• cümə, 19 Aprel, 16:00
  • Baku Bakı 25°C

Moldova separatçıları etiraza hazırlaşır

26.05.18 09:00 766
Moldova separatçıları etiraza hazırlaşır
Moldova Konstitusiya Məhkəməsi mayın 29-da rus dilini millətlərarası ünsiyyət vasitəsi kimi qəbul edilən statusundan məhrum edə bilər. Belə bir tələblə məhkəməyə Moldova parlamentinin Liberal Partiyasından olan deputatları müraciət ediblər. Dərhal da Rusiyanın nəzarəti altında olan Dnestryanı bölgənin rəhbəri Vadim Krasnoselski Moldovadan ayrı yaşamağın vaxtının çatdığını bəyan edib. Məhz dil məsələsi vaxtilə Dnestrin sağ və sol sahilləri arasında qarşıdurmaya, sonda isə silahlı münaqişənin başlanmasına gətirib çıxarmışdı.
"Əgər Konstitusiya Məhkəməsi rus dilini konstitusiya statusundan məhrum edərsə, onda Tiraspolun cavab addımı özünü çox gözlətməyə bilər”, - deyə separatçı qurumun rəhbəri bəyan edib. Başqa bir separatçı bölgə olmağa potensial namizəd Qaqauziya da analoji bəyanat verməyə hazırlaşır. Muxtar qurumun televiziyasının sabiq rəhbəri Petr Vlax bildirib ki, Moldovanın Konstitusiya Məhkəməsi rus dilinin statusunun ləğv olunması barədə qərar qəbul edərsə, bu, ölkəni parçalaya bilər. "Nəzərə alaq ki, Konstitusiya Məhkəməsi qanunlara zidd olaraq son bir ildə dövlət dilinin Moldova dilindən rumın dilinə dəyişdirilməsi, eləcə də prezidentin səlahiyyətlərinin ləğv edilməsi barədə qərar qəbul edib. Belə olan halda dillə də bağlı analoji qərarın qəbulunu gözləmək mümkündür. Bununla da faktiki olaraq rus dilinin ölkə ərazisində istifadəsi qadağan olunacaq”, - deyə Vlax bildirib. Əgər bu, baş verərsə, onda Qaqauziyanın da ayağa qalxacağı ilə hədələyib. O, xatırladıb ki, Qaqauziya muxtariyyətində cəmi üç məktəb moldovan dilində fəaliyyət göstərir. Yerdə qalanlar rusca təhsil verir. Qaqauziya televiziyası qaqauz və rus dilində verilişlər yayımlayır. Kişinyovun qadağalarına baxmayaraq, insanlar rus kanallarına kabel televiziyaları ilə baxmaqda davam edirlər. Vlax xüsusi qeyd edir ki, "qaqauzlar qaqauzca danışsalar da, rusca fikirləşirlər. Vəziyyət belə gətirib”. O, xatırladıb ki, rus dilinin sıxışdırılmasına qarşı Belça şəhərinin sakinləri də çıxış edirlər. Bu şəhərin meri rusiyayönümlü "Bizim partiya”nın nümayəndəsi Renata Usatıydır.
"Moldovskie vedemosti” qəzeti rus dilinin konkret olaraq hansı funksiyalarının alınacağını araşdırıb. Moldova deputatlarını ən çox rus dilinin millətlərarası ünsiyyət vasitəsi kimi qəbul edilməsi qane etmir. Liberalların qənaətincə, bu, xalqların "rusifikasiya” və "antimilliləşdirmə” formasında qalan sovet irsindən birdəfəlik yaxa qurtarmağa imkan vermir. Bu səbəbdən də vətəndaşları rus dilindən hakimiyyət orqanları, müəssisələrdə kütləvi danışıq vasitəsi kimi istifadə etməkdən çəkindirmək məqsədilə bu dəyişikliklər ortaya atılıb. Bundan əlavə, liberallar vacib informasiyaların rus dilinə mütləq tərcüməsi ilə bağlı qoyulan qaydanın ləğvini də tələb edirlər. Konstitusiya Məhkəməsindən, eləcə də rus dilində təhsilin dövlət təminatının götürülməsi də tələb olunur. Söhbət rus məktəbləri və uşaq bağçalarının ləğvindən gedir. Liberallar bəyan edirlər ki, ruslar ölkə əhalisinin 4 faizini təşkil edirlər.
