AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Mirzə Fətəli Axundzadənin “gəncliyi” ilə müsahibə

Mirzə Fətəli Axundzadənin “gəncliyi” ilə müsahibə

Mədəniyyət
05 Dekabr 2012, 14:48 2828
Müsahibim gənc olmasına baxmayaraq, qısa müddət ərzində serial qəhrəmanına çevrilən və bununla kifayətlənməyib, “Sübhün səfiri” filmində dramaturgiyamızın əsasını qoyan Mirzə Fətəli Axundzadənin gəncliyini canlandıran Nicat Əlizadədir. Nicat Əlizadə ilə söhbətimizdə o, heç vaxt şöhrətə aludə olmayacağını bildirdi: “Mən bu sənətə addım atanda özümə söz verdim ki, ulduz xəstəliyinə tutulmayacağam. Çünki əgər nə vaxtsa bu xəstəliyə tutulsam, onda sənətim məhv olmağa başlayacaq, simamı itirəcəyəm”.

- Televizyada ilk oynadığınız obraz hansı olub?

- İlk çəkildiyim film İctimai Televiziyanın tərkibində Cavid Təfəkkürün rejissorluğu ilə hazırlanan “Döngələr” çoxseriyalı bədii filmi olub. Həmin ərəfələrdə Mirzə Fətəli Axundzadəyə həsr olunmuş filmə müsabiqə seçimləri keçirilirdi. Pərviz Məmmədrzayev o müsabiqə seçimlərinə getməyi məsləhət gördü. Sonra kinostudiyaya dəvət etdilər. Dilarə Əliyeva şəklimi görüb bəyənmişdi və rejissorla danışıb məni “Sirr” serialındakı rola layiq gördü. Yəni keçdiyim bu yaradıcılıq dövrü bir-biri ilə sıx bağlıdır. “Sirr” serialında müsabiqədən keçdikdən sonra çəkilməyə başladım. Mənim serialda çəkilməyimi təsdiqləyənlərdən biri Vaqif Əsədov və Ülviyyə Könül oldu.

- Necə düşünürsünüz, “Sirr” serialı sizin tanınmanız üçün bir tramplin oldu ki, “Sübhün səfiri” filminə dəvət aldınız?

- “Sirr“ serialı mənim sayca 3-cü işim olub. Seriala çəkiləndə artıq mən “Sübhün səfiri” filminə çəkilmişdim. Sadəcə olaraq ilk çəkilən serial oldu deyə, daha çox onunla tanınmağa başladım. ”Sübhün səfiri” filminin çəkilişlərinə keçən ilin noyabr ayından başladıq və bu ilin iyununa kimi davam etdik. Filmin çəkilişi 6 dəfə dayandırıldı. Həm də serialda elədir ki, çəkildikdən qısa bir müddət sonra yayımlanır.

- “Sübhün səfiri” filmi tamaşaçılar tərəfindən birmənalı qarşılanmadı, sizin buna münasibətiniz necədir?

- Fikirlər və zövqlər müxtəlifdir. Tamaşaçılar filmi bəyənə də bilər, bəyənməyə də. Bu normal haldır. Ancaq film çəkmək çox çətin bir işdir. Özü də Azərbaycan drmaturgiyasının banisi haqqında film çəkmək, obrazları tapmaq sadə və asan iş deyil. Mən bu işin içində olduğuma görə filmin çəkilişində böyük əziyyət çəkildiyinin şahidi oldum. Ona görə bu barədə çox şey deyə bilmərəm. Hər kəsin fikrinə hörmətim var.

- Yaradıcılığa yeni başlamış bir gənc aktyor üçün Rasim Balayev, Fəxrəddin Manafov, Bəxtiyar Xanızadə və bu kimi dahi sənətkarlarla işləmək sizə çətin olmadı ki?

- Mən onların işindən, ifa tərzindən və eyni zamanda onlarla işləməkdən çox böyük zövq aldım. Rasim Balayevlə biz üzbəüz gələ bilmədik, belə ki, mən çəkiliş meydançasına gələndə o gedirdi, ya da əksinə, o gələndə mən gedirdim. Biz eyni obrazı canlandırdığımıza görə heç bir kadrda rastlaşmırdıq. Ancaq Fəxrəddin Manafov, Bəxtiyar Xanızadə, Eldar Bağırbəyovla işləmək böyük məsuliyyət tələb edir. Fəxrəddin Manafov çox professionallıqla obrazının öhdəsindən gəlirdi və oyun tərzini elə qururdu ki, sanki məni o obrazın içinə salırdı. İstər-istəməz içimdə elə bil yarış hissi yaranırdı ki, mən də daha yaxşı oynayım. Qarşımdakı insanın Fəxrəddin Manafov olduğunu dərk edirdim. Fəxrəddin müəllimlə oynadığım hissələr mənim daha çox xoşuma gəldi. Özü elə bir ortam yaradırdı ki, mənim ifam da daha çox təbii alınırdı, özü mənə heç nə demirdi, sadəcə, onun aurasını hiss edirdim. Məşq zamanı mənə bəzi tövsiyələr verdi. Onun fikirlərinə diqqətlə qulaq asırdım ki, gələcək işlərimdə, onun məsləhət gördüyü o texnikalardan istifadə edim.

- Filmdə sözlərinizin bəzisi ərəb, fars, rus dillərində idi, onları əzbərləmək çətin idi?

- Bəli, bir az çətin idi. Əvvəllər o hissələri şeir kimi əzbərlədim. Onun ahəngini tutmağa çalışdım. Sonra mütəxəssislər bizə kömək etdi. Rus dilində səsləndirmədə şivə hiss olunur. Ramiz müəllim səsləndirmədə söyləyirdi ki, mənim şivəm onun xoşuna gəlir. Axundzadə azərbaycanlıydı, yəqin ki, onda da şivə olmalı idi. Çalışacağam ki, gələcəkdə bacardığım qədər dil öyrənim. Bəlkə gələcəkdə xarici filmlərə dəvət aldım.

- Deməli hələ əcnəbi ölklələrdə filmlərə dəvət almısınızmı?

- Hələ ki almamışam. Amma iddiam, istəyim var və çalışacağam ki, ona nail olum.

- Azərbaycan dramturgiyasının banisini canlandırmaq necə bir hissdir?

- Bu çox məsuliyyətli bir işdir, bunu dərk edirdim. Azərbaycan dramturgiyasının banisinin gəncliyinin mənə həvalə olunması mənim üçün həyəcanlı, diqqət tələb edən işdir. Daima düşünürdüm ki, mən Mirzə Fətəliyəm və beynimdə daima sual verirdim ki, dramaturqumuz gənc kimi cavanlığında nə edərdi. Ramiz müəllimlə danışırdım bu rol barədə, onun cavanlığı ilə bağlı materiallar toplayırdım. Mənim səhv buraxmaq şansım yox idi. Çalışırdım ki, bunun öhdəsindən gəlim. Çəkiliş meydançasında bəzən söyləyirdilər ki, Nicat Əlizadə Akif Rüstəmovun tapıntısıdır. Akif Rüstəmovun da bu filmdə əziyyəti böyük oldu. O, həm də tamaşaçı tərəfindən kifayət qədər sevilir, bunu təqdimat zamanı səhnəyə çıxarkən daha aydın görmək mümkün idi.

- Yəqin ki, serialda, filmdə obrazların üçün ustad dərsləri alırsan?

- Bəli, sağ olsun Pərviz Məmmədrzayev, mənə şox dəstək oldu. Ondan öyrəndiklərim obrazlarımı daha canlı ifa etməyimdə mənə çox kömək oldu. Aktyor texnikası taktikası, oyun taktikası, baxış və s. Serialda isə Vaqif Əsədov serial bitənə qədər hər bir epizodu xüsusən mənimlə işləyirdi. Çalışırdım ki, oynadığım obrazı tamaşaçıya düzgün şəkildə çatdıra bilim.

- “Sirr” serialından başqa təklif almısınızmı?

- Bəli, ondan əlavə bir filmdə də çəkilmişəm. Adil Azayevin quruluşunda “Son hədd” adlanan bölümündə oynamışam. Çəkildiyim film 6 seriyadan ibarət serialdı, ancaq hər dəfəsində başqa-başqa mövzulara həsr olunub. Orada sonuncu seriyada oynayıram. Yəqin ki, bu yaxınlarda o film də işıq üzü görər. Orada Rafiq obrazını canlandırıram. Oradakı obrazım “Sirr” serialından fərqlidir, kriminal xarakterli filmdir. Tam məlumat vermək istəmirəm, amma maraqlı bir filmdir.

- Gənc aktyor kimi gələcəyə dair planlarınız nədir?

- Mən dayanmayacağam. Qarşıma qoyduğum əsas məqsədlərdən biri özümü inkişaf etdirməkdir. Daha sonra xarici festivallara getmək və vətənimi layiqincə təmsil etmək istəyim var. Təkcə filmlərlə deyil, həm də teatr aktyoru kimi xarici festivallarda iştirak etmək arzusundayam. Ümumiyyətlə, hər bir yaradıcı insanın içindəki o tanınmaq, şöhrət qazanmaq azarı olmasa, yəqin ki, bu sənəti seçməzdi.

- “Simsar” studiyasında hansı nailiyyətləriniz var?

- İndi “Simsar Teatr studiyası”nda fəaliyyət göstərirəm. Orada “Vaqa” tamaşasını hazırlamışıq. Bundan əlavə, “Niyə?“ adlı tamaşanı təqdim etdik. İlin sonuna yeni tamaşa hazırlayırıq.

- Başqa teatrlardan dəvət alırısınızmı?

- Açığını deyim ki, dəvət gəlsə də, getmərəm. Çünki bu doğma studiyamı heç bir dövlət teatrına dəyişmərəm. Müəllimim Pərviz Məmmədrzayev harda, mən də orda.

- Ötən həftə Gənclərin II Respublika teatr festivalında iştirak etdiniz. 3-cü yerə layiq görülməyiniz ədalətli idi?

- Festivala “Müdaxilə” tamaşası ilə qatılmışdıq. 3-cü yerə də layiq görüldük. Tamaşanın qurulmasında hamımız birlikdə işlədik və səhnələşdirdik. Əsas tamaşanın ideyasını götürdük, müzakirə etdik. Tamaşanın əvvəlini, ortasını və sonunu qurduq. Hərə öz xarakterini tapdı və tamaşanı zənginləşdirməyə başladıq. Tamaşanın ssenarisini komandamızla birgə yazdıq: Azər Rzayev, Murad Əliyev, Vaqif Əzizov, Elgün Həmidov, Sabir Məmmədov və mən. Ümid edirik ki, daha yüksək zirvələrə qalxacağıq.

- Ulduz xəstləliyinə tutulmamısınız ki?

- Xeyr. Şöhrətə aludə olmayacağam. “Sübhün Səfiri” filmi hələ böyük tamaşaçı kütləsinə çıxmayıb, ona görə hələ məni “Sirr” serialının qəhrəmanı kimi tanıyırlar.
Mən bu sənətə addım atanda, özümə söz verdim ki, ulduz xəstəliyinə tutulmayacağam. Çünki əgər nə vaxtsa bu xəstəliyə tutulsam, onda sənətim məhv olmağa başlayacaq, simamı itirəcəyəm. Çalışacağam ki, bunun olmaması üçün əlimdən gələni edim.

Xəyalə Rəis