• şənbə, 20 Aprel, 18:55
  • Baku Bakı 24°C

Misirdə Nizami Gəncəviyə abidə qoyulacaq

27.06.13 07:42 1607
Misirdə Nizami Gəncəviyə abidə qoyulacaq

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, dahi Azərbaycan şairi Nizami Gəncəvinin abidəsinin Misirin dünya şöhrətli İsgəndəriyyə Kitabxanasında ucaldılması üçün Xarici İşlər Nazirliyi, Azərbaycanın Misirdəki səfirliyi və Mədəniyyət və Turizm Nazirliyi tərəfindən İsgəndəriyyə Kitabxanasının rəhbərliyi ilə danışıqlar aparılıb və bu barədə razılıq əldə olunub.
Səfirlikdən Trend-ə verilən məlumata görə, İsgəndəriyyə Kitabxanasının rəhbərliyi tərəfindən bəşəri irsə malik olan Nizami Gəncəvinin abidəsinin kitabxanada ucaldılması barədə Azərbaycanın təklifi müsbət qarşılanıb. Eyni zamanda, Nizaminin yaradıcılığı ilə İsgəndəriyyə şəhəri arasında rəmzi bağlılığın olduğu qeyd olunaraq, Nizaminin ədəbi qəhrəman kimi inkişaf etdirdiyi İsgəndər surətinin adını daşıyan şəhərdə və kitabxanada onun abidəsinin ucaldılmasının böyük maraqla qarşılanacağı vurğulanıb.
Bu xüsusda Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin ekspertləri dünən İsgəndəriyyə Kitabxanasında olub, abidənin hazırlanması üçün lazımi ölçüləri götürüb və abidənin yerləşmə yerini və bundan irəli gələn digər texniki məsələləri müəyyən ediblər.
Qeyd edək ki, İsgəndəriyyə Kitabxanası il ərzində bir neçə milyon turist tərəfindən ziyarət olunaraq, dünya miqyasında tanınmış elm-mədəniyyət mərkəzlərindən biridir. Bu kitabxanada dahi Azərbaycan şairi Nizami Gəncəvinin abidəsinin ucaldılması Nizami irsinin ərəb aləmində və dünya miqyasında daha da əbədiləşdirilməsi işinə öz töhfəsini verəcək.
banner

Oxşar Xəbərlər