• cümə, 19 Aprel, 07:15
  • Baku Bakı 13°C

Missiyasını Londonda yerinə yetirən azərbaycanlı - Soydaş

08.05.20 13:00 5959
Missiyasını Londonda yerinə yetirən azərbaycanlı - Soydaş
Günel Ağayeva: "İnsanlar qanunlara cəzalandırılmaqdan qorxduqları üçün yox, mədəni olduqları üçün riayət edirlər”
Missiyası insanlara faydalı olmaqdır. Ona görə, insan dünyaya gəlirsə, nəyisə dəyişə bilmək iqtidarında olur. Məqsədlərinə çata bilməyən, motivasiyası düşən, həyatdan küsənlərə səsini çatdırmaq istəyir. Ən böyük nümunəsi isə elə özüdür. Düşünür ki, həyatda çıxış yolu həmişə var.

"Soydaş” rubrikamızın qonağı Londonda sosial işlə (fiziki məhdudiyyətli və qayğıya möhtac insanlara qayğı) məşğul olan Günel Ağayevadır.

Qubada anadan olub.13 il Rusiyada yaşadıqdan sonra yenidən doğulduğu rayona qayıdıb və məktəbi orada bitirib. Qubadan sonra isə Bakı həyatı başlayıb: "Məktəbi bitirdikdə Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsinə ödənişli əsaslarla qəbul oldum. Amma ailə üzvlərim ödənişsiz təhsil aldığımı bilirdilər. Təhsil haqqını ödəmək üçün işləyirdim. Bir gün qaiblərim çox olduğu üçün rektorun qəbuluna getdim və qaiblərimi bağışlayıb, qiyabi təhsilə keçməyimdə mənə dəstək oldu. İlk rəsmi işim xəzinədar işi oldu. Burada işləyə-işləyə universiteti bitirdim, ilk Avropa turuma çıxdım. Daha sonra turizm sahəsində təcrübəçi kimi çalışdım. Stabilliyi sevən deyiləm. Hədsiz dərəcədə inkişaf etmək istəyirəm. Ona görə də, oradan çıxdım Rabitə Nazirliyinin "Şəbəkə” adlı qurumunda işə düzəldim. Daha sonra "Silkvay” travel şirkətində karyerama davam etdim. Elə Azərbaycanda sonuncu iş yerim bura oldu. Arzum xaricdə yaşamaq idi. Ölkəmizlə bağlı şikayətim yoxdur, çünki burada sıfırdan başlayaraq böyük uğurlara nail oldum. 2015-ci ildən səyahətə başladım və başqa ölkələrin mədəniyyətini öyrənmək, öz dostlarımla bölüşmək, faydalı olmaq istəyirdim”.

- Nə üçün ödənişli təhsil aldığınızı ailənizdən gizlətdiniz?
- Aztəminatlı ailədə böyümüşəm. Əslində Rusiyada çox yaxşı imkanlarımız var idi, lakin ailə vəziyyətimizdə problemlər yarandı. Bilirdim ki, ödənişli təhsil almağıma icazə verməyəcəklər. Çünki o pulu ödəməyə imkan yox idi. İkinci səbəb isə ailə üzvlərimin şan-şöhrət sevən olmasıdır. Həmişə istəyirdilər ki, yüksək balla, ödənişsiz təhsil alım. Ailəmin məndən gözləntiləri çox olub. Bundan əlavə, valideynlərim ailə qurmağım üçün çalışır, müəyyən yerdən elçilər də çıxırdı. Artıq taleyim bəlli idi. Ödənişli təhsil alacağımı bildirsəydim və ailəm də "təhsil haqqını ödəyə bilmərik” desəydi, məni nələr gözlədiyini bilirdim. Buna görə, ailəmdən gizlətdim. Həyatla bağlı planlarım var idi və ailə qurmaq istəmirdim. Uşaqlıqdan aktiv, işləməyə meyilli idim. Ailəmin maddi vəziyyəti son dövrlər yaxşı olmadığı üçün onlara dəstək də olmaq istəyirdim. Məktəbdə bizim müəllimimiz var idi. O öz oğlanları, onların uğurları haqqında danışar və övladlarına dəstək olardı. Həmişə içimdə xoş bir paxıllıq hissi olurdu ki, kaş, mənə də belə dəstək olardılar. Amma heç vaxt bu, baş vermədi. Valideynlərim ailə təhsilli deyildilər və zamanında bu, özünü göstərdi. O vaxt mümkünsüz görünsə də, istəyirdim ki, həyatda nailiyyətlərim olsun.


banner

Oxşar Xəbərlər