• cümə axşamı, 18 aprel, 22:31
  • Baku Bakı 21°C

Mirzə Fətəli Axundzadə ədəbi tənqidi

02.12.17 11:30 14915
Mirzə Fətəli Axundzadə ədəbi tənqidi
80 il ağlı-qaralı ömür sürmüş Molla Pənah Vaqif sadə, səmimi bədii-emosiyalı bir tərzdə mənalı düşündürücü, ilhamlandırıcı, əsasən nikbin ruhlu ana dili poeziyasının ustadı kimi ad qazanmışdır. Ömrünün əsas hissəsini yaşam tərzinə uyğun, şən-şux qoşmalar, gözəlləmələr, gəraylılar, təcnislər, qəzəllər, müxəmməslər, müstəzadlar, müəşşərlər… yazmışdır. Şairliyi ilə yanaşı yurdsevər, müdrik dövlət xadimi, hazırcavab, uzaqgörən diplomat kimi şöhrət tapmışdır.
M.P.Vaqifin şəxsiyyəti, çoxtərəfli həyatı və ədəbi-bədii yaradıcılığı həm öz dövründə, həm də sonralar müxtəlif peşə, sənət adamlarının diqqətini cəlb etmiş, ədəbi-bədii zövqlü insanlar: şair və yazıçılar, tarixçilər və filoloqlar, filosoflar, ədəbiyyatşünas estetiklər onun haqqında qiymətli fikirlər söyləmişlər. Hələ öz sağlığında nadir bir istedad sahibi kimi ad çıxaran, dünyanın gəlişindən-gedişindən xəbərdar – vaqif olan şair bir cəhətinə görə, Vaqif təxəllüsünü qazanmış, özü həyatı, şəxsiyyəti ilə əlaqədar həm qiyabi və həm də əyani olaraq xeyli maraqlı və mənalı söhbətlərin, rəvayətlərin, publisist yazıların, tarixi xronikaların yaranmasına səbəb olmuşdur.
Şairin 300 illiyi ərəfəsində deyə bilərik ki, onu bədii əsərlərindən tanıyan üç müxtəlif nəslə mənsub sənət-peşə adamları olmuşdur. Bunlardan ən görkəmliləri sırasında ədəbi-ictimai şəxsiyyətləri xatırlatmaq yerinə düşərdi. M.F.Axundzadə, F.Köçərli, S.Ə.Şirvani, Ə.Haqverdiyev, M.Y.Qarabaği, Y.V.Çəmənzənminli, C.Cabbarlı, S.Vurğun, F.Qasıfmzadə, M.Rəfili, H.Araslı, M.Arif, Əli Sultanlı, M.Ə.Rəsulzadə, S.Mumtaz, Mir Cəlal, İ.Əfəndiyev, K.Talıbzadə, Ə.Mirəhmədov, B.Nəbiyev, A.Dadaşzadə, R.Qənbərqızı, R.Əfəndiyev, M.Allahmanlı və başqalarının xidmətləri və elmi tədqiqatları unudulmazdır.
Bu tədqiqatlar və ədəbi-estetik fikirlər bir də ona görə mənalı və əhəmiyyətlidir ki, onlarda həm Molla Pənah Vaqifin Azərbaycan ədəbiyyatındakı yeri, poeziyasının fəlsəfi siqləti aydın tərzdə ifadə olunmuş və həm də Şərq şeiri və sənətinin poetikası barədə elmi-nəzəri, tarixi-fəlsəfi konsepsiya, fəal prinsipial münasibət və mübahisəli məqamlar öz ifadəsini tapmışdır.
Bu istəyimiz və niyyətimiz əsasən iki istiqamətdə həyata keçirilir. Birinci istiqamətdə: Vaqifin şəxsiyyəti və ədəbi siması tənqiddə, ikinci istiqamətdə isə «Vaqif» obrazı bədii sənət əsərlərində.
Birinci istiqamətdə şairin həyatı və şəxsiyyəti ədəbiyyatşünaslığın janr müxtəlifliyinə görə çeşidli rakurslardan: üçü bədii nəşr nümunələri əsasında (Ə.Haqverdiyevin «Ağa Məhəmməd Şah Qacar» faciəsi, Y.V.Çəmənzəminlinin «Qan içində» romanı, İ.Əfəndiyevin «Hökmdar və qızı» pyesi), digəri isə gözəl şeiriyyətlə yaradılmış «Vaqif» adlı mənzum səhnə-dram və tarixi-bioqrafik canlandırılmasına ədəbi tənqidin yazılı münasibətində özünü göstərən uğurlu və uğursuz faktlara da toxunulacaqdır.
İkinci istiqamətdəki söhbətimizdə bu beş əsərə məxsus ana dilimizin zənginliyini, fəlsəfi dəyərini, şeiriyyətini və dramatizmini bu günümüzə çatdıran ədəbiyyatşünas müəlliflərin və teatrşünasların müvəffəqiyyətləri ilə yanaşı, çatışmazlıqları da göstəriləcəkdir. Hər bir əsərin ana dilimizin zənginliyini, fəlsəfəsini, dramatizmini günümüzə parlaq çatdırdığı üçün məxsusi məzmun və forma xüsusiyyətləri aydınlaşdırılacaqdır. Bu yazımızda M.P.Vaqiflə bağlı həmin ziyalı nəslinə mənsub zənginliyi, vaqifşünasların hər birini «dilləndirmiş» olsaydıq məqalənin həcmi həddindən çox böyüyərdi: çapı çətinləşərdi. Odur ki, məqalədə yalnız vaqifşünaslıqda öz ədəbi-nəzəri və estetik fikirləri ilə fərqlənən, xüsusi çəkisi olan M.F.Axundzadənin M.P.Vaqifə həsr etdiyi qiymətli məqalələrinə, nəzəri fikirlərinə münasibət bildirməklə kifayətlənəcəyik.
Görkəmli estetik filosof M.F.Axundzadə 1850-ci illərin sonlarından başlayaraq ədəbi-nəzəri, tənqidi-publisist fəaliyyətini davam etdirərkən «Kəmalüddövlə məktubları» adı ilə məşhur olan traktatında, ədəbi-tənqidi fəlsəfi məqalələrində şeir və nəzm məsələlərindən vəchlə bəhs etmişdir. Xüsusilə «Nəzm və nəsr haqqında» adlandırılan məqaləsində M.F.Axundzadə Şərqin görkəmli şairlərindən və nəzm ustadlarından danışarkən Vaqifə xüsusi diqqət yetirmişdir (bu məqalə «Nəzm və şeir» adlandırılsaydı, daha düzgün olardı. Çünki həmin mətndə müəllif yalnız bircə dəfə cümləsində nəsr ifadəsini işlətmiş, əksər yazılan və danışılan mətnlərdə «ləzzət və təsirin şeirdə daha çox olduğunu göstərmişdir, əsas diqqət isə «nəzm ilə şeir»in fərqinə yönəldilmişdir).
Onun «türk dilindəki xəyalatında zikr etdiyi şərtin göründüyünü» (M.F.Axundov: «Nəzm və nəsr haqqında». Əsərləri, iki cilddə. İkinci cild, Bakı, 1961, s.202) fərəhlə söyləmişdir.
M.F.Axundzadə yazırdı: "Mən əyami səyahətimdə… M.P.Vaqifin bir para xəyalatını gördüm ki, zikr etdiyim şərt bir növ ilə onda göründü və dəxi Qasım bəy Sarucaluyi-Cavanşirə düçar oldum ki, əlhəd türk dilində onun mənzumatı mənim heyrətimə bais oldu. Ondan ötrü ki, dediyim şərt ziyadə onun mənzumatında tapıldı».
Buradan aydın olur ki, M.F.Axundzadə bədii yaradıcılığa, şeirə-sənətə məxsusi yanaşmış, müqəddəs bir «şərt»-prinsip kimi adlarını çəkdiyi şairlərin şeirlərində mövcud olduğunu söyləmiş və hətta «özlərindən müştəbeh olanlara nümunə göstərərək «yavan, quru nəzm» inşasına ovqat sərf eləməkdən» onları əl çəkməyə çağırmışdır.
Burada nəzəri terminoloji ifadəyə diqqət edək: M.F.Axundzadə rastlaşdığı şeirlər toplusunu birlikdə «Xəyalat» adlandırır, həm də üstəlik bəzilərini «yavan nəzm» deyərək pisləyir, qəbul etmir. Deməli, tənqidçi şeiri bir ədəbi növ kimi xüsusi dəyərləndirir, həm də «adi qafiyə tutan yazarlardan» fərqləndirir.
Şeirlə nəzmin fərqinə diqqət çəkən M.F.Axundzadə müsəlmanlar arasında bu zamana qədər poetika məsələsinə «bir kimsənin fikir vermədiyini göstərərək, «Hər nazimin adına «bərxilafi-həqq şair» deyilməsinə etiraz edir. Çünki tənqidçi-ədəbiyyatşünas «Şeir əlahiddə bir bəxşi-ilahidir və maddeyi-qabiliyyəti-şair Xudadandır və təhsil və tərbiyət o maddənin ancaq inbisatına və əşarın artıq zinətinə bais olur. Belə maddə sahibləri çox nadir vücuda gələrlər» söyləyir.
Bəs, belə «maddə» sahibləri olan şairlər kimlərdir və müəllifə görə zikr olunan «maddə» hansıdır? M.F.Axundzadəyə görə, bunlar «Əhli-fürsdən (fars əhlindən-R.Ə.) ancaq Firdovsi və Nizami və Cami və Sədi və Mollayi Rumi və Hafizdir».
Axundzadə Şərqin bu məşhur şairlərinin də əsərlərində bəzən «izhari-fəzl üçün xilafi-təbiətü adət» yazaraq "səmimiyyəti pozduqlarını» bildirməli olmuşdur. Lakin «bunları da məqbul xoşagələn hesab etmək olar» fikrini söyləmişdir.
Burada M.F.Axundzadənin mübahisəli bir fikrinə də təsadüf edirik ki, haqlı olaraq bir çox tənqidçilər kimi biz də bununla heç cür razılaşa bilmərik. Etiraz doğuran fikir onun M.Füzulini şair hesab etməməsi və «ta qədimdən türk arasında dəxi bu zamana qədər şair olmayıbdır…» qənaətini bəyan edərək «Füzuli şair deyil və xəyalatında əsla təsir yoxdur» söyləməsidir. Bu barədə gələcəkdə daha ətraflı danışılacaqdır…
M.P.Vaqif və Axundzadə məsələsinə bir daha diqqəti cəlb etmiş olarıqsa, deməliyik ki, Axundzadə hələ əvvəllər də bu şairin şeirlərinin vurğunu olmuşdur. O, gəncliyindən Vaqifin şeiriyyətini sevmiş, dram əsərlərində onlara müraciət etmişdir. O, özünün məşhur «Sərgüzəşti-Vəziri-Xani-Lənkəran» məzhəkəsində vəzir Mirzə Həbibin dilindən
Xaçmazlı tacir Hacı Salaha çox sevdiyi zövcəsi Şölə xanım üçün Rəştdən nimtənə alıb gətirməyi sifariş edərkən, həmin candonunu xəyalında canlandıraraq ehtirasa gəlir; nimtənənin bəzək-düzəyini, incəliyini və zərifliyini M.P.Vaqifin yazmış olduğu aşağıdakı müstəzadı söyləməklə vəsf edir:
«Bir nimtənə kim, ta ola zərbəftü nikutər, (candonu)
Diba ona möhtac.
Mətnində tamam rabitə mövzusunu sərasər,
Tək haşiyə qiyqac,…
Üstündə onun aşiqü məşuq müsəvvər
Dil şövqünə minhac;
Ulduza şəbih nəqşi, yeri göy kimi əxzər
Nəzzarəsi bəhhac;…»
Bu fakt göstərir ki, Axundzadə həm klassik şeirin növünü çox gözəl bildiyi kimi, onun estetikasını da, lirizminin insandakı «yatmış lal duyğuları oyatmaq» gücünü də çox gözəl duyurmuş. Belə məqamları xatırlamaqla, həm Vaqifin incə şair ruhunu bir daha təsdiq etmiş oluruq, həm də M.F.Axundzadənin ədəbiyyatda yalnız ictimai məna axtarmaq meylində olmadığını görürük.
Vaqif özü gözəllik tərənnümçüsü, gözəllik aşiqi olmuşdur. Şərq qadınının mütənasib əndamından tutmuş (əl, ayaq, ağız, burun, dodaq, çənə, sinə, yanaq, saç, boy-buxun və s.) nitqi-danışığı, şivəsi, dili, hərəkəti: yerişi, nazı-qəmzəsi, odlu baxışı və s. jestləri ilə yanaşı, ağlı-kamalı, oturuşu-duruşu və bütün varlığı Vaqifin incə poetik şair süzgəcindən keçmişdir. Bu baxımdan Vaqifi bəşəri şair hesab etmək daha düzgün olar. Homerin «Troya» müharibəsi, Şekspirin faciələri, Bayron və H.Heynenin, əsərləri gözəllik və məhəbbət axtarışları üzərində yaradılmamışmı?!
Təsadüfi deyildir ki, M.F.Axundzadənin ədəbiyyatda məzmun və norma vəhdəti barədəki fikirləri bir daha sübut edir ki, o, bu məsələyə xüsusi diqqət yetirmişdir. «Yüksək İranın «Millət» qəzetinin münsisinə ünvanladığı «Kritika» adlı məqaləsində göstərir: «İki şey şeirin əsas şərtlərindəndir: məzmun və ifadə gözəlliyi”. Bu estetik hökmdən sonra tənqidçi, bizə məlum olan məşhur Şərq şairlərini bu baxımdan nümunə gətirərək yazır: «Məzmun gözəlliyi olub ifadə gözəlliyinə malik olmayan bir nəzm. Mollayı Runinin məsnəvisi kimi, məqbul nəzmdir, amma şeyriyyətində nöqsan vardır». Digər bir şairin şeirlərini nümunə göstərərək yazır: «İfadə gözəlliyinə malik olub, məzmun gözəlliyindən məhrum olan mənzum şeir, tehranlı Qaanının şeirləri kimi, zəif və kəsalət artırıcı nəzmdir, amma yenə şeir növündəndir, yenə də hünərdir»».
«Həm məzmun gözəlliyinə, həm də ifadə gözəlliyinə malik olan şeirləri xüsusi dəyərləndirir. Məzmun və ifadə gözəlliyinə malik şeirlər kimi Firdovsinin «Şahnaməsi», Nizaminin «Xəmsə»si və Hafizin divanının adını çəkir: «Nəşəartırıcı və həyəcanlandırıcı olub hər kəs tərəfindən bəyənilir. Belə nəzm sahiblərini peyğəmbərlərlə bərabər tutmaq olar; çünki onlar bəşər növunun fövqündə olub filosofanə xəyal və ilham sahibləridir» (M.F.Axundzadə. əsərləri. İkinci cild, səh 221).
Sənətdə məzmun və forma vəhdətini vacib estetik tələb kimi irəli sürən M.F.Axundzadə, bu baxımdan özünü «Şairlər günəşi» adlandıraraq Sürüş təxəllüskü «Şəmsüs-şüara» ləqəbli şairin bu keyfiyyətdən uzaq olduğunu sübut edir. Tənqidçi yazır ki, «Şairlər günəşinin» qəsidəsinin nə məzmun gözəlliyi vardır, nə də ifadə gözəlliyi.
Beləliklə, görürük ki, M.F.Axundzadə şairin hansı sinfin, yaxud hansı sarayın şairi olduğuna yox, yalnız onun şeirlərinin poetik-estetik baxımdan dəyərli olub-olmamağına fikir vermişdir. Bir sıra fars dilli şairlərlə yanaşı, türk-Azərbaycan dilli şair Vaqif də bu ədəbi tənqid imtahanından üzüağ çıxmışdır.
Ramin Əhmədov,
Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti,
filologiya elmləri doktoru
banner

Oxşar Xəbərlər