• cümə, 29 Mart, 10:12
  • Baku Bakı 5°C

Mitya Karamazov milli xarakter kimi

16.01.17 12:30 6041
Mitya Karamazov milli xarakter kimi
Mitya Karamazov qardaşları İvan və Alyoşadan fərqli olaraq öz davra­nı­şında və həyatında heç bir fəlsəfi görüşə, mənəvi prinsipə əsas­lanmır. O, sadəcə olaraq yaşayır və öz yaşamında çox da düşünüb-daşınmadan, fəlsəfəçiliyə varmadan həyat duyğusuna əsaslanır. Odur ki, əgər roma­nın fəlsəfi mərkəzi İvan, dini, mistik mərkəzi isə Alyoşadırsa, onun hadisə­lər burulğanının mərkəzində Mitya dayanmışdır. Əgər İvan Avropanı və av­ro­pa­pə­rəstliyi, Alyoşa isə xalqı və xalqpərəstliyi təmsil edirsə, Mitya Kara­mazov sadəcə olaraq Rusiyanı, rus həyatını və rus milli psixologiyasını təmsil edir.
Dmitri Karamazov da özünə görə mürəkkəb və dərin xarakterə, güclü və ehtiraslı təbiətə malikdir. O, sanki özünü həyatın axarına atır, öz hərəkətlərini hansısa mənəvi, etik, dini prinsiplər işığında saf-çürük etməyə macal tapmır. Dmitri Karamazovun qəlbinin üst qatlarında tufanlar tüğyan edəndə onun dərinliklərində bir sakitlik hökm sürür. Amma bu, çox çəkmir və tez bir zamanda hadisələr və qəhrəmanın başına gələnlər Mityanın ruhunun dərinliyində uyuyan duyğuları hərəkətə gətirir və bu zamandan etibarən biz Mityanın simasında artıq başqa bir insanı – həm dərindən duymağa, həm də düşünməyə qadir bir şəxsi görürük. Bu, sonralar baş verəcəkdir. Hələliksə Mitya hadisələr selinə düşmüş və dərin ruhi vəziyyətdən, ilahi dəyərlərdən xəbərsiz yaşayır.
Mityanın üç yaşı olanda anası onu atıb hansısa seminaristə qoşulub qaçır. Uşağı nökər Qriqori öz himayəsinə götürür. Sonra o, anasının qohumlarının himayəsinə keçir. Gimnaziyanı yarımçıq atır, sonra hərbi məktəbə daxil olur, Qafqazda peyda olur, qulluqda uğur qazanır, dueldə vuruşur, hərbi rütbəsi aşağı salınır, yenidən yüksəlir, vaxtını kefdə və eyş-işrətdə keçirir, çoxlu pul xərcləyir.
İnsanın tərbiyəsində əsas amillərdən biri, Dostoyevskinin fikrincə, onun uşaqlıq təəssüratlarıdır. Sonralar həyatın həlledici məqamlarında bu təəssüratlar sanki qəlbin dərinliyindən üzə çıxır və adamın müqəddəratında vacib və həlledici rol oynayır. Mityanın uşaqlıq illərində parlaq təəssüratlar az olmuşdur. O sanki tənhalıq içində böyümüşdü. Onun hərəkətlərilə dərin ruhi vəziyyəti və duyğuları arasında bir ziddiyyət vardı. Yəni o sanki bir dəyərlərlə yaşayır, hərəkət edir, onlara can atır, qəlbinin dərinliyində isə özündən xəbərsiz başqa dəyərlər gəzdirir. O, bir tərəfdən, kobud, davakar, rəhmsiz və qəddardır, digər tərəfdən onda gözəlliyi duyan, Şillerdən şeirlər əzbər bilən incə qəlb və saf düşüncə vardır. Onun qəlbi hələ öz istinadgahını, öz idealını tapmamışdır. Amma onda bu ideala böyük ehtiyac olduğu aydın sezilir. Bu cür ehtiraslı şəxsiyyətlər yalnız əsl, böyük idealı tapandan sonra sakitləşə bilirlər. İdealsız onlar dağıdıcı qüvvəyə çevrilir və öz orbitini itirmiş meteora bənzəyirlər. Bu idealı, bu mənəvi dayağı Mitya sonralar, oddan-alovdan keçəndən və çaşqınlıqlara düçar olandan sonra tapacaqdır. Bu ideal əvvəlcə rus qadınına məhəbbət kimi ortaya çıxacaq və Mitya Qruşenkanı sevəcək, onda bir doğmalıq, mərhəmlik tapacaq. Anasız və atasız böyümüş Mitya üçün bu, təbiidir. Sonra isə o, öz qəlbinin əsl istinadgahına - Allaha tapınacaq. Bu, sonralar baş verəcək. Hələlik isə Mityanın həyatı səhvlər, ehtiraslar və çaşqınlıqlar girdabında keçir.
Mityanın həyatının bu iki mərhələsi: çaşqınlıqlar içində vurnuxması və nəhayət, ruhi istinadgahı tapması onun iki qadına vurulması ilə səciyyələnir. O, əvvəlcə Katerina İvanovnanı sevir, bu məğrur və gözəl general qızına vurulur. Bu vurğunluq, nədənsə, həm də nifrətə bənzəyir. Onun bu məhəbbətində bir nifrət qarışığı var. General qızının qarşısında Mitya özünü bir heç kimi görür. Bu da onun məğrur heysiyyətini sarsıdır. Vurğunluq da elə buradan başlayır – hey­siy­yət­dən. Amma general qızı ona məhəl qoymur. Mitya Alyoşaya deyir: "Bilir­sənmi, vurulmaq nə deməkdir? Vurulmaq hələ sevmək demək deyildir. Nifrətlə də sevmək olar”. O, Katerina İvanovnanı bu cür əzablı nifrətlə sevirdi. Bu iki sevən sanki eqoizm döyüşünə çıxmışdılar. Hər biri öz üstünlüyünü təsdiq etmək istəyirdi. Eqoistlərin məhəbbəti bu cür olur. Əsl məhəbbətdə isə qürura yer olmur. O, Qruşenkanı bu cür sevəcəkdir. Odur ki, Mityanın qəlbi həm gözəllikdə, həm də rəzillikdə təskinlik tapır. O, bu əks dəyərlərə eyni dərəcədə ehtiyac duyur. "Gözəllik dəhşətli bir şeydir!... Burada iblis Allahla vuruşur, döyüş meydanı isə insanların qəlbləridir”. Mityayla Katerina İvanovnanı bir-birinə bağlayan əsl mə­həb­bət deyil, qürurların toqquşması və mübarizəsidir.
İş elə gətirir ki, məğrur general qızı Mityanın ayağına gəlməli olur: Kateri­na­nın atası hökumət pullarını mənimsədiyinə görə həbsxanaya düşür. Onu xilas etmək üçün general qızı pul dalınca Mityanın yanına gəlir və onun bütün şərtlərini qəbul etməyə hazır olur. Mitya qızın özünü ata yolunda qurban verməyə hazır olduğunu görüb, onun bu şücaəti qarşısında öz alicənablığını göstərmək və bununla da ondan üstün olduğunu təsdiq etmək istəyir: beş min rublu ona verir və nəzakətlə, cəngavərcəsinə yola salır. Mityanın alicənablı­ğında bir eqoizm də vardır. Məhəbbətdə isə eqoizmə yer qalmamalıdır. Məhəb­bətdə iki deyil, yalnız bircə "mən” vardır. Məhəbbət iki "mən”in bir olmasıdır. Leyli və Məcnun məhəbbəti bu cür məhəbbət idi. XIX əsrin Məcnunu isə ağrılı şəkildə qürurlu bir məhəbbətlə sevir, sevdiyi məxluqda özünü, öz "mən”inin təsdiqini axtarır. Bu da məhəbbəti nifrətə çevirir. Sevənlərin bir-birinə olan mə­həbbəti onların bir-birinə nifrəti kimi təzahür edir. Bu nifrət də onları əbədi olaraq bir-birinə bağlayır və onlar sanki bu qarşılıqlı nifrətsiz yaşaya bilmirlər.
