• çərşənbə axşamı, 19 mart, 15:41
  • Baku Bakı 8°C

Mirzə Şəfi Vazehin “Bütün əsərləri”

01.07.19 12:07 6688
Mirzə Şəfi Vazehin “Bütün əsərləri”
Böyük Azərbaycan şairi, mütəfəkkiri, pedaqoqu və maarifçisi Mirzə Şəfi Vazehin "Bütün əsərləri” ilə ən əvvəl Azərbaycan dilində, eyni zamanda alman və rus dillərində tanışlıq imkanı qazanan oxucular bilirlər ki, bu kitab Azərbaycan ədəbiyyatı, Azərbaycan ədəbiyyatşünaslığı ilə əl-ələ bu günə qədər nə az, nə çox, yüz yetmiş illik bir yol gəlib. "Xalq Əmanəti” layihəsi çərçivəsində nəşr olunan bu kitabın böyük şairimizin anadan olmasının 225-ci ildönümü ilə eyni vaxta təsadüf etməsi əlamətdardır.

* * *
Mirzə Şəfi Vazehlə Fridrix Bodenştedtin münasibətlərinin bəlli tarixçəsini, şairin bu kitabda təqdim edilən bioqrafiyasında yer alsa belə, qısaca xatırlayaq. Alman ədibi və tərcüməçisi Qafqazdan, Tiflisdən öz vətəninə qayıdır, az sonra, yəni 1850-ci ildə "Şərqdə min bir gün” adlı indiki dillə desək, "memuar” kitabını dərc etdirir, həmin kitabda azərbaycanlı müəllimi, şair Mirzə Şəfiyə və onun şeirlərinə xüsusi yer ayırır. Kitab böyük uğur qazanır və bir il sonra həmin kitaba daxil edilmiş şeirlər, üstəgəl digərləri "Mirzə Şəfinin nəğmələri” adı ilə ayrıca şeir toplusu kimi dərc edilir. 23 il keçəndən sonra Bodenştedt "Mirzə Şəfinin irsindən” adlı daha bir toplu nəşr etdirir ki, bu kitabda o, artıq şeirlərin əvvəlki toplulara və nəşrlərə verdiyi şərhlərdə söylədiyi kimi, Mirzə Şəfiyə deyi,
ona məxsus olduğunu iddia edir. Əslində isə nə baş vermişdi? Azərbaycanlı şairin şeiriyyatı, "nəğmələri” Almaniyada nəşr edildiyi 1850 və 1851-ci illərdən sonrakı 40 il ərzində nə az, nə çox, düz 145 dəfə çap olunmuş (23 il ərzindəki nəşr sayı 80-dən çox idi), bu dövr ərzində Avropanın əsas, aparıcı dillərinə çevrilmiş, dünya şöhrəti qazanmışdı. Hətta o qədər ki, tərcüməçisində belə dərin qısqanclıq doğurmuş, onu müəlliflik iddiasına salmışdı. Mirzə Şəfinin, o dövrün kommunikasiya şərtləri və reallığı nəzərə alınarsa, Avropadakı şöhrətinin miqyasını indi təsəvvür etmək çox çətindir. Baxın, dövrünün böyük musiqiçisi, rus pianoçusu və bəstəkarı Anton Rubinşteyn Mirzə Şəfidən seçdiyi 12 şeir əsasında silsilə romanslar bəstələmişdi ki, bu iş 1855-ci ildə böyük Avstriya-macar bəstəkarı Ferens List tərəfindən təqdir edilərək nəşrinə kömək göstərilmiş, "İran motivləri” adı ilə bütün Avropada populyarlıq qazanmışdı. Sonradan həmin romansların mətnləri digər böyük rus bəstəkarı Pyotr İlyiç Çaykovski tərəfindən almancadan rus dilinə tərcümə edilmiş, nəhayət dünya opera ifaçılığının əfsanələrindən olan Fyodor Şalyapin tərəfindən də uğurla ifa olunmuşdu. Yaxud, 1887-ci il noyabrın 5-də Berlin küçələrinə bir afişa vurulmuşdu. Elana görə, Fridrix Vilhelm teatrında Emil Polun libretto müəllifliyi ilə bəstəkar Karl Milyokerin "Mirzə Şəfinin şərqiləri” operettası göstəriləcəkdi. Bəzi tədqiqatçıların fikrinə görə, F.List, Q.Meyerbeyer, E.Qriq, K.Levi, İ.Brams, K.Şimanovski, K.Marşneç və L.Spor da Mirzə Şəfinin yaradıcılığına biganə qalmamış, ona çoxsaylı müraciətlər etmişdilər...
Amma hər şeyin öz adıyla səslənməsi uzun illər istəyəcəkdi. Hərçənd Mirzə Şəfi Vazehin şeirlərinin Almaniyaya və Avropaya ayaq açdığı, məşhurlaşdığı ilk dövrlərdən bu yana həm əsərləri, həm də bütövlükdə həyat və yaradıcılığı istər alman və Avropa, istər rus, istərsə də Azərbaycan tədqiqatçılarının – ədəbiyyat tarixçiləri və ədəbiyyatşünasların, mətnşünasların diqqət mərkəzinə düşmüşdü. Ötən 170 il ərzində yüzlərlə elmi məqalə və əsərlər, monoqrafiyalar yazılmış, elmi diskussiyalar açılmış, bir-birinə zidd, hətta bəzən anlaşılmaz fikirlər səslənmişdi. Hansısa məqamda Bodenştedt başda olmaqla bəzilərinin dəstəklədiyi, Mirzə Şəfinin "uydurma, yaxud yarımuydurma”, "qeyri-ədəbi” personaj olması barədə absurd, cəfəng fikirlər belə dövriyyəyə buraxılmışdı. Bu və ya digər məsələlər ətrafında A.Berje, G.Rozen, H.Bruqş, R.Meyer, H.Vamberi, K.Zündmeyer, F.Roydmund, O.Sevendson, N.Hofer, L.Nebenşal, E.Alker, G.Busse, İ.Yenikolopov, N.Çernışevski, E.Vaydenbaum, A.Dühmer, N.Marr, M.Semyovski, A.Krımski, Y.Bertels, Y.Mudhenk, O.Burger və b. bəhslər açmışdılar. Əlbəttə ki, M.F.Axundov, F.Köçərli, S.Mümtaz, Ə.Seyidzadə ("Mirzə Şəfi Sadıq oğlu Vazeh”-1929; 1969), M.Rəfili ("Mirzə Şəfi dünya ədəbiyyatında” - 1958), H.Məmmədzadə, F.Qasımzadə, A.Bayram ("Mirzə Şəfi Vazehin ədəbi irsi” - 1980; "Fridrix Bodenştedtin Mirzə Şəfi Vazeh haqqında xatirələri” - 2008), F.Veysəlli ("Mirzə Şəfi Vazeh və Bodenştedt: yozmalar və faktlar”-2010), V.Arzumanlı, N.Əliyeva ("Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında” - 2013”) və başqalarının bu gün də davam edən qiymətli məqalə və tədqiqatları, kitabları, eləcə də şair və tərcüməçilərimizin – R.Rza, X.Rza, B.Azəroğlunun fraqmentar, A.Aslanovun isə sistemli tərcümələri Mirzə Şəfi Vazehi bütövlükdə mədəniyyətimizə qazandırıb, onu böyük Azərbaycan şairi kimi təsdiqləyib, sanki "işğal olunmağa” cəhd edilən ədəbi irsinin sahibi edib.

* * *
Görkəmli rus-sovet şərqşünası Y.Bertelsin irəli sürdüyü və bizim tədqiqatçılar da daxil olmaqla əksər alimlərin həmrəy olduqları iki fikri belə ümumiləşdirmək olar:
– Bodenştedtin bir tərcüməçi olduğunu (eləcə də onun tərcümələrinin xarakteri, orijinala sadiqliyi (və ya tərsi) barədə fikirləri...) yalnız Mirzə Şəfinin əsərlərinin əsli, orijinalı təqdim ediləcəyi təqdirdə söyləmək mümkündür;
– Buna qədər isə Bodenştedtin üç kitabda ("Şərqdə min bir gün”, "Mirzə Şəfinin nəğmələri” və "Mirzə Şəfinin irsindən” toplularında) nəşr etdirdiyi şeirlərinin hamısının Vazehə aid olduğunu söyləmək doğru deyil, çünki bu "bağışlanmaz səhv” və tərcümələrin səviyyəsi baxımından Mirzə Şəfinin xatirəsinə "hörmətsizlik” olardı...
Elmi-metodoloji yanaşma kimi doğru olan bu fikir başqa suallar doğurur. Fridrix Bodenştedtin xatirələrində çox aydın şəkildə şair və həm də "kitab çapı əleyhinə olan xəttat” Mirzə Şəfinin öz dəftərini (bəlkə də dəftərlərini – S.B.) ona hədiyyə etdiyi yazılmışdır. Elə isə orijinal mətnləri kim təqdim etməlidir? Amma cənab Bodenştedt əvvəl söylədiklərini sonradan danıbsa, yuxarıdakı elmi yanaşma, fikir söylənəndən çox-çox əvvəl dünyasını dəyişibsə, orijinalların ortaya qoyulması postulatı, yaxud qoyulacağı ümidi nə qədər düzgündür? Kim təminat verir ki, Bodentşedtin deyilənə görə ABŞ-a gedib çıxmış arxivlərində Mirzə Şəfinin dəftəri və ya əlyazmaları saxlanmaqdadır?
Üstəgəl, nəzərə alaq ki, Bodenştedtin təcrübəsində orijinalların itməsi faktı yalnız bir hadisə ilə bitmir. Böyük rus şairi M.Y.Lermontovun 19 orijinalı naməlum, yaxud itirilmiş şeirinin də Bodenştedt tərəfindən alman dilinə çevrildiyi, sonradan isə yalnız almancadan rus dilinə çevrilməklə "ana versiyasının bərpa olunması” məsələsi də X.Rippixin tədqiqatlarında yer alıb ki, bu haqda "Mirzə Şəfi Vazehin ədəbi irsi” kitabında ətraflı yazılıb.
Kitabın hazırlanması dövründə biz də yuxarıda qeyd edildiyi kimi, çoxlu suallarla üzləşmiş, Azərbaycan, alman və rus dillərində olan onlarla mənbəyə, tədqiqata, tərcümə mətnlərinə müraciət etmişik. Materialların çoxluğuna rəğmən, hər dəfə eyni bir sual bizi rahat buraxmayıb: nədən Mirzə Şəfinin bədii irsinin həcmcə məhz ən kiçik hissəsi onun ana dilində, Azərbaycan dilindədir? Vazehin bizə gəlib çatan orijinal mətnlərini (Azərbaycan və fars dillərindəki şeiriyyatını) nəzərdə tutaraq vermirik bu sualı. Belə olsaydı, gərək indi Aslan Aslanovun tərcümələrindəki mətnləri nəzərə almayaydıq, yaxud onlar olmayaydı və biz isə şair, mütəfəkkir, maarifçi Mirzə Şəfini yalnız sayca aşağı-yuxarı 15-20 qəzəl, qəsidə, məsnəvi və müxəmməsindən, hikmətli sözlərindən, bir də "Kitabi-türki”dən tanıyaydıq. Fikrimizi bir qədər də aydınlaşdıraq. Diqqət yetirin: Mirzə Şəfi Vazehin alman dilindəki irsi – Fridrix Bodenştedtin çap etdirdiyi "Şərqdə min bir gün”, "Mirzə Şəfinin nəğmələri” və "Mirzə Şəfinin irsindən” kitablarındakı bütün poetik mətnlər nəzərə alınarsa, 351 şeirdən ibarətdir. Şairin ruscaya çevrilmiş, əsasən N.Qrebnev və L.Maltsevin işlərindən ibarət olmaqla bütün digər tərcümələrlə bir yerdə şeirlərinin ümumi sayı 400-ə yaxındır (əlbəttə, bu sayın, az qala, yarısından çoxunu eyni şeirlərin müxtəlif tərcümələri təşkil edir). Amma orijinal şeirlərlə birlikdə ana dilimizə tərcümələrin ümumilikdə sayı heç vaxt 100-ü ötməyib. Bəs, Y.Bertelsin irəli sürdüyü "yalnız orijinal təqdim ediləcəyi təqdirdə...” və "şeirlərinin hamısının Vazehə aid olduğunu söyləmək "bağışlanmaz səhv” və tərcümələrin səviyyəsi baxımından Mirzə Şəfinin xatirəsinə "hörmətsizlik” olardı” kimi prinsiplər necə olsun?! Düşünəndə ki, biz bir vaxtlar Rusiya ilə (rus ədəbiyyatı və ədəbiyyatşünaslığı ilə) eyni sərhədlər içində yaşamışıq, verə biləcəyimiz və verə bilməyəcəyimiz bütün cavablar yalnız təəssüf doğurur.
Bəzi başqa məqamları da söyləmək yerinə düşərdi. Hansı "cəbhədə” dayanmalarından asılı olmayaraq tənqidçi və tədqiqatçıların bəzən Fridrix Bodenştedtin təqdimatındakı Mirzə Şəfi yaradıcılığına Hafiz, Sədi, Xəyyam, xüsusən Füzuli şeiriyyatının qarışdığını (biz qəti şəkildə dəqiqləşdirilmiş mətnləri nəzərdə tutmuruq) ümumi arqument kimi gətirirlər ki, orijinallar əldə olmayınca bunların müzakirəsi əsaslı təsir bağışlamır; çünki yalnız belə olacağı təqdirdə kimin, kimdə, nə qədər və necə əks olunduğunu müəyyənləşdirmək olar. O zaman belə çıxır ki, eyni bir arqument fərqli məqsədlərə müvafiq olaraq tam tərs şəkildə də yozula bilərmiş. Bir də unudulur ki, Mirzə Şəfinin təmsil etdiyi, Azərbaycanın da daxil olduğu Şərq poeziyasında, poetik məktəblərdə təzmin, təxmis, tərbi, nəzirə və b. təqlid və bənzətməçilik növləri ustalığa gedən yolda bütün şairlərin istifadə etdiyi üsullar olub və bu üsullarla onlar yalnız iki şeyi təsdiq ediblər: əvvəlki ustadlara ehtiramı; ədəbiyyatın daha çox əski ideya və məzmunları ifadə edən yeni forma və estetik məsələ olmasını. Burda bir məsələni də xatırlatmaq yerinə düşərdi: digər Şərq və Azərbaycan klassikləri öz yerində, M.Füzuli Azərbaycan şairləri içərisində poeziyasına yuxarıda söylədiyimiz "bənzətməçilik üsulları ilə” məhz XIX əsrdə ən çox müraciət edilən şairimizdir.
Daha bir məqam, Qərb tərcümələrində əksər Şərq şairlərinin, o cümlədən Mirzə Şəfi Vazehin də yanlış olaraq, fikrimizcə, bilərəkdən deyil, məhz bilməyərəkdən bəzək-düzəkli və yumşaq desək, "şərabbaz” obrazının qabardılması, üstəgəl, xüsusən sovet ədəbiyyatşünaslığında məxsusi olaraq dövrün ideoloji mündəricəsi ilə üstüstə düşsün deyə "materialist”, "allahsız” və "din düşməni” kimi təqdimatı da böyük səhvlərdəndir. Mətnlərinin ümumşərq şeiriyyatı kontekstində düzgün oxunması və analizi bunun belə olmadığını sübut edir. Başqa tərəfdən irfani-islami kontekstdə şeir rəmzlərinin, obrazların həm oxu prosesində, xüsusən Qərb dillərinə tərcümələrdə hərfi, birbaşa qəbul olunması və şərh edilməsi, dünyəvi mahiyyət qazandırılması, adiləşdirilməsi bir qədər də məlum səbəblərdən "öz-özünə” baş verirdi.

* * *
Biz Mirzə Şəfi Vazehin "Bütün əsərləri”ni üç dildə nəşrə hazırlayarkən məhz bütün bu və başqa məqamları nəzərə aldıq. Əsas olaraq "Mirzə Şəfinin nəğmələri” kitabının 1924-cü il Leypsiq nəşrini (bu kitab isə öz növbəsində "Şərqdə min bir gün” – "Tausend und ein Tag im Orient”, Decker, 1850, Berlin və "Mirzə Şəfinin nəğmələri” – "Dier Lieder des Mirza Schaffy”, Decker, 1851, Berlin nəşrləri əsasında tərtib edilmişdi), həmçinin "Mirzə Şəfinin irsindən” kitabının qot (əski alman) əlifbasındakı 1876-cı il nəşrinin ("Aus dem Nachlasse Mirza Schaffy’s” /Miniatur Ausgabe/ A.Hofmann &Camp, 1876, Berlin) faksimilesini götürdük. Əski alman əlifbasında olan bütün şeirləri yeni alman əlifbasına keçirdik. Sonra isə onları farscadan tərcümə olunmuş şeirlərlə bərabər Azərbaycan və rus dillərində indiyə qədər mövcud olan Mirzə Şəfi şeirləri (tərcümələri) ilə tutuşdurduq. Azərbaycan dilindəki son və təkmil mənbələr kimi biz "Nəğmələr” və Akif Bayramın "Mirzə Şəfi Vazehin ədəbi irsi” kitablarını, rus dilindəki son və təkmil mənbələr kimi isə "Песни Мирзы Шафи в русских переводах” və "Мирза Шафи Вазех. Лирика” kitablarını əsas götürdük. Heydər Əliyev Fondu tərəfindən 2015-ci ildə çap edilmiş, yuxarıda sadalanan nəşrlər əlbəttə, özündən əvvəlki çoxsaylı mənbələrə əsaslanırdı ki, biz yeri gəldikcə həmin kitablara da nəzər yetirməyi unutmadıq. Beləliklə, biz ilk əvvəl hər iki dildə çatışmayan şeirləri müəyyənləşdirdik və o şeirlərin Azərbaycan və rus dillərində sətri tərcümələrini hazırladıq. Eyni zamanda, Azərbaycan və rus dillərində mövcud olan şeirləri də bir-biri ilə tutuşdurduq və bu istiqamətdə də boşluqları müəyyənləşdirdik.
Nəhayət, Azərbaycan dilində 270, rus dilində 180, alman dilində isə 15 şeirin sətri, sonradan isə bədii tərcümələrini hazırladıq ki, növbəti və davamlı oxu proseslərində biz almanca mövcud olan Vazeh yaradıcılığına heç cürə aid edə bilmədiyimiz 9 şeirdən (məs.: "Ja, wir leben in einer großen Zeit”, yaxud "Mullah! Rein ist der Wein...” şeirləri kimi) vaz keçdik, bəzi tərcümələrdən isə oxşar səbəblərdən imtina etdik. Eyni zamanda, bəzi alimlərimizin tədqiqatlarında mübahisəyə yol açmış şeirlər də oldu ki, onları müvafiq şərhlərimizlə saxladıq: məsələn, "Fətəli” şeiri, bu mənada prof. Fəxrəddin Veysəllinin "Mirzə Şəfi Vazeh və Bodenştedt: yozmalar və faktlar” kitabında bu barədə söylədiklərinə şərik çıxdıq.
Əlbəttə, alimlərimiz tərəfindən bəzi tədqiqatlarda Vazehə aid olduğu iddia edilən, bəzən də nümunə gətirilən elə şeirlər də oldu ki, həmin şeirlərin əlyazmaları sonradan ortaya qoyulmadığına görə biz həmin şeirlərin almancadan tərcüməsini əsas götürdük; məsələn, "Nicht mit Engeln im blauen Himmelszeit” şeirində olduğu kimi, hərçənd şərhlərdə təklif olunan (Ə.Seyidzadənin tədqiqatına görə, bu şeir Bodenştedtin təqdim etdiyi kimi 3 bənddə 12 misralıq bir şeir yox, dördlükdür, rübaidir) digər nümunəni də xatırlatdıq. Əlbəttə, bütün bu proseslərdə biz tanınmış alman dili mütəxəssisləri, alimlər, eləcə də Mirzə Şəfi yaradıcılığının azərbaycanlı tədqiqatçıları prof. Akif Bayram (ekspert), prof. Fəxrəddin Veysəlli (ekspert və almancadan sətri tərcümələri hazırlayan), Vilayət Hacıyev (məsləhətçi) və Yusif Savalanla (almancadan və almancaya əsas sətri, eləcə də bəzi bədii tərcümələri hazırlayan) sıx əməkdaşlıq etdik. Almaniyadan tərcüməçi ədiblər Orhan Aras və Karl H. Kiel həm mətnin əski əlifbadan yenisinə keçirilməsində, həm də alman dilində bədii tərcümələrin hazırlanmasında bizimlə əməkdaşlıq etdilər. Daha sonra biz görkəmli rus şairi və Şərq poeziyasının rus dilinə yorulmaz tərcüməçisi Mixail Sinelnikovla (rus dilinə əksər yeni bədii tərcümələri o hazırlamışdır), Azərbaycanın məşhur şair və tərcüməçiləri Nicat Məmmədov (rus dilinə əksər yeni sətri tərcümələrin və bəzi şeirlərin poetik tərcüməsinin müəllifi) və Alina Talıbova ilə (rus mətnlərinin bədii redaktoru və bir neçə şeirin tərcüməçisi) bərabər çalışdıq. Adları çəkilən rus dili tərcüməçilərinin işləri ilə yanaşı biz kitaba əsasən N.Qrebnev və L.Maltsevin tərcümələri olmaqla F.Kaluqin, B.Markov, S.Nadson, İ.Prodan, İ. və A.Txorjevskilər, P.Çaykovski, N.Eyfert, P.Yakuboviç, A.Şeller-Mixaylov və V.Luqovskoyun da indiyə qədər məlum olan bəzi rus çevrilərini də daxil etdik ki, fikrimizcə, bu, həm də Mirzə Şəfi poeziyasının rus dilinə "səyahətinin” geniş coğrafiyasını və rəngarəngliyini göstərir.
Mirzə Şəfinin Azərbaycan dilinə tərcüməsi, əslində isə öz ana dilində bütünlüklə bərpası məsələsi haqqında ayrıca danışaq. Azərbaycan oxucusu indiyə qədər şair Vazehi üç fərqli intonasiya ilə – orijinal və tərcümə mətnlərindən "eşitdiyi nəfəslə” və bundan doğan obrazlarla tanıyır. Əgər birincini, orijinalı Azərbaycan dilində və əruzda, rəməl bəhrində olan, vaxtilə unudulmaz Salman Mümtazın üzə çıxardığı "Nə qədər kim, fələyin sabitü səyyarəsi var” qəzəli və "Ey nəzakət çəməni içrə xuraman Süsəni” müxəmməsi formalaşdırıbsa, digərini Həmid Məmmədzadənin Gürcüstan arxivlərindən tapdığı, fars dilindəki "Məktubun intizarında” poemasının gözəl şairimiz Balaş Azəroğlu tərəfindən ana dilimizə və "Məhəbbət bağının sərvi-rəvanı” misralı həzəclə səlis çevrilmiş variantı, üçüncünü isə Aslan Aslanovun tərcümələrindəki "nəğmələr”, hecada olan "Mənim həyat üzüyümün qaşısan...”, yaxud "Bir gün gedirdim mən bir dalda yolla...” kimi şeirlər formalaşdırıb. Üstəgəl, həmin orijinal mətnlər və tərcümələr bu kitabda yer aldığından biz də indiyə qədər mövcud olan bu reallığa sədaqət göstərməyi və bu xətti davam etdirməyi vacib bildik.
Müstəqillik illəri yeni şeirimizin öndə gedən isimlərindən olan, eyni zamanda dünya ədəbiyyatından çoxsaylı dəyərli, ciddi prozaik və poetik tərcümələrin müəllifi, konseptualist şair Azad Yaşar daha böyük mətn kütləsini (üçüncü ab-havaya müvafiq olaraq) hecada istedadla bədii tərcümə etməklə yanaşı, Azərbaycan dilinə çevrilmiş əksər sətri tərcümələri də uğurla "emal” etdi ki, onun tərcümələri Vazehi həm də xüsusi lüğət olmadan bir müasir şair kimi oxumağa, hamı üçün "əlçatan olmağa” şərait yaratdı...
Amma ədəbi çevrələrin indiyə qədər şair kimi bir o qədər də yaxşı, tərcüməçi kimi isə heç tanımadığı istedadlı qəzəlxan şair, mahir tərcüməçi Pünhan Əzimli isə Vazehi əruzda (xüsusən rəməl, həzəc, səri, müzare, müstəc, xəfif, münsərih və mütədarik bəhrlərində) "axtarmaq”la onu fikrimizcə, doğrudan-doğruya elə bərpa etməyə çalışdı ki, bu mətnləri oxuyanda şeirlərin almancadan tərcümə olduğunu kimsə düşünməsin, şeirləri elə XIX əsrin yadigarı kimi qəbul edə bilsin.
Vazehin şeirləri sırasında almancadan Azərbaycan dilinə əksər sətri tərcümələri hazırlamış Yusif Savalanın da hecada olan xeyli bədii çevriləri ilə yanaşı böyük şairimiz Xəlil Rzanın də bəzi tərcümələri vardır. Bu isə ümumi palitranın rəngarəngliyini göstərməklə yanaşı böyük şairimiz Vazehin poetik irsinin bərpasına zaman-zaman və ciddi müraciətlərin təzahürüdür. Balaş Azəroğlunun tərcümələrini isə az əvvəl xatırladıq.
Tərcümə və mətnlər üzərində iş bitdikdən sonra biz əlbəttə ki, şeirləri sıralama, yaxud Mirzə Şəfi Vazehin ilk "Bütün əsərləri”nin tərtib prinsiplərini müəyyənləşdirməli idik. Dörd şərti kitabda topladığımız şeirlərin ilk, I kitabında əlbəttə ki, Vazehin ana dilində, sonra isə fars dilində olan şeirləri toplanmalıydı. Belə də etdik. II kitabda Mirzə Şəfinin "Şərqdə min bir gün” kitabına daxil edilmiş (bu, Mirzə Şəfinin şeirləri toplanmış və Almaniyada çap olunan ilk kitab deməkdir) şeirlərini topladıq. Bu kitabın ilk nəşrində şeirlərin sayı 40-dan artıq olsa da sonradan həmin şeirlərin böyük hissəsi Bodenştedtin nəşr etdirdiyi digər kitablara salınmışdı deyə biz bunu nəzərə aldıq və bu hissədə yalnız 18 şeirlə kifayətlənməli olduq. III kitabda "Nəğmələr”dəki şeirləri, IV kitabda isə "Mirzə Şəfinin irsindən” kitabındakı şeirləri topladıq. Həm Azərbaycan, həm rus dillərindəki versiyalarda silsilə adları və ya yarımbaşlıqlar alman versiyasında olduğu kimi saxlandı. Yalnız Azərbaycan dilindəki kitabda qəzəl, məsnəvi və b. klassik şeir növlərinin adlarını qeyd etdik: ona görə ki, tərcümə mətnlərində bu məsələlər öz funksiyasını şərti şəkildə, formal olaraq yerinə yetirir.
Və nəhayət, Vazehin əsərlərinin həm Azərbaycan, həm də rus dillərindəki kitablarında çevrilmiş hər bir şeirin altında həm sətri tərcüməni icra etmiş şəxsin, həm də bədii tərcümə müəllifinin adını yazdıq. Az rast gəlinən bu təcrübəni istifadə etməyimiz bir tərəfdən Vazehin əsərlərinin ana dilinə tərcümələrinin indiyə qədərki təqdimatlarında rastlaşdığımız bəzi "səliqəsizliklər”lə bağlı idisə, digər tərəfdən, təqdim etdiyimiz kitabın təkcə onu əlinə almış oxucunun deyil, həm də araşdırıcının verə biləcəyi bütün sualları cavablandıra bilməsi üçündür. Bir də orijinalları indiyədək əldə olunmuş əlyazmalarla təsdiqlənmiş şeirləri xaric, digər şeirlərinin də nə vaxtsa tapılacağına "Bertels ümidi” öz yerində, hesab edirik ki, bu vaxtacan ədəbi taleyi "düyünə düşmüş” klassikə münasibətdə ifrat dürüstlük yalnız işin xeyrinə olar. Alman versiyasında I kitab xaricində digər üç kitabda toplanmış hər bir şeirin altında tərcüməçi olaraq Fridrix Bodenştedtin adı yazıldı. Yeri gəlmişkən, biz Bodenştedtin Vazehdən tərcümələrində, xüsusən "Mirzə Şəfinin irsindən” kitabında bir tərcüməçinin edə biləcəyindən daha artıq sərbəst davrandığını, improvizələr etdiyini, hətta bəlkə yaradıcı impulslar alıb əlavələr etdiyini də istisna etmirik. Amma tərcümə sənəti tarixində bu və ya buna bənzər hadisələr var; odur ki, biz yalnız ana dilimizə (!) tərcümələrdə (!) Bodenştedtin Şərqi bilməyərəkdən və hiss etməyərəkdən yol verdiyi xətaları (məs.: "Yusif və Züleyxa” hadisəsi ilə bağlı Şərq və İslam versiyasından kənara çıxmalar kimi) qismən aradan qaldırdıq; alman versiyalarına toxunmadıq, çünki redaktə etmək mümkün deyildi, ona görə də rus versiyalarında da bu dediyimiz məqamlara toxunmadıq.
Dünya ədəbiyyatında, o cümlədən Azərbaycan ədəbiyyatında çoxlu qəribə nümunələr var: 9 kitabının olması ilə bağlı məlumatlara rəğmən bu günə bütöv şəkildə yalnız bir şeiri gəlib çatmış qədim yunan şairəsi Safo var; divanı olmasına baxmayaraq 4 qəzəli günümüzə gəlib çatan Həsənoğlu var; bütün irsi "yağmalanan”, 50-ə yaxın şeiri yaddaşdan, ağızdan bərpa olunan Müşfiq var; bir də şair, müəllim, maarifçi, "gəncəli müdrik” Vazeh var. Maraqlıdır ki, Vazehin taleyindəki "uğursuzluq” yalnız şairliyi ilə bağlı olmayıb. "Vətən dili” kitabının II nəşrinə olan "Ön söz”də Vüqar Qaradağlı yazır: "M.Ş.Vazehin haqqını tapdalayıb əsərlərini öz adına çıxarmaq Vazehin taleyində yeganə hal deyilmiş. Belə ki, İvan Konstantinoviç Yenokolopovdan başlamış son tədqiqatçılaradək hamı yekdilliklə Mirzə Şəfi Vazehin "Kitabi-türki”sinə həmmüəllif qismində Mirzə Kazımbəyin tələbələrindən olmuş Tiflis gimnaziyasının Şərq dilləri müəllimi İvan Qriqoryevin adını qeyd edirlər. Lakin dərsliklə səthi tanışlıq belə bu iddianın yanlış olduğunu aşkar edir. İvan Qriqoryevin xidməti isə sözügedən 237 səhifəlik dərsliyin yalnız ilk 16 səhifəsində rus dilində verdiyi tərcümələrdir. Və kitabın Mirzə Şəfinin vəfatından sonra 1855-ci ildə Təbrizdə çap olunması da İvan Qriqoryevin xidmətidir. Lakin bundan artıq deyil. "Kitabi-türki” Mirzə Şəfinin tək müəllifliyi ilə yazılmış əsərdir”.
Qəribə taledir. Bənzərsiz və kədərli. Prof. Akif Bayramın "Mirzə Şəfinin ədəbi irsi” kitabında belə bir parça var: "Mirzə Şəfinin "sıxışdırılması” mərhələlərini əyani surətdə izləyə bilmək üçün başqa bir fakta müraciət edək: "Şərqdə min bir gün” kitabının cildində Bodenştedt müəllimi, böyük Azərbaycan şairinin ayaqları yanında oturmuş vəziyyətdə təsvir edilmişdir. "Mirzə Şəfinin nəğmələri” kitabının titul vərəqində Bodenştedt artıq onunla yanaşı əyləşmişdir. "Mirzə Şəfinin irsindən” adlı üçüncü kitabda isə artıq şairin rəsmi tamamilə çıxarılmışdır...”
Bizim, kitabın üzərində işləyən yaradıcı qrupun bu gün kimisə ittiham etmək, suçlamaq fikri qətiyyən yoxdur. Baş verənlərdən iki əsrə yaxın vaxt ötməkdədir, indi bu çox anlamsız görünərdi. Bizim üçün Fridrix Bodenştedt Mirzə Şəfinin istedadlı tərcüməçisidir; elə alman ədəbiyyatı və ədəbiyyatşünaslığı üçün də bu belədir və Bodenştedt soyadında adı böyük alman şairləri ilə bir sıraya qoyulacaq ciddi bir şair yoxdur. Digər tərəfdən, biz Mirzə Şəfinin ilk "Bütün əsərləri”ni almanca çap etməyə də bilərdik. Nəzərə alsaq ki, heç alman dilində də oxucular Mirzə Şəfini bu həcmdə (15 şeir əlavə edilib), oxumayıblar, onda bizim bunu etməyimiz, elə həm tərcüməçi kimi Bodenştedtin zəhmətinə sayğımız, həm də böyük Azərbaycanşairi Mirzə Şəfinin irsini qorumuş alman dilinə ehtiramımız deməkdir.
Görünür, tale Mirzə Şəfinin "əbədi diriliyi” üçün belə yol seçibmiş.
Əslində Mirzə Şəfinin adı heç vaxt unudulmadı, rəssamlar onun rəsmlərini çəkdilər, heykəltəraşlar onun abidələrini ucaltdılar. Mirzə Şəfinin obrazı Azərbaycan nəsrində də uğurla təcəssüm etdirildi. Ə.Nicat "Nəğməyə dönmüş ömür” romanını, F.Mustafayev isə "Mən işığa gedirəm” povestini qələmə aldılar.
Beş il əvvəl Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Mirzə Şəfinin anadan olmasının 220 illiyi qeyd olundu. Xüsusən Gəncə və Bakıda çoxsaylı elmi konfranslar, ədəbi-bədii gecələr, kütləvi tədbirlər keçirildi. Vazeh muzeyi inşa edildi, içində də "Divani hikmət” guşəsi. Mirzə Şəfi Vazehin Almaniyada 1850-ci ildən 1924-cü illərə qədərki dövrdə nəşr olunmuş kitabları sərgiləndi.
2018-ci idlə prof. Xəlil Yusiflinin təqdimatında və "Ön sözü” ilə "Kitabi-türki” nəşr edildi. Bu gün Vazehin adını daşıyan park və məktəb, küçələr var. Və nəhayət, biz bu gün, indi böyük Azərbaycan şairi Mirzə Şəfi Vazehin 225 yaşını ilk dəfə "Bütün əsərləri” ilə birlikdə qeyd edirik.

Səlim Babullaoğlu
banner

Oxşar Xəbərlər