Mirzə Cəlil və Özbəkistan ədəbi-mədəni mühiti
Azərbaycanın böyük demokrat
yazıçısı Cəlil Məmmədquluzadənin anadan olmasının 150
illik yubileyinin keçirilməsi barəsində Azərbaycan Prezidentinin tarixi sərəncamının
elan olunduğu günlərdə, qardaş Özbəkistandan şad xəbər aldıq – böyük sənətkarın
seçilmiş əsərləri işıq üzü gördü. Əminliklə söyləmək mümkündür ki, qardaş məmləkət
oxucularının və ədəbi ictimaiyyətinin azı yüz illik intizarına son qoyuldu. Özbəkistan
Respublikasının, Şərq və türk xalqları ədəbi irsinin tərcüməsi və nəşri sahəsində
xeyli təcrübə və şöhrət qazanmış nəşriyyatlarından biri – "Mümtaz söz” nəşriyyatı
bu gözəl kitabı nəfis şəkildə çap etmişdir: Jalil Mammadqulizoda. Pochta
qutısı. (Qissa va hikoyalar. "Mumtoz soz”, Toshkent, 2019). Müstəqillik dövründəki
ədəbi əlaqə və mədəni münasibətlərimizin inkişafında silinməz iz qoyan bu
kitabın ideya rəhbəri və ön sözün müəllifi
akademik İsa Həbibbəylidir. 316 səhifəlik kifayət qədər iri həcmli bu
kitabı özbək dilinə görkəmli özbək şairi və yazıçısı, tanınmış mütərcim Osman
Qoçqar çevirmişdir. Bu tərcüməni akademik İsa Həbibbəylinin geniş və ətraflı ön
sözü ilə birlikdə Osman Qoçqarın "Cəlil Məmmədquluzadə” və filologiya elmləri
doktoru, Özbəkistan Milli Universitetinin professoru Həmidulla Baltabayevin "Cəlil
Məmmədquluzadə və özbək ədəbiyyatı” məqalələri müşayiət edir. "Poçt qutusu”
kitabı Mirzə Cəlilin qardaş məmləkətdə nəşr olunmuş ilk kitabıdır.
Amma ədəbi ictimaiyyətimizə və oxucularımıza onu da
bildirməliyik ki, bu gözəl hadisə Mirzə Cəlilin Özbəkistan oxucuları ilə ilk
görüşü deyil. Böyük maarifçi yazıçı və mədəniyyət xadiminin Türküstan xalqı ilə
ilk görüşü bundan təxminən 103 il əvvələ təsadüf edib. 1906-cı ilin 7 aprelində
məşhur "Molla Nəsrəddin” jurnalının birinci sayının işıq üzü görməsi ilə dahi
yazıçının, demək olar ki, eyni vaxtda həm öz oxucuları, həm də yaxın-uzaq
qardaş diyarların ədəbiyyatsevərləri ilə görüşü başlayıb. "Molla Nəsrəddin”
Sovet hakimiyyəti qurulana qədər, təxminən, 10-12 il ərzində müntəzəm olaraq
Türküstan oxucularının sevimli nəşrlərindən biri olub. Qardaş ölkənin yazıçı və
şairləri uzun müddət öz əsərlərini bu dünya şöhrətli jurnalın səhifələrində çap
etdirməkdən qürur duyublar. Mirzə Cəlilin və "Molla Nəsrəddin”in təkcə özbək ədəbiyyatına
deyil, ümumən, Türküstan xalqları mədəniyyətinə qüvvətli təsiri məhz həmin illərdən
başlanır. Görkəmli sənətkarın bu mənada qədim və köhnə dostları ilə XXI yüzilliyin
əvvəllərinə təsadüf edən bu görüşünü qətiyyən təsadüfi saymaq olmaz.
Cəlil Məmmədquluzadənin Özbəkistanda işıq üzü görən
"Seçilmiş əsərləri”ndə onun ən yaxşı povest və hekayələri yer alıb. "Danabaş kəndinin
əhvalatları” povesti və dahi sənətkarın ən məşhur hekayələri – "Poçt qutusu”,
"Qurbanəli bəy”, "Usta Zeynal”, "İranda
hürriyyət”, "Quzu”, "Pirverdinin xoruzu”, "Kişmiş oyunu”, "Saqqallı
uşaq”, "Nigarançılıq”, "İki alma” və başqa əsərləri, ümumilikdə, 30-a yaxın
hekayəsi kitabda cəmlənmişdir. Povest və hekayələri özbək dilinə məharətlə
çevirən tanınmış özbək şairi və mütərcimi Osman Qoçqarın Mirzə Cəlilin
yaradıcılığına son dərəcə hörmət və ehtiramla yanaşdığını, demək olar ki, hər
bir söz və deyimin uğurlu tərcüməsi üçün zəhmət çəkdiyini ayrıca vurğulamaq
yerinə düşər.