Mityanın Qruşenkaya olan məhəbbəti başqadır. Doğrudur, bu məhəbbət də nifrətdən başlayır. Qruşenkanın Fyodor Karamazovla sevdalaşmasını eşidən Mitya onu döyməyə gəlir, gəlir və əbədi olaraq bu qadının müti köləsinə çevrilir. Nəydi Qruşenkada onu bu qədər valeh edən? Bu müəmmalı qadının rus gözəlliyi! Mitya bu qadında sanki öz milli ruhunu, milli gözəlliyi, nəsə ana gözəlliyi və ana mərhəmliyi, ana doğmalığı kimi bir şeyi tapmışdı. O sanki yad bir mühitdən birdən-birə doğma ana qucağına düşmüşdü. Katerina İvanovnanın əzəmətli və məğrur gözəlliyində nəsə bir yadlıq, özgəlik, qorxunc bir cazibədarlıq vardı. O, bu gözəllik qarşısında, bu qürur qarşısında həm sarsılır, həm də çılğınlaşırdı. Sanki bu gözəllik onu mübarizəyə səsləyirdi. Qruşenkanın gözəlliyi Mityanı sakitləşdirir, ram edir, onun qəlbini qürur və eqoizm demonundan xilas edir. Mitya sanki saf bir uşağa çevrilir. Bu o deməkdir ki, onun qəlbi axtardığını tapmış və doğma zəminə tapınmışdı. Mitya bu məhəbbət vasitəsilə həyata qayıtmaq istəyir və bunun mümkünlüyünə inanırdı. Qruşenka onun üçün sadəcə olaraq gözəl qadın, məşuqə, həyat yoldaşı deyildi. Qruşenka onun üçün ideal idi – Dezdemonanın Otello üçün ideal olduğu kimi. Amma Mityanı da öz idealına qovuşmağa qoymadılar. Mityayla Otello arasında bir oxşarlıq da vardır: hər ikisi hərbiçidirlər, hər ikisi sadədil və güclü şəxsiyyətdirlər, hər ikisi öz həyat təcrübəsindən insanlar haqqında heç də yaxşı qənaət əldə etməmişlər, hər ikisinin həyatında sevgili qadın bir ideal kimi qarşıya çıxmış və onu itirmək onlara çox ağır gəlmişdi. Mityanın da qəlbində güclü bir qısqanclıq baş qaldırır. Elə ki Qruşenka onun nəzarətindən itir, bir uşaq sadəlövhlüyü ilə elə o saatda da onu qısqanmağa başlayır.
Bu arada Qruşenkanın keçmiş əri, polyak gəlib çıxır və onu görüşə çağırır. Qadının qəlbində ilk məhəbbəti, ilk gənclik ümidləri yenidən baş qaldırır və o, keçmiş əri ilə görüşə gedir. Bu həmin o anlar idi ki, Mitya Qruşenkanın Fyodor Pavloviç ilə olduğunu zənn edərək atasının evinə gəlmiş və onu öldürmək istəmişdi. Amma Qruşenka orada yox idi. Qoca nökər Qriqori Mityanın gəlişindən xəbər tutub onu təqib etmiş və Mitya da onu tunc dəstəklə başından vuraraq ağır yaralamış, əlləri və üst-başı qan içində yenidən Qruşenkanın mənzilinə gəlmişdi. Orada biləndə ki, qadın Mokroye kəndinə əri ilə görüşə gedib, Mitya onun dalınca yola düşmüş, özü ilə tapançalarını da götürmüş və orada Qruşenkayla görüşdən sonra səhərə yaxın özünü öldürmək qərarına gəlmişdi. Qruşenka onun son ümidi idi. Ona olan məhəbbəti Mityanı həyata qaytaracaq yeganə ümid yeri idi. İndi bu inamı da itirdikdən sonra Mityada həyat həvəsi sönmüşdü. Bir tərəfdən də Qriqorinin sağ qalacağından xəbərsiz halda özünü qatil hesab edirdi. İndi o, Mokroye kəndinə Qruşenkanı sonuncu dəfə olaraq görməyə, sonra isə öz həyatına son qoymağa gedir. Lakin Mokroyedə hadisələr elə cərəyan edir ki, Qruşenka keçmiş ərini deyil, Mityanı sevdiyini elan edir. Yeni ümid yeri yaranır və Mitya həyata qayıdır. Elə bu məqamda da onun dalınca polis məmurları gəlib onu ata qatili kimi həbs edirlər.
Məsələ burasındaydı ki, elə həmin gecə Fyodor Pavloviç öz evində Smerd­yakov tərəfindən qətlə yetirilmiş və qarət edilmişdi. Bütün şübhələr isə Mityaya sarı yönəlmişdi. Faktların hamısı onun əleyhinə şəhadət verirdi. Mityanın isə bircə dərdi qalmışdı – kaş ki Qriqori sağ qalaydı. O biləndə ki, Qriqori ölməyib, "mən qatil deyiləm” deyə vəcdə gəlmiş və özünü xilas olmuş kimi sanmışdı. Elə bu məqamda da onu başqa bir ittihamla – ata qatili kimi həbs etmişdilər. Mitya daxilən azad olanda, daxilən məqsədinə çatanda və özünü xoşbəxt hesab edəndə (Qruşenka onu sevir və o qatil deyil), zahirən o öz azadlığını itirir və məhbusa çevrilir. Onun ruhu azad olanda vücudu məhbəsə düşür.
Göründüyü kimi, Mityanın daxili dünyasında və ruhunda baş verən hadisələr bir-birinə zidd hadisələrdir. O, qəlbinin dərinliyində alicənab, sevən, günahsız bir insandır, zahirən isə, yəni faktlar dünyasında müqəssirdir. Elə burada da ruhi aləmlə realizm dünyası Mityanın aqibətində və həyatında üz-üzə dayanır. O bütün istintaq boyu inanır ki, günahsızdır, atasının qatili deyil, ona görə də haqq-ədalət öz yerini tutacaq. Amma onun xəbəri də yoxdur ki, faktlar arasında dolaşıb qalıb və qətl məsələsi onun boynunda qalacaq. Ona inanmadılar. Mitya günahsız olduğunu sübut edə bilmədi. Bu vəziyyətdən yalnız bir çıxış yolu var – taleyə tabe olmaq, aqibətin göndərdiyi bütün cəzalara mütiliklə boyun əymək. Bu da o deməkdir ki, real dünyadan, "realizmdən” daxili, ruhi dünyaya adlamaq və onun həqiqətinə tapınmaq gərəkdir. İnsan yalnız orada özünə təskinlik tapar və haqqa tapına bilər. Bu da qəlbin real dünyadan ruhi dünyaya, yer dəyərlərindən ilahi dəyərlərə, Ponti Pilat həqiqətindən İsa Məsih həqiqətinə üz tutmasıdır.
Bu keçid Mitya üçün sanki ayıq vəziyyətdən yuxu vəziyyətinə keçid kimi baş verir. Don Kixot da sanki yuxu dünyasında, röyada yaşayırdı, ayıldı və ayılan kimi də real həyatı, onun həqiqətlərini dərk edərək, artıq yaşaya bilmədi, məhv oldu. Mityada əks proses baş verir: o real dünyanın yalanları içində vurnuxur, əzab çəkir və nəhayət, yuxu dünyasına dalır, oradan da birbaşa ruh aləminə varır. Bu ruh aləmində real dünyanın dəyərlərinin və həqiqətlərinin heç bir əhəmiyyəti yoxdur, ruh əhli onları görmür, görsə də, əhəmiyyət vermir. Onunçün vacib olan ruhi dünyada, qəlb dünyasında baş verənlərdir. Yuxuda sanki Mitya özünə qayıdır, real aləmdə itirdiyi özünü tapır. Mitya ani olaraq yuxuya gedir və yuxuda belə bir röya görür: sanki o, haradasa, ucsuz-bucaqsız çöldə yol gedir. Yaxınlıqda kənd görünür, qapqara qaralmış, yanıb külə dönmüş daxmalar gözə dəyir. Yolun kənarına isə arvadlar – evsiz qalmış insanlar düzülmüşlər – hamısı da qupquru qurumuş, ac-yalavac, kir-pas içində. Onların içində bir nəfər ucaboylu, arıq arvad onun diqqətini çəkir. Onun qucağında südəmər körpə ağlayır, anasının döşləri quruyub və uşağı əmizdirə bilmir. Zavallı çağa ağlayır, elə hey ağlayır, çılpaq, soyuqdan gömgöy göyərmiş qollarını tərpədir. Mitya arabaçıdan soruşur ki, onlar niyə ağlayırlar. Arabaçı ağlayanın balaca çağa olduğunu söyləyir. Mitya hiss edir ki, onun qəlbindən indiyədək ona tanış olmayan bir duyğu baş qaldırır, onun da ağlamağı gəlir və nəsə elə bir şey etmək istəyir ki, çağa ağlamasın, onun qapqara qaralmış və qupquru qurumuş anası ağlamasın, elə bu an, təxirə salmadan nəsə etmək istəyir. Bu yerdə də onu ayıldırlar. Amma ağlayan çağa artıq heç vaxt onun yaddaşından çıxmayacaq. Bu röya Mityanın qəlbinin oyanışı idi. Oyanmış qəlbdə insan əzabları, insan rəzaləti əbədi olaraq özünə yer edir, silinməz iz buraxır. Bu qəlb bir daha yuxuya getməyəcək və zavallı Snegiryovu onun kiçikyaşlı oğlunun gözü qarşısında saqqalından tutub sürükləyən rəhmsiz Mitya öz yerini birdəfəlik bu ağlayan çağanın halına yanan Mityaya verəcəkdir. Onda Mityanın qəlbi yuxudaydı, indi o, ayılıb, ona görə də həyatı zahirdən deyil, daxildən seyr edir və insanların halına yanır. İnsanlara qarşı olan bu mərhəmət, bu qayğı onu gətirib Allah yoluna çıxaracaq. İnsanları sevmədən Allahı sevmək olmaz, insanlara qayğı göstərmədən Allaha inanmaq mümkün deyil. Dinin də, imanın da yolu real həyatdan və real insanlara qarşı olan qayğı və məhəbbətdən keçir. Dostoyevski belə düşünür. Ona görə də yazıçının din fəlsəfəsində insanla Allah birləşir.
Mitya yuxudan ayılan kimi ona ilkin istintaqın onun həbsi barədə qərarını oxuyurlar. Bu da "realizm”. Amma Mitya artıq başqa bir reallıqdan, başqa bir həqiqətdən halidir. O, təkcə yatdığı yuxudan deyil, həm də həyat deyilən yuxudan ayılmışdır. İndi ona digər, ali bir həqiqət bəllidir. Mityanın bu cür qəlbən, rühən ayılması üçün o, ağır bir zərbədən sarsılmalıydı, hansısa ağır bir faciə, iztirab onun ruhunu silkələməli idi. Bu da baş verdi. Mityanın ruhu oyandı. Oyanmış ruh cinayəti (kiminki olursa olsun) öz cinayəti kimi qəbul edir, özünü müqəssir sanır – günahsız müqəssir. Mitya ittihamı qəbul edir, amma atasını öldürmədiyini söyləyir. O, ağlayan çağanın yolunda Sibirə sürgün olunmağa hazırdır. İndi bütün baş verənlərdən sonra, Qruşenkaya məhəbbətdən və ata qətlində ittiham kimi bir ağır işgəncədən sonra Mityanın ruhunda bir dönüş, bir ayılma baş verdi. Bu andan etibarən hər bir kəsin ağrı-acısını, fəlakət və göz yaşlarını, iztirablarını o özününkü kimi qəbul edəcək və öz ürəyində duyacaq. Bu andan etibarən öz həyatı və başqalarının həyatı onunçün eyni olacaq. O, özü ilə başqaları arasında fərq qoymayacaq. Bu da o deməkdir ki, Mityanın qəlbi Allaha iman gətirməyə hazırdır.
Amma Mityanın yanına, həbsxanaya Alyoşadan savayı həm İvan, həm də Rakitin baş çəkirlər. Rakitinin Mityayla insan barəsində, onun beyni, fiziologiyası haqda söylədikləri onu çaşdırır. Mitya yeni insan barəsində düşünür, amma yenə də Allahı itirəcəyindən qorxur. Deməli, onun ruhu iki həqiqət arasında tərəddüd edir. Bir tərəfdən, "hamı hər bir kəsin əvəzində günahkardır”, digər tərəfdən, insan yer üzünün ağasıdır və "insana hər şey rəvadır” - bu iki fikrin biri İvana, digəri Zosi­ma ataya (deməli, həm də Alyoşaya) mənsubdur. Mitya hansı yolla gedə­cək – bunu gələcək göstərəcəkdir. İndi isə Mitya öz Allahını axtarır və bu yolda əzab çəkir. O, Allahın həqiqətini qəbul etmək istəyir, digər tərəfdənsə, bəlkə Allah heç yoxdur deyə şübhələr və tərəddüdlər içində üzülür.
Beləliklə, Mitya çaşqınlıqlardan, Katerina İvanovnaya olan ziddiyyətli hisslərdən keçərək Qruşenkaya olan sidqi məhəbbətinə yüksəlir, oradan da Allaha inama doğru yol açılır. Burada Qruşenkaya olan məhəbbət bir təkan rolunu oynayır.
Həyati məsələlərin insani həlli
İvan Karamazovu nəyə gətirib çıxardı?
Dostoyevskinin fikrincə, fəlsəfə həyati məsələlərin insan təfəkkürü vasitə­silə və insani mövqedən, din isə onların ilahi mövqedən həllinə cəhd göstərir. İvan Karamazov həyata və insana məhz fəlsəfi nöqteyi-nəzərdən yanaşır. Odur ki, onun humanist, məntiqi ideyaları axırda onu səhv nəticələrə gətirib çıxarır. Bunun da səbəbi ondadır ki, İvan Karamazov dərin həyati məsələlərin həllində Allahdan və dindən imtina edir, hətta bəzi məqamlarda Allahla mübahisəyə də girir. Bu da onun faciəsinin əsas səbəbini təşkil edir. İvan Karamazovun dini mövqedən imtina edərək, fəlsəfi mövqedə dayanması onunla izah olunur ki, o, rus ziyalılığının avropapərəst qanadını təmsil edir. Məzh Avropa və katolik kilsəsi, Dostoyevskinin fikrincə, çoxdan Allahın yolundan sapmış və həyatı məsələlərin həllini insanın öz öhdəsinə buraxmışdır. Ona görə də İvan Karamazovu bir filosof kimi, rus zəminindən və rus pravoslav dinindən ayrı düşmüş bir adam kimi, Avropa bu qədər özünə cəlb edir. Baş vermiş hadisələr ərəfəsində İvan Karamazov Avropaya getməyə hazırlaşırdı. Avropanı o, özünün ikinci vətəni hesab edirdi. Avropaya getməzdən əvvəl İvan atasının yanına, əyalət şəhəri olan Skotopriqoyevskə gəlir və bütün faciələr də elə burada baş verir.
Monastırda, Zosima atanın hücrəsində ata Karamazov abidə müraciət edərək, oğlu Mityayla olan əmlak mübahisəsini həll etmək istəyir. Digər qardaşlar da burada iştirak edirlər. Mityanı gözləyərək, onlar söhbətə başlayır və söz İvan Karamazovun kilsə məhkəməsi barəsində yazdığı məqalədən düşür. Məqalədə İvan təsdiq etməyə çalışır ki, Avropada, yəni Roma imperiyasında xristianlıq bir din kimi qəbul olunanda, dövlət sadəcə olaraq dini özünə tabe etdi və kilsə dövlətin tərkibinə daxil edildi. Beləliklə də, din öz əzəli, yəni kilsə mahiyyətini itirib, hakimiyyət statusu qazandı, yəni dövlətə çevrildi. Əslində isə, İvanın fikrincə, hər bir dövlət get-gedə kilsəyə çevrilməli və bununla da dövlətlə kilsə bir vəhdət halına gəlməlidir. Əslində, bu, Dostoyevskinin öz fikridir. O da belə hesab edirdi ki, əgər Avropada Vatikanın simasında kilsə dövlətə çevrilmişdisə, Rusiyada dövlət özü kilsəyə çevrilməlidir. Hər iki halda kilsəylə dövlət, dinlə hakimiyyət birləşməlidir. Fərq isə ondadır ki, Avropada bu birləşmə dövlətin, Rusiyada isə kilsənin himayəsi altında baş verməlidir.
Sonra söhbət ölməzlik və xeyirxahlıq məsələlərindən düşür. İvan deyir ki, əgər ruhi ölməzlik yoxdursa, onda mənəvi keyfiyyət kimi heç bir xeyirxahlıq da ola bilməz. Zosima ata qeyd edir ki, əgər siz öz ideyanıza bu qədər inanırsınızsa, çox xoşbəxtsiniz, ya da çox bədbəxtsiniz. Zosima ata demək istəyir ki, ölməzliyə (burada, əlbəttə, söhbət ruhun ölməzliyindən gedir) intəhasız inam varsa, bu, böyük səadətdir, yoxdursa, bu, böyük fəlakətdir. Zosima ata İvanın ruhi ölməzliyə olan münasibətini bilmədiyindən belə deyir: ya xoşbəxtsən, ya da bədbəxt. Amma Zosima ata bir şeyi yaxşı görür ki, İvanın qəlbində bu ideya hələ öz həllini tapmayıb və orada inamla inamsızlıq bir-birilə mübarizədədir. Məhz bu müba­rizə, Zosima atanın dediyi kimi, İvana əzab verir. Ona görə də İvan Kara­ma­zovu nə ateist, nə də dindar hesab etmək olmaz. Bu daxili mübarizənin nəylə qurtaracağını Zosima ata qabaqcadan xəbər verir. İvan soruşanda ki, bu ideya onun qəlbində, xüsusən də müsbət tərəfə, həll oluna bilərmi, Zosima ata bildirir ki, əgər müsbət tərəfə həll olunmazsa, onda mənfi tərəfə heç cür həll oluna bilməz, çünki insan qəlbinin mahiyyəti belədir. Burada Zosima ata, eynilə də Dostoyevski, ümumiyyətlə, insan qəlbinin mahiyyətini nəzərdə tutarlar. Yəni insan qəlbi öz təbiəti etibariylə heç vaxt ateist ola bilməz. Ateizm qəlbin deyil, ağılın xüsusiyyətidir.
Sonra görəcəyik ki, İvanın qəlbində hələ sonacan həll olunmamış bu ziddiyyətli iki ideyadan birini, yəni inamsızlığı, ruhi ölməzliyə inamın olmaması ideyasını ondan Smerdyakov əxz eləyir və öz həyat fəlsəfəsinə çevirir. İvanla Smerdyakovun fərqi ondadır ki, İvanın böyük və humanist qəlbi iki əks ideya arasında tərəddüd edərkən Smerdyakovun cılız qəlbi o ideyalardan birini qəbul edib ona tabe olmuşdur. Bu da onu sonda ata qətlinə gətirib çıxarmışdı.
