• cümə axşamı, 25 aprel, 20:51
  • Baku Bakı 21°C

Moldova prezidenti ilk səfərini Moskvaya etdi

18.01.17 09:00 1001
Moldova prezidenti ilk səfərini Moskvaya etdi
Gözlənildiyi kimi, Rusiyaya açıq dəstək nümayiş etdirən Moldovanın yeni prezidenti İqor Dodon ilk xarici səfərini məhz bu ölkəyə edib. Əvvəldən belə bir fikir var idi ki, sosialistlərin lideri ola bilsin ki, ilk səfərini Brüsselə etsin. Lakin Dodon neçə illik ənənəni pozaraq (ilk səfərlər Rumıniyaya edilir-müəl) ilk səfərinin məhz Moskvaya edib. Rumıniya ilə birləşmənin qəti əleyhdarı olan Dodon həmin ideya tərəfdarlarının ümumiyyətlə həbsini tələb edir. Rusiyaya gəldikdə, iki ölkə liderləri arasında sonuncu geniş tərkibli görüş Moldovanın kommunist prezidenti Vladimir Voroninlə keçmiş prezident Dmitri Medvedyev arasında 2008-ci ildə Soçidə baş tutub. Danışıqlarda da əsas müzakirə mövzusu Dnestryanı münaqişənin həlli olub. Dodondan əvvəlki prezident Nikolae Timofti isə ümumiyyətlə Moskvaya getməyib. O, dörd illik prezidentliyi dövründə Putinlə cəmi bir dəfə görüşüb ki, bu da MDB dövlət başçılarının sammitində reallaşıb.
Yeni solçu prezident isə Rusiyaya səfərindən o qədər sevincək olub ki, sosial şəbəkələrdə Moskvada keçirəcəyi görüşlərin qrafiki barədə məlumat verib. Dodonun siyasi karyerasının yüksəlməsində Putin mühüm rol oynayıb. O, 2014-cü il parlament seçkilərinin təbliğat materiallarında Putinin fotolarından istifadə edib və qələbə qazanıb. Ən maraqlısı odur ki, Dodonla Moskvaya hökumətin heç bir üzvü - nə nazirlər, nə də müavinləri getməyib. Onu müşavirləri və bir də Qaqauz Muxtar Vilayətini rəhbəri İrina Vlax müşayiət edib.
Dünən rusiyalı həmkarı Vladimir Putinlə ilə keçirdiyi mətbuat konfransında tərəflər iki ölkə arasındakı münasibətlərə qiymət veriblər. Rusiya prezidenti bildirib ki, son illərə kimi münasibətlər elə də normal olmayıb, lakin əlavə edib ki, Dodonun səfəri ölkələr arasında əlaqələrin inkişaf etdirilməsində bir təkan rolunu oynamış olacaq. Onun sözlərinə görə, Moldova Rusiya üçün regionda çox əhəmiyyətli tərəfdaşdır. İki ölkə arasında ticarət münasibətlərinin həcminin xeyli aşağı düşdüyünü ifadə edən V.Putin son iki ildə iki dəfə enmə nəzərə çarpdığını ifadə edib: "Sizin xarici ölkəyə ilk səfərinizi məhz Rusiyayay etməyiniz münasibətlərin yüksələn xətlə inkişafına səbəb olacaq”.
Putinin moldov həmkarı isə ümidvardır ki, iki ölkə arasında münasibətlər bu il yenidən strateji tərəfdaşlıq statusu alacaq. "Bu, mənim prezident kimi ilk xarici səfərimdir. Bu səbəbdən də əksər Moldova vətəndaşları bu səfəri yığılıb qalan problemlərin həlli baxımdan əhəmiyyətli sayırlar”, - deyə o bildirib.
Bəlli olub ki, səfər proqramına Avrasiya İqtisadi Komissiyasının kollegiya rəhbəri Tiqran Sarkisyanla görüş də daxildir. Bu isə Moldovanın Avrasiya İqtisadi İttifaqına üzv olmaq istəyi kimi qiymətləndirilib.
Tərəflər arasında ən ciddi problem isə Dnestryanı münaqişədir. İ.Dodon Moldovanın federallaşmasını prioritet sayır və bu qənaətdədir ki, Dnestryanı bölgəyə federal status vermək gərəkdir. Bu isə Rusiyanın mövqeyinə uyğundur. Elə Vladimir Putinin imzaladığı yeni xarici siyasət konsepsiyasında da bu məsələ öz əksini tapıb. Ekspertlər hesab edirlər ki, Moldova rəhbərliyində dəyişiklik münaqişənin həllinə yardımçı ola bilər. Düzdür, ölkə parlament-üsul idarəli respublika olsa da, hər halda, prezidentin təklifləri əhali arasında rəğbət oyada bilər.
Alman politoloq Aleksandr Rar hesab edir ki, prezidentlərin danışıqlarının yekununda yeni "Kozak planı” işə düşə bilər. Bu plan da Moldovanın federallaşmasını nəzərdə tutur. Moldov ekspertlər də hesab edirlər ki, Birləşmiş Ştatlarda Donald Trampın prezident seçilməsindən sonra Dnestryanı münaqişənin həllinə ümidlər yaranıb. "Tramp-Putin görüşü nəzərdə tutulub. Biz orada başlıca məsələ olmasaq da, hər halda, bu məsələ gündəlikdə var. Bu, əhəmiyyətlidir”, - deyə tanınmamış Dnestryanı bölgənin keçmiş XİN rəhbəri Dmitri Liçkay bildirib.
Tərəflərin müzakirə edəcəyi digər məsələ Rusiyanı bürüyən moldovalı qastarbayterlərlə bağlıdır. Moldova prezidenti Moskvada moldov əmək miqrantlarının Rusiyaya qayıdışı ilə yanaşı, Moldova məhsullarının Rusiyaya ixracının bərpa olunmasını müzakirə edib. Hər iki problem Moldova üçün əhəmiyyətlidir. Məlumat üçün bildirək ki, Rusiyada 700 minə yaxın moldov miqrant çalışır. Lakin bu problemlərin hələ uzun müddət həll olunmayacağı bildirilir.
Rusiyalı ekspertlər isə hesab edirlər ki, Moldova prezidentinin səfəri sadə moldovanlar arasında Rusiyaya meyli gücləndirə bilər. Bəlli olduğu kimi, rəsmi Brüssel hələ də Moldovaya Avropa İttifaqına üzvlüklə bağlı "nə hə, nə də yox” deyir. Bu da əhali arasında pessimizmə səbəb olur. Nəticədə də əhali üzünü Qərbə deyil, Şərqə doğru çevirməyə məcbur olur.
Azər
banner

Oxşar Xəbərlər