• cümə, 29 Mart, 18:44
  • Baku Bakı 14°C

Mobil sim kartı istifadə üçün başqasına vermək qadağan edilir

18.05.17 12:30 2232
Mobil sim kartı istifadə üçün başqasına vermək qadağan edilir
Bu gün bir çox adamın işlətdiyi mobil sim kart öz adına deyil, heç bunu problem olaraq heç kim görmür də. Kimsə onun adına dost-tanışı nömrə almaq istəyərkən də asanlıqla razılıq verir. Amma bu cür addımı atıb, problemlərlə üzləşənlər az deyil.
Buna görə də mobil sim kartı daimi istifadə üçün başqasına verən şəxslərin inzibati məsuliyyətə cəlb olunması məsələsi Milli Məclisin gündəliyinə çıxarılıdı. "Telekommunikasiya haqqında" qanuna təklif edilən dəyişiklik Milli Məclisin plenar iclasında müzakirəyə çıxarıldı və qəbul edildi. Bəs bu, problemi həll edəcəkmi? Nəzarət mexanizmi necə olacaq?
Vəkillər kollegiyasının üzvü, vəkil Xəyal Bəşirov"Kaspi”yə açıqlamasında bildirdi ki, öz adına olan nömrəni başqasına istifadə üçün verənlər bəzən ciddi problemlərlə üz-üzə qalırlar: "Məsələn, olur ki, ağır cinayət törətmiş şəxs və ya cəzaçəkmə müəssisəsində olan biri başqasının adına olan nömrəni istifadə edən kiməsə zəng edir, yaxud ona zəng edirlər. Bu cür hallarla bağlı cinayətin izləri araşdırılarkən nömrə qeydiyyatda kimin adınadırsa, o çağrılır və istintaqa cəlb olunur. Düzdür, ədalətli araşdırma nəticəsində hər şeyin üstü açılır. Ancaq bir çox hallarda bu, gec olur. Bəzən gizli istifadə edəndən sonra nömrəni qırıb atırlar. Sonra nömrəni öz sahibi, yoxsa başqa birinin istifadə etdiyini müəyyənləşdirmək çətin olur. Hələ vəziyyət bir az ağırlaşan kimi, istifadə edən deyir ki, xəbərim yoxdur, məndə elə nömrə olmayıb. Düzdür, araşdırma aparmaqla hansı nömrədən, kimlərə zəng getdiyini müəyyənləşdirək olur. Amma bu bir az çətinliklə başa gəlir. Yəqin ki, bunları nəzərə alaraq belə bir addım atmaq istəyirlər”.
Vəkil deyir ki, indiyə qədər qanunda hər hansı məhdudiyyət olmadığı üçün istənilən adam öz adına olan nömrəni başqasına rahatlıqla verə bilərdi: "Bu kimi məqamlarla bağlı problemlər çox olur. Məsələn, mobil nömrələrin satışı ilə məşğul olanların da bundan sui-istifadə etdiyi hallar olur. Çünki şəxs nömrə alarkən şəxsiyyət vəsiqəsinin surətini çıxarıb onlara verir. Nömrə satışı ilə məşğul olanlar başqa nömrələri də onlarda olan vəsiqələrdən birinin adına yazıb başqalarına istifadə üçün veriblər. Birinin adına olan nömrəni başqasının istifadə etməsi ilə bağlı qadağa olmadığı üçün heç çox adamın bundan xəbəri də olmur. Elə hallar olur ki, kimsə telefonla zəng edib kimisə hədələyir, təhqir edir. Müvafiq orqanlar nömrəni sahibi vasitəsilə axtarmalıdır. Sahibi isə nömrənin onda olmadığını deyir. Onun heç xəbəri olmur, amma məlum olur ki adına olan nömrədən kimsə zəng vurub, problem yaradır”.
X.Bəşirovun sözlərinə görə, ailə üzvlərinin adına olan nömrəni işlətmək də qanunla qadağan edilməlidir: "Tutaq ki, ata nömrəni öz adına alıb oğluna verir. Oğlan da gedib nə isə hadisə törədir. Nömrə vasitəsilə hansısa cinayətə vasitəçi olursa, buna ata məsuliyyət daşıya bilməz. Ailə üzvlərinin bir-birinin adına nömrə işlətməsinə də məncə, qadağa ola bilər. Çünki münasibəti yaxşı olmayan iki eyni ailə üzvündən biri digərinin şəxsiyyət vəsiqəsi ilə nömrə alıb istifadə edərsə, problem olanda, adına nömrə olan şəxsi çağıracaqlar. Fikrimcə, şəxs yetkinlik yaşına çatıbsa, nömrəsi öz adına olmalıdır, qanunda yəqin ki, bu da nəzərdə tutulacaq”.
Vəkil qeyd etdi ki, amma bunun tətbiqi bir az çətin ola bilər: "Tutaq ki, mənim adıma 3 nömrə var, həmin nömrələri eyni zamanda istifadə etməyimlə bağlı gedib harasa sənəd təqdim etməliyəm. Əgər müəyyənləşsə ki nömrəni başqa adama vermişəm, bu zaman məsuliyyətə cəlb olunacam. Qadağanın necə tətbiq olunmasıyla bağlı detallı nəsə deyə bilmərəm. Tətbiqi çətin olacaq. Mənim adıma 5 nömrə varsa, məni çağırıb gündə müəyyənləşdirməyəcəklər ki, özün istifadə edirsən, yoxsa yox? Yəqin ki, bunun da tətbiqi mexanizmi qanunla müəyyən olunacaq”.
"Multimedia" İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz deyir ki, bu dəyişikliyin tətbiqi ilə bağlı effektiv mexanizm olmadığı üçün uğurlu olmayacaq: "Effektiv mexanizm yoxdursa, bu necə tətbiq olunacaq? İrəliyə sürülən arqument təhlükəsizlikdirsə, indi dünya qloballaşıb və digər resurslar da var. Kimsə sui-istifadə etmək istəsə, ev telefonundan, internetin təqdim etdiyi min cür üsullardan yararlana bilər. Ona görə o arqumenti irəli sürərək bu cür mexanizm təklif etmək effektli deyil. Problem var, amma onun həlli üçün sim kartın qeydiyyat mexanizmini təklif etmək anlayışı doğru deyil. İndiyə qədər mövcud olan situasiyadan danışaq. Ölkədə 15 milyona qədər sim kart var. Hər adama 3 sim kart düşür. Ailədə 5-6 sim kart varsa, bir adamın adına olur. Şirkətlərdə də bir bir neçə sim kart işlədilir, amma bir adamın adınadır. İndiqə qədər mövcud olan situasiya özü bu cür mexanizmin diqtə olunmasını zəruri hesab etmir. Deyək ki, bu gündən sonra hər bir adamın nömrəsini öz adına qeydiyyatdan keçirəcəklər. Amma indiyə qədər olanlara aid olmayacaq. Mövcud problemin həlli üçün irəli sürülən mexanizmi normal və effektiv hesab etmirəm”.
O.Gündüz bildirdi ki, mobil nömrənin yox, mobil avadanlığın nömrəsinin qeydiyyatı ilə bağlı indi mövcud olan İMEİ sistemini daha da təkmilləşdirmək, daha çevik etmək doğru olar: "Və əgər identifikasiya etmək (eyniləşdirmək) lazımdırsa, mobil operator bilir ki, onun telefonundan kim istifadə edir. Qanunvericiliklə eyniləşməyi mobil operatorların üzərinə qoymaq daha effektli olar, nəinki qeydiyyat mexnaizmi ilə bağlı indi tətbiq ediləcək variant. Bu ciddi fəsadlar yaradacaq. Cərimlər müəyyən ediləcək ki, bu da ailələr üçün problemlər yaradacaq. Hardansa gedib arayış gətirmək tələb olunacaq ki, bu da vətəndaş üçün problemdir. Müasir zamanda, elektron hökumət quruculuğunun indiki dövründə bu məsələni effektiv və normal bir mexanizm kimi qəbul etmirəm”.
Millət vəkili Çingiz Qənizadə deyir ki, bu qanun qəbul edilsə də, işlək olmayacaq: "Qanun Milli Məclisdə müzakirə olundu və qəbul edildi. Amma əleyhinə olanlar da oldu. Mən də belə hesab edirəm ki, orada müəyyən müstəsna hallar olmalıdır. Məsələn, ailə üzvlərinə sim kartın, telefonun verilməsi inzibati məsuliyyət yaratmamalıdır. İndi düzdür, kimsə nömrəni başqasına verir, o da kiməsə verir, cinayətkarlığın qarşısının alınması üçün gələcəkdə müəyyən problemlər yarada bilər. Ən azı, o bəndə mütləq yazmalıydıq ki, yaxın adamları və ailə üzvləri istisna olmaq şərtilə. Belə çıxır ki, övladımıza nömrə alıb versək, ondan istifadə ilə bağlı müvafiq icra hakimiyyətinə məlumat verilmədikdə, sabah inzibati məsuliyyət daşıyacağıq. Hesab edirəm ki, tələsik qəbul edilmiş qanundur. Çünki zaman-zaman belə qanunları qəbul etmişik, amma sonra işləmə mexanizminin hansı dərəcədə olması ilə əlaqədar olaraq onlara müəyyən dəyişikliklər edilib”.
Aygün Asimqızı
banner

Oxşar Xəbərlər