• cümə, 26 Aprel, 00:41
  • Baku Bakı 16°C

Mirzə Ələkbər Sabirin “ailəvi faciə”si

30.01.18 10:30 5427
Mirzə Ələkbər Sabirin “ailəvi faciə”si
Bu günlərdə auditoriyada mollanəsrəddinçilərdən danışarkən tələbələrimdən biri belə bir sual verdi: "Müəllimə, nə üçün M.Ə.Sabirin övladları, nəvə-nəticələri haqqında bir məqalə yazmırsınız? Hazırda onlardan yaşayanı, dahi Sabirin yolunu davam etdirənlər varmı? Doğrudur, sovet dövrü tədqiqatlarında şairin ailəsi haqqında məlumatlar var, amma biz o əlifbanı bilmədiyimiz üçün oxuya bilmirik. Yaxşı olar ki, şairin özünün böyüdüyü mühit və ailəsi, övladları haqqında bir məqalə yazardınız”.
Dərsin sonunda tələbəmə söz verdim ki, "Kaspi” qəzetinin növbəti saylarından birində bu haqda geniş məlumat verəcəyəm. Bu məqsədlə "axtarışa” başladım. Həmişəki kimi, bu dəfə də professor Alxan Bayramoğlunun köməyinə ehtiyacım oldu. Alxan müəllim bildirdi ki, şairin nəvəsi (Məmmədsəlim Tahirlinin qızı) Sevda Tahirli elə bizim universitetimizdə çalışır. Onun köməkliyi ilə Sevda xanımla görüşdüm. O, universitetin biologiya fakültəsinin dosentidir və "Mirzə Ələkbər Sabir” fondunun prezidentidir. Söhbət zamanı bəlli oldu ki, o, Gündüz Tahirlinin bacısıdır. Yadıma tələbəlik illərim düşdü. Gündüzlə eyni vaxtda BDU-nun Jurnalistika fakültəsində oxumuşam. Səhv etmirəmsə mən dördüncü, Gündüz isə ikinci kursda oxuyurdu. Balacaboy, arıq, amma çox çevik, şən, mütaliəli bir oğlan idi. Sonralar Gündüz Tahirli mətbuatda da çalışdı. Son illərdə isə jurnalistikadan uzaqlaşıb, xaricdə yaşayır. Sevda xanım da eynən qardaşı kimi mehriban və sadədir. Gəlişimin səbəbini bildirdikdə, məmnuniyyətlə kömək edəcəyini bildirsə də, sonra ondan "material” almaq mümkün olmadı. Bilmədim o bunu təvazökarlıqdanmı etdi, ya...
Üz tutdum M.Ə.Sabirin həyatı haqqında olan tədqiqatlara. 20-ci yüz illiyin tanınmış ədəbi tənqidçisi, publisisti Seyid Hüseyn və görkəmli ədəbiyyatşünas, mətbuatşünas alim Əziz Mirəhmədovun tədqiqatlarından yetərincə bəhrələndim. S.Hüseyn 1934-cü ildə yazdığı "Ailəvi faciə” adlı I məqaləsində M.Ə.Sabirin ata babası Hacı Tahirdən başlayaraq, atası Hacı Zeynalabdin və onun ailəsi haqqında geniş məlumat verib. Məqalədən aydın olur ki, Sabirin atası Hacı Zeynalabdin gənclik "məcəraları” ilə Şamaxıda ad çıxarıbmış: "Cavan ikən sünniliyi atıb şiə məzhəbini qəbul etməsi onun haqqında müxtəlif şayiələrin yaranmasına səbəb olmuşdu. Bu iş üstündə Zeynalabdin ilə atası Hacı Tahir arasında da kəskin bir ixtilaf baş vermişdi”.
