• cümə axşamı, 28 mart, 14:21
  • Baku Bakı 16°C

Mirzə Şəfi Vazehin 225 illiyinə gözəl töhfə

25.06.19 13:07 1403
Mirzə Şəfi Vazehin 225 illiyinə gözəl töhfə
"Mirzə Şəfi Vazehin "Bütün əsərləri”nın nəşri "Xalq Əmanəti” kollektivinin təcrübəsində ən mürəkkəb işlərdən biri olub. Beş ildən çox müddət ərzində üzərində müxtəlif ölkələrin çoxsaylı mütəxəssislərinin çalışdığı, zərrə-zərrə toplanaraq üç dildə tərcümə edilən külliyyatın gəncəli müdriki və onun yaradıcılığını xalqımıza yenidən qaytaracağı şübhəsizdir. Azərbaycan, rus və alman dillərində işıq üzü görən kitabda böyük şairin bütün əsərləri yer alıb”. Görkəmli Azərbaycan şairi, mütəfəkkiri, maarifçi-pedaqoqu Mirzə Şəfi Vazehin yaradıcılıq irsinə həsr olunan Xalq Bankın "Xalq Əmanəti” layihəsinin on səkkizinci nəşrinin təqdimatı iştirakçılara sözün həqiqi mənasında KİTAB BAYRAMI təəssüratı yaşatdı.

Yüz yetmiş illik yol
İnsan ruhunun əzəmətini, sonsuz sevgini, həyat eşqi və gözəllik kimi dəyərləri əsərlərində vəsf edən şairin yaradıcılığı təkcə vətəninin hüdudları çərçivəsində qalmamış, sərhədləri aşaraq Almaniyada nəşr edildiyi 1850-1851-ci illərdən sonrakı 40 il ərzində 45 dəfə çap olunub, Avropanın bir necə məşhur dilinə çevrilib, dillər əzbəri olaraq dünya şöhrəti qazanıb. Qafqaz tədqiqatçısı olan tələbəsi Fridrix Martin fon Bodenştedtin "Şərqdə min bir gün” adlı kitabında yer alan şeirlərindən bir il sonra elə tələbəsi tərəfindən ”Mirzə Şəfinin nəğmələri” adı ilə ayrıca şeir toplusu kimi dərc edilib. Böyük şairin şeirləri bəstəkarların musiqilərinin dili ilə səsləndirilib, görkəmli rus pianoçusu Anton Rubenşteynin, Avstriya-macar bəstəkarı Ferens Listin, rus bəstəkarı Pyotr Çaykovskinin diqqətini çəkib. Dünya operasının əfsanəsi Fyodr Salyapinin ifa etdiyi musiqi incisinə çevrilib.
Tələbəsi Vazehin "nəğmələrinin” ona məxsus olduğunu iddia edib. Böyük şairin yaradıcılıq irsinin ona məxsus olmasını sübut etmək isə əlbəttə, uzun araşdırmalar, gərgin tədqiqatlar əsasında mümkün olub. Belə ki, şairin alman dilindəki irsi –Fridrix fon Bodenştedtin çap etdirdiyi üç kitabda yer alan bütün poetik mətnlər nəzərə alınarsa 351 şeirdən ibarətdir. Şairin əsasən N.Qrebnev və L.Maltsev tərəfindən rus dilinə tərcümə olunan əsərlərinin sayı 400-ə yaxındır. Bu şeirlərin yarısından çoxunu eyni şeirlərin müxtəlif tərcümələri təşkil edir. Orijinal şeirlərlə birlikdə ana dilimizə tərcümələrin ümumilikdə sayı isə heç vaxt 100-ü ötməyib. Yaradıcı qrup ilk növbədə əski alman əlifbasında olan bütün şeirləri yeni alman əlifbasına keçirib. Bu şeirlər Mirzə Şəfinin Azərbaycan və rus dillərində mövcud olan şeirləri ilə tutuşdurulub və hər üç dildə çatışmayan şeirlər müəyyənləşdirilib. Bu şeirlərin Azərbaycan və rus dillərində sətri tərcümələri hazırlanıb. Eyni zamanda, Azərbaycan və rus dillərində mövcud olan şeirlər bir-biri ilə tutuşdurularaq bu istiqamətdə də boşluqlar müəyyənləşdirilib – Azərbaycan dilində çatışmayan 270, rus dilində 180, alman dilində isə 15 şeirin sətri və bədii tərcümələri hazırlanıb. Bu prosesdə alman dilinin tanınmış mütəxəssisləri, alimlər və Mirşə Şəfi yaradıcılığının azərbaycanlı tədqiqatçıları, professor Akif Bayram, professor Fəxrəddin Veysəlli, Vilayət Hacıyev və Yusif Savalan yaxından iştirak ediblər. Almaniyadan tərcüməçi ədiblər Orxan Aras və Karl H.Kiel mətnləri əski alman əlifbasından yenisinə keçirmiş və alman dilində bədii tərcümələri hazırlamış, görkəmli rus şairi Mixali Sinelnikov, istedadlı şair tərcüməçilər – Nicat Məmmədov və Alina Talıbova mətnləri rus dilinə çevirmişlər. Adları çəkilən rus dili tərcüməçilərinin işləri ilə yanaşı, kitaba əsasən N.Qrebnev və L.Maltsevin tərcümələri olmaqla F.Kaluqin, B.Markov, S.Nadson, İ.Prodan, İ. və A.Txorjevskilər, P.Çaykovski, N.Eyfert, P.Yakuboviç, A.Şeller-Mixaylov və V.Luqovskoyun tərcümələri salınıb. Oxucular Mirzə Şəfi Vazehin "Bütün əsərləri”ni Azərbaycan dilində, ana dilimizdə olan orijinal şeirlərdən başqa X.R.Ulutürk, Balaş Azəroğlu, Aslan Aslanov, Azad Yaşar, Pünhan Əzimli və Yusif Savalanın tərcümələrində oxuyacaqlar. Oxucuların Azərbaycan, alman və rus dilində tanışlıq qazandığı, Azərbaycan ədəbiyyatı ilə birlikdə yüz yetmiş illik yol gələn kitab Mirzə Şəfi Vazehin anadan olmasının 225 illiyinə ən gözəl töhfə sayıla bilər. Elə bu kimi amillər Mirzə Şəfi Vazehin "Bütün əsərləri”nin təqdimatına toplaşanlara nəfis tərtibatla nəşr olunan kitabı fundamental tədqiqat mənbəyi kimi dəyərləndirmələrinə əsas verdi.
Qiymətli xəzinə
AMEA-nın vitse-przidenti, millət vəkili İsa Həbibbəyli nəşri Xalq Bankın Azərbaycan ədəbiyyatına, elminə və mədəniyyətinə qiymətli hədiyyə adlandırdı: "Biz Mirzə Şəfi Vazeh haqqında heç də çox şey bilmirik. "Xalq Əmanəti” şair haqqında mümkün olan hər şeyi toplayıb və ilk dəfə olaraq mükəmməl şəkildə çap etdirib. İndiyədək şairin bütün şeirləri bizim ixtiyarımızda olmayıb. Bu nəşrdə isə Mirzə Şəfinin indiyə qədər məlum olan şeirlərindən 3-4 dəfə çox şeirləri toplanıb. Bu, böyük tədqiqat işidir. Eyni zamanda, böyük vətənpərvərlik və vətəndaşlıq işidir. Xüsusən Səlim Babullaoğlinun yarı elmi, poetik ön sözü kitaba yaxşı müqəddimədir. O cümlədən, nəşrin ərsəyə gəlməsində xidmətləri olan Fəxrəddin Veysəllinin, Akif Bayramın adları onun ciddi bir nəşr olduğunu təsdiqləyir. "Xalq Əmanəti” peşəkar müəlliflər, tərcüməçilər, ekspertlər heyətini bir yerə yığa bilib. Kitabı müxtəlif dillərə çap etmək təkcə Azərbaycan cəmiyyətinə deyil, həm də, alman dilli və rus dilli oxuculara çatdırmaq məqsədi daşıyıb. Mirzə Şəfi klassik ədəbiyyatdan müasir şeirə keçidin bütün orijinallığını özündə əks etdirən bir sənətkardır”. Millət vəkili qeyd etdi ki, kitab akademik nəşr tutumuna malikdir. "Mirzə Şəfi Vazehin dünya oxucusuna bu səviyyədə təqdimatını ədəbi-mədəni və elmi mühitimiz üçün əlamətdar hadisə kimi yüksək qiymətləndirirəm. Hesab edirəm ki, Mirzə Şəfi Vazehin gerçək tədqiqatı da məhz bundan sonra və daha fərqli səviyyədə davam edəcək. Biz Mirzə Şəfi Vazehi necə varsa dünyaya tanıtmaq missiyasını həyata keçirməliyik. Bu nəşr bizim üçün qiymətli xəzinə, etibarlı mənbədir”.
Mirzə Şəfinin şeirlərini rus dilinə tərcümə edən görkəmli rus şairi Mixail Sinelnikov nəşrin təqdimatında iştirak etmək üçün dəvəti böyük sevinclə qəbul etdiyini söylədi: "Məni Azərbaycanla çox şeylər bağlayır. Cavanlıqda bir çox Azərbaycan klassiklərinin əsərlərinin tərcüməsi ilə məşğul olmuşam. İndi isə tərcümə ilə az məşğul oluram, daha çox öz şeirlərimi yazıram. Ancaq bu ecazkar şeirləri tərcümə etmək təklifini alanda imtina edə bilmədim. Mən Mirzə Şəfinin şeirlərinin fantastik tarixçəsini gözəl bilirəm. Şeirləri alman dilindən tərcümə etdim. Bu şeirləri tərcümə etmək asan deyildi, amma mən gecə və gündüz onlarla yaşadım. Şeirlərin özünəməxsusluğu məni heyran etdi”.

Gəncə müdriki

"Uzun illər ədəbiyyatçılar arasında "Bodenştedtin sandığı” fikri var idi. Elə bil cəmiyyət o sandığın nə vaxt açılacağını gözləyir və onda Mirzə Şəfinin sirrinin aydın olacağına ümid edirdi”-deyə çıxış edən Milli Məclisin deputatı, akademik Nizami Cəfərov "Mənə elə gəlir ki sandıq bu gün açılır”-deyə qeyd etdi: "Şairin əsərləri ilk dəfə üç dildə nəşr olundu. Bu fakt həmin sirlərə aydınlıq gətirdi. Mirzə Şəfini "Gəncə müdriki” adlandırılar. Elə hesab edirəm ki, şairin yaradıcılıq fəlsəfəsinə izahlar hələ çox olacaq. Həqiqətən də Mirzə Şəfini tədqiq etmək lazımdır. Tədqiq edən zaman da onun miqyası nəzərə alınmalıdır. Elə bilirəm bu kitab həmin miqyası əks etdirmək baxımından layiqli nümunədir”.
Mirzə Şəfinin dünya poeziyasındakı yerindən danışan akademik Rafael Hüseynov üç dildə nəşr olunan "Bütün əsərləri” fundamental nəşr kimi dəyərləndirdi: "Hər bir xalq gərək öz sərvətinə sahib çıxsın. Sən öz sərvətinə sahib çıxmayanda onu əlindən alırlar, ona şərik çıxırlar, hətta "o sərvət mənimkidir” də deyirlər. Nə acılar ki, bu bəla bizim şəxsiyyətlərimizlə də bağlı baş verib. Nizami Gəncəviyə, Məhsəti Gəncəviyə, hətta Nəsimiyə də iddialı olanlar var. Bəli, bu insanlar əslində bütün dünyanınkıdır. Mirzə Şəfi Vazeh də o insanlardandır ki, biz zamanında ona yetərincə sahib çıxmamışıq. İndi bu qədər böyük zaman keçərkən ilk dəfə olaraq onun fundamental şəkildə və üç dildə əsərləri nəşr olunub. Hesab edirəm ki, bu cür böyük şəxsiyyətləri bir az da dərindən araşdırmaq lazımdır. İnanıram ki, Xalq Bankın bu dəvətinə də Azərbaycan elmi və cəmiyyəti cavab verəcək və bu cür klassiklərə daha diqqətlə yanaşılacaq”.
AMEA Folklor Institunun direktoru, akademik Muxtar İmanov da Azərbaycan mühitində bu cür şəxsiyyətlərlə bağlı tədqiqatları genişləndirməyə ehtiyac olduğunu vurğuladı: "Bu nəşr Mirzə Şəfi ilə bağlı bir çox sirlərin açılmasına və geniş tədqiqatlara rəvac verə bilər”.

Mirzə Şəfi düyünü

Nəşrin məsləhətçisi, Almaniyada yaşayan tərcüməçi-ədib Orxan Aras çıxış edərək nəşri tədqiqatçılar üçün zəngin qaynaq adlandırdı: "Mirzə Şəfinin şeirlərindən alman dilinə 45 atalar sözü və deyim keçib. Alman adət-ənənələrində belə atalar sözləri yoxdur. Bir dilə yeni sözlər və ya atalar sözləri gətirə bilmək çox önəmlidir. Mirzə Şəfi yaradıcılığının araşdırılacaq çox tərəfləri var. Gələcəkdə bu deyimlər üzrə araşdırmaların olacağına da inanıram”.
Nəşrin eksperti, professor Fəxrəddin Veysəlli "Mirzə Şəfinin şeirləri ilə bağlı araşdırma apararkən qərara gəldim ki, Mirzə Şəfi düyünü hələ açılmayıb” –deyə qeyd etdi: "Hələ bu sahədə çox işlər görülməlidir. Şairin arxivi öyrənilməli, onun barəsində həqiqətlər ortaya çıxmalıdır. Hesab edirəm ki, bu nəşr tədqiqatçılar üçün də dəyərli mənbə olacaq”.
Layihənin redaktoru və nəşrin tərtibçisi Səlim Babullaoğlu kitabın çoxsaylı araşdırmalar əsasında ərsəyə gəldiyini açıqladı: "170 il sonra ilk dəfədir ki, Vazehin bütün şeirləri Azərbaycan dilinə çevrilib”.
Xalq Bank "Xalq Əmanəti” layihəsi çərçivəsində təqdim etdiyi "Mirzə Şəfi Vazeh. Bütün əsərləri” kitabı təkcə poeziyasevərlərə deyil, həmçinin klassik poeziyanın tədqiqatçılarına böyük bir bayram, mədəni irsimizə isə zəngin bir xəzinə bəxş etdi.

Təqdimatda iştirak etdi
Təranə Məhərrəmova



banner

Oxşar Xəbərlər