• cümə, 29 Mart, 17:27
  • Baku Bakı 14°C

Moldova Dnestryanı bölgəni blokadaya alır

11.05.17 09:00 1181
Moldova Dnestryanı bölgəni blokadaya alır
Moldovanın rusiyapərəst prezidenti İqor Dodon Dnestryanı bölgənin reinteqrasiyası məqsədilə irimiqyaslı proqram işləyib hazırladıqlarını bəyan edib. Bu proqram seçki sistemində islahatların aparılmasını nəzərdə tutur. İslahat tanınmamış respublikanın nümayəndələrinin parlamentdə təmsil olunmalarına imkan verə bilər. Prezident hesab edir ki, Dnestryanı bölgənin reinteqrasiyası Moldovanın seçki sistemində islahatların aparılmasından keçir. Bu təklifə görə 51 deputat siyahı üzrə seçiləcək, 50 deputat isə birmandatlı dairələr üzrə seçilməlidir. 25 birmandatlı dairələrdə başqa ölkələrdə çalışan əmək miqrantları və Dnestyanı bölgənin sakinləri deputat seçəcəklər. Dodonun sözlərinə görə, Rusiyada 140 seçici məntəqəsi açılacaq, İtaliyada isə 40. "Əgər bizim bu sistem tətbiq olunarsa, onda Dnestryanı bölgə 5-6 deputat mandatı əldə edəcək. Onların parlamentdə öz fraksiyası olacaq. Yalnız bu yolla ölkəni birləşdirə bilərik”, - deyə prezident vurğulayıb. O, əlavə edib ki, "tanınmamış respublikada 350 minə yaxın Moldova vətəndaşı yaşayır: "Mən əminəm ki, biz müəyyən mərhələdə onları ölkəyə inteqrasiya edə bilərik. Bu proses 2019-2020-cu illərdə baş verə bilər. Lakin bunun üçün 2018-ci ildə onlara ölkənin siyasi həyatında iştirak etməyə imkan vermək gərəkdir”.
Mətbuat və analitik mərkəzlər rəsmi Kişinyovun tanınmamış qurumla bağlı bu planının nə qədər real olub-olmadığı barədə müxtəlif fikirlər səsləndirirlər. Ekspertlər hesab edirlər ki, prezidentin fikirləri üzərində fikirləşməyə dəyər. Moldova parlamentində təmsil olunmaqla separatçı qurum bir sıra ikitərəfli qanun layihələrinin qəbuluna nail ola bilər. Digər tərəfdən, bu, separatçıların ümumi siyasi sistemə qoşulmaları üçün ilk addımdır. Dnestryanı bölgədə hələ ki, mütəmadi olaraq vurğulanır ki, Kişinyovla hər hansı birləşmə barədə fikirləşmirlər. Separatçılar bildirirlər ki, 2006-cı ildə referendum keçiriblər və əhalinin böyük bir qismi müstəqilliyə və sonrakı illərdə Rusiyaya birləşməyə səs verib. Lakin məsələ ondadır ki, Dnestryanı bölgədə iqtisadi vəziyyət ağır olaraq qalır. Bəlli olduğu kimi, separatçı qurum bu tərəfdən Moldova, digər tərəfdən isə Ukrayna ilə sərhəddir. 2014-cü ildə Kiyevdə baş verən hakimiyyət dəyişikliyindən sonra Tiraspola qarşı münasibət tam dəyişib. Bu da Dnestryanı bölgənin tam şəkildə blokada vəziyyətinə salıb. Yaxın günlərdə isə Ukrayna ilə sərhəddə Moldova-Ukrayna sərhədçiləri və gömrükçülərinin birgə fəaliyyətinə start verilməsi xəbəri separatçılar üçün şok effekti yaradıb. Onlar ehtiyat edirlər ki, bunun ardınca ərzaq kollapsı, fərdi sahibkarlığın məhvi və total mühasirə vəziyyəti yarana bilər. Faktiki olaraq ölkə hər tərəfdən moldov güc strukturları ilə mühasirə olunmuş vəziyyətə salına bilər. Separatçılar bununla tək iqtisadiyyat deyil, həm də təhlükəsizlikləri üçün problem yaranacağından ehtiyat edirlər. Dnestryanı bölgə və Moldova strukturları arasında hər hansı bir təhlükəsizlik xətti olmadığından problemlərin yarana biləcəyi şəksizdir. Bundan əlavə, Moldova operatorları Dnestrovsk SES-də istehsal olunan elektrik enerjisini almaqdan imtina edirlər. Bu da separatçıların büdcəsinə ciddi zərbə vuracaq. Tiraspolda hesab edirlər ki, Kişinyov münaqişənin həllində "kökə” və "qamçı” siyasətindən istifadəyə üstünlük verir. Özü də Moldova tərəfi üçün uğurlu xarici siyasət kursu müəyyən edilib – Ukrayna onun tərəfində çıxış edir.
Bir faktı da qeyd edək ki, Dodon separatçılara münasibətdə barışdırıcı mövqedən çıxış edir. Hətta prezident bu il separatçılarla iki dəfə görüş keçirib. İ.Dodon bildirib ki, Dnestyanı bölgə ilə problemlər yaxın aylar, hətta həftələr ərzində həll oluna bilər.
ATƏT-in sədri Volf Ditrix Haym da bu günlərdə Moldovaya səfərinin yekununda bildirib ki, Dnestyanı münaqişənin həlli ilə bağlı yaradılan "5+2” (Moldova, Dnestryanı bölgə, ATƏT, Rusiya, Ukrayna, ABŞ və Avropa İttifaqı) formatı yenidən start götürür. Diplomat faktiki olaraq Ukrayna ilə sərhəd ərazidə nəzarətlə bağlı Kişinyovun mövqeyini müdafiə edib.
Ekspertlər hesab edirlər ki, Kişinyov "zorla reinteqrasiya” formulunu əsas xətt kimi götürməyə başlayıb. MDB ölkələri İnstitutunun Moldova və Dnestryanı bölgə üzrə şöbəsinin rəhbəri Sergey Lavrenov hesab edir ki, Dnestryanı probleminin həlli üçün zəmin yoxdur. "Tiraspolun prinsipial mövqeyi belədir - 2006-cı il referendumunun nəticələri əsas götürülməlidir. Hələ ki, söhbət sosial-iqtisadi və humanitar məsələlərdən gedir. Sözsüz ki, Kişinyovun Dnestryanı bölgəyə təzyiq vasitələri çoxdur. Əminəm ki, Moskva yaxın vaxtlarda Kişinyovun atdığı addımların qanunauyğun olmadığı barədə müəyyən diplomatik addımlar atacaq. 1997-ci ildə Dnestyanı bölgəyə azad xarici iqtisadi fəaliyyət səlahiyyətinin verilməsi barədə saziş var. Mən hesab etmirəm ki, Tiraspolun mövqeyi dəyişəcək - hətta təzyiq olsa belə”,- deyə politoloq bildirib.
Moldova Effektiv siyasət İnstitutunun direktoru Vitali Andrievski isə hesab edir ki, Moldovada Tiraspolla danışıqlar aparmaq məsələsində sərt əhval-ruhiyyə yaranıb. "Moldova Tiraspoldan minimum ölkənin bölünməzliyinin tanınmasını və Rusiya qoşunlarının oradan çıxarılmasını tələb edəcək. Kişinyovun Dnestryanı bölgəyə təzyiq göstərmək üçün çoxlu təsir imkanları yaranıb. Bu tək nəqliyyat vasitələri, ixrac-idxal malları üzərində nəzarət deyil, internet və telefon rabitəsi, hərbçilərin rotasiyasıdır. Bütün bunlar ölkə rəhbərliyini qəti addımlar atmağa vadar edir”, - deyə ekspert vurğulayıb.
Beləliklə, bütün bunlardan belə bir nəticəyə gəlmək olar ki, bölgədə mürəkkəb vəziyyət yaranıb. Moldovada prezident-hökumət-parlament gərginliyini nəzərə alsaq, vəziyyət qənaətbəxş deyil. Rusiyayönümlü prezident nəyin bahasına olursa-olsun ölkəni şimala doğru yönəltmək istəyir. Qarşı tərəf isə separatçı bölgənin fəaliyyətinə son qoymağa çalışır. Rəsmi Kişinyovun separatçı qurumu blokadaya almaq istiqamətində atdığı son addımlar isə bölgədə vəziyyəti daha da gərginləşdirə bilər.
Azər
banner

Oxşar Xəbərlər