• çərşənbə, 24 Aprel, 03:10
  • Baku Bakı 14°C

“Misir-Azərbaycan multikultural əlaqələri tarixindən” mövzusunda seminar keçirilib

22.02.17 18:15 821
“Misir-Azərbaycan multikultural əlaqələri tarixindən” mövzusunda seminar keçirilib
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Tarixi Muzeyində "Misir-Azərbaycan multikultural əlaqələri tarixindən” mövzusunda seminar keçirilib. Seminarda hər iki ölkənin mədəni əlaqələri tarixində Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin fəaliyyətindən və ərəb yazıçısı Curci Zeydanın yaradıcılığından söz açılıb.
Muzeyin əməkdaşı Əli Fərhadov XX əsrin əvvəllərində Azərbaycan tarixində mühüm rol oynamış Qazı əl-Bakuvinin yaradıcılığında Curci Zeydanın rolu, onun azərbaycanca tərcümələri və əsərləri barədə məlumat verib. Ə.Fərhadov, həmçinin Misir-Azərbaycan mədəni əlaqələrindən, C.Zeydanın muzeydə mühafizə olunan əsərlərindən danışıb.
Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin attaşesi, Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin rəhbəri Əhməd Sami Elaydi ölkələrimiz arasında tarixən dostluq əlaqələrinin mövcud olduğunu söyləyib. Qeyd edib ki, hələ keçmiş sovet dövründə Misir ilə Azərbaycan arasında mədəniyyət və elm sahələrində əlaqələr var idi. Misir Ərəb Respublikası Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən olub. Ölkələrimiz arasında ilk diplomatik əlaqələr 1992-ci ildə qurulub və bu münasibətlər hazırda müxtəlif sahələrdə uğurla davam etdirilir. Bu il Azərbaycan ilə Misir arasında diplomatik əlaqələrin yaranmasının 25 illiyi qeyd olunur. Hər iki ölkə arasında siyasi, iqtisadi-ticari, təhsil və mədəniyyət sahəsində əlaqələr uğurla inkişaf edib.
Əhməd Sami Elaydi rəhbərlik etdiyi mərkəzin fəaliyyətindən də danışıb. Vurğulanıb ki, bu, Azərbaycanda ilk və yeganə ərəb mədəniyyət mərkəzidir. Mərkəz tərəfindən təhsil sahəsində bir sıra işlər həyata keçirilir, eyni zamanda, azərbaycanlı gənclər üçün ödənişsiz ərəb dili kursları təşkil olunur.
Ölkələrimiz arasında təhsil əlaqələrindən söz açan qonaq ilk dəfə Misirin Ayn-Şəms Universitetində Azərbaycan dilinin tədris olunduğunu diqqətə çatdırıb.
Sonda seminar iştirakçıları muzeydə mühafizə olunan eksponatlarla tanış olublar.

banner

Oxşar Xəbərlər