S.Hüseynin məqaləsindən aydın olur ki, əslində, Zeynalabdinin "ipə-sapa” yatmamağında, "məcaralara” sövq etməsində atası Hacı Tahirin çox böyük günahı olub: "Haqq-nahaq, uşağı döymək, başqalarının yanında təhqir etmək, alçaltmaq, danlamaq Hacı Tahirin bir tərbiyə prinsipi idi”. Artıq yetkinlik yaşına çatan "bığları çıxmış” Zeynalabdin bu "şiddət və təzyiqi” qəbul edə bilməmiş və onu itaətsizliyə sövq etdirmişdir ki, nəticədə atası onu evdən qovur və övladlıqdan çıxarır. Bundan istifadə edən şiələr "başqa sünni gəncləri şirnikləndirmək üçün ianə toplayaraq Zeynalabdinə bazarda bir baqqal dükanı açdılar və ayağını küçədən tamamilə yığmaq üçün onu evləndirdilər”. Ev-eşik, oğul-uşaq sahibi olan Zeynalabdin yavaş-yavaş keçmiş həyatından əl çəkib dindar bir müsəlmana çevrilir və oğlu Ələkbərin də ruhani və ya bir dərviş olmasını istəyir. Amma Ələkbər bu istəklərə ram olmur.
Səkkiz yaşında atasının göstərişi ilə mollaxanaya oxumağa gələn Ələkbər, 12 yaşında bu məktəblə vidalaşır və Şamaxıda Seyid Əzim Şirvaninin açdığı yeni üsullu məktəbə gedir. Oğlunun bu hərəkəti Zeynalabdinin heç xoşuna gəlmir. O, Ələkbəri dükanına aparıb "alış-veriş adamı” etmək üçün onu məktəbdən çıxarır və ata-oğul arasında yaranan fikir ayrılığı Ələkbəri Şamaxını tərk etməyə sövq edir: "Bir gün Xorasana gedən bir karvana qoşulub Şamaxıdan uzaqlaşır. Lakin atası tez xəbər tutub onu geri qaytarır. Bu hadisədən sonra gözü qorxmuş ata, oğlunu sərbəst buraxıb şairliyinə mane olmur”.
Artıq 21-22 yaşına çatan Ələkbərin gününü şeirlə, kitablarla keçirməsi Hacı Zeynalabdini yenidən narahat etməyə başlayır. Ələkbər isə müəllimi Seyid Əzimin Yaxın Şərq ölkələri haqqında maraqlı söhbətlərinin nəticəsi olaraq, səfərə çıxmaq fikrinə düşür. Hacı Zeynalabdin oğlunun müqəddəs yerləri ziyarət etdikdən sonra "düzələcəyinə” ümid edərək, onun səfərə getməsinə razılıq verir və 1884-cü ildə Sabir yola düşür”. Bu səfərdən az sonra Sabir ikinci dəfə də səfərə çıxır. O, bu dəfə bir müddət Mərvdə qalmaq fikrinə düşür. Lakin atasının vəfatı onu vətənə qayıtmağa məcbur edir.
Sabirin vətənə bu qayıdışı daha çox anasının ürəyincə olur və onun bir daha Şamaxını tərk etməməsi üçün evləndirmək fikrinə düşür. Bu haqda S.Hüseyn Sabirin öz dilindən dediklərini belə qələmə alır: "Anam məni evləndirmək istəyirdi. Mən isə onun bu fikrinə qəti etiraz etdim. Amma anam əqrəbamızdan birinin qızını, Badamxanımı gətirib evdə saxladı. O, bu qızı mənə almaq istəyirdi. Mən isə özümü heç o yerə qoymurdum. Özlüyümdə anamın bu hərəkətinə gülürdüm. Hətta bir dəfə ona dedim ki, sən nahaq yerə xalqın qızını avara edib burada saxlama, mən evlənən deyiləm. Bu qız bizdə yaşadığı halda, çox vaxt məndən qaçırdı. Mən də ona heç əhəmiyyət verməz, üzünə belə baxmazdım. Bir gün necə oldusa, küçə qapısını açarkən, onunla üz-üzə gəldikdə, gözlərim gözlərinə sataşdı. Onun gözləri mənim qəlbimin dərinliyinə qədər təsir etdi. Mənə elə gəldi ki, o gözlərdə mənə qarşı bir məzəmmət vardı.
