• şənbə, 20 Aprel, 01:34
  • Baku Bakı 15°C

Moldova Rusiyayönümlü olacaq?

19.10.16 13:18 994
Moldova Rusiyayönümlü olacaq?
Postsovet məkanının ən qalmaqallı dövlətləri sırasına daxil olan Moldovada oktyabrın 30-da prezident seçkiləri keçiriləcək. Dünənə olan məlumata görə, seçki kampaniyasında 11 namizəd iştirak edir. Demokrat Partiyasının lideri, hakim koalisiyadan prezidentliyə namizəd Marian Lupu bildirib ki, seçkilərdə qalib gələcəyi təqdirdə ölkəsinin Avropa İttifaqına (Aİ) üzv olması barədə müraciət edəcək. "Üzvlük barədə müraciət mənim prezidentliyim müddətində əsas siyasi vəzifə olacaq. Əsas məsələlərdən biri həm də ölkənin Rumıniya ilə birləşdirilməsidir”, - deyə o bildirib. Rusiya nəşrləri yazır ki, seçkilərin lideri Rusiya ilə dostluq münasibətlərinin qurulmasının tərəfdarı olan sosialistlərin lideri İqor Dodondur. 41 yaşlı iqtisadçı hesab edir ki, respublikanın rifahı və təhlükəsizliyi Avropa İttifaqından çox Rusiyadan asılıdır. "Qərbpərəst hökumətin yürütdüyü siyasət nəticəsində iqtisadi problemlərdən və çoxsaylı qalmaqallardan zinhara gəlmiş Moldova seçiciləri böyük ehtimalla seçimlərini ediblər”, - deyə "Nezavisimaya qazeta” yazır. Vaşinqtonda yerləşən Beynəlxalq Respublikaçılar İnstitutunun sentyabrda keçirdiyi sorğunun nəticələrinə görə, əhalinin 82 faizi hesab edir ki, Moldova düzgün istiqamətdə hərəkət etmir. İqtisadiyyat ağır durumdadır, əhali iş dalınca qonşu Rusiyaya axışır. Rusiyanın özündə də maliyyə böhranı olduğundan çoxları geri dönür. Sorğu zamanı bəlli olub ki, respondentlərin 30 faizi Dodonun namizədliyini müdafiə edib. Lakin məsələ ondadır ki, Dodonun prezident seçilməsi ilə ölkənin geosiyasi kursu necə dəyişəcək? Bəlli olduğu kimi, ölkənin Avropa İttifaqına tez bir zamanda qoşulacağı barədə ehtimallar özünü doğrultmayıb. 2014-cü ildə Moldova Avropa İttifaqı ilə assosiativ üzvlüklə bağlı sənədə imza atıb. Lakin hələ də ortada bir şey yoxdur.
Yeri gəlmişkən, Moldova Konstitusiyasına görə, baş nazir prezidentdən daha üstün səlahiyyətlərə malikdir. Lakin birbaşa prezident seçkilərində əhalinin böyük əksəriyyətinin səsini əldə edərək qalib gələn prezident ölkənin xarici və daxili siyasətinə ciddi təsir edə bilər. Prezident qanun layihələrini parlamentin müzakirəsinə çıxara, qanunverici orqan qarşısında onu qane etməyən qanunları dəyişdirmək məsələsini qaldıra bilər. O, həmçinin parlamenti buraxmaq iqtidarındadır. Bundan əlavə, prezident xarici ölkələrlə imzalanan müqavilələri yeniləyə və dəyişə bilər. Lakin sonradan həmin qanunları parlamentin ratifikasiya etməsi gərəkdir. Kommunist hökumətində iqtisadiyyat naziri və nazir müavini vəzifələrində çalışan Dodon seçkiləri udsa, onda daha çox hansı dövlətin uduşlu vəziyyətə düşəcəyi bəllidir. Belə ki, Dodonun seçkiqabağı şüarlarından biri belədir – "Moldovanın gələcəyi güclü Rusiya ilə bir yerdədir”. Onun nöqteyi-nəzərincə, Rusiya ilə münasibətlərin gələcəyi üç komponentə əsaslanır. Birincisi, etnik cəhətdən yaxın və Avropa İttifaqının yaxın müttəfiqi Rumıniyadan mümkün qədər uzaqda durmaq. 1918-1940-cı illərdə bu iki ölkə vahid dövlətdə birləşmişdilər. Lakin sonradan sovet qoşunları Moldovanın ərazisini işğal etdilər. Sosialistlərin liderinin qənaətincə, Moldovada Rumıniya ilə birləşmək üçün "aqressiv formada kampaniya aparılıb”. O vəd edib ki, prezident seçiləcəyi təqdirdə ilk qərarlarından biri birləşmə barədə çağırışlar edənlərin cinayət məsuliyyətinə cəlb edilməsi olacaq. "Mən qanunverici orqanın üzvlərinə unionizm çağırışı edənləri məsuliyyətə cəlb etməyi təklif edəcəm”, - deyə onun seçki qərargahının yaydığı məlumatda vurğulanıb. Əlavə edilib ki, birləşmə çağırışları cinayət məsuliyyəti ilə cəzalandırılmalıdır. Rumıniya ilə birləşmə tərəfdarları isə hesab edirlər ki, bərbad iqtisadiyyatı yalnız birləşmə xilas edə bilər. İqtisadiyyatı aqrar sektor üzərində qurulan Moldovada əhalinin vəziyyəti ağırdır. Adambaşına düşən gəlirə görə ölkə hətta Laosdan da geri qalır. Bu səbəbdən də birləşmə tərəfdarları fəallaşıblar. Lakin məsələ ondadır ki, nə Rumıniya, nə də Moldova rəsmiləri birləşmə barədə təşəbbüslə çıxış ediblər.
Bir sıra analitiklərin qənaətincə, Dodonun Rumıniyaya soyuq münasibəti onun vətənpərvərliyindən irəli gəlmir, sadəcə, bu ideyanın Rusiyaya xoş gəlməməsi ilə bağlıdır. "Onun moldovan millətinin dirçəldilməsi fikrinə söykənməsi sadəcə olaraq Rusiya ilə əlaqə və münasibətlərin bərpası ilə bağlıdır”, - deyə Rumıniya Elmlər Akademiyası yanında Politologiya və Beynəlxalq İnstitutun direktoru Dan Dunqaçu bildirib: "Həddən atıq moldovanlaşdırılma sonda Rusiya ilə yaxınlaşmaya və federallaşmaya gətirib çıxaracaq”. Rusiya çoxdan bəridir ki, NATO-ya üzv olan Rumıniyanı özünün regiondakı maraqlarına təhlükə kimi nəzərdən keçirir. Məhz bu səbəbdən də Dodonun ikinci məqsədi Moldovanın neytral dövlət elan edilməsinə nail olmaqdır. "Mən sülhə tərəfdaram. Mən Moldovanın neytrallığı barədə beynəlxalq təminat alacağam. NATO əsgərləri bizim küçələrlə hərəkət etməyəcəklər” - deyə prezidentliyə iddialı bəyan edib. Dodonun digər prioriteti Dnestryanı münaqişənin siyasi yolla həlli və ərazinin Moldovaya birləşdirilməsidir. Separatçıların liderlərinin Rusiya ilə birləşmək çağırışlarını nəzərə alsaq, onda Moskvanın bu prosesdə rolu həddən artıq vacibdir. Ümumiyyətlə, əksəriyyət bu qənaətdədir ki, Dodonun Dnestryanı bölgə ilə bağlı mövqeyi bir çox seçiciyə xoş gələ bilər. Kremlin moldovan kənd təsərrüfatı məhsullarına embarqo qoymasına baxmayaraq, bu ölkə ilə yaxınlaşmasının bir çox səbəbləri var. Söhbət Rusiyadakı moldovan miqrantlarından gedir. Moldova ekspertləri də bu qənaətdədirlər ki, Dodon Moldovanı Rusiyanın orbitinə çevirmək niyyətindədir. Hələ ki, onun əsas rəqibi moldovan seçiciləri arasında apatiyadır. Moldovanın özündə keçirilən son sorğuların nəticələrinə görə, rəyi soruşulanların 30 faizi heç bir namizədə etibar etmir. 20 faiz Dodona səs verəcəyini bildirib. Antikorrupsiya nümayişlərinin lideri Andrey Nestase 8, Harvard məzunu, sabiq təhsil naziri Mayyu Sandu isə 7 faiz səs toplayıb.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər