• çərşənbə, 24 Aprel, 09:06
  • Baku Bakı 13°C

Mirzə İsmayıl Qasirlə bağlı məlumatlara yeni baxış

19.09.18 10:30 1298
Mirzə İsmayıl Qasirlə bağlı məlumatlara yeni baxış
Azərbaycanda XIX əsrin parlaq şair, pedaqoq və mütəfəkkir şəxslər çələnginə daxil olanlardan biri də Axundzadə Mirzə İsmayıl Qasir olmuşdur. Çox zəngin həyat yolu keçmiş bu şəxs ömrünün böyük hissəsini Lənkəranda yaşamışdır. Burda o? həm şairlərin "Fövcül-füsahə” (Gözəl danışanlar dəstəsi) məclisi yaradıb və ona rəhbərlik edib, həm də "Üsuli-cədid” (Yeni üsul) məktəbi açaraq müəllimlik edib. Mirzə İsmayıl Qasirin Əlyazmalar İnstitutunun Fondunda mühafizə edilən zəngin ədəbi irsi qalmışdır.

Mirzə İsmayıl Qasirin həyatı, ədəbi irsi və pedaqoji fəaliyyəti haqqında müxtəlif ölçülü yazılar və bəzi şeirləri hələ XX əsrin 20-ci illərindən başlanaraq nəşr edilmişdir (Salman Mümtaz. "El şairləri”, I cild, 1927, s. 208-220). 1988-ci ildə onun ədəbi yaradıcılığının bir hissəsi ayrıca olaraq "Şeirlər” kitab halında çapdan çıxmişıir (Mirzə İsmayıl Qasir. Şerlər, Bakı, "Yazıçı”, 1988). Nəhayət, 2002-ci ildə Aybəniz Mustafa qızı Rəhimova tərəfindən M.İ.Qasirin həyat və yaradıcılığına həsr olunmuş "Mirzə İsmayıl Qasir” adlı geniş tədqiqat əsəri nəşr edilmişdir (Aybəniz Rəhimova. Mirzə ismayıl Qasir, "Nurlan”, Bakı, 2002).

Bu yazıların əksəriyyətində Qasirin doğulduğu yer, doğum və vəfat tarixlərinə toxunulmuş olsa da, bu məsələlərdə hələ də yekdillik yoxdur. Hal-hazırda müəyyən qədər şərti olaraq onun doğum tarixi 1805-ci il, doğulduğu yer müasir Ağdaş rayonunun Ləki qəsəbəsi, vəfatı isə 1900-cü il kimi qəbul olunub. Bundan əlavə, əksər nəşr və yazılarda onun soyadını Axundzadə deyil, Axundov kimi göstərirlər. Ola bilsin, dövlət sənədlərində dövrün "rus havası”na uyğun olaraq, onun soyadını həqiqətən də Axundov kim göstərmişlər. Lakin şairin öz əli ilə yazdığı soyadı Axundzadə kimi səslənir.

2015-ci ildə şairin 210 illiyinə həsr edilmiş "Axundzadə Mirzə İsmayıl Qasir 210” adlı kitabda, onun həyat və yaradıcılığını tədqiq edən Aybəniz Rəhimova deyilən məsələləri müxtəlif mənbələr əsasında araşdırdıqdan sonra, müxtəlif fikirlərin olduğunu nəzərə alaraq, yazır ki "rəsmi pasport olmadığı bir şəraitdə tarixi rəqəmlərin "yuxarı-aşağı” olması təbii idi. Yəqin ki, gələcəkdə şairin təvəllüd tarixinə bir daha nəzər yetiriləcəkdir”.

Mirzə İsmayıl Qasirlə bağlı bu qeyri-dəqiqlik, onun mənşəyi, həyatı, bədii irsi və pedaqoji fəaliyyətinin tədqiqində müəyyən çətinliklər, xronoloji uyğunsuzluqlar yaradır. Ona görə də bu qeyri-müəyyənliyə aydınlıq gətirməyə çalışdıq. Araşdırılmalarımızda əsas yazılı mənbə kimi M.S.Ordubadinin arxivində saxlanılan və hal-hazırda AMEA Əlyazmalar İnstitutunun fondunda mühafizə olunan, karandaşla yazılmış 8 səhifəlik əlyazma mətnə müraciət etdik (Naməlum müəllif. AMEA Əlyazmalar institutunun Fondu).

Göstərilən yazının müəllifinin kimliyi məlum olmasa da, mətndən onun, Mirzə İsmayıl Qasirlə şəxsən tanış olduğu və verdiyi məlumatları, necə deyərlər birinci əldən, şairin şəxsən özündən eşitdiyi aydın bilinir.

Mirzə İsmayıl Qasirin harada və nə vaxt anadan olduğunu təyin etməkdən ötrü, ilk növbədə onun atasının, naməlum müəllifin yazdığı kimi, Axund Hacı Mir Səlimin kimliyi üzərində dayanaq. Bizə məlum olan yazılarda, bu, yeganə mətndir ki, Hacı Səlim Molla deyil, "Mir”, yəni Seyid kimi göstərilmişdir. İlk olaraq müəllifin xəta etdiyini düşünsək də, mətndə Hacı Səlimin hər dəfə adının çəkildiyi 12 məqamım hamısında "Mir” əlavə edilməsi, təsadüf xətanı istisna edir. Bununla yanaşı oğlu İsmayılın adı 14 dəfə çəkilsə də, ona yalnız "Mirzə” əlavə edilir. Ümumiyyətlə, müəllif mətndə müxtəlif adlar, o cümlədən Hacı Səlimin şəcərəsinə toxunarkən ata-babasının adlarını çəksə də, yalnız Hacı Səlimi "Mir” kimi göstərir. Ola bilsin ki, bu adı ona yüksək iman və elm sahibi olduğuna görə vermişdilər. Müəllifin yazdığından aydın olur ki, Hacı Mir Səlimin Mustafa xanın hüzurunda böyük hörməti olub.

Mustafa xan Sərkar özü əslən Xançobanı elindən idi və Hacı Mir Səlimin "öz əqvam və əşirəsi ilə” onunla İrana köç etməsi, onun da elat camaatına aid olduğunu göstərir. Olan məlumatlardan görürük ki, Hacı Mir Səlimin babası molla Mülkümxan XVIII əsrin ortalarında, güman ki, ya Nadir şahın siyasəti nəticəsində, ya da onun ölümündən sonra düşmüş qarmaqarışıq vaxtı, Araz kənarından müasir Ağdaş rayonunun Ləki məntəqəsinə köçüb və atası Dövlətxan orada anadan olub.
Yuxarıda dediklərimizi nəzərə alsaq, Hacı Mir Səlimin əşirətinin Xançobanı elinə bağlı olmasından danışa bilərik. Bunu, ailəsi ilə birlikdə onun, hər zaman Mustafa xanın yanında olması da sübut edir.

Arazkənarı Muğan həm Hacı Mir Səlimin, həm Qasirin həyatında mühüm yer tutur. Şerlərinin birində Mirzə İsmayıl Qasir "Büllbüli-deşti-Muğan, Qasiri şirinsüxənəm” deyərək, özünü muğanlı adlandırır.

İlk baxışdan bu, Qasirin "Sərhe-hal”-ında dediyi "Ana yurdum da Şirvan” misrası ilə ziddiyyət təşkil edir. Lakin nəzərə almalıyıq ki, həmin dövrlərdə Muğan, xüsusən də onun Kür və Araz çaylarının qovşağına söykənən Cavad hissəsi də Muğan mahalı adı ilə Şirvan xanlığına daxil idi. Üstəlik, naməlum müəllif "Hacı Mir Səlim.... öz vətən məlufinə qayıdıb fəziləsinə nisbətlikdə qalmayıb, Şirvan şəhərini sükna üçün ixtiyar edibdir” deyəndə haqlıdır. Şirvan şəhəri Muğanın Cavad mahalında olmaqla Şirvana aid olub. Bu gün də Muğanın cənub hissəsində bu yerlərin əhalisinə şirvanlı deyirlər.

Deməli, Mirzə İsmayıl Qasir Muğandan çıxmış və Xançobanı eli ilə bağlı olan nəslə mənsub olub və atası Hacı Mir Səlimin məhz Muğanda məskən salması da təsadüfi deyil. Əlavə edək ki, onun şəcərəsindən olan Əlixan, Mülkümxan, Dövlətxan adları sırf Muğanla bağlılıqlarına dəlalət edir. Şəxsi adların sosial statusundan asılı olmadan, axırına xan əlavə etmək son vaxtlara qədər Muğanda geniş yayılmışdı.

Naməlum müəllif yazır: "Rus dövləti Qafqazda qələbə əldə edəndən sonra Hacı Mir Səlim öz əqvam və əşirəsi ilə Mustafa xanın xidmətində İrana mühacirət edir”.

Mustafa xan ilk dəfə Şirvanı 1896-cı ildə tərk edərək 1897-ci ildə yenə Şirvana qayıdır. Həmi zaman o Qarabağ xanlığına sığınır. Hacı Mir Səlim isə həmin zaman Kərbəlada olmalı idi. İkinci dəfə Mustafa xan Şirvanı 1820-ci ildə tərk edib. Həmin zaman o yaxın qohumları və 200 atlı ilə İrana köçür. Görünür, müəllif "Hacı Mir Səlim öz əqvam və əşirəsi ilə Mustafa xan xidmətində İrana mühacirət edir” deyərkən, həmin hadisəni nəzərdə tutur. Üstəlik, Hacı Mir Səlimin qohumlarının süvarilik və mühafizəçilik etdiklərini nəzərə alsaq, həmin 200 atlının bir hissəsini onların təşkil etdiyini güman edə bilərik.

Yenə də naməlum müəllifin yazdığına müraciət edək: "Mustafa (xan) Hacı Mirzə Ağasinin kəc rəftarından və pis xasiyyətindən rəncidə olub, dübarə Şirvana övdət edibdir. Amma Hacı Mir Səlim Əhər şəhərində qalmağı özü üçün qərar verir”.

İrana köçmüş Mustafa xanhəqiqətən də Rus-Qacar müharibəsi ərəfəsində Şirvana yenidən hakim olmaq üçün vətənə qayıdır. Əlbəttə, istisna deyil ki Mustafa xanın, naməlum müəllifin yazdığı kimi, Hacı Mirzə Ağası ilə müəyyən ziddiyyətləri də ola bilərdi. Həmin illər, Hacı Mirzə Ağasi Səltənət Vəliəhdi Abbas Mirzənin yanında mühüm vəzifədə olmuşdur və Mustafa xana təzyiqlər göstərə bilərdi.

Hacı Mir Səlimin isə Hacı Mirzə Ağasi ilə hələ gənc illərindən tanış olması istisna deyil. Çünki Hacı Mirzə Ağasi də onunla eyni vaxtda Kərbəlada təhsil almışdır.

İranda qalan Hacı Mir Səlim qardaşı Əzim bəylə birgə İrana mühacirət etmiş şəkili xanzadəsi Hacı xana xidmət ediblər.

Hacı xan Şəki xanı Səlim xanın oğlu, qarabağlı İbrahim xanın bacısı oğlu idi. Şəkinin ruslar tərəfindən işğal edilməsindən sonra atası ilə İrana mühacirət etmişdi. O da ikinci Rus-Qacar müharibəsi zamanı Mustafa xan kimi Şəkiyə yenidən hakim olmaq məqsədi ilə qayıtmağa uğursuz cəhd göstərmişdir.

Hacı Mir Səlimin varisləri onun öldürülməsinin səbəblərini belə nəql edirlər: "Qonşu tayfadan qız qaçırılır və Hacı Mir Səlimi bir mötəbər adam kimi iki tayfa arasında barışıq yaratmaqdan ötəri dəvət edirlər. Lakin gecə vaxtı, qaçırılmış qızın əqrəbası kəndə hücum edir. Hacı Mir Səlimi qaranlıqda, yatan yerdə tanımayıb toppuzla başından vurulub öldürürlər”. Bu "rəvayət” həmin dövr üçün adi hadisədir və naməlum müəllifin verdiyi məlumata zidd deyil.

Naməlum müəllif yazır: "Mirzə İsmayıl təvəllüd edibdir Horandda ki, Əhər şəhərinin qəsəbəsidir. Tarix 1248 (1832/33) hicridə atası Hacı Mir Səlim Kərnitdə şəhid olduğunda 7 yaşında ikən...”. Bizim mülahizələrimiz və naməlum müəllifin verdiyi rəqəmlər biri birinə çox yaxındır və 1832-34-ci illərə təsadüf edir. Orta məxrəc 1833-ci ili götürsək, Mirzə İsmayıl Qasir İranda (Cənubi Azərbaycanda), Əhər şəhərinin qəsəbəsi olan Huranda 1826-cı illdə anadan olmuşdur.

Yuxarıda göstərdiyimiz kimi, Mirzə İsmayıl Qasirin vəfat etdiyi tarix də müxtəlif müəlliflərdə müxtəlifdir. Əsas istinad etdiyimiz və fikrimizcə ən dəqiq və hərtərəfli məlumat verən naməlum müəllif Qasirin vəfatı tarixini hicri təqvimi ilə 1317, yəni miladi təqvimi ilə 1899-cu il kimi verir və həmin zaman onun 68-69 yaşı olduğunu bildirir. Lakin həmin müəllifin yazdığına görə, Qasirin atası 1248-ci (1932/33) ildə vəfat etdiyi zaman, İsmayılın 7 yaşı vardı. Yenə onun göstərdiyi vəfat zamanı 68-69 ili doğum tarixindən hesablasaq, onun vəfatı 1893-1894-ci illərə düşür.

Müəllif hafizəsində saxladığı bəzi hadisə və tarixləri unudub, ya da qarışdırıb. Ola bilsin, müəllif Qasirdən "birinci əl” məlumatları şairin ölümündən çox qabaq alıbmış. Onun rəhmətə gedən zaman yanında olmayıb və ölüm xəbərini çox sonralar eşidib. Ümumiyyətlə, 1893-94-cü illər mümkün deyildir. Çünki Qasirin 1896-cı ildə beşinci övladı anadan olmuşdu, 1899-cu ildə isə o, Teymur bəy Bayraməlibəyovla birgə A.S.Puşkinin 100 illiyinə həsr edilmiş tədbir keçirmişdir. (Mir Haşım Talışlı. 125 yaşlı məktəb, Bakı, "Maarif”,1983, s.25). Hətta A.C.Puşkinin 100 illiyi tədbirindən dərhal sonra rəhmətə getdiyini qəbul etmiş olsaq belə, onda Qasirin 73 yaşı olmalı idi.

Hacı Səlim Lənkərana 1911-ci ildə qayıdır. Deməli, 8 il oxumağını nəzərə alsaq, Lənkəranı o, atasının vəfatından sonra - 1903-cü ildə tərk etmişdi. Onun "Xatırat”da sadaladığı hadisələrdə atasının vəfatı və Məkkəyə getməsinin arasında bir hadisə göstərilməyib. Deməli, dövr etibarı ilə bu iki hadisə biri birinə yaxındır və Qasirin vəfatının 1903-cü ilə təsadüf etdiyini güman edə bilərik.

Mirzə İsmayıl Qasirin kiçik oğlu Məşədi Mirzə Səbihin əmək kitabçasında olan qeydlərdən öyrənirik ki, o, 1902-ci ilin fevral ayının 10-da Bakının Sabunçu qəsəbəsində işə düzəlib və 1903-cü ilin sentyabr ayının 15-də atasının ölümü ilə bağlı olaraq öz xahişi ilə işdən azad olunub.

Görünür, Mirzə İsmayıl Qasir ayın 14-ü, ya 15-nə keçən gecə rəhmətə gedib və bu haqda teleqramla xəbər alan Mirzə Səbih ərizəsini yazaraq işdən azad olub, Lənkərana qayıdıb.

Deməli, Qasirin böyük oğlu Hacı Axund Səlimin yazdığına əsasən, atasının 1903-cü ildə vəfat etməsini güman etməyimiz onun ikinci oğlu Məşədi Mirzə Səbihin sənədinə əsasən təsdiqini tapır. Şübhəsiz, bunu, oğlanlarından dəqiq heç kəs bilə bilməzdi.

Yuxarıda deyilənlərə əsasən bu qənaətə gəlmək olar ki, Mirzə İsmayıl Qasir 1826-ci illdə İranda (Cənubi Azərbaycanda), Əhər şəhərinin qəsəbəsi Huranda anadan olmuş, 1903-cü ilin sentyabrın 14-də Lənkəranda 77 yaşında rəhmətə getmişdir.

Tufan Axundov,
AMEA Arxeologiya və Etnoqrafiya
institutunun baş elm işçisi,
tarix üzrə elmlər doktoru,
Mirzə İsmayıl Qasirin nəticəsi


banner

Oxşar Xəbərlər