Moldova Xalq-Sosialist Partiyasının lideri Viktor Stepanyuk isə əksinə, bildirib ki, ölkədə rus dilində danışanlar 40 faiz təşkil edir. Onların arasında moldovanlar da var. O, ümidvardır ki, Konstitusiya Məhkəməsi liberalların sözünü yerə salacaq. Lakin məsələ ondadır ki, məhkəmənin üzvlərinin əksəriyyəti rumın pasportlarına malikdir. Bundan çıxış edərək bu qənaətə gəlmək olar ki, rus dili ilə bağlı məsələ deputatların xeyrinə dəyişəcək. Bir faktı da qeyd edək ki, payızda ölkədə parlament seçkiləri keçiriləcək. Bu səbəbdən də əksər siyasilər rusdillilərin dəstəyini əldə etməyə çalışırlar. Bu sırada hakim Demokratik Partiya da maraqlıdır. Onun məhkəməyə birbaşa təsir etmək imkanları var. Liberal partiyasına gəldikdə isə, onun reytinqi xeyli aşağıdır. Bu səbəbdən də anti-Rusiya addımları atmaqla elektoratı öz tərəfinə cəlb etməyə çalışır.
Əgər Konstitusiya Məhkəməsi liberalların təşəbbüsünü dəstəkləsə, onda bu, Moldovanın siyasi səhnəsini əməllicə silkələyəcək. Anti-Rusiya tərəfdarları ilə Rusiya tərəfdarı olanlar arasında mübarizə kritik həddə çatacaq. 2004-cü ilin hesablamalarına görə, rus dili 59 faiz respondentin doğma və yaxud ikinci dili hesab edilib. Bu yaxınlarda ölkədə Rusiyanın informasiya və analitik televerilişləri qadağan edilib. İndi də gündəmdə əyləncəli verilişlərin ləğvidir.
Vəziyyətə prezidentin münasibəti də özünü çox gözlətməyib. Rusiyapərəst prezident İqor Dodon bunun yolverilməz olduğunu bildirib. Prezident qərbyönümlülərə cavab olaraq bu ilin sonuna qədər Moldovadakı NATO ofisinin bağlana biləcəyinin bildirib. "İzvestiya” qəzetinə müsahibəsində Moldova prezidenti deyib ki, ilin sonundakı parlament seçkisindən sonra böyük ehtimalla alyansın ofisi qapadılacaq. "NATO-nun buradakı aktivliyi Rusiyanın sərhədlərinə yaxınlaşma niyyəti ilə əlaqədardır. Biz imkan verə bilmərik ki, ölkəni geosiyasi qarşıdurmalar üçün istifadə etsinlər”, – deyə o bildirib. Qeyd edək ki, Moldovada NATO ofisi keçən ilin dekabrında açılıb. Ofisin açılışı Moldova prezidenti ilə hökuməti arasında qarşıdurma yaradıb. Prezident ölkənin neytral qalmasını və bu qərarın ölkənin Konstitusiyasına zərbə olduğunu bildirib.
Beləliklə, proseslər bu postsovet ölkəsində gərginləşməyə doğru istiqamət götürüb. Sözsüz ki, bu gərginlikdə Rusiya aktiv rol oynayacaq. Və hər şey Konstitusiya Məhkəməsinin hansı qərarı qəbul edəcəyindən asılı olacaq.
Azər
banner

Oxşar Xəbərlər