• çərşənbə axşamı, 23 aprel, 14:53
  • Baku Bakı 24°C

Moldova ombudsmanına təzyiqlər davam edir

05.08.13 11:35 1357
Moldova ombudsmanına təzyiqlər davam edir
“Mənə təzyiqlər davam edir. Məlumatlar yayılır ki, guya anamın evində antisanitariya hökm sürür, evin vəziyyəti pisdir. Üstəlik, bu vəziyyətə görə mənim adım çəkilir, halbuki orada mənim bacım və anam yaşayır. Anam konsentrasiya düşərgəsinin dustağı olub və bu cür münasibəti mən heç cür anlaya bilmirəm”. Bu sözləri APA-ya açıqlamasında iyulun 4-də Ermənistan parlamentində Xocalı soyqırımı və Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı çıxışından sonra öz ölkəsində təzyiq və hədələrlə üzləşən Moldova Ombudsmanı Aureliya Qriqoriu deyib. O bildirib ki, Moldovanın baş prokuroru ərazi prokuroruna avqustun 15-dək məsələni araşdırıb həll etmək barədə tapşırıq verib.
A. Qriqoriu dövlətdən heç bir dəstək görmədiyini söyləyib: “Heç bir dəstək almıram. Mənə qarşı informasiya müharibəsi aparılır, sanki məndən xalq düşməni obrazı yaratmaq istəyirlər. Bu, hazırkı hakimiyyətin mentalitetidir, onlar məni vəzifədən uzaqlaşdırmaq niyyətindədir. İş orasındadır ki, məni keçmiş rəhbərlik bu vəzifəyə təyin edib. Aydındır ki, indiki hakimiyyət çoxdandır məni vəzifədən uzaqlaşdırmaq istəyir, lakin bu iş onlarda alınmırdı, çünki bunun üçün parlamentdə səslərin ¾-ü tələb olunur. Amma indi onların əlinə belə bir fürsət düşüb. Məni Ermənistanda tək qoyan şəxs qəhrəman, mən isə xalq düşməni oldum”.
Vəziyyətin bu cür davam edəcəyi halda ölkəni tərk etmək, ya da yaşayış yerini dəyişdirməsinin mümkünlüyü barədə danışan moldovalı ombudsman bildirib ki, artıq bu barədə fikirləşir: “Vəziyyət dözülməz həddə doğru gedir. Hazırda mən məzuniyyətdəyəm, ona görə də dəqiq bir şey deyə bilmərəm, baxaq vəziyyət nə yerdə olacaq”.
A. Qriqoriunun sözlərinə görə, onu tanıyan insanlar ombudsman fəaliyyətinin davam etdirilməsinin tərəfdarıdırlar: “Payızda ombudsman mandatım bitir. Bir çox QHT mənə dəstək verir və namizədliyimin irəli sürülməsinə çağırırlar. Lakin sentyabrda parlament vəkilləri ilə bağlı qanuna dəyişikliklərin qəbul edilməsi gözlənilir. Dəyişikliklə deputatlar yalnız bir parlament vəkilini saxlamaq istəyirlər və təbiidir ki, parlamentdə hazırda mandatı 2015-ci ildə bitəcək vəkil qalacaq. Ondan sonra yeni seçkilər keçiriləcək”.
banner

Oxşar Xəbərlər