• çərşənbə, 24 Aprel, 10:33
  • Baku Bakı 13°C

Mobil cüzdan yaradan gənc – Müsahibə

20.06.15 11:33 2386
Mobil cüzdan yaradan gənc – Müsahibə
Orxan Əhmədovun layihəsinə əsasən, bir neçə plastik kartı mobil telefonda daşıya bilərik
Son 5 ildə ölkədə nəhəng market şəbəkələrinin sayı artıb. Günümüzdə demək olar, alış-veriş etdiyimiz müəssisələrin hər biri müştərilərinə plastik kartlar paylayır, onlara endirimlər və aksiyalardan yararlanma imkanı verirlər. Lakin bu kartların üstünlüklər ilə yanaşı, onların çoxluğu da insanları narahat edir. Bütün kartları daşımaq, harada hansı birindən istifadə etməyi təyin etmək problemə çevrilib.
Ancaq elə bir layihə var ki, məhz bu problemi aradan qaldırmağı qarşısına məqsəd qoyub. Söhbət xərcim.az-ın tətbiqindən gedir. xərcim.az “Bakcell”in həyata keçirdiyi Applap layihəsi çərçivəsində ərsəyə gəlib. Mobil cüzdan rolunu oynayan layihə artıq ölkəmizdə kifayət qədər səs salmağa başlayıb. Biz insanların işini asanlaşdıran bu tətbiqlə maraqlanmaq üçün layihənin yaradıcısı, gənc start-up-çı Orxan Əhmədovla söhbətləşdik.
Əvvəlcə müsahibimizi tanıyaq

Həmsöhbətimiz 1983-cü il Bakıda anadan olub. 2000-2004 illərdə Qafqaz Universitetinin Bank menecmenti ixtisası üzrə bakalavr pilləsində, 2004-2006 illərdə isə sözügedən universitetin Biznesin təşkili və idarəedilməsi ixtisası üzrə magistr pilləsində təhsil alıb. Elektron ticarət üzrə 8 illik, sadiqlik sistemləri üzrə isə 4 illik təcrübəsi var. 2009-cu ildən internet bizneslə məşğuldur. Bir çox layihələrin müəllifidir. Ən sonuncusu xərcim.az layihəsidir.
- Orxan bəy, ilk dəfə internetlə tanışlığınız necə olub?

- İnternetlə ilk dəfə 2000-ci illərdə orta məktəb vaxtı tanış olmuşam. 2001-ci ildə ilk dəfə öz saytımı yaratmışdım. Artıq universitet vaxtı bu saytla məşğul olurdum. Daha sonra Bakıda tapılmayan məhsulları internet vasitəsi ilə sifariş verib gətirməyə başladım. Lakin buna biznes kimi deyil, hobbi və yardım kimi yanaşırdım. Sonralar bunu mağaza şəklinə salmağa başladım. Buradan qazandığımız gəlirlər isə həmin vaxt müasir rəqslərin və tədbirlərin təşkilinə xərclənirdi. İnternet biznesdən gəlir məqsədli istifadəyə 2009-cu ildə başladım. İlk dəfə özümə E-baydan mobil telefon sifariş vermişdim. Daha sonra öz dostlarım, tanışlarım da bir neçə sifariş verdi. Həmin vaxt anladım ki, buna bazarda tələbat var. Profil açıb sifarişləri qəbul etməyə başladım. Mobil telefonlardan sonra digər elektron cihazların da sifarişinə geniş ehtiyac olduğunu gördük. İxtisasım bank menecmentliyi olsa da, bankda iki aylıq praktikadan sonra bu sahənin mənə yad olduğunu anladım və internet biznesi ilə professional şəkildə məşğul olmağa başladım.
- Xərcim.az layihəsi barədə məlumat verərdiniz, zəhmət olmasa. Bu layihə hansı zərurətdən yarandı?

- Xərcim.az layihəsinin əsas məqsədi istifadəçidə olan bütün bonus, endirim, hədiyyə kartlarını bir əldə toplamaq, yalnız smartfonun köməyi ilə onları idarə və istifadə etməkdir. Bundan əvvəl yüzlərlə marketdən alış-veriş edərkən cəmi bir kartla bonus qazanmaq imkanı verən “MultiBon” bonus sisteminin qurucularından biri olmuşam. Sistemi qurarkən ölkədə sadiqlik sistemlərinin populyarlığının elə də yüksək olmadığını anladım. Bu özünü istifadəçinin özündən çox, partnyor müəssisələrdə büruzə verirdi. Yəni sadiqlik sistemlərinin populyarlaşması üçün hər hansı müəssisə öz sadiqlik sistemini işə salıb işlətməli, daha sonra ümumi sistemlərlə əməkdaşlıq etməlidir. Bir gün fikir verdim ki, cüzdanımda həddindən çox supermarket kartı toplanıb. Bu problemi aradan qaldırmaq üçün kartları bir yerə toplayan, yerlərdəki endirimlər haqqında məlumat verən bir portal hazırlamağa qərar verdim. Əvvəl portal halında planlaşdırsaq da, sonradan mobil tətbiqi işləməyə başladıq. İstifadəçiyə də daha rahat olması üçün ən ideal vasitə mobil telefon idi.
- Xərcim.az layihəsi insanlara nə verir? Layihənin müsbət tərəfləri nədir?

- Layihənin üstün cəhəti plastik kartların bir yerə toplanmasıdır. Lakin burada da müxtəlif problemlər yaranır. Hazırda bəzi kartları mobil telefonda daşımaq mümkün deyil. Nömrəli kartları isə rahatlıqla mobil telefonunuza köçürə bilər və istədiyiniz yerdə ondan istifadə edə bilərsiniz. Hələ ki bank kartları buraya daxil deyil. Buna səbəb isə bir sıra təhlükəsizlik səbəbləridir. Gələcəkdə biz bunu da nəzərə almağı planlaşdırırıq. İkinci üstün cəhəti odur ki, biz platforma kimi fəaliyyət göstəririk ki, istifadəçimiz sadiqlik kartlarını toplayaraq öz xüsusi endirimlərini bizim platformada yerləşdirə bilər. Bizim platformada hansı sistemlərin işlədiyini rahatlıqla müəyyən etmək olar və ən əsası, supermarketlərin və digər böyük müəssisələrin aylıq jurnallarında olan bütün endirimlər yerləşdirilir. Real olaraq bu jurnala böyük məbləğdə pul xərclənsə də, insanlar bundan çox da istifadə etmirlər. Biz bu jurnallardakı məlumatları platformamıza yerləşdiririk.
- Layihəni yaratmaqda məqsədiniz nə idi?

- İlk məqsədimiz insanları çoxlu kart gəzdirməkdən xilas etmək idi. Məsələn, mən həm iş yerində, həm evimizdə, həm də digər məkanlarda supermarketlərdən alış-veriş edərkən müxtəlif kartlardan istifadə etmək məcburiyyətində idim ki, bonuslarımı itirməyim. Elə bu ideya da oradan irəli gəldi. Bizim üstünlüyümüz həm də gündəlik statistikalara nəzarət etməyimizdir. Nə qədər insanın platformaya giriş etdiyini, neçəsinin bundan sonra sifariş verdiyini rahatlıqla görə bilirik. Eyni zamanda, insanları yaş və cins kateqoriyalarına görə ayırırıq.
- Bir neçə layihənin müəllifisiniz. Sizcə, investisiya qoymaq baxımından Azərbaycanda vəziyyət necədir?

- Azərbaycanda hazırda şirkətlər az invesitisya qoyub, daha çox gəlir əldə etməyə çalışırlar. Lakin son zamanlar investisiyanın vəziyyəti elə də ürəkaçan deyil. Biz öz layihəmizə investisiyanı İKT fondundan qrand udub qoymuşuq. Bizim layihəmiz təkcə Azərbaycan bazarı ilə kifayətlənməyəcək. Qarşıda Türkiyə, Ukrayna, Birləşmiş Ərəb Əmirlikləri bazarına qoşulmağı planlaşdırırıq. Həm də xaricdə artıq onlar bunu bilirlər və təcrübə daha çoxdur.
- Layihə özünü doğruldurmu? İnsanların reaksiyası necədir?

- Layihə özünü doğruldur. Düzdür, müxtəlif problemlərlə qarşılaşsaq da, bu, bazarla əlaqəlidir. Bizdə texnologiya zəifdir, proqramçılar çatışmır. Azərbaycan bazarında müştəriləri bir neçə il qabaqlasaq da, xariclə müqayisədə bir neçə il geridəyik. Məsələn, bir neçə supermarketdə yeni texnologiyanın olmaması ucbatından readerlər ekrandakı yazını oxumur. Bu halda, bizim kart istifadəyə yararsız olur. Bəzən də insanlar proqramı yüklədikdən sonra maraqlanmadan proqramı silirlər. İnsanlar arasında bu sahədə maariflənirilmə aparılmalıdır.
- Sizin üçün pul qazanmaq önəmlidir, yoxsa işinizdən zövq almaq?

- Burada hər iki faktor önəmlidir. Desəm ki, mən işimdən pul qazanmaq istəmirəm, sadəcə zövq almağa çalışıram, yalan deyərəm. Pul qazanmaq vacibdir, zövq aldığın işdən pul qazanmaq isə daha önəmlidir. Gördüyüm işdən zövq alacamsa, o işi daha yaxşı görəcəm. Belə olan təqdirdə, daha çox pul qazanacam. Çünki bu, biznesdir, sosial fəaliyyət deyil. Pul qazanmalıyam ki, layihəmi həyata keçirə bilim.
- Gələcək planlarınızdan danışın.

- İlk olaraq məqsəd bazara yeni texnologiyaları tanıtdırmaqdır. Biz komanda şəklində fəaliyyət göstəririk. Sahə geniş, görüləcək iş çoxdur. Eyni zamanda, müxtəlif boşluqlar var. Bazarın özünün də böyük məsuliyyəti var. İnsanların bunu qavraması və istifadəsini anlaması zaman alır. Statistikaya əsasən, Azərbaycanda dörd milyon smartfon var. Lakin ümumilikdə, cəmi bir milyon smatfondan istifadə edildiyini görərik. Bir milyon istifadəçinin smartfondan nə məqsədlə istifadə etməsi özü böyük bir sualdır. Sadəcə, kommunikasiya yönümlü proqramlardan daha çox istifadə olunur. Bu səbəbdən hələ görüləcək çox iş var.
Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər