• şənbə, 20 Aprel, 13:35
  • Baku Bakı 23°C

Modern yazıçı olmaq istəmirəm

29.04.19 12:15 970
Modern yazıçı olmaq istəmirəm
Səfər Alışarlı: "Yetişməyən müəlliflər isə elə qrafoman kimi gəlib, qrafoman kimi də bu dünyadan gedirlər”
– Salam, Səfər müəllim. Necəsiniz?
– Əleykəssalam. Sağ olun. Yaxşıyam.
– Yeni povestiniz elektron mətbuatda hissə-hissə dərc olunur. Reaksiyalardan razısınızmı?
– " Qız və maneken” povestim "Kulis.az” saytında hissə-hissə dərc olunur. Bu, bizim birinci əməkdaşlığımız deyil, əvvəllər də orada çap olunmuşam. Reaksiyaların çoxluğunu, azlığını deyə bilmərəm, ancaq bütövlükdə hesabıma gələn "layk” və "kommentlər”dən razıyam. Eyni zamanda bilirəm ki, bu, böyük həcmli əsərdir. Bir dəfəyə oxumaq mümkün deyil. Əsl reaksiyanı yəqin ki, povest tam şəkildə ictimaiyyətə təqdim olunduqdan sonra görəcəyik.
– "Yay vidalaşmaları” hekayənizin bir hissəsi Rusiyada özünə güzəran qurmağa çalışan ailənin həyatından bəhs edir. Təbii ki, bu mənzərə bizə olduqca tanışdır. Doxsanıncı illərin əvvəlində həmyerlilərimiz çörək pulu ümidi ilə Rusiyanın vilayətlərinə üz tuturdular. Bu mənada bir çox hekayələriniz sosial hadisələrə adekvat olaraq reaksiya verir. Sosial hadisələri öz içindən keçirib ədəbiyyat hadisəsinə çevirir. Yəni tarixi yenidən yazır. Ancaq müəllifin yazı mətbəxinə keçmişlə bərabər, gələcək də daxildir. Ədəbiyyatımızın gələcəyi ilə bağlı nə düşünürsünüz?
– "Yay vidalaşmaları” mənim avtobioqrafiyamla səsləşən hekayədir. Əsrin başlanğıcında, təəssüf ki, sözügedən proseslərdən ailəliklə keçmişik. Ağrı-acılarımız sevinclərimizdən çox olub. Görünür, taleyin bir qisməti idi, yaşadıq. Çörəyimizi qazanmaq üçün uzaqlara getməyə məcbur idik. Ancaq indi düşünürəm ki, ümumiyyətlə, çörək məsələsi sadə məsələ deyil və bu barədə dərindən düşünən insan hər ayaqda ölkəsini tərk edib uzaqlara getməməlidir. Ona görə ki, vətənimiz kasıb ölkə deyil, heç zaman da kasıb olmayıb, yəni minimum şərtlərlə də olsa, onu təmin etmək imkanına sahibdir. Mən hərdən pəncərədən küçəyə baxanda fizika qanunlarını öz-özümə təhlil edirəm. Məsələn, deyirlər ki, atmosferdə enerji axını var, insanı yaşadan odur. İnsan bu enerji axınlarından hansına uyğunlaşa bilirsə, ona uyğun da yaşayır. Mən həyatda və yaradıcılıqda bəzi möcüzə anlarına meylli bir yazıçı kimi, hərdən fikirləşirəm ki, bu enerji axınının içində bir pul axını da var (gülür), insan kamil olsa, öz daxili aləmini yetərincə mükəmməlləşdirə bilsə, hər zaman əlini atıb o pul axınının içindən özünə lazım olan məbləği götürə bilər.
Azərbaycan ədəbiyyatının gələcəyi ilə bağlı verdiyiniz suala keçid etmək istəyirəm. Azərbaycan ədəbiyyatı müstəqillik dövründən bu yana, iyirmi beş ildən çoxdur ki, sərbəst nəfəs ala bilir. Senzuradan kənar, diktədən uzaq bugünkü ədəbiyyat, əslində, bizim bir millət olaraq mənəvi potensialımızın çox bariz və təkzibolunmaz göstəricisidir. Azərbaycanı təmsil edən bəzi şəxslərin KİV-ə verdiyi müsahibələrdə öz mütaliələri ilə bağlı azərbaycanlı yox, başqa ölkə müəlliflərinin adını çəkməsi mənə ləzzət etmir.
Məsələnin başqa bir tərəfi də var. Müstəqillik dövründə ciddi qonar problemi yarandı. Bu, yazıçılar üçün çox mühüm əhəmiyyət kəsb edən məsələdir. Mən istəyərdim ki, yazıçı və şairlərimizin əsərlərinə yüksək qonorar verilsin. Ciddi qələm adamının çörəyi onun yazdıqlarından çıxmalıdır. Təəssüflər olsun ki, bizdə hələ o mərhələ yetişməyib. Eşitdiyimə görə, yalnız xaricdə çap olunanlar müəyyən məbləğdə qonorar ala bilirlər.
İkinci bir məsələ istedad məsələsidir. Bu məsələ, ona görə ciddi məsələdir ki, ədəbiyyat, dünyada nə qədər şöhrətpərəst adam varsa, hamısını özünə çəkir. Heç kim özünə istedadsız demək istəmir, hər kəsin yazdığı özünə xoş gəlir. Və müəyyən bir yaşa qədər elə hiss edir ki, ondan istedadlı, ondan yaxşı yazan yoxdur. Müəyyən bir yaşdan sonra müəllif üzərində işləyirsə, yetkinləşirsə, görür ki, onun yazdıqları klassik ədəbiyyatla müqayisədə hansı səviyyədədir. Yetişməyən müəlliflər isə elə qrafoman kimi gəlib, qrafoman kimi də bu dünyadan gedirlər. Bu mənada bir şeyi də qeyd etmək vacibdir. Yazıçı oxunsun, tanınsın, məşhurlaşsın deyə, kütləvi oxucunun səviyyəsinə enməməlidir. Götürün ötən əsrin 60-70-ci illərində kütləvi oxunan müəllifləri, indi hanı onlar, kim oxuyur onları? Heç kim. Oxunan və oxumağa davam edən iki-üç yazıçımızdır, vəssalam!
Ədəbiyyatımızın gələcəyi ilə bağlı vacib məsələlərdən biri də istedadlı adamların seçilib yerləşdirilməsi və müəyyən mənada onlara daimi ictimai dəstəyin təmin olunmasıdır. Bunun bir tərəfi qonorardırsa, digər tərəfi həmin adamların cəmiyyət arasında tanıdılması, müəyyən proseslərə cəlb olunması, ədəbi tədbirlərdə iştirakı, xarici əlaqələrinin yaradılması və s. – bunlar hamısı ictimai əhəmiyyət kəsb edən məsələlərdir. Mən istəyərdim ki, bütün bunları nizamlaya biləcək bir qurum olsun. Yalnız AYB yox, həm də nəşriyyat və sistemli PR qurumu səviyyəsində.
– "Yay vidalaşmaları” hekayənizin ikinci hissəsində Qorki adına Ədəbiyyat İnstitutu ilə bağlı hissələr var və mən həmin hissələri oxuduğum zaman əvvəlki müsahibələrinizdən birini xatırladım. Demişdiniz: O institut öz müdavimlərinə bədbəxtlik diplomu verir. Təbii ki, ironiyanızı anlayırıq. O ədəbiyyat ocağı xatirələrinizdə necə qalıb?
– Qorki institutunun bir ənənəsi də var; hər beş ildən bir institutun yaranma tarixi münasibəti ilə almanaxlar buraxılır. Bu almanaxda keçmiş məzunlar tərəfindən yazılan nəsr və poeziya nümunələri yer alır. Biz oxuyan zaman bir elə almanax çıxmışdı. Təbii ki, biz tələbə ikən həmin almanaxda yer alan yazıçıları ciddi avtoritet hesab edirdik. Onların dəyərli yazılarını oxuyub bu ocağa münasibətlərini öyrənmək olduqca maraqlı idi. İnstitutun rəhbərliyi indi də məzunlara ismarıclar yollayır ki, alma-materlə bağlı xatirələrini o nəşrlərə göndərməyi unutmasınlar. Mən həmin hekayəni bu məqsədlə yazmağa başlamışdım. İnstitutla illər sonrakı görüşü təsvir etmək idi niyyətim. Söz sözü, fikir fikri çəkdi və mən həmin hekayəni bu cür işləməli oldum. Qorki institutu ədəbiyyat sevgisini tələbələrin ürəyinə alov kimi püskürtmüşdü. Bizimlə oxuyan tələbələrin, demək olar ki, əksəriyyəti ədəbiyyatda qaldı. Məlum məsələdir ki, yalnız Azərbaycanda yox, ümumiyyətlə postsovet məkanında SSRİ dağılandan sonra qələm adamlarının maddi vəziyyəti o qədər də yaxşı deyil. Bu çətin şəraitdə belə həmin adamlar öz ədəbi fəaliyyətlərini davam etdirirlər. Ədəbiyyata olan inam və sevgi yaşadılır, nəsildən-nəslə estafet kimi ötürülür. Bu, hər bir cəmiyyətin mənəvi bağlarına aid olan bir məsələ olduğundan çox vacibdir. İnsanın həyatından ədəbiyyatı çıxarsaq, bəşəriyyət çox kasıblaşar, necə deyərlər, adam adamı yeyər. Mənə elə gəlir ki, insanlar yaşadıqca ədəbiyyat onlara hətta oxucu kimi də olmasa, müəllif kimi həmişə lazım olacaq, çünki insan həmişə yaşadıqlarını yazmaq, başqalarına çatdırmaq, özünü ifadə etmək istəyir. Hələ bilmək olmaz informasiya texnologiyaları bizi hara aparacaq. Günümüzdə bölüşmək, paylaşmaq imkanlarının çoxluğu insanları bölüşməyə, paylaşmağa daha çox səsləyir. Ancaq gərək paylaşmağa bir şey ola, Yafəsin sözü olmasın, nanayı nə qədər bölüşmək olar? O kimə lazımdır?
"Litinstitut” hər il cəmi 100 tələbə qəbul edirdi: 50 nəfər əyani, 50 nəfər qiyabi şöbəyə. Burada tələbələri "insan ruhunun mühəndisləri" adlandırırdılar. İnstitut SSRİ Yazıçılar İttifaqına bağlı idi. Onun yaradılması məsələsini Maksim Qorki 1934-cü ildə şəxsən Stalinlə həll etmişdi. O vaxt Qorki İtaliyada Kapri adasında yaşayırdı və SSRİ hökuməti böyük israrla təkid edirdi ki, vətəninə qayıtsın. O isə qayıtmaq istəmirdi. Bunun müxtəlif səbəbləri vardı. Bunlardan ən əsas o idi ki, onun ciyərlərində problem vardı. Adanın yumşaq havası ona yaxşı təsir edirdi. İkinci səbəb isə o vaxtkı siyasi məsələlər idi. Qərb kommunist rejimini və onunla əməkdaşlıqda bulunan incəsənət adamlarını sevmirdi. Bir də Nobel məsələsi vardı ortalıqda. Mərkəzi Paris olmaqla, SSRİ-dən kənarda böyük bir mühacir ədəbi mühiti yaranmışdı. O mühitin başında duranlardan ən böyüyü İvan Bunin idi. Hətta bizim bir soydaşımız da o dairədə idi; Şəmsi Əsədullayevin qızı Madam Banin. 1933-cü ildə Qorki özünün dördüncü təqdimatından da sonra Nobel mükafatını ala bilmədi. Onu İvan Buninə verdilər. Bilirsiniz ki, Bunin müasiri olduğu Rusiya ədəbi simalarına qiymət verərkən Qorkini "чудовишный графоман" adlandırırdı, təbii ki, böyük proletar ədibi bundan xoşhal olmurdu. Ancaq bütövlükdə götürsək, Qorkinin yaradıcılığı bizim üçün ciddi örnəklərdən biridir. O, hadisələri geniş təfsilatı ilə yazan yazıçıdır. Onun üç kitablıq böyük romanından – "Artamonovların işi" – çıxan nəticəni bəzən bir cümlə ilə belə ifadə edirlər: "А был ли мальчик?!" Məsələn, "Həyatın dibində” adlı pyesinə on dəfə də baxsan, heç nə başa düşmürsən. Bəlkə də orda nə yazıldığı heç Qorkinin özünə də sonadək aydın deyil (gülür). Rus teatrları Qorkinin əsərlərini onun ölümündən əvvəl də, sonra da səhnəyə qoymağa davam edirlər. Sovet ədəbiyyatının inkişafında, SSRİ Yazıçılar İttifaqının, o cümlədən Ədəbiyyat İnstitutunun yaradılmasında Qorkinin xidmətləri misilsizdir. Məsələn, Qorki o vaxt hələ gənc yazıçı Leonid Andreyevin bir povestinə indiki pulla götürsək, təxminən 5000 dollar qonorar verib, təsis etdiyi nəşriyyatdan almışdı. Sevincindən gecə də yata bilməyən Andreyev qeyd edir ki, bu pulla o zaman bir il yaxşı yaşamaq olardı.
Kremllə Ədəbiyyat İnstitutunun arasındakı məsafə bir kilometrdən çox olmazdı. Orada bizə dərs deyən müəllimlərimiz Brejnevin ədəbi yaradıcılığına verilən Lenin mükafatına ironiya ilə yanaşa bilirdilər. Bizdə "Brejnev" deyəndə az qalırdılar salavat çevirsinlər. Mən ədəbiyyatın bir güc olaraq böyüklüyünü diqqətə çatdırmaq istəyirəm. Düşünürəm ki, Qorki adına Ədəbiyyat İnstitutu olmasaydı, şəxsən mən bir yazıçı kimi yetişə bilməzdim.
– "Qorkiyə” qədərki dövrdə 1981-ci ildə yazılmış "Zəng” hekayəniz də var.
– O hekayəni, əslində, "Qorki”də oxuyarkən birinci kursda yazmışdım. Bir az da dəqiq desək, mənim üçün ədəbi vəsiqə olmuş "Zəng" və "Qasım" hekayələrini Cermuk şəhərində birnəfəsə yazmışam. O güllü-çiçəkli Dərələyəz dağlarının möcüzəli energetikası həmin vaxtdan bəri məni həmişə özünə çəkir.
– "Quraq Fəsillər” kitabınızdakı hekayələrin çoxu XXI əsrin məhsuludur. Bircə "Zəng” hekayəniz keçən əsrdən qalıb. Gənc nəslin əvvəlki kitablarla ünsiyyəti məhduddur. Bu kitabların yenidən nəşrini düşünürsünüz?
