• cümə, 19 Aprel, 21:34
  • Baku Bakı 24°C

Mitinq rüsvayçılığından qaçmaq cəhdi

22.04.15 06:55 929
Mitinq rüsvayçılığından qaçmaq cəhdi
AXCP-dən sonra Müsavat Partiyası da etiraz aksiyası keçirmək qərarı verib. Belə ki, partiyada başqan Arif Hacılının yanında başqan müavinlərinin toplantısı olub və etiraz aksiyası keçirməklə bağlı müzakirə aparılıb. Yekun olaraq, belə qərar verilib ki, mitinq yox, yürüş-mitinq keçirilsin və bununla əlaqədar olaraq Bakı Şəhər İcra Hakimiyyətinə rəsmi məktub ünvanlansın.
Qeyd edək ki, uzun zaman keçəndən sonra Müsavatın belə bir qərara gəlməsi siyasi ekspertlər tərəfindən mənfi qiymətləndirilib və inandırıcı olmadığı bildirilib, Müsavat rəhbərliyinin yürüşə razılıq verilməməsi ehtimalını nəzərə almadığına diqqət çəkilib. Bu ehtimallar təsdiqini tapıb və Bakı Şəhər İcra Hakimiyyətinə dəvət edilən partiya təmsilçisi Razim Əmiraslanlıya bildirilib ki, yürüş üçün deyil, mitinq üçün müraciət etsinlər. Razim Əmiraslanlı açıqlayıb ki, BŞİH-dən ona yürüşə razılıq verilməsinin mümkün olmadığını deyiblər: “Səbəbini həmin ərazi boyunca təmir-tikinti işlərinin gedişi və nəqliyyatın həddən artıq intensiv hərəkəti ilə əsaslandırdılar. BŞİH rəsmiləri dedilər ki, Müsavat Partiyası yürüş yox, mitinq keçirmək üçün BŞİH-ə yeni rəsmi məktub ünvanlasa, məsələyə baxıla və müvafiq münasibət bildirilə bilər. Bizə faktiki olaraq yürüş yox, mitinq keçirilməsini təklif elədilər”.
Onu da deyək ki, Müsavat Partiyasının yürüş təyin etməsi hazırkı zaman üçün yanlış qərar hesab olunur. Hətta bəzi müsavatçılar belə, bunu doğru addım saymırlar. Partiya başqanlığına namizəd olmuş Tural Abbaslı deyib ki, etiraz yürüşü ilə bağlı qərar verilərkən bəzi nüanslar nəzərlə alınmayıb: “Hesab edirəm ki, hazırda Müsavat üçün əlverişli siyasi dönəm deyil. Müsavat 100 ilin partiyasıdır və bu müddət ərzində Müsavatda elektorat problemi olmayıb. Amma dönəm-dönəm hər bir partiya gərgin məqamlardan keçib. Bu gün də Müsavat Partiyası üçün əlverişli siyasi dönəm deyil. Bu müddətdə partiya rəhbərliyində olan şəxslər zamanına uyğun qərarlar və addımlar atmalıdırlar. Yəni bugünkü siyasi şəraitdə bütün faktorlar nəzərə alınaraq qərar verilməlidir. Ancaq belə görünür ki, rəhbərlikdə olanlar ya bu məsələləri nəzərə almırlar, ya da nəzərə alacaq təcrübələri yoxdur ki, belə vəziyyət yaranır”.
T.Abbaslının fikrincə, yürüş-mitinq keçirmək hər bir partiyanın hüququdur: “Ancaq bu gün mitinq keçirmək istəyiriksə, bunu keçmiş “Məhsul” stadionunda da edə bilərik. Biz dost olmayan siyasi qüvvələrin qərəzli analizlərinə şərait yaratmamaq üçün gərək addımlarımızı ölçüb-biçib ataq. Mitinq qərarının verilməsində bəzi boşluqlar var idi, bu gün də bu qərarların acı nəticəsini görürük. Bu baxımdan mən hesab edirəm ki, mitinq qərarı hərtərəfli müzakirə olunmadan verilmişdi. Cəmiyyətdəki siyasi aktivlik analiz olunsaydı, indiki məqamda mitinq qərarı verilməzdi”.
Göründüyü kimi, müsavatçılar özləri də cəmiyyətin onları dəstəkləmədiyindən xəbərdardırlar. Vəziyyəti düzgün analiz edən və bunu dilə gətirməyi bacaran hər kəs hazırda mitinq keçirilməsi ilə bağlı qərar verilməsinin doğru addım olmadığını nəzərə çatdırır. Çünki faktiki olaraq heç kəs mitinqə getmir və meydan boş qalır. Bu məqam isə müxalif partiyaların dəstəksiz qaldığını, real tərəfdarlara malik olmadığını bir daha ortaya qoyur. Bəlkə də elə Müsavat Partiyası bu cür biabırçı məqamla üz-üzə qalmamaq üçün mitinq deyil, yürüş-mitinq keçirməyi qərara aldı. Çünki onlar həqiqi tərəfdarlarının nə qədər olduğunu hamıdan yaxşı bilirlər. Yəni bu partiyanın hazırda mitinq keçirmək üçün real durumu ürəkaçan deyil. Ona görə də mitinq keçirməyə nə qərar verdilər, nə də edilən təkliflə razılaşdılar. Bilərəkdən şəhərin mərkəzini əhatə edən marşrut – yürüş təklif etdikləri gün kimi aydındır. Çünki BŞİH-nin belə yürüşə razılıq verməyəcəyi məlum məsələ idi. Görünən odur ki, Müsavat Partiyası rəhbərliyi bic tərpənmək istədi. Çünki elə məqsədləri bu yürüşə icazə verilməməsi idi. Bu yolla guya özlərini sığorta etdiklərini düşünür, gözdən pərdə asmağa nail olduqlarına inanırlar. Halbuki artıq hamıya aydındır ki, bu yolla sadəcə, imitasiya edirlər və guya, kütləvi dəstəkçisi olan partiya olduqları imicini yaratmağa cəhd edirlər. Əslində isə belə yollarla aldatdıqları təkcə özləridir. Amma mühüm bir məqam var ki, sonuncu taktiki gedişləri ilə böyük biabırçılıqdan qurtulmağa nail oldular və meydanda tək qaldıqlarını nümayiş etdirməkdən yayına bildilər.
H.Əsgər
banner

Oxşar Xəbərlər