Akademik İsa Həbibbəyli Cəlil
Məmmədquluzadənin "Seçilmiş əsərləri”nin özbəkcə nəşrinə geniş və dərin məzmunlu ön söz
yazmışdır. On beş səhifəlik ön sözdə görkəmli alim, Mirzə Cəlil yaradıcılığı ilə
yanaşı, ümumən, Azərbaycan ədəbiyyatı tarixinin ən mühüm mərhələ və şəxsiyyətləri
haqqında özbək oxucularına zəruri bilgiləri də çatdırmağa nail olmuşdur. Ön
sözdə Cəlil Məmmədquluzadənin mürəkkəb və zəngin yaradıcılığı mükəmməl şəkildə
ümumiləşdirilib. Ölkəmizin ən görkəmli və təcrübəli Cəlilşünası dahi sənətkarın
yaradıcılıq yolunu səciyyələndirərək aşağıdakıları vurğulayır: "Cəlil Məmmədquluzadə,
hər şeydən əvvəl, orijinal nəsr əsərlərinin müəllifi olan qüdrətli yazıçıdır.
O, Azərbaycan ədəbiyyatında realist-satirik nəsrin əsas yaradıcılarından biri kimi qəbul olunur. Cəlil Məmmədquluzadə
Azərbaycan realist nəsrinin ilk nümunəsini yaratmış Mirzə Fətəli Axundzadədən
sonra bu istiqaməti yaradıcı şəkildə davam etdirərək yeni mərhələyə
qaldırmışdır. Azərbaycan realist nəsrinin satirik istiqamətdə inkişaf etdirilməsi
Cəlil Məmmədquluzadənin adı ilə bağlı olan mühüm xidmətdir. Bundan başqa, kiçik
hekayə janrının və kiçik adam obrazlarının simasında xalq həyatının bədii ədəbiyyata
gətirilməsi işi də ilk dəfə Cəlil Məmmədquluzadənin bədii nəsrində baş
tutmuşdur. Ustad yazıçının mahir qələminin məhsulu olan "Danabaş kəndinin əhvalatları”
povesti (1894) Azərbaycan realist-satirik nəsrinin ilk və mükəmməl bədii nümunəsidir.
Bu, geniş mənada Azərbaycanda realist-satirik ədəbiyyatının yeni mərhələsinin
"müqəddiməsi”dir. "Danabaş kəndinin əhvalatları”nın proloqu kimi verilmiş "Bir
yüngülvari müqəddimə” əslində bu əsərin ideya-sənətkarlıq xəttini müəyyən edən
giriş mətni olmaqdan çox, ümumiyyətlə, Cəlil Məmmədquluzadə yaradıcılığının ədəbi
manifestidir”. Mirzə Cəlil yaradıcılığının çağdaş Azərbaycanın taleyi və ümumən,
müasir dünyanın problemləri, xüsusən, öz müstəqilliyinə nail olmuş ölkələrin,
xalqların arzu və idealları ilə qırılmaz bağlılığını vurğulayan akademikin bu
mülahizələri də son dərəcə həyati və ibrətamiz
səslənir: "Qələmin müqəddəs vəzifəsi xalqa xidmət etməkdədir” deyən Cəlil Məmmədquluzadənin Azərbaycan
xalqının milli sərvətinə çevrilmiş əsərləri ədəbiyyatın mənsub olduğu xalqın
böyük ideallarına xidmət etməsinin parlaq bir nümunəsidir. Bu ölməz əsərlər
müstəqil dövlətini qurmuş və onu daha da möhkəmləndirmək yollarında mübarizəsini
uğurla davam etdirən bütün xalqlar üçün də mənalı və əhəmiyyətli milli istiqlal
dərslikləridir”. Əminliklə bildirmək mümkündür ki, Cəlil Məmmədquluzadənin ölməz
və əbədiyaşar əsərləri ilə yaxından
tanış olan qardaş məmləkət oxucuları, eyni zamanda, həm qədim və zəngin tarixə
malik, bəşəriyyətə böyük ədəbi şəxsiyyətlər vermiş Azərbaycan ədəbiyyatı ilə, həm
də XX yüzillikdə təkcə öz milli bədii təfəkkür müstəvisində deyil, ümumən,
Yaxın Şərqin, xüsusən, Türküstan, Ərəbistan, Hindistan, Pakistan, İran və
Türkiyənin ədəbi mühitlərində sözün həqiqi mənasında böyük rezonans doğuran, bədii
inqilab yaradan təkrarsız bir ədəbi sