• cümə, 19 Aprel, 07:15
  • Baku Bakı 13°C

Moldova siyasi gərginliyin pik həddində

25.04.19 20:03 426
Moldova siyasi gərginliyin pik həddində
Moldova prezidenti İqor Dodon Konstitusiya Məhkəməsinə maraqlı bir sorğu ilə müraciət edib – əgər parlamentdə hökuməti təsdiq etməyə qadir çoxluq yoxdursa, onda baş nazir vəzifəsinə namizədliyini irəli sürə bilərmi? Moldova nəşrləri yazır ki, dövlət rəhbəri belə bir addıma getməlidir, çünki mart ayında keçirilən parlament seçkilərindən sonra qanunverici orqan hələ də fəaliyyət göstərmir. Qanuna görə də, parlament də üç aydan sonra fəaliyyət göstərmirsə, onda dərhal buraxılmalıdır. Moldova hakimiyyət orqanları öz vətəndaşlarına minnətdar olmalıdır. Çünki, dövlətə ümid olmayaraq özlərini dolandıra bilirlər. Pasxa bayramı ərəfəsində ölkənin sərhədlərində - qərb və şərq sərhədlərində nəhəng avtomobil tıxacları yaranıb. Sərhədçilərin məlumatlarına görə, Avropa İttifaqı və Rusiyada fəaliyyət göstərən qastarbayterlər evlərinə dönürlər. Təyyarə və qatarlar da xaricdə pul qazanıb evlərinə dönən moldovanlarla tam dolub. Moldovadakı ailələri məhz onların qazancı hesabına bütövlükdə dolanır. Heç kimə sirr deyil ki, Moldova iqtisadiyyatı məhz qastarbayterlər hesabına ayaqda qalır, onların dəstəyi əvəzsizdir. Moldova hakimiyyət orqanları da bunu təsdiq edir. Rəsmi məlumatlara görə, hazırda ölkə xaricində təqribən 1 mln. Moldova vətəndaşı çalışır. Onlardan 600 mini Rusiyada işləyir. Miqrasiya üzrə beynəlxalq təşkilatın yaydığı məlumata görə, əhalinin iş qabiliyyəti olan 25-40 faizi xaricdə yaşayır. Ötən il ölkə xaricində olan vətəndaşlar ailələrinə 1 mlrd. dollar göndəriblər və bunu Moldova Mərkəzi Bankı da təsdiq edib. Əsas köçürülmə valyutası avrodur (50 faiz). Ölkə xaricində çalışan vətəndaşların göndərdikləri vəsaitlər əvvəlki tək daxil olan valyutanın əsas mənbəyi kimi qalmaqda davam edir. Bu vəsait son 15 ildir ki, ümumdaxili məhsulun 20 faizini təşkil edir.
Bütün bunların fonunda bir ay bundan əvvəl seçilən parlament dövlət maşınını işə salmağa tələsmir. Bu isə problem yaşatmaqdadır. Deputatlar parlament çoxluğunu formalaşdırmaq məsələsində razılığa gələ bilmirlər. Bu çoxluq da məhz hökuməti formalaşdırmalıdır. Moldovada hakimiyyəti bu gün təkcə prezident təmsil edir. Lakin məsələ ondadır ki, onun da səlahiyyətləri məhdudlaşdırılıb. Parlament respublikası olan Moldovada baş nazir dövlətin bir nömrəli şəxsi hesab edilir. Amma parlament çoxluğu olmadığından baş nazirin seçilməsi mümkün olmur. Bu səbəbdən də İqor Dodon öz nümayəndəsi – hüquqi məsələlər üzrə müşaviri, mətbuat katibi Maksim Lebedinski vasitəsilə Konstutisiya Məhkəməsinə sorğu ilə müraciət edib. "infotag” agentliyi xəbər verir ki, dövlət başçısı məhkəmədən əgər parlament çoxluğu mövcud deyilsə, bu ona baş nazirliyə öz namizədliyini irəli sürməyə imkan verirmi sorğusuna cavab istəyib.
"27 ilik müstəqilliyi ərzində Moldovada belə bir siyasi böhran yaşanmayıb. Hələ də ölkədə parlament sədrini seçmək mümkün olmayıb. Konstitusiyanın 85-ci maddəsinə görə, əgər parlament hökuməti üç ay ərzində təsdiq etmirsə, onda prezident onu buraxır. Bunun üçün üç ay ərzində ən azı iki cəhdin olması nəzərdə tutulur. Dodon parlament hökuməti təsdiq edə bilməzsə, onda prezidentin baş nazirliyə namizədliyini irəli sürə bilməsinə aydınlıq gətirilməsini istəyir”, - deyə Lebedinski bildirib. Onun sözlərinə görə, prezidentin gələcək qərarı məhkəmənin rəyindən asılı olacaq. "Faktiki olaraq Dodon məhkəmə vasitəsilə parlamenti işləməyə və hökuməti formalaşdırmağa məcbur etmək istəyir. Əgər KM sübut etsə ki, prezident öz namizədliyini irəli sürə bilər, onda sonuncu fraksiyalarla baş nazirlik məsələsində məsləhətləşmələrə başlaya bilər”, - deyə hüquqşünas bildirib. O əlavə edib ki, sorğu onunla bağlıdır ki, hazırda parlamentdə rəhbər strukturlar mövcud deyil. Yəni qərarları kimin təsdiq edəcəyi bəlli deyil. Əgər parlament partiyaları parlament çoxluğu ilə bağlı razılığa gələ bilməsələr, onda prezident iki aydan sonra qanunverici orqanı buraxa bilər. "Növbədənkənar parlament seçkilərindən sonra Moldovada radikal heç nə olmayacaq”. Bu sözləri keçmiş baş nazirin müavini, hazırda müstəqil ekspert Aleksandr Muravski bildirib. Onun sözlərinə görə, bu nöqteyi-nəzəri əksəriyyət ekspertlər bölüşür. Əlavə edib ki, istənilən hala aydın olacaq ki, üçüncü növbədənkənar seçkilərə getmək gərəkdir, ya yox. Kişinyovun keçmiş meri, "Bizim Moldova” alyansının keçmiş sədri Serafim Urekyan hesab edir ki, növbədənkənar seçkilər radikal dəyişikliklərə gətirib çıxarmayacaq. Onu da qeyd edək ki, bütün partiyalarla parlament çoxluğunun yaradılması barədə danışıqlara yalnız Demokratik Partiya razıdır. Bu partiya 101 yerlik parlamentdə 31 yerə malikdir. Lakin onunla sağ partiyalar – ACUM blokunda 24 deputatla təmsil olunanlar razı deyil. 35 yerə malik sosialistlər isə yalnız ACUM-la danışıqlara getməyə hazırdır. Sağlar belə olan halda minoritar hökumət qurulmasına razıdırlar. "Şor” Partiyasını (7 yer) isə qaliblər heç diqqətə almırlar. İ.Dodon bildirib ki, ACUM liderləri Mayya Sandu və Andrey Nestase danışıqlar stolu arxasına keçməlidir. Əks halda, növbədənkənar seçkilərə getmək istədiklərini qeyd etməlidirlər.
Beləliklə, gəlinən qənaət budur ki, Moldova növbədənkənar seçkilərə getməklə üz-üzədir. Bu isə daha bir müddətə ölkəni hökumətsiz və parlamentsiz qoya bilər. Qərb dövlətləri hesab edir ki, yeni koalision hökumət Avropaya inteqrasiya xəttini əsas götürməlidir. Əks halda, Moldova əməkdaşlıq sazişi və investisiyaya ümid edə bilməz. Rusiya isə açıq şəkildə buna qarşı çıxır və Dodona dəstək verir.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər