cərimə gözləyir. Qanunu təkrar pozanlar isə 100 min lev cərimələnəcəklər. Qanun layihəsinin müəllifi olan deputat Sergey Sırbu hesab edir ki, qəbul edilən məhdudiyyət ölkənin informasiya təhlükəsizliyini təmin etmək üçündür.
Prezident İqor Dodon isə bu fikirdə deyil və vəd edib ki, qanuna imza atmayacaq. "Dodonun iki cəhdi var. Lakin bu cəhdləri də alınmaya bilər. Məsələ ondadır ki, Konstitusiya Məhkəməsi onu səlahiyyətlərindən məhrum edə bilər. Məsələn, beş dəqiqəyə. Bu müddət ərzində isə spiker və yaxud baş nazir onun yerinə sənədə imza ata bilərlər. Belə bir presedent artıq yaşanıb. Prezident müdafiə nazirini təsdiq etməyəndə Konstitusiya Məhkəməsinin qərarı ilə bunu digər hakimiyyət nümayəndələri həyata keçirdilər”, - deyə politoloq Anatol Çaranu bildirib. Məsələ ondadır ki, qanun qüvvəyə minsə də, Qaquziya buna qarşı çıxacaq.
Beləliklə, Moldova növbəti ciddi sınaq qarşısındadır. Onun bu problemi güc, yaxud danışıqlar yolu ilə həll edəcəyini isə söyləmək çətindir.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər