• cümə, 29 Mart, 03:20
  • Baku Bakı 7°C

“Misirli Messi” - Portret

23.10.17 09:00 6444
“Misirli Messi” - Portret
Hətta ən pessimist misirli futbol azarkeşi belə, 1990-cı ildə 56 illik fasilədən sonra mundialda görünən Misir yığmasının bu dəfəki həsrətinin 28 il çəkəcəyini, onları yenidən dünya çempionatına çıxaracaq şəxsin isə 2 il sonra dünyaya gələcəyini ağlına belə gətirməzdi. Ancaq futbol gözlənilməzliklərlə doludur.

Misir futbol ölkəsidir. Misirli tarixçilər ölkənin qədim tarixi ilə öyündükləri kimi, burdan olan futbol azarkeşləri də bu ölkənin futbolunun Afrikada böyük ənənəyə malik olması ilə fəxr edirlər. Ancaq Misir hər nə qədər Afrikanın futbol ölkəsi hesab edilsə belə, yerli yığma dünya çempionatının seçmə mərhələlərində bu adı doğrultmur. Bu ölkənin millisi dünya çempionatının final mərhələsində sonuncu dəfə 1990-cı ildə iştirak edib. İtaliyada təşkil edilən mundiala 56 illik fasilədən sonra vəsiqə qazanan misirlilərin bu dəfəki həsrəti 28 il çəkdi. Maraqlıdır ki, bu müddətdə Misir yığması 4 dəfə Afrika Millətlər Kubokunun qalibi olub. Bu il isə "fironlar ölkəsi” qitə birinciliyinin gümüş medallarını qazandı. Ancaq çətin ki, bu uğurlar misirli futbol azarkeşlərinin gözündə bu il qazanılan nailiyyətin yerini versin.

Futbol komanda oyunudur. Ancaq komanda lider tələb edir. Lidersiz komanda çox nadir hallarda uğur qazana bilir. DÇ-2018-in seçmə mərhələsinin son turunda evdə Konqonu məğlub edərək (2:1) mundial həsrətinə son qoyan Misir millisində isə bu vəzifəni öz üzərinə Məhəmməd Salah götürüb. Məhz 26 yaşlı hücumçunun liderliyi öz üzərinə götürməsi ilə misirlilərin 28 illik mundial həsrətinə son qoyuldu. Bu yazıda da sizə misirli futbol azarkeşlərinin qəhrəmanı həmin Məhəmməd Salahdan bəhs edəcəyik.
Qol vurmadığına görə ağlayan istedad
Məhəmməd 1992-ci il iyunun 15-də, Misirin Qarbiya bölgəsinin Naqriq şəhərində dünyaya gəlib. Onun futbola marağı çox erkən yaşlarda başlayıb. Ancaq kiçik Məhəmmədin futbola sevgisinin yaranması üçün xüsusi bir şeyə ehtiyacı yox idi. Onun atası - Qali Salah vaxtilə futbolçu olub. Məhəmməd futbolun sirlərinə 11 yaşında, "Əl Mukavlun” komandasında yiyələnməyə başlayır. Ancaq onun karyerası alınmaya da bilərdi. Belə ki, Məhəmmədin valideynləri onu təhsil alması üçün futboldan çıxarmaq barədə düşünürdülər. Lakin sonda onlar "Allah bilən məsləhətdir” deyib, oğullarının həvəsi olduğu sahənin ardınca getməsinə əngəl olmurlar. Elə yaxşı ki də olmurlar.

Məhəmməd "Əl Mukavlun”dakı ilk vaxtlarından məşqçilərin diqqətini çəkir. Çalışqan, intizamlı, yaxşı sürətə malik olan Salah, müdafiənin sol cinahında oynasa da, tez-tez irəli gedir, hücumları məhsuldar sonluqla tamamlayırdı. Onun müdafiədən hücum xəttinə keçidinin maraqlı hekayəsi var. Belə ki, bir gün "Əl Mukavlun” klubu ölkə çempionatındakı əsas rəqiblərindən ENPPİ ilə səfərdə qarşılaşırdı. Salahın da şans qazandığı oyunda komandası 4:0 hesablı möhtəşəm qələbə qazanır. Hamının bu uğuru qeyd etdiyi bir anda isə Məhəmməd göz yaşları içində kənarda dayanır. Səbəb isə onun komandasının bu qələbəsinə qolla töhfə verə bilməməsi idi.

Yetirməsində olan bu istəkdən təsirlənən məşqçisi Səid Əl Şeşani köməkçiləri ilə məsləhətləşir və Salahın xidmətindən vinger kimi istifadə etməyi qərara alır. Seçim özünü doğruldur. Hücumameyilli yarımmüdafiəçi mövqeyində oynamağa başlayan Məhəmməd klubun U-16 və U-17 komandalarının heyətində bir mövsümə ümumilikdə, 35 qol vurur.

Avropa arzusu

Artıq 18 yaşında "Əl Mukavlun”un əsas komandasına keçir. Məşqçiləri ondakı istedadın daha səviyyəli klublarda çıxış etməyə imkan verdiyinin fərqində idilər. Onlar Salahı Misirin ən nəhəng klubları olan "Zəmələk” və ya "Əl Əhli”də görürdülər. Salah isə bir az da irəli gedərək, Avropa barədə düşünürdü. O, potensialını görür və özünü Avropada sınamaq istəyirdi. Belə də olur. Cəmi iki il "Əl Mukavlun”un əsas komandasında çıxış edən Salah, burdan Misir nəhənglərinə yox, birbaşa Avropaya yollanır.

2012-ci ildə "Bazel”lə Misirin U-23 millisi arasında "Port Səid” stadionunda baş vermiş faciənin xatirəsinə həsr edilən yoldaşlıq oyununda Salah meydanda ən fəallardan idi. İkinci hissədə meydana çıxan gənc futbolçu komandasının 4:3 hesablı qələbəsinə 2 qolla töhfə verir. Bu cür istedad "Bazel” seleksiyaçılarının diqqətindən yayına bilməzdi. Yayınmır da. O, cəmi 20 yaşında, 2,5 milyon avro müqabilində İsveçrənin "Bazel” klubuna transfer olur. Beləliklə, Salahın Avropa arzusu reallaşır.

"Çelsi”nin qənimi

İsveçrədə ilk mövsümü yaxşı keçir. 2012/13 mövsümündə şans qazandığı 50 oyunda 10 qola imza atır. Elə həmin mövsümdə "Bazel”in heyətində avrokuboklarda da ilk qolunu vurur. Avropa Liqasının 1/4 final mərhələsinin cavab görüşündə "Tottenhem”in qapısına yol tapan Salah, komandasının yarımfinala vəsiqə qazanmasına töhfə verir. O, bu mərhələdə digər İngiltərə nəhəngi "Çelsi”ni də cəzalandırır. Lakin bu dəfə onun vurduğu top komandasına kömək etmir. İki oyunun nəticəsinə əsasən 2:5 hesabıyla uduzan "Bazel” mübarizəni yarımfinalda dayandırır. İsveçrə klubu uduzsa da, Məhəmməd "zadəganlar”ın diqqətini çəkə bilir. Növbəti mövsümdə isə Salah London klubuna qənim kəsilir.

Çempionlar Liqasının 2013/14 mövsümündə "Bazel” və "Çelsi” bir qrupda yer alır. Qitənin ən nüfuzlu klub turnirinin favoritlərindən sayılan London klubu gözlənilmədən "Bazel”lə hər iki oyunu məğlubiyyətlə başa vurur. Salah "Çelsi”yə qarşı hər iki matçda - həm Londonda (2:1), həm də Bazeldə (1:0) fərqlənir. O, "Bazel”də olduğu kimi, bu dəfə də cəzalandırdığı komandanın diqqətini çəkir. 2013/14 mövsümünün qışında o vaxt Joze Mourinyonun çalışdırdığı "Çelsi” 11 milyon funt-sterlinq qarşılığında gənc futbolçunu heyətinə cəlb edir. O, İngiltərə klubunda çıxış edən ilk misirli kimi tarixə düşür. Ancaq nəhənglərin çıxış etdiyi London klubunda heyətə düşmək ona müyəssər olmur. 2013/14 mövsümünün ikinci yarısında cəmi 11 oyunda şans qazanan Salah, 2 qola imza atır. Onun İngiltərə karyerasının ilk vaxtları qalmaqalsız da ötüşmür. Belə ki, Misirdə hərbi xidmətə çağırılan Salah bu məsələylə bağlı müəyyən problem yaşasa da, sonradan yerli hökumət məsələni Məhəmmədin xeyrinə həll edir.

İtaliya macərası və Britaniyaya qayıdış

Ancaq Salahın "Çelsi”dəki problemləri həll olmur. 2014/15 mövsümündə cəmi 3 oyun keçirən Məhəmməd İtaliyanın "Fiorentina” klubuna icarəyə verilir. Burda şans qazandığı 16 oyunda 9 qola imza atan Salah, "Roma”nın diqqətini çəkir. "Canavarlar”ın "Çelsi”yə etdiyi təklif Məhəmmədi İtaliyada saxlayır. Paytaxt klubunda ilk mövsümündə çıxışı isə onun əsl istedadını üzə çıxarır - 42 oyun 15 qol. Onun çıxışından razı qalan "Roma” 2016-cı ilin yayında 15 milyon avro qarşılığında Salahın transfer hüququna yiyələnir. Ancaq vinger İngiltərədəki uğursuzluğun təsadüf olduğunu sübut etmək istəyirdi. Keçən mövsümdə 19 qola imza ataraq yenə "Roma”nın əsas simalarndan biri olan Məhəmməd, yayda İngiltərədən, bu dəfə "Liverpul”dan gələn təklifi dəyərləndirir. İtalyanlar bir il öncə 15 milyon avroya aldıqları misirlini 42 milyon avro qarşılığında İngiltərəyə geri göndərir.

Salahı bu dəfə "dumanlı albion”da əvvəlki uğursuzluq gözləmirdi. İtaliyada keçirdiyi illərdə xeyli təcrübə toplamış hücumçu, qısa müddətdə Yurgen Kloppun etimadını qazanaraq, əsas heyətin üzvünə çevrilir. O, artıq bu mövsümdə şans qazandığı 13 oyunda 8 qola imza ataraq, komandanın ən məhsuldar üzvlərindən birinə çevrilib.

Azarkeşlərin sevimlisi

Salahın sərgilədiyi oyun onu çıxış etdiyi klublarda azarkeşlərin sevimlisi halına gətirir. İntizamlı, çox çalışqan olması azarkeşlərin rəğbətinə səbəb olur. Misirli futbol azarkeşləri onu ölkə futbolunun simvolu hesab edirlər. Avropada çıxış etdiyi klublarda isə bir çox ləqəblər qazanıb. Uşaq vaxtı Zinəddin Zidan və Luiş Fiqunun pərəstişkarı olan Salahı daha çox Lionel Messiyə bənzədirlər. Onu "Misirli Messi”, "Piramidaların Messisi”, "Firon” kimi ləqəblərlə çağırırlar.
Salah həm də, ideal ailə başçısıdır. Onu heç vaxt gecə məclislərində görmək olmaz. Evli olan Məhəmmədin Məkkə adlı bir qız övladı var. Onun qızına bu adı verməsinə səbəb isə dini inancıdır.
Misir millisinin xilaskarı

Salah Misir millisində 2011-ci ildə, hələ "Əl Mukavlun”da çıxış etdiyi zaman debüt edir. Əvvəlcə ölkənin U-20 və U-23 millilərində oynayan Məhəmməd, 2011-ci ildə keçirilmiş U-20 dünya çempionatının final mərhələsində və 2012-ci ildə London olimpiadasında çıxış etmiş Misir millisinin heyətinə daxil edilir. 2011-ci ilin sentyabrında isə o, əsas yığmada ilk oyununa çıxır. Syerre Leone ilə matçda yığmada debüt edən Salah, cəmi bir ay sonra, Nigerlə qarşılaşmada millidə ilk qoluna da imza atır. Bu il baş tutmuş Afrika Millətlər Kubokunda Misir millisinin əsas siması olan "Misirli Messi” komandasının qitə birinciliyini 2-ci pillədə başa vurmasında əsas rol oynadı. Ancaq Salahın Misir millisinə verdiyi ən böyük töhfə DÇ-2018-in seçmə mərhələsində yığmanı arxasınca daşıması oldu. Seçmə mərhələnin son matçında, Konqo ilə ev qarşılaşmasında (2:1) dubla imza atan Məhəmməd, uzun müddətli həsrətə son qoyaraq, "fironlar”a mundiala "bilet” qazandırdı.

Portret

Onu uşaq vaxtından tanıyanlar Salah barədə danışarkən, intizamlı və ambisiyalı xarakterini daha çox qabardırlar. Onun uğurlarının əsas səbəblərindən biri də sadəliyidir. İtaliya A seriyası, İngiltərə Premyer Liqası kimi çempionatlarda məhsuldarlıq nümayiş etdirən, "böyük beşlik” ölkələrinin həvəslə heyətlərində görməyə can atdıqları Məhəmməd, vətənini, burdakı qohumlarını heç vaxt unutmur. O, daima yaxınlarıyla əlaqə saxlayır. Hələ uşaq olarkən həlledici oyunda qol vura bilmədiyinə görə göz yaşlarına əngəl ola bilməyən Salah, illər sonra vurduğu qollarla bütün misirli futbol azarkeşlərini göz yaşlarına boğdu. Bu dəfə isə qəm-qüssə yox, sevinc göz yaşlarına. Misir millisi gələn il baş tutacaq mundialda iddialılardan deyil. Uzun müddət sonra dünya çempionatının final mərhələsinə vəsiqə qazanan yığmanın azarkeşlərinin əsas gözləntisi baxımlı oyun və ya qrup mərhələsini adlamaqdı. Ancaq Misir millisi hər nə qədər möhtəşəm heyətə malik olmasa da, onları hesabdan silməyin qarşısını alan liderləri - "Misirli Messi”ləri var.
Elnur

banner

Oxşar Xəbərlər