• cümə, 29 Mart, 00:02
  • Baku Bakı 7°C

Mitinq sevdası, yoxsa sözü qurtaran aşığın dalay-dalay deməsi?

21.02.19 19:30 1318
Mitinq sevdası, yoxsa sözü qurtaran aşığın dalay-dalay deməsi?
Radikal müxalifət son vaxtlar xarici emissarlarının sifarişi ilə yenidən mitinqlər, aksiyalar keçirmək niyyətinə düşüb. "Milli Şura” adlanan qurum tərəfindən keçirilən bu mitinqlər heç bir mahiyyət kəsb etmir. Çünki radikal müxalif düşərgənin səsləndirdiyi fikirlər, şüarlar tavtologiyadan o yana keçmir. Radikalların bəlli strategiyasının olmadığı dəqiqdir, onların hətta bircə mitinq üçün yetərli şüarları da olmur. Sadəcə, hakimiyyətin apardığı islahatları, həll etdiyi sosial problemləri şüar halına salaraq, bunu ucuz siyasi dividentə çevirməyə cəhd göstərirlər. Bu da el arasında "aşığın sözü qurtaranda dalay-dalay deyir” kimi xarakterizə olunur. Bir sözlə, radikalların cəhdləri elə cəhd olaraq qalır. Buna görə də nəyin bahasına olursa-olsun, ölkədə qarışıqlıq yaratmağa çalışırlar. Bir müddət əvvəl, yanvarın 19-da keçirilən mitinqin də əvvəlkilərdən heç nə fərqlənmədiyi açıq-aşkar göründü. Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqin gedişində və ondan sonra təxribatçı hərəkətlərə yol verildi, vətəndaşların təhlükəsizliyi ilə bağlı problemlər yaratmağa cəhd göstərildi. İctimai asayişin pozulması, nəqliyyatın hərəkətinə maneçilik törədilməsi, asayiş keşikçilərinə qarşı sərt davranışlar müşahidə edildi. Bununla bağlı hüquq-mühafizə orqanları araşdırma aparırlar.
Mitinqin təşkilatçıları isə bu kimi təxribatçı hərəkətlərin məsuliyyətini öz üzərilərinə götürmək niyyətində deyillər. Belə olan halda, BŞİH haqlı olaraq hər hansı kütləvi tədbirin keçirilməsini məqsədəuyğun hesab etmir və hüquq mühafizə orqanlarının araşdırmasının başa çatmasını gözləməyi tövsiyə edir. Əslində mitinq keçirmək istəyən radikal müxalifət, təşkilatçı olaraq qanunla qadağan olunan fəaliyyətdən uzaq durmalıdır. Həmçinin mitinqin təşkilatçıları hər hansı qanun pozuntusuna yol verilməyəcəyi və aksiyanın idarə olunacağı barədə üzərilərinə öhdəlik götürməlidirlər. Lakin nə "Milli Şura”, nə AXCP, nə də digər radikal müxalif partiyalar öz üzərilərinə hər hansı öhdəlik götürmək istəmirlər. Əslində onların öz üzərilərinə öhdəlik götürməmək niyyəti də bəllidir. Çünki bu düşərgənin ölkəni xaosa, vətəndaşları itaətsizliyə çağırış etməsi heç kimə sirr deyil.
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında siyasi ekspert Aydın Quliyev bildirdi ki, radikal müxalifətin yalnız aksiya keçirməkdə israr edərək, üzərinə heç bir öhdəlik götürmək istəməməsi ölkəni xaosa sürükləmək cəhdidir. Onun sözlərinə görə, Azərbaycanda bütün sahələrin qanunla tənzimləndiyi mübahisəsiz faktdır: "Bu tutarlı fakt müxalifətin mitinqinə icazə verilməməsinin guya ölkədə sərbəst toplaşma azadlığının məhdudlaşdırıldığı barədə deyilənlərin reallığa uyğun olmadığını göstərir. Sərbəst toplaşma azadlığının hətta ən kiçik detallarına qədər qanuniləşdirilməsi nöqteyi-nəzərindən, dünyada Azərbaycan kimi ölkələrin sayı azdır. Azərbaycanda sərbəst toplaşmaq fərdlərin, dövlətin və ictimaiyyətin təhlükəsizliyini və hüquqlarını balanslaşdıran maraqlı bir model əsasında həyata keçirilir. Bu modelin üstünlüyü ondadır ki, həm insanların dinc toplaşmaq hüququna ziyan dəymir, həm ictimai və dövlət təhlükəsizliyi qorunur, həm də asayiş və fərdi hüquqlar dövlət təminatı altına alınır. Radikal dairələrin 23 fevral mitinqinə rəsmi icazə verilməməsinə bu arqumentlər baxımından yanaşdıqda, həmin siyasi dairələrin hədsiz ambisiyalı davranışına baxmayaraq, rəsmi dövlət qurumlarının qanunlara, insan haqlarına və təhlükəsizlik prinsiplərinə dəqiq riayət etdiklərini görürük. Radikal aksiya təşkilatçılarının yalnız aksiya keçirməkdə israr edərək öz üzərilərinə heç bir öhdəlik və məsuliyyət götürmək istəməmələri, ölkəni xaosa sürükləmək, eləcə də rəsmi qurumları bu sayaq prosesin iştirakçısına çevirmək cəhddir ki, bu da, yolverilməzdir. Radikal müxalifət sabitliyin pozulmayacağı və digər insanların hüquq və mülkiyyətinə ziyan gəlməyəcəyi barədə öhdəlik götürməyə meyl göstərmirlər. Bu da onu göstərir ki, radikal aksiya təşkilatçıları hüquq və məsuliyyətin ayrılmazlığı məsələsində konstruktiv mövqe tutmurlar, hətta hüquqlardan istifadə məsələsinə anarxist və dağıdıcı təsəvvürlə yanaşırlar”.
A.Quliyevin fikrincə, müxalifətin qeyri-məqbul və dağıdıcı davranışlarının bir sübutu da odur ki, yaxın keçmişdəki aksiyalarda hüquq və asayiş pozuntusu faktlarının araşdırılmasında rəsmi qurumlara kömək olunmur, onlarla əməkdaşlıq etmirlər: "Hətta ötən aksiyalardakı pozuntuların araşdırılmasının sona çatmasını gözləmirlər, yeni pozuntular üçün münbit şərait və gərginlik yaradırlar. Mitinqə icazə verməməklə, rəsmi orqanlar ictimai təhlükəsizliyi, asayişi, insanların rahatlığını, qanunçuluğu və toplaşmaq azadlığını balanslaşdırmaq mövqeyindən çıxış edirlər. Yəni rəsmi orqanlar məsələyə qlobal yanaşır, radikal aksiya təşkilatçılarının isə söykəndiyi əsas amillər özlərinin məhdud maraqları və siyasi ambisiyalarıdır. Dövlət qurumlarının aksiyalara yanaşmasında tənzimləmə elementləri əsas olduğu halda, radikal aksiya təşkilatçılarının fəaliyyəti dağıdıcılıq elementlərinə malikdir”.
AZAD

banner

Oxşar Xəbərlər