– Açığı, düşünürəm. "Maestro" romanının yeni nəşrini çox istəyərdim. Başqa bir romanımda var, hələ çap olunmayıb. Düşünürəm ki, ömür vəfa eləsə, hamısı yerinə yetəcək. Mən 2004-cü ildə "Maestro" romanımı 300 tirajla nəşr etdirib yalnız bəzi dostlara və kitabxanalara payladım. Hər halda cəmiyyətdə var o kitab. İlk kitabım hekayələr toplusu 1987-ci ildə nəşr olunub. Axtarsan, kitabxanalardan yəqin ki, onu da tapmaq olar. İkinci kitabım 1992-ci ildə çıxıb. Daha sonra Kurt Vannequtun "Pişik beşiyi” romanı mənim tərcüməmdə nəşr olundu. "Quraq fəsillər"dəki hekayələr yeni dövrün inikasıdır. Burada obrazlar və hadisələr sistemi məhduddur. Əsas diqqəti qəhrəmanların daxili aləmindəki təlatüm genişliyinə yönəltməyə çalışmışam.
– Hekayələrinizin bir çoxunda baş obraza adla yox, soyadla müraciət olunur. Bununla həmin obrazları hansısa keçmişə və ya əcdadamı bağlanmaq istənilir? Bunun nümunəsi qərbdə var; Sternenin romanlarındakı Yorik obrazının əcadadı, sən demə, Şekspirin Hamlet əsərindəki təlxək Yorik obrazı imiş. Bu hadisə üzərində Salman Rüşdi düşünüb və Yorik obrazı ilə bağlı qeyri-adi bir hekayə yazıb...
– Bu, məqsədli baş vermir. Bu mənim insanlara, daha doğrusu, obrazlaşdırmaq istədiyim insanlara münasibətimdən asılıdır. Təbii ki, burda rus ədəbiyyatının da təsiri var. Mən hərdən adamları soy adları ilə təsəvvür edirəm. Adlardan çox az istifadə edirəm və hətta mənim bu barədə hələ çap olunmamış bir hekayəm də var. Obrazın adı hadisələrin axarından, müəllifin ürəyindən necə çıxırsa, o cür də mətnə oturur. Sonradan onları dəyişəndə sanki obraz dəyişir, itkiyə məruz qalır. Burası mənim xoşuma gəlmir. Bu barədə bir dəfə rəhmətlik Mövludla da geniş söhbət eləmişdik. O da obrazın adı ilə bəzən çətinliklər yaşadığını deyirdi.
– Müəllim, Çexovla aranız necədir?
– Çox yaxşı idi. Çexovun bir neçə əsərini bu yaxınlarda yenidən oxudum. "Duel” povestinəcən onu bir ustad müəllif kimi çox sevirdim. Bu əsərdən sonra ondan elə bil sıtqım sıyrıldı. Povestdəki hadisələr Qafqazda, işğaldan sonra buraya yavaş-yavaş köç edib torpağın sahibinə çevrilən ruslar arasında baş verir. Mən orda Çexovun yerli türklərə, ümumiyyətlə türk millətinə bir "əşya” münasibətini gördüm. Türklər o əsərdə nökər, qulluqçu, rus millətinə xidmətçi personal kimi təsvir edilib. Hətta ruslarla bərabər erməni obrazları da orada yer alıb. Artınov familiyalı ermənini Çexov "Anna na şeye" hekayəsində də az qala Annanın xilaskarı obrazında yaradıb. Ancaq türk-müsəlman əhaliyə istər Qafqaz, istərsə də Krım hekayələrində Çexov sanki canişin Yermolovun gözü ilə baxıb. İnsana milliyyətinə görə müsbət və ya mənfi münasibət ədəbiyyatda yolverilməzdir. Doğrusu, Çexovdan bunu belə açıq-saçıqlıqla heç gözləmirdim.
– Səfər müəllim, Sizi bəzən klassik, köhnəlmiş ədəbi meyarlara uymaqda irad tuturlar. Yəni çağdaş dünya ədəbiyyatının yeni tendensiyalarından beləmi uzaqsınız?
– Mən yeni yaranan ədəbiyyatı müxtəlif prizmalardan izləyirəm. Tendensiyaları görürəm, amma insana ədəbi münasibətin klassik formalarından imtina etmək haqqında düşünmürəm. Bugünkü "modern" adlanan ədəbiyyat klassik ədəbiyyatın kəşf etdiyi hər hansı xətti götürüb yenidən işləməyə çalışsa da, dünya ədəbiyyatının yaratdığı ənənələrdən çox da uzaqlaşa bilmir. Ədəbiyyatın obyekti insan psixologiyasıdır. Onu sıravi insanlar üçün açmağın, incəsənət meyarlarından bir daha təsbit etməyin ədəbi-bədii yolları və vasitələri Homerin vaxtında necə idisə, indi də elədir. Mən təsvir etdiyim həyat lövhələrində hadisəçilikdən qaçmağa çalışıram. Metafizik hərəkət mənim üçün əhəmiyyətli deyil. Mən dediklərimin "həqiqət" olduğunu uzun-uzadı təsvir və mənasız dialoqlar vasitəsilə oxucuya sübut etmirəm. Mən ekstravaqant süjet və fabula qurmuram, bunlar mənim üçün əhəmiyyətli deyil. Mənim üçün əhəmiyyətli olan təsvir etdiyim insanların mənəvi tutumu, onların fikirləri və o fikirləri yaradan situasiyaların orijinal müəllif təhkiyəsilə ifadəsidir. Mən buna bayaq qeyd elədiklərimin, o cümlədən naturalizm dolu təsvirlərin içindən keçib gəlmişəm. Geriyə qayıdış olmayacaq. Mən modern yazıçı olmaq istəmirəm. Modern o mənadakı ki, oxucuya hansısa tapmacalar verəsən, heyrətləndirəsən, detektiv xətt qoyasan; mən bu şeyləri sevmirəm Hərdən mətndə sehrə, sehrbazlığa meylli oluram. Ancaq çalışıram klassik nəsrin qanunlarına riayət edim. Mənə elə gəlir ki, yazıçı ən bəsit mövzularda belə demək istədiyini çatdıra bilər. Tutaq ki, Orxan Pamukun "Qara kitab” romanında bizim dastanlarla səsləşən motivlər var. Ancaq baxın, Pamuk məsələyə necə peşəkar yanaşır. O mövzularla bizim həyatımız və klassik mənəvi irsimiz doludur. Orxanın ifasında onlar tamam başqa çalar və rənglərdə görünür, çünki onlara istedadlı bir yazıçının prizmasından baxılır.
– Yəni, nəyi yazmaq yox, necə yazmaq önəmlidir...
– Eynən
– Orxan Pamukun adını çəkdiniz. Sizcə, roman üstün formasını Azərbaycan ədəbiyyatında niyə göstərə bilmədi. Yoxsa, ümumiyyətlə, Azərbaycan insanında konseptual roman təfəkkürü yoxdur?
– Roman epik düşüncə tərzi tələb edir. Əyalət təfəkkürü ilə epik roman yazmaq mümkün deyil. Get Axundov kitabxanasındakı rəflərə bax, əyalət təfəkkürü ilə yazılmış çoxlu uğursuz əsər görəcəksən. Bizim müəllifə nələr lazımdır? Birinci, təhsil, ikinci, ciddi mütaliə, üçüncü, yaxşı müəllimlər. Ədəbiyyatda çox nadir hallarda müəllif təkbaşına o kamillik yolunu keçə bilir. Bu mənada sufizmdəki mürid-mürşüd məsələsini nümunə gətirə bilirik. Bütövlükdə məktəb olmalıdır. Şeirimizin bu məktəbi var. Klassik şərq poeziyası özlüyündə böyük ədəbi məktəbdir. Şərqdə hansı mövzuya əl atsan, altından şeir çıxacaq. Müasir nəsrimiz isə Axundovdan başlayır. Ədəbiyyatda yüz illik məktəb çox gənc məktəbdir. Sovet dövrü bizdə nəsr məktəbinin tam formalaşmasına mane olub. Əgər senzurasız ədəbiyyat 70 il öncədən olsaydı, onda vəziyyət yaxşı ola bilərdi. Bilirsiniz, biri var tərənnümçü ədəbiyyat, biri var tənqidi ədəbiyyat, biri də var obyektiv – həqiqi ədəbiyyat. Üçüncü variantı ənənə kimi hiss etməmişik. Tutaq ki, gedib 60-cı illərin ədəbiyyatına baxsan, orda mollaların tənqid və təhqirindən başqa heç nə tapmayacaqsan. Bu ənənəni də davam etdirib bugünəcən gətirmişik. 60-cı illər nəsri deyilən bir şey də var, oradakı həqiqi ədəbiyyat müəlliflərini sadalamağa bir əlin barmaqları yetər. Məktəb ənənələri səmavi kitablardan gəlir, hər bir yazıçının başının üstündən Musa peyğəmbərə Allah tərəfindən nazil edilmiş 10 ehkamın müddəaları asılmalıdır. Mən nəvəmin bir yaşı olanda ona bu ehkamları yazılı olan şəkildə çərçivəyə salıb hədiyyə etmişəm. İndi başa düşməsə də, böyüyəndə oxuyub görəcək ki, babası ona necə qiymətli dəyərləri hədiyyə edib.
– Ədəbiyyat tariximizə baxsaq, görərik ki, nəsrimizdə ifrat realistlik var. Sanki mistik mövzularda axsayırıq. Əksinə, Şərq insanının həyatı mistika ilə doludur. Yusif Səmədoğlu "Qətl günü” romanı ilə nə qədər tarazlığı qorumağa çalışsa da, geniş arealdan baxanda ədəbiyyatımız çox realist görünür. Bunu problem kimi hesab eləmək olar?
– Ədəbiyyatda mistik mövzular deyəndə Hötenin "Faust", Bulqakovun "Master və Marqarita” romanlarını xatırlayıram. Ancaq bu mövzu heç də həmin iki müəllifin kəşfi deyildi. Onlardan öncə qədim Misir mifolojisində və qədim yunan ədəbiyyatında o biri dünyalara səyahət əsərləri var. Orta əsrlər italyan şairi Dantenin "İlahi komediyası” var. Burada Vergili Dantenin əlindən tutub o biri dünyanı gəzdirir. Mən o əsəri diqqətlə oxuyandan sonra hiss elədim ki, buradan Bulqakova keçmə şeylər var. Bəs Dante hardan götürüb? Mən təsadüfən gəlib Məhəmməd peyğəmbərin meracı məsələsinə çıxdım. Bu dünya ədəbiyyatı üçün son kəşfdir və hələ bundan o yanası yoxdur. Düşünürəm ki, "Master və Marqarita”nın yazılmağında Bulqakovun rahib ailəsində böyüməyinin rolu var. Bulqakov 30-cu illərin kolxoz gurultuları içində öz daxilində olan dini sevgini qoruyub, onu atmayıb və yaradıcı enerjiyə çevirib gerçək ədəbiyyat yaradıb. Biz bunu edə bilməmişik. Nə o vaxt, nə də çağdaş dövrdə. Bu gün Bulqakov keçilmiş mərhələdir. Eyni estetikadan başqa formalarda yararlanmaq olar. Mənim son povestimdə kiçik bir epizod var; obraz göyün üç qatında baş verənləri nağıl dilində uşağa danışır. Təbii ki, tam dərinliyə getməsən də, ən azından bir əlin müasir texnikada olanda, o biri əlində klassik mətnlərdən yapışmalıdır. Peyğəmbərin meracının müasir ədəbiyyata transformasiyası çox maraqlı işdir. Yazıçının möcüzəyə inanması ona yaradıcılıq enerjisi verən mühüm faktordur.

Söhbətləşdi: Orxan Həsəni



banner

Oxşar Xəbərlər