MKM –ə təqdim olunan bəzi əsərlər Hollivud filmlərinə oxşayırdı

MKM –ə təqdim olunan bəzi əsərlər Hollivud filmlərinə oxşayırdı

Mədəniyyət
29 Mart 2013, 08:45 1355
Milli Kitab Mükafatının onluğu açıqlanıb. 200-dən artıq əsərin təqdim olunduğu Milli Kitab Mükafatının ənənəvi olaraq müsabiqədən razılar və narazılardan ibarət iki cəbhəsi yaranıb. İyirmilikdən onluğa adlaya bilməyənlər adətincə müsabiqənin nəticələrini ədalətsiz sayır, onluğa düşüb qaliblik uğrunda mübarizə aparanlar isə hələ ki, yaranan söz-söhbətləri, narazılıqları təbii hesab edirlər.

Amma müsabiqə bu siyahılarla yekunlaşmır. Tərkibi tanınmış yazar və ictimaiyyət nümayəndələrindən ibarət Münsiflər Heyəti bir neçə ay ərzində ən yaxşı əsəri müəyyənləşdirəcək.

Ekspertlərin sözlərinə görə, hələ təqdim olunan əsərlərin arasında iyirmiliyə və onluğa düşməyən əsərlər də var ki, onlar da müəyyən nominasiyalarda qalib olmaq şanslarını itirməyiblər. Belə ki, gənclər, şeir, nağıl nominasiyalarının qalibini münsiflər yox, ekspertlər seçəcək. Yəni, böyük olmasa da bəzi şanslar, bəzi ümidlər hələ itirilməyib.

İdeallıq axtarmağa dəyməz

“Bundan sonrakı mərhələ artıq ekspertlərin işi deyil. Buna münsiflər qərar verəcək. Bizim işimiz bu mərhələyə qədər idi” deyən MKM-nin eksperti Zahir Əzəmət ümumiyyətlə, müsabiqənin proseduru haqqında məlumat verərək bildirib ki, təqdim olunan əsərlər bir neçə mərhələdən keçir. Belə ki, əsərlər ilkin mərhələdə beş kriteriya - üslub, dil, ideya, süjet və forma üzrə qiymətləndirilir:

«Ekspertlər bu şərtlər əsasında qiymətləndirmə aparırlar və ələnərək əvvəlcə 20 əsər təyin edilir. Daha sonra bu 20 əsərin arasından təkrar səsvermə keçirilərək, həmin 5 ekspertin ortaq rəyi ilə ən çox səs toplayan 10 əsər növbəti qısa siyahıya daxil edilir. Nəticə təkcə bir nəfərin yox, 5 ekspertin rəyini əks etdirir». Z.Əzəmətin sözlərinə görə, müsabiqəyə təqdim olunan əsərlərə rəqabətin o qədər də güclü olmadığını deməyə əsas verir: «Ən yaxşı əsərlər elə iyirmilikdə öz əksini tapmışdı. Müəyyən kriteriyalar əsasında bəziləri onluğa düşdü. Baxmayaraq ki, müəyyən gənclər narazılıq etdi. Biz Apelyasiya Şurası təşkil etdirərək onların iradlarını dinlədik və cavablandırdıq. Əslində elə bir narazılıq da yox idi. Onsuz da hamını razı salmaq mümkün deyil. Əsas hədəf iyirmiliyə daxil edilən əsərləri diqqət mərkəzinə gətirmək, kitabların oxunmasına nail olmaq, müəlliflərin yaradıcılığının kölgədə qalmamasına maraq yaratmaqdır. Biri qalib gələcək, biri gəlməyəcək – bu, sonrakı texniki məsələlərdir. Bu iki ildə kim ki, əsər yazıb və müsabiqəyə təqdim etməyi lazım bilib onların arasından yaxşı olan əsərləri seçib diqqət mərkəzinə gətirməyə çalışmışıq».

Müsabiqəyə təqdim olunan əsərlər arasında rəqabətin güclü olmamasına aydınlıq gətirən ekspert qeyd edib ki, bunun müxtəlif səbəbləri ola bilər: «Ədəbiyyat o demək deyil ki, mütləq planla müsabiqə üçün güclü əsər yazılmalıdır. Ola bilər ki, bir il sonra hansısa yaxşı bir əsər yazılsın. Ola bilər ki, kimsə öz əsərlərini təqdim etməyib. Müsabiqəyə təqdim olunan əsərlər konkret olaraq son ilyarımı əhatə edən əsərlərdir. Ola bilsin ki, bu müddət ərzində çoxlu yaxşı əsərlər də yazılmayıb. Biz hər il çox çətinlik çəkirdik. Müəyyən rəqabət mühiti olurdu. Mən demirəm ki, indi yaxşı əsərlər yoxdur. Biz iyirmiliyi müəyyən edəndə o qədər çətinlik çəkmədik. İyirmilikdə qabaran əsərlər ilk dövrdən favoritliyini sona qədər saxladı. Bir də var ki, bir yer üçün iki-üç müəllif mübarizə aparsın. Biz də onları müəyyən etmək üçün səhvə yol verməməyə çalışırdıq. Amma bu il elə olmadı».

Ekspertin fikrincə, gənclərin müəyyən uğurlu əsərləri müsabiqəyə təqdim olunub. Bununla belə, müəyyən qüsurlar da üzə çıxıb: «Biz müzakirələrdə də bunları vurğuladıq. Hiss olunurdu ki, bəzi əsərlərdə müəyyən tələskənlik var. Ümumi tendensiya isə o idi ki, populyar ədəbiyyata meyl sürətlə artıb. Bir çox tanınan və tanınmayan gənclərin əsərləri Hollivud filmlərinin təsiri altında yazılmış əsərlərdir. 20 yaşına çatmayan gənclər birdən-birə 3-4 roman təqdim etmişdilər. Bizə sonradan da aydın oldu ki, onlar heç 2-3 Azərbaycan müəllifinin əsərini oxumayıblar. Sadəcə, 30-40 Hollivud filmini seyr edərək roman yazıblar. Görünür, bu da müasir dövrün “tələb”ləridir».

Onluğa düşə bilməyən müsabiqə iştirakçılarının arqumentlərinə münasibət bildirən ekspert qeyd edib ki, müzakirələrdən sonra onların bir çoxu nəticələrlə razılaşıb: «Aralarında 1-2 nəfər isə hesab edirdilər ki, onların əsərləri çox güclüdür. Ancaq əsas problem dil, bədiyyatla bağlı idi. Onlar hesab edirlər ki, dil o qədər vacib deyilmiş və onların süjeti ən yaxşıdır. Biz qüsurları söyləyəndə təbii ki, kimsə razılaşırdı, kimsə yox. Ümumiyyətlə, ədəbiyyat elə bir sahədir ki, ona nəzəri baxımından kiməsə başa salmaq istəyəndə bəlkə illərlə həmin adama dərs keçməlisən. Ya da hər kəs öz içində o nöqtəyə gəlib çıxır. Ədəbiyyat istedad və təcrübənin çuğlaşmasıdır”.

Zahir Əəzəmət istisna etmir ki, nəticə həm də müsabiqəni təmsil edən 5 ekspertin ortaq rəyi deməkdir: “Bəlkə də ekspertlərin tərkibi başqa cür olarsa, iyirmilikdə 3-4 müəllif fərqlənə bilər. Amma hər kəs bilir ki, biz neçə illərdir seçimi hansı qaydalarla aparırıq, kriteriyalarımızı da açıq-aydın izah etmişik. Hər kəs də bu şərti qəbul edərək müsabiqəyə əsər təqdim edib. Heç bir müsabiqənin nəticəsi də «Ədəbiyyat yalnız budur» demək deyil. Ədəbiyyat hər hansı idman yarışı da deyil. Yəni Məsələn, Nobel mükafatı alanların siyahısına baxaq. Məsələn Tolstoy kimi bir yazıçı bu mükafatı almayıb. Ancaq dünya klassik ədəbiyyatında ən yüksək zirvədə dayanır. Elə yazıçılar da var ki, bu mükafatı alsalar da adları unudulub. Mükafatlar şərtidir”. Ekspert mümkün qədər obyektivliyə yaxın nəticə əldə etməyə çalışdıqlarını qeyd edib: “Biz obyektivliyə yaxın olmağa çalışırıq. Həyatın heç bir sahəsində, heç bir prosesdə mütləq obyektivlik yoxdur. İdeallıq axtarmağa da dəyməz”.

“Yaxşı heç nə gözləmirdim”

Ekspertlərin rəyləri əsasında baş verən ələnmə yuxarıda qeyd etdiyim kimi, birmənalı qarşılanmayıb. Xüsusən, təşkilatçılardan birinin “Faciə onluq elan olunandan sonra baş verəcək”- sözləri adı onluğa düşməyənlər arasında az qala ajiotaj yaradıb. Məsələn, Milli Kitab Mükafatında «İkinci oğul» adlı əsəri ilə təmsil olunan Əliabbas Bağırovun fikrincə, müsabiqə həmişəki kimi ədalətsiz keçirilib:

«Mən bu müsabiqədən nə gözləyirdimsə, o nəticə də oldu. Düzü, yaxşı heç nə gözləmirdim. İyirmilik elan olunanda Rəşad Məcid dedi ki, “nə qədər bu siyahıda Əliabbas Bağırovun, Aslan Quliyevin, Eyvaz Zeynalovun imzaları olacaq? Hər yerdə bunların adlarıdır”. Əslində mən bu müsabiqəyə əsər təqdim etmək istəmirdim. Sadəcə, dostum Aslan Quliyev dedi ki, bəs biz əsərlərimizi hara təqdim etməliyik? Yazıçılar Birliyi, Mədəniyyət və Turizm Nazirliyi müsabiqələr keçirir. Biz ora əsər vermirik. Heç olmasa, Milli Kitab Mükafatına əsər verək. Bəlkə həqiqət heç olmasa, burada qala. Mən də buna görə əsər təqdim etdim ki, müsabiqənin nəbzini yoxlayım”.

A.Bağırov iddia edir ki, o müsabiqədə birincilik qazanmaqdan ötrü yox, əsərinin təbliğ olunmasından ötrü iştirak edib: “Sadəcə, istəmişdim ki, əsərimin bir qədər reklamı olsun. Heç olmasa, bilsinlər ki, belə bir əsər var. Təəssüf ki, o əsəri bizim oxucularımız oxumayıblar. Mən müsabiqədə təmsil olunan ekspertlərin zövqünə yüksək qiymət verirəm. Sadəcə, elə başa düşürəm ki, onluğun formalaşdırılması onların iştirakı ilə olmayıb. Əgər onların sözləri keçirdisə, hesab edirəm ki, mənim əsərim mütləq onluğa düşərdi». Ə.Bağırov onluğa daxil olunan əsərlərin layiqli olduğunu da istisna etmir: «Adı onluğa daxil olan müəlliflər hamısı mənim hörmət etdiyim yazarlardır. Onlara qarşı heç bir iddiam yoxdur. Onların əsərləri də ədəbiyyatımızın qazancıdır. Mən də qalib gəlsəm, başqası da gəlsə – bunlar hamısı ədəbiyyata qalır. Bizə heç nə qalmır».

“Bu narazılıqlar olmalıdır”

“Kuma-Manıç çökəkliyi” əsəri ilə adı MKM-nin onluğuna düşən Azad Qaradərəli isə hesab edir ki, hər bir müsabiqə ədəbiyyatımızın təbliğinə və inkişafına xidmət edir: «Mən inanmasaydım, bu müsabiqəyə əsər təqdim etməzdim. Ekspertlərə, təşkilatçılara inanıb əsər vermişəm». Bununla belə, A.Qaradərəli ideal müsabiqə olmadığını da istisna etmir: «Təbii ki, bu müsabiqənin də kəm-kəsirləri var. Ancaq mənə elə gəlir ki, indiyə qədər keçirilən müsabiqələrin içində bu, ən layiqli müsabiqədir. Gələcəkdə mənim bu müsabiqədə yer tutub-tutmayacağımdan asılı olmayaraq bu, bizim ədəbiyyatımızın xeyrinə olan bir müsabiqədir».

A.Qaradərəli müsabiqənin qısa siyahısı ilə bağlı yaranan narazılıqlara da münasibətini bildirib: «Bu narazılıqlar olmalıdır. Heç kimə demək olmaz ki, sən niyə narazısan? Hər kəs yazdığı əsəri ən yaxşı hesab edir. O, fikirləşir ki, onun əsəri siyahıya düşməli idi. Bu baxımdan bu cür iradlar da təbii qarşılanmalıdır».

Göründüyü kimi, narazılar öz fikirlərində qalır, təşkilatçılar isə “ideallıq heç yerdə yoxdur” deməklə bir növ yaxalarını kənara çəkirlər. “Biz həqiqəti axtarırıq” deyilsə də qızıl həqiqətə hələ ki, can atan o qədər də görünmür. Nə qədər “yaxşı əsərlər milli ədəbiyyatımız üçündür” fikirləri səslənsə belə. Görünür oxucu kitabı əlinə almayınca, tərəzinin gözü həmişə əyri qalır.
Yenə də son nəticəni gözləyək...

Təranə Məhərrəmova