• şənbə, 20 Aprel, 05:42
  • Baku Bakı 15°C

Miskinliyin inadkarlığı

19.11.18 14:30 1042
Miskinliyin inadkarlığı
Robert Fulford "Təhkiyənin gücü” kitabında ədəbiyyatın mənşəyini ünsiyyət, söhbət etmək ehtiyacı və dedi-qodu ilə əlaqələndirir. Danışmaq, hər hansı bir əhvalat uydurmaq insanın zəruri ehtiyaclarındandır. Zorakı əməllər, avtoritar rejimlər isə güc və iqtidarla hərəkət edir. Öz dünyalarına azad, müstəqil ədəbiyyat və sənəti buraxmırlar. Məmurlaşan, itaət edən bir sənət adamının heykəli arzulanır. Hətta despotluq bəzən ən məhrəm və xüsusi məkan olan ailələrə belə girir. Bəzi atalar öz hegemonluqlarını və güclərini göstərmək üçün zorakı evliliklərə rəvac verirlər. Belə ailələrdə uşaqlara da amansız münasibət var. Bir uşağın ağlamağına da, gülməyinə də icazə yoxdur. Hər iki halda müdaxilə var. Niyə? Çünki evin harmoniyası, rahat, arxayın, alışılan güzəranı pozulacaq. Ona görə də uşaqlar böyüyəndə nə istədiklərini bilmirlər. Nə doyunca ürəkdən gülür, nə də ki, ürəyi boşalanacan ağlaya bilir həmin adamlar. Bir də kin və intiqam hissi ilə yaşayan insanlar ömürlərini bu uğurda puç edirlər. Nəhayətdə isə əldə etdikləri heç nədir. Boşluq, yaşaya bilməməyin faciəsi davam edir. Bütün bu cəhətlər bir romanın çətiri altına yığılır. Con Bartın "Ximera” romanına.
Con Bart "Ximera” romanında mifologiya və folkloru ardıcıl, şüuraltı bir hadisə kimi göstərir. Davam edən və özünü yeniləyən mifoloji yaddaş mənalanır. "Ximera” romanında üç novella var. Birinci novella "Min bir gecə nağılları”nın qəhrəmanı Şəhrazadın bacısı Dünyazadın adı ilə bağlıdır. "Dünyazadnamə”, İkincisi, qədim yunan mifologiyasına görə Zevslə Demetranın qızı Persefonanın hekayəsidir. "Persefonanamə”. Üçüncü novella isə, əfsanəvi varlıq Ximeranın qatili Bellerofontun adını daşıyan "Bellerofontnamə”dir. Ximera yunan mifologiyasında keçi-şirbaşlı və bədənli əcaib məxluqdur. Quyruğu isə ağzından alov püskürən ilandır. Elə "Chimera” sözü ingilis dilindən tərcümədə əjdahadır.
Romanın tərkibindəki üç hissəli novella Ximeranın üç qəribə bədən üzvü ilə simmetriya təşkil edir. Bart birinci novellada hekayə uydurmağın nə qədər nadir və gözəl bir məşğuliyyət olmasını yazır. Ona görə yazmaq deyil, uydurmaq sözünü işlədirik ki, təxəyyül gücü zəngin olan adam ani bir məqamda maraqlı və qəribə əhvalat uydura bilər. "Min bir gecə nağılları”nda Şəhrəzad xəyal gücünün çevik və zəngin olması müqabilində Şəhriyarın edam fərmanından yaxa qurtarması kimi. "Min bir gecə nağılları” ilə intertekstual və metatekstual əlaqəyə girən "Ximera” romanı yenidən yazmağın və xəyal etməyin necə böyük bir qüvvə olmasını əks etdirir. Birinci novella "Min bir gecə nağılları”nın postmodern proyeksiyasıdır. İkinci novella zorla Aidə ərə verilən Persefonanın hekayəsidir. Bart burada güc və iqtidarın zorakı əməllərinə kinayə edir. Bellerofontun hekayəsi qatil olmağın və intiqam hissinin cılızlığının parodiyasıdır. Bart bir roman daxilində yaradılışla, mövcudluğumuzla bağlı ən miskin məsələləri və onların inadkarlıqla davam edən vəziyyətini gülüş və ironiya ilə qarşılayır. Hər şeyə rəğmən ədəbiyyatın sehrinə və təsir gücünə inandırır. İnanmayanlar oxusun bu romanı.
Ülvi BABASOY

banner

Oxşar Xəbərlər