Mən qapıdan içəri girib, ona zəhmət olmasın deyə qapının dəmirini özüm bağlamaq istədim. "Sən zəhmət çəkmə, özüm bağlayaram” deyərək əlimi dəmirə tərəf uzatdıqda "yox, özüm bağlayaram” deyib əlini dəmirin üstünə qoydu. Bizim əllərimiz bir-birinə toxunduqda, mən onun əlindəki hərarəti hiss etdim. Bu hadisədən sonra Badam məni maraqlandırmağa başladı. Getdikcə ona meylim artdı... Beləliklə, mən Badamla evləndim”
(Ə.Mirəhmədov yazır ki, şairin tərcümeyi-halını yazan müəlliflərin çoxu onun arvadının adını səhv olaraq Badam yazmışlar. Onun adı Büllurnisə olub). Bəzi tədqiqatçıların yazdığına əsasən, M.Ə.Sabirin ailə qurması təxminən 1885-1886-cı illər arasında baş verir və on beş il ərzində onun səkkiz qızı, 1908-ci ildə isə bir oğlu olur.
Bu haqda Həmidə xanım Cavanşir (Məmmədquluzadə) "Şərq qadını” jurnalının 1936-cı il dekabr tarixli, 23-24-cü saylarında yazırdı: "...Sabir danışırdı ki, anamın əvvəllər böyük bir dərdi vardı. Demək olar ki, hər il Ramazan ayında bizim arvad bir qız doğardı. Səkkiz qızımız olduğu halda, oğlumuz yox idi. Odur ki, anam hər dəfə qız doğulanda qara geyər, yasa batardı. Qonşu arvadları gəlib ona başsağlığı verirdilər, "neynək, ürəyini sıxma, canın sağ olsun, Allah qoysa, gələn səfər oğlan olar” deyirdilər.
Buna görə də anam nəzir edib tez-tez Kərbəlaya gedərdi ki, mənim oğlum olsun. Axır ki, 1908-ci ildə, yenə Ramazan ayında bizim bir oğlumuz oldu. Anam sevincindən yerə-göyə sığmırdı. Yetim-yesirləri sevindirdi. Çox fikirləşəndən sonra uşağın adını Məmmədsəlim qoydu”.
Sabirin qızı Səriyyə Tahirzadənin "Xatiratım”dan isə belə aydın olur ki, şairin on bir övladı olub. "...on bir uşaqdan ancaq üçümüz ( bu günə kimi sağ qalmış böyük bacım, mən və qardaşım) qalmışdıq” (Bax: "Şərq qadını” jurnalı, dekabr 1936-cı il, 23-24-cü sayları). Həm Səriyyə xanımın, həm də bir zamanlar "Molla Nəsrəddin” jurnalında M.Ə.Sabirlə çiyin-çiyinə çalışan Əziz Şərifin xatirələrindən aydın olur ki, şair qızı Səriyyəni daha çox sevərmiş.
"Söyləndiyinə görə, uşaqlar içərisində, dilli və hafizəli olduğum üçün, atam məni çox sevərmiş. Kiçik bacısı Nazlı bibimdən sonra məni özünə ikinci sirdaş etmişdi. Atam mənə "anaşım” deyə xitab edərək, yazdığı şeirləri ilk əvvəl mənim üçün oxuyardı” söyləyən Səriyyə xanım, o günləri xoş hisslərlə xatırlayırdı. Ə.Şərif isə "Sabir Tiflisdə” adlı məqaləsində yazırdı: "Sabir xəstəxanadan çıxıb yenidən redaksiyaya qayıdanda onun halı lap xarab olmuşdu. Dostum Əhməd Pepinov bəzən gecələr xəstənin yanında oturardı ki, lazım olsa, ona qulluq etsin. O zaman Əhməd, şairin gecələr tez-tez "Səriyyə” deyərək, öz qızını çağırdığını söyləyirdi”.
"Qaynananın qəzəbi”
Billurnisə xanımı qaynanası özü bəyənib alsa da, onun hər dəfə qız doğması şairin anasını lap hövsələdən çıxarırdı. M.Ə.Sabirin bir parça çörək dalınca Bakıya, Tiflisə üz tutması ailədə gəlin-qaynana münasibətlərini daha da gərginləşdirərmiş. M.Ə.Sabir isə bunlara o qədər də əhəmiyyət verməzmiş. "Əlidadaş (o zaman atama belə xitab edərdik) Bakıda ikən hər kəsin hücumundan ziyadə, bizi incidən əqrəbamızın təzyiqi idi. Bir gün nənəm (atamın doğma anası) anamın yanına gəlib "niyə oturubsan, sən şərən azadsan, o, babıdır, get boşan, mən də südümü ona halal etməyəcəyəm” dedi. Belə sözlərə anam öyrənmiş olduğu üçün əhəmiyyət vermədisə, də mən əhvalatı atama yazdım, cavabında isə atam, belə şeylərdən narahat olmamağımızı məsləhət edirdi”.
Sabirin gənc həyat yoldaşı şən, mehriban, işgüzar olsa da, onu aşiqanə bir qəzəldən, yanıqlı bir mərsiyə və sənətkaranə bir qəsidədən çox, Sabirin evə gətirdiyi bir girvənkə yağ, bir batman un daha artıq maraqlandırır, ona daha artıq "bədii” zövq verirdi. Yoxsulluq, sıxıntılar, söz-söhbətlər Sabiri nə qədər üzsə də, o, ailəsini həmişə xoş üzlə, zarafat və şuxluqla qarşılayırdı.
M.Ə.Sabir nəinki övladlarını, hətta ömür yoldaşını da savadlı görmək arzusunda olub. "Atam işinin çoxluğuna baxmayaraq, anama və mənə savadlanmağı təklif etdi” söyləyən Səriyyə xanım, daha sonra təəssüflə qeyd edir: "Anam "qocalıqda iməkləmək” deyərək, bu təklifi qəbul etmədi. O zamankı vəziyyətimizdə anam bir növ buna haqlı idi. Bir tərəfdən ağır maddi vəziyyət üzündən uşaqlarının ölməsi, digər tərəfdən sabun bişirməkdə atama yardım etməsi onu üzür və bütün vaxtını alırdı”.
1900-cü ildə ailənin maddi vəziyyəti daha da ağırlaşır. O, günləri, şairin qardaşı oğlu Zeynalabdin Tahirzadə illər sonra belə xatırlayırdı: "1900-cü ildə ailəmizin güzəranı ağırlaşdı. Atam və əmim (Sabir) köçüb Məşhədə getməyi qərara aldılar. Onlar var-yoxlarını satıb qəndə və şama verdilər. Biz bütün ailə ilə birlikdə köçüb Xorasana getdik. Məşhəddə qardaşlar kiçik bir dükan açıb güzəran keçirirdilər. Biz Məşhəddə təxminən iki ilə yaxın qaldıq. Orada güzəranımız o qədər də yaxşı keçmədi. 1902-ci ildə köçüb, təkrar doğma Şamaxıya qayıtdıq”.
1908-ci ildə (bəzi mənbələrdə 1909-cu il yazılır) oğlunun dünyaya gəlişi Sabirin həyatına ruh verir. Bu oğul onun adına-sanına layiq bir evin yox, bir elin oğlu olur. Növbəti saylarımızda birində şairin övladları Səkinə, Səriyyə, Məmmədsəlim və onların övladları haqqında məlumat verəcəyik.
Qərənfil Dünyaminqızı,
Əməkdar jurnalist
banner

Oxşar Xəbərlər