Xəzər Universitetinin Dünya Məktəbində Misir Mədəniyyət günü keçirilib. "Elçi daşı”
layihəsi çərçivəsində həyata keçirilən tədbirin məqsədi Azərbaycandakı səfirliklər, xarici ölkələrin mədəniyyət
mərkəzləri ilə bərabər əməkdaşlıq etmək, şagirdləri ölkələrlə daha yaxından
tanış etməkdir.
Tədbirdə Misirin Azərbaycandakı Fövqəladə və səfiri Suzan Cəmil,
Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin rəhbəri Əhməd Sami Elaydi,
İordaniyanın, Sudanın səfirləri və
Səudiyyə Ərəbistanı, Mərakeş, Küveyt, Əlcairin və digər ərəb ölkələrinin
səfirliklərinin nümayəndələri, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının
müavini Aygün Əliyeva, millət vəkili, professor Nizami Cəfərov, Xəzər
Universiteti və Dünya məktəbinin təsisçisi, professor Hamlet İsaxanlı və digər
şəxslər iştirak ediblər. Çıxışlarda Azərbaycanla Misirin müştərək mədəni
bağlarından, dost ölkə olaraq münasibətlərindən söz açılıb. Çoxlu sayda
qonaqların və media mənsublarının iştirak etdiyi tədbirdə qədim ərəb əfsanəsi
"Leyli və Məcnun”un klassik ədəbiyyatımızda özünəməxsus yerindən bəhs edilib.
Şagirdlərin ifasında Məhəmməd Füzulinin "Leyli və Məcnun” poemasından
səhnələşdirilmiş parça hər kəsdə maraq yaradıb. Eyni zamanda, "Misir
şagirdlərin gözü ilə” başlığı altında uşaqların rəsm əsərləri və inşa
yazılarından ibarət sərgi, Misir haqqında təsəvvürləri genişləndirən
eksponatlardan ibarət sərgi də yüksək dəyərləndirilib.