İvanın daxili ziddiyyətləri əslində şəxsi ziddiyyətlər deyil, ümumən dvoryan ziyalılarına aid olan ziddiyyətlərdir. Bu ziddiyyətlərin də kökündə yad, amma bununla belə güclü Qərb mədəniyyətilə rus milli mədəniyyətinin doğma zəmində toqquşması və bu yad mədəniyyətin milli mədəniyyət üzərində qələbəsi dayanmışdır. Rus dvoryan ziyalısı öz qəlbinin yarısını həmin o yad mədəniyyətə vermiş, onu da öz milli mədəniyyəti kimi sevmişdi. Bu da rus dvoryan ziyalısının daxilən ikiləşməsinə gətirib çıxarmışdı ki, faciəni də Dostoyevski qədər dərindən duyan və onun bədii mənzərəsini yaradan ikinci bir rus yazıçısı yoxdur.
Bir şəxsiyyət olaraq İvanın iztirablarının və faciəsinin səbəbi ondadır ki, o bu iki əks həqiqətdən və əks ideyadan birini seçə bilmir. O sonacan nə öz fəlsəfi düşüncələrinə, nə də öz dini duyğularına inana bilir. Ona görə də o, daim aralıq vəziyyətdə qalır: bir tərəfdən Smerdyakov, digər tərəfdən Alyoşa onu maraqlandırır və özünə cəlb edir. Bu həm də Böyük inkvizitorla Zosima atanın təbliğ etdikləri iki əks həqiqətlərdir. Bir qədər də dərinə getsək, bu ziddiyyət İvanın qəlbində Allahla iblisin mübarizəsidir. Bu iki əks dəyərlərdən heç biri İvanı qane etmir, edə də bilməz, ona görə ki, onların hər ikisi ayrı-ayrılıqda insan dərrakəsinə hakim kəsilə bilmir. Onların hansısa formada vəhdəti gərəkdir. Bu vəhdət fəlsəfədəmi, yoxsa dindəmi baş verə bilər? Din bu dünyanın deyil, ilahi dünyanın və Allahın həqiqətlərini təbliğ edir ki, bu da insan ağlına sığmır, onun imkanları xaricindədir. Fəlsəfənin təbliğ etdiyi həqiqətlər sırf insani həqiqətlər olaraq bugünün tələblərinə cavab verə bilmir. Odur ki insan bu iki həqiqət arasında çaşıb qalır. Bu, əslində insanın öz qəlbi ilə öz ağlı arasında çaşıb qalması deməkdir. D.S.Merejkovskinin fikrincə, bu əks həqiqətlər ilkin xristianlıqda vəhdət halında olub. Sonrakı, ortodoksal xristianlıq onları ayırıb və bir-birinin əksinə qoyub: ruhu müqəddəs, vücudu isə naqis kimi dəyərləndirib. Beləliklə də, kilsə ruhun xeyrinə olaraq vücudu inkar etmək, onun tələblərinə məhəl qoymamaq yolunu tutub. Bu da çoxsaylı çaşqınlıqlara və fəlakətlərə gətirib çıxarıb.
Böyük İnkvizitorun ideyaları çox məntiqi və inandırıcıdır. Zosima atanın ideyaları isə çox cazibədar və mücərəddir. İnkvizitorun ideyaları ağıla, Zosima atanın ideyaları isə qəlbə nüfuz edir. Birincinin fikirləri ağlabatandır, ikincininkilər isə ürəyəyatandır. İnsana isə həm ağlabatan, həm də ürəyəyatan ideyalar lazımdır. Dostoyevski İnkvizitorun ideyasının əleyhinə Zosima atanın təlimini, İvanın fəlsəfəsinin əleyhinə Alyoşanın inamını qoyur və onlardan heç birini təbliğ və təqdir etmir. Bu da polifonik roman poetikasının əsas tələblərindən biridir – müəllifin bitərəfliyi.
İvan Karamazovun xarakterindəki və şəxsiyyətindəki ikiləşmə, əks təmayüllər onun Smerdyakovla və Alyoşa ilə söhbətlərində təzahür edir. Onlardan hər biri İvanın iki əks səslərindən birini eşidir: Smerdyakov ondakı "insana hər şey rəvadır”, ölməzlik deyilən şey yoxdursa, insan öz hərəkətlərində və istəklərində azaddır və bu kimi ateist fikirləri, Alyoşa isə İvanın ruhunun dərinliyindəki humanizmi, Allaha inam istəyini eşidir və onlara istinad edir. İvan nə Smerdyakovu, nə də Alyoşanı aldadır. Sadəcə olaraq həm Smerdyakov, həm də Alyoşa onda öz ruhlarına və istəklərinə uyğun olan təmayülü tapa bilirlər. Ona görə də İvan Karamazov həm Smerdyakova, həm də Alyoşaya bu qədər yaxındır və əslind,ə İvan bu əks fikirli insanlara daxili bir ehtiyac duyur: onu həm Smerdyakov, həm də Alyoşa maraqlandırır. Smerdyakovun daha dərin və fəlsəfi variantı isə şeytan obrazıdır ki, bu da İvanın oxşarıdır. Onun qəlbində şeytanla mələk ölüm-dirim mübarizəsində bulunurlar. Bu iki əks təmayülün real ifadəsi kimi Smerdyakov və Alyoşa çıxış edirlər. Onların hər ikisinə İvanın ikili və ziddiyyətli qəlbində yer vardır. Amma bu əksliklər daim və əbədi olaraq bir yerdə yaşaya bilməzlər, onlardan biri tez-gec İvanın qəlbindən kənar edilməlidir. Onlardan hansının iraq olunub, hansının qəlbdə qalmasından isə İvanın aqibəti asılı olacaqdır: şeytan Smerdyakov onu məhvə gətirib çıxara bilər, mələk Alyoşa isə onu xilas edə bilər.
Odur ki İvan Karamazov Alyoşaya qarşı daxili, ruhi bir ehtiyac duyur, onu görüşə çağırır və onun qarşısında açıq etiraf edir, yəni özünün əsas fikirlərini və duyğularını, özünün insan və Allah fəlsəfəsini ona açıb danışır. İvan deyir ki, o, Allahı inkar etmir, onu birbaşa və sadəcə olaraq qəbul edir. Amma bu qəbul etmək, hələ inanmaq demək deyildir. İvan sadəcə olaraq Volter kimi Allah ideyasını bəşəriyyət üçün vacib sayır və qəbul edir: yəni Allah olmalıdır, vacibdir. Amma bu o demək deyildir ki, İvan Allahın varlığına inanır. İvan Allah ideyasını çox böyük və möhtəşəm bir ideya hesab edir və təəccüblənir ki, bu qədər ali bir ideya insan kimi bir vəhşinin qəlbinə necə yol tapa bilmişdir və oraya necə yerləşə bilir. Allah ideyası bu mənada insana çox böyük şərəf gətirir. Amma İvan yenə də öz əqidəsində qalır ki, insan bu ali ideala layiq deyildir. İvan Karamazovun insan haqqında bu qədər həqarətlə danışması (və yəqin ki özünü bu sıradan kənar hesab edərək danışması), əlbəttə, iddiadan savayı bir şey deyildir. Dostoyevski isə belə hesab edir ki, insan (o cümlədən rus insanı) zahirən, praktiki olaraq nə qədər yöndəmsiz, ziddiyyətli olsa da, ruhən Allahın məhəbbətinə layiqdir və bu ruhi gözəllik tez-gec özünü büruzə verməlidir. İvan deyir: "Beləliklə, Allahı qəbul edirəm, onun böyüklüyünü, bizə qətiyyən məlum olmayan məqsədini anlayaraq qəbul edirəm, onun yaratdığı bu nizama, həyatın mənasına, əbədi harmoniyaya inanıram… Beləcə təsəvvür et ki, son nəticədə Allahın yaratdığı bu dünyanı qəbul etmirəm… Bunu başa düş, mən Allahı deyil, onun yaratdığı dünyanı, Allahın dünyasını qəbul etmirəm və heç vaxt da qəbul edə bilmərəm”. Burada, İvanın bu fikirlərində ilahi həqiqətlə insani həqiqət qarşı-qarşıya qoyulmuşdur. İvan Allahın yaratdığı dünyanı öz insani həqiqətləri nöqteyi-nəzərindən mühakimə və inkar edir. Bütün bunları Alyoşaya danışmaqla o, hiss edir ki, sonacan haqlı deyil, hiss edir ki, burada nəsə bir səhv vardır. Amma bu səhvi insan idrakı görmək iqtidarında deyil. Bu səhvi qəlbin duyğusu və inamı vasitəsilə dəf etmək olar. İvanda isə bu inam yoxdur. O, hər şeyin, o cümlədən Allahın da məğzinə idrakın gücü ilə çatmaq istəyir. O sanki Evklid dünyasının qanunlarından çıxış edərək, qeyri-Evklid dünyasını dərk etməyə çalışır. Allahın varlığını və onun bütün müdrikliyini dərk etmək üçünsə idrakdan imtina edərək, inama üz tutmaq lazımdır. İvan isə filosof olaraq idrakın gücünə arxalanır, ona görə də köklü səhvlərə yol verir. Amma bu ziddiyyətli vəziyyətdə, bu çaşqınlıqlar içində İvan nə qədər Alyoşanı öz əqidəsinə inandırmağa çalışsa da, əslində özü daxilən Alyoşanın həqiqətini qəbul etmək istərdi. O, öz xəstə ruhunu Alyoşanın vasitəsilə sağaltmaq istərdi.
Məmməd Qocayev
banner

Oxşar Xəbərlər