AZE | RUS | ENG |

Moldova Prezidenti: Azərbaycanla imzaladığımız 53 müqavilə əlaqələrimizin yaxşı səviyyəsindən xəbər verir

Moldova Prezidenti: Azərbaycanla imzaladığımız 53 müqavilə əlaqələrimizin yaxşı səviyyəsindən xəbər verir
Moldova Respublikasının Prezidenti İqor Dodon AZƏRTAC-a məxsusi müsahibəsində ölkələrimiz arasında münasibətlərin hazırkı vəziyyəti və perspektivləri barədə fikirlərini bölüşüb

Moldova ilə Azərbaycan arasında ənənəvi dostluq əlaqələri mövcuddur. Ötən il iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi qeyd olundu. Praktiki olaraq bütün sahələri əhatə edən dövlətlərarası 53 müqavilə imzalamışıq. Bu, əlaqələrimizin yaxşı səviyyəsindən xəbər verir.

Bu fikirləri AZƏRTAC-a məxsusi müsahibəsində Moldova Respublikasının Prezidenti İqor Dodon deyib.

Yüksək səviyyədə əlaqələrin inkişaf etdiyini söyləyən Prezident İqor Dodon ötən il ölkəmizə işgüzar səfərindən danışıb, Prezident İlham Əliyev ilə bir sıra beynəlxalq tədbirlər çərçivəsində görüşdüklərini xatırladıb: "Qısa müddətdə bizim çox səmimi, isti dostluq münasibətlərimiz yaranıb. İkitərəfli əlaqələri konstruktiv şəkildə müzakirə edirik”.

Ticarət dövriyyəsində müsbət dinamikanın hiss olunduğunu qeyd edən Prezident İqor Dodon bildirib ki, bu sahədə ardıcıl olaraq iki ildir 30 faiz inkişaf müşahidə edilir: "İkitərəfli əlaqələrimiz yeni məcrada genişlənməkdə davam edir. Düşünürəm ki, bizim Avropa İttifaqı ilə ticarət haqqında sazişimizə əsasən Moldova azərbaycanlı investorlar üçün maraqlı ola bilər. Avropa ilə azad ticarətimiz mövcuddur. Eyni zamanda, biz MDB ölkələri ilə də sərbəst ticarəti saxlamışıq. Avropa bazarına, eləcə də digər istiqamətlərə hərəkət etmək baxımından Moldova əhəmiyyətli meydan ola bilər", - deyə Prezident vurğulayıb.

İki ölkə arasındakı iqtisadi münasibətlərin perspektivlərinə toxunan Moldova dövlətinin başçısı ölkəsinin Azərbaycana kənd təsərrüfatı sənayesi kompleksində əməkdaşlıq təklif edə biləcəyini söyləyib: "Əlbəttə, Azərbaycanda da son zamanlar aqrar sektor sürətlə inkişaf edir. Bilirəm ki, kənd təsərrüfatına investisiya yatırılması ilə bağlı ölkənizdə Dövlət proqramı mövcuddur. Biz bu sahədə də təcrübə mübadiləsi apara bilərik".

Heydər Əliyev Fondunun fəaliyyəti ilə yaxından tanış olduğunu qeyd edən Moldova Prezidenti deyib: "Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə nəinki Azərbaycanda, eləcə də digər ölkələrdə həyata keçirilən layihələrdən xəbərdarıq. Fond dünyada bir sıra humanitar layihələr reallaşdırır, xeyirxah işlər görür. Biz Qaqauziyada Heydər Əliyev Fondunun maliyyələşdirdiyi sosial layihəyə başlamışıq. Bir neçə gün öncə təməlqoyma mərasimi oldu. İlin sonunadək bu layihə başa çatacaq".

Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən irimiqyaslı layihələrdən danışan Prezident İqor Dodon ölkəsinin bu enerji layihələrində maraqlı olduğunu vurğulayıb: "Biz demək olar ki, 100 faiz qaz və elektrik enerjisini idxal edirik. Enerji resurslarına ehtiyacımız var. Tranzit sahəsində, yəni çatdırılmada bəzi problemlər ola bilər. Lakin zənnimcə, müəyyən sxemlər tapmaq mümkün olacaq".

"Cənub Qaz Dəhlizi" layihəsi barədə fikirlərini bölüşən Prezident layihəni maraqlı, kifayət qədər perspektivli gördüyünü bildirərək deyib: "Təəssüf ki, layihə bizim ölkədən bir qədər uzaqdır. Lakin layihə təkcə Azərbaycan üçün deyil, bütövlükdə region üçün əhəmiyyətlidir. Ümid edirik ki, onun bizə də faydası dəyəcək".

Prezident İqor Dodon Bakı-Tbilisi-Qars dəmiryolu xətti barədə də eyni fikirləri bildirib. Qeyd edib ki, həyata keçirilən infrastruktur layihələri ölkələrimiz arasında ticarətin inkişafı üçün çox ciddi stimuldur: "Prezident İlham Əliyev ilə söhbətimiz zamanı regionda reallaşdırılan digər layihələr barədə də danışdıq. Bu layihələrin iqtisadiyyatın genişləndirilməsinə şərait yaradacağını vurğuladıq. Düşünürəm ki, Moldova Respublikası da bu layihələrdən əlavə mənfəət əldə edəcək. Layihələr Ukraynaya, Qara dənizə qədər uzanır. Biz də yaxınlıqda yerləşən ölkə kimi bu layihələrdə iştirak üçün bütün imkanlardan istifadə edəcəyik".

Ölkələrimizin MDB çərçivəsində də fəal əməkdaşlıq etdiyini söyləyən Moldova dövlətinin başçısı bu istiqamətdə əməkdaşlığı davam etdirməyin vacibliyini vurğulayaraq deyib ki, əsas məsələ siyasi sabitlikdir. Dünya praktikasına baxsaq görərik ki, ölkə yalnız siyasi sabitlik təmin edildiyi halda irəli addımlaya, inkişaf edə bilər.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan Prezident İqor Dodon problemin həlli yolunun tapılacağına ümidvar olduğunu bildirib: "Biz də oxşar problemdən əziyyət çəkdiyimiz üçün sizi yaxşı başa düşürük”.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0037
GEL 1 Gürcü larisi 0.6964
GBP 1 İngilis funt sterlinqi 2.3933
TRY 1 Türk lirəsi 0.4202
KWD 1 Küveyt dinarı 5.6667
SEK 1 İsveç kronu 0.2020
EUR 1 Avro 2.0981
CHF 1 İsveçrə frankı 1.7489
USD 1 ABŞ dolları 1.7000