• çərşənbə axşamı, 23 aprel, 14:20
  • Baku Bakı 24°C

Mirzə Ələkbər Sabirin 152-ci ildönümü qeyd edildi

29.05.14 17:38 1754
Mirzə Ələkbər Sabirin 152-ci ildönümü qeyd edildi
“Mirzə Ələkbər Sabirin şeirləri vətəndaşlıq konstitusiyasıdır. Bu şeirlər bizim mənəvi konstitusiyamızdır. Əgər mənəviyyatımızı cilalamaq istəyiriksə, Sabirin söylədiyi məqamlara diqqət yetirməliyik. Orada vətənpərvərlik də, ailəyə, elmə, savadlı olmağa münasibət də var. Həyatda bizim üçün vacib olan bütün məqamları Sabir şeirlərində görmək olar. Biz bu yolla gənclərdə o ruhu aşılaya bilərik”. Bu fikirlər görkəmli şair Mirzə Ələkbər Sabirin anadan olmasının 152-ci ildönümü münasibətilə Mirzə Ələkbər Sabir Fondunun rəhbərliyinin New Baku Hoteli və “Skal” İnternational Baku təşkilatının dəstəyi ilə baş tutan mətbuat nümayəndələri ilə görüşündə səslənib.
Fondun iki il bundan əvvəl fəaliyyətə başladığını qeyd edən Mirzə Ələkbər Sabir Fondunun prezidenti Sevda Tahirlinin sözlərinə görə rəhbərlik etdiyi qurumun əsas məqsədi M.Ə.Sabir irsinin öyrənilməsinə gənc araşdırımaçıları cəlb etmək, şairin yaradıcılığının beynəlxalq aləmdə tanınmasına yardımçı olmaqdır: “Milli dəyərlərin qorunması, təbliğ olunması, dünya mediasında informasiyaların təbliği, gənclərlə xaricdə yaşayan gənclərin əlaqələrinin qurulması və s. bizim vəzifələrimizə daxildir”.
M.Ə.Sabir Fondunun indiyə qədər həyata keçirdiyi layihələrdən danışan S.Tahirli qeyd edib ki, qurum QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Azərbaycan ədəbi dilinin tətbiqi qüsurlarının monitorinqi” layihəsini icra edib və 2014-cü ilin mart ayından etibarən eyni adlı layihənin davamı kimi yenidən icrasına başlayıb. Fond rəhbəri hesab edir ki, bu sahədə çoxlu qüsurlar mövcuddur: «Bu, çox ağrılı məsələdir. Biz bu qüsurları çox zaman müşahidə edirik. Amma həm müşahidə etdiyimiz, həm də müşahidədən kənarda qalan çox nöqsanlar var. İstər saytlarda, istər reklamlar, istərsə də elanlarda çoxlu qüsurlar yer alır. Əhali arasında danışıq zamanı oturuşmuş yad sözlərdən istifadə olunur. Bu fikirlər artıq özünə süni şəkildə vəsiqə alıb. Kitablarda çoxlu yanlışlıqlar mövcuddur. Eləcə də televiziya aparıcılarının, radio diktorlarının danışığında yanlışlıqlar var”.
S.Tahirlinin fikrincə, bu sahədə gedən eroziyanın qarşısı indi alınmasa, nəticəsinin necə olacağını demək çətindir: “Bəzən dilimizdə əcnəbi sözlərin öz dilimiz kimi işlədilməsi hallarına rast gəlinir. Bəzən eyni bir sözün lüğətlərdə iki cür izahı verilir və bu, insanları çaşdırır. İnanın, bəlkə dilin dili olsaydı, bizdən imtina edərdi. Sanki biz öz dilimizə qarşı terror edirik. Biz Fond olaraq bu cür hallara qarşı mübarizə aparmağa, aidiyyəti qurumların diqqətini bu istiqamətə yönəltməyə və problemin aradan qaldırılmasına kömək etməyə çalışırıq”.
M.Ə.Sabir irsinin öyrənilməsinin aktual məsələ olduğunu qeyd edən Fond rəhbəri qeyd edib ki, ölkədə şairin irsinin yayılması ilə bağlı az-çox məşğul olanlar var: «Bizim üçün daha çox maraqlıdır ki, Sabir xaricdə necə nəşr olunur. Şair sovet dövründə post-sovet ölkələrində, həmçinin Türkiyə və İranda nəşr olunub. Bu yaxınlarda Türkiyə İş Bankının təşəbbüsü ilə Sabirin «Hophopnamə»si qonşu ölkədə çap edilib. Bu, sevindirici bir haldır ki, onlar Sabirin əsərlərinə diqqət yetiriblər». S.Tahirli hesab edir ki, klassiklərin irsinin təbliğinə ehtiyac var: “Gənclərdə bir qədər laqeydlik yaranıb. Ola bilsin ki, biz layiqli təbliğ edə bilməmişik. Hər halda bunun yolları tapılmalı, mənəvi dəyərlərimizi gənclərə sevdirməliyik. Mənə elə gəlir ki, hər şey təbliğata bağlıdır».
S.Tahirli hazırda Şamaxı şəhərində şagirdlər və gənclər arasında «Sabir şeirlərinin ifası»na həsr olunan müsabiqə keçirildiyini də diqqətə çatdırıb. Belə ki, artıq bir neçə ildir ki, millət vəkili Elxan Süleymanovun təşəbbüsü ilə həyata keçirilən bu müsabiqəyə qatılanlar şeirdəki ruhu mənimsəyərək ifa etməyə çalışırlar: “Sahiblənmək üçün gərək ilk növbədə sevəsən. Sevmək üçün isə gərək tanıyasan. Mənə elə gəlir ki, bu cür yarışmalar təkcə Sabirin vətəni Şamaxıda deyil, bütün Azərbaycanda qeyd olunmalıdır. Bu təbliğatı təkcə şeirlə deyil, rəsmlə də, karikatura ilə və incəsənətin başqa növləri ilə də etmək olar”.
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər