• cümə, 29 Mart, 01:24
  • Baku Bakı 7°C

Moldova ombudsmanı Yerevanda başına gələnləri danışdı

09.07.13 17:08 10971
Moldova ombudsmanı Yerevanda başına gələnləri danışdı
Moldova ombudsmanı Aureliya Qriqoriunun Ermənistan paytaxtında səsləndirdiyi bəyanatla bağlı qalmaqal səngimir. Yaranmış qalmaqal Rusiya və Qərb mətbuatının səhifələrində də yer alıb. Rusiyanın “Nezavisimaya qazeta” qəzeti də məsələyə yer ayırıb və bunun Moldova ilə Ermənistan arasında diplomatik qalmaqala səbəb olduğunu göstərib.
Nəşr ermənipərəst mövqedən çıxış etsə də, bəzi məqamları etiraf etməli olub.
Ombudsmanın Azərbaycan torpaqlarının işğal altında olmasını və Ermənistanın Xocalı soyqırımını törətməsini nəşr xüsusi qeyd edib. “Moldovalı ombudsman BMT-nin Dağlıq Qarabağla bağlı dörd qətnaməsini də xatırladaraq Ermənistan və Dağlıq Qarabağda azərbaycanlıların hüquqlarının pozulduğunu cəsarətlə səsləndirdi və onun bu çıxışı beynəlxalq tədbirin bir çox iştirakçıları tərəfindən alqışla qarşılandı” - deyə nəşrdə göstərilib.
Onu da qeyd edək ki, Azərbaycana işləmək ittihamları ilə üzləşən Moldovanın insan haqları müvəkkili Yerevanda üzləşdiyi təhqir və təhdidlər haqqında mediaya ətraflı məlumat verib. Xanım ombudsman Kişinyovda keçirdi mətbuat konfransında bildirib ki, Yerevana Ermənistanın Konstitusiya məhkəməsinin təşkil etdiyi beynəlxalq konfransda iştirak etmək üçün gedib. İyulun 4-də Ermənistan parlamentində çıxışı da dondurulmuş münaqişə bölgələrində insan haqlarının vəziyyətinə dair olub və mövzu əvvəlcədən təşkilatçılarla razılaşdırılıb. Onun başına gətirilənlər isə ancaq dəhşət hissi doğurur: “Mənim mehmanxanadakı nömrəmə telefon zəngləri oldu, Facebook səhifəmə təhdidlər yazıldı. Bildirilirdi ki, guya erməni xalqına etdiyim cinayətlərə görə cəzalandırılacağam. Hətta detalları ilə təsvir edirdilər ki, məni necə cəzalandıracaqlar. Hesab edirdim ki, belə təhdidlər realdır. Ona görə də Moldovanın Xarici İşlər Nazirliyinə məlumat verdim. Uçuşa az qalmış bizim Konstitusiya Məhkəməsinin hakimi və nümayəndə heyəti ilə mehmanxananın zalında görüşdük ki, hava limanına gedək. Amma təşkilatçının maşını faktiki olaraq təyyarənin qalxmasına cəmi 45 dəqiqə qalmış mehmanxanaya gəldi. Sonra da sürücü məni maşına götürməkdən imtina etdi. O dedi ki, “bizim ölkəmiz haqqında dediklərinizə görə bir daha fikirləşməlisiniz. Mən sizi maşınıma götürməyəcəyəm. Necə istəyirsiniz, özünüz gedin. Hətta taksi də çağırsaydım, bundan sonra təyyarəyə yetişə bilməzdim. Mən geri dönüb Kişinyovla əlaqə saxladım. Dedilər mehmanxanadakı otağıma dönüm. Otağa çıxdım. Bundan sonra saat 5-ə qalmış mənimlə Moldovanın xarici işlər nazirinin müavini əlaqə saxladı. O dərhal təhlükəsizliyim və Ermənistandan çıxmağıma dair bütün prosesləri öz nəzarətinə götürdü. Saat 12-yə qalmış Rumıniya səfirliyinin diplomatı məni mehmanxananın zalına dəvət etdi. O dedi ki, Rumıniya səfirliyində müdafiəmi təşkil etməyə hazırdırlar. Orada Ermənistanı necə tərk edəcəyimi müzakirə edirdik, bu vaxt Gürcüstan səfirliyinin nümayəndələri mehmanxanaya gəldilər. Onlar da mənə tam müdafiə təklif etdilər. Dedilər məni təhlükəsiz şəraitdə Moldovaya yola salmaq üçün bu ölkədən çıxarmağa hazırdırlar. Amma mənə Moldovanın Xarici İşlər Nazirliyindən dedilər ki, Yerevanın hava limanına gedim. Çünki Ermənistan hökuməti bizim Xarici İşlər Nazirliyinə mənim təhlükəsizliyimə dair tam təminat verir”.
Moldovalı ombudsman qeyd edib ki, təxminən axşam saat 6-da hava limanının VİP zalına daxil olub: “Təhlükəsizliyimi tam təmin etdilər. Axşam saatlarında isə Yerevandan Moskvaya uçdum”. Xanım ombudsman bir daha qeyd edir ki, o, çıxışında yalnız BMT Təhlükəsizlik Şurasının qətnamələrində qeyd olunan faktlara istinad edib. Ermənistan parlamentinin vitse-spikerinin onu Bakının təbliğatını aparmaqda ittiham edən cavabı isə kimlərisə belə təhqirlərə əl atmağa təhrik edib: “Mən çıxışımda BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi əsasında məlumatları təqdim etmişəm. Bu qətnamələri Moldova Respublikası da imzalayıb. Çıxışımda bundan fərqli yeni heç bir şey ifadə etməmişəm. Təqdim etdiyim məlumatlar açıq mənbələrdədir, hamının ona əli çatır. Həm də mən çıxışımda münaqişə zonası kimi təkcə Dağlıq Qarabağdan yox, Gürcüstan-Rusiya, Dnestrtyanı bölgədən də bəhs etmişəm. Mətbuatda təqdim olunanlar yalnız mənim çıxışımdan hissələrdir. Hesab edirəm ki, söz azadlığı, fikrin azad ifadə olunması bizim ölkədə demokratik uğurlardandır. Mən də Moldovadan kənara getdiyim hər yerdə bu hüquqlarımdan istifadə edir, insan haqlarının vəziyyətinə dair də fikrimi, mövqeyimi istənilən səviyyələrdə və istənilən ölkədə ifadə edirəm. Doğrusu, belə qeyri-adekvat reaksiya gözləmirdim. Məncə, buna parlament sədrinin müavininin təhrikedici çıxışı səbəb oldu. O, iddia edirdi ki, məni Azərbaycan tərəfi ələ alıb. Guya mən Bakının mövqeyini təbliğ edirdim. İndi mən bütün məsuliyyətimlə sizə bəyan edirəm ki, bütün bunların hamısı yalan və təhrikedici çıxış idi. Parlamentin sədr müavininin məhz bu çıxışı sonrakı proseslərə səbəb oldu”.
Mətbuat konfransında Moldovadakı erməni icmasının təmsilçisi olduğunu deyən bir nəfər xanım ombudsmanı BMT-nin sənədlərini təhrif edərək cəmiyyətə çatdırmaqda ittiham edib. Ombudsman isə bu faktların başqa beynəlxalq sənədlərdə də əksini tapdığını deyib. “Əgər Ermənistan demokratiyanı inkişaf etdirən ölkə statusuna iddialıdırsa, söz və ifadə azadlığını dəstəkləyirsə, onda bu ölkənin rəsmi simaları vəziyyəti gərginləşdirməməli və məsələni mənim başıma gələnlərə qədər gətirməməli idilər” deyə moldovalı rəsmi bildirib.
Qeyd edək ki, ermənilər öz xislətlərini ortaya qoyaraq ombudsmana qarşı təhqir və hədələri davam etdirirlər. Onun ünvanına hədələr hələ də daxil olmaqdadır. Məsələn, “Qreq Qre” təxəllüslü bir erməni istifadəçi “Facebook” sosial şəbəkəsindəki səhifəsində yazıb: “Erməni xalqı qarşısında günahkarsınız. Biz XXX təşkilatı olaraq xəbərdarlıq edirik. Əgər həyatınız sizin üçün qiymətlidirsə, özünüzü və başqalarını aldatmaqdan əl çəkin”.
Beləliklə, dünya növbəti erməni vəhşiliyinin şahidinə çevrildi. Şübhəsiz ki, ilk növbədə Minsk qrupunun həmsədr dövlətləri - Rusiya, ABŞ və Fransa kimi dövlətlər bu rüsvayçı olaya münasibət bildirməli, onu yerində oturtmalıdır. Buna inanmaq çətin olsa da, hər halda baş verənlər Ermənistan üçün çox ciddi bir zərbə oldu. İşğalçının ən ali tribunasından onun yürütdüyü siyasət kəskin tənqid olundu və öz həqiqi qiymətini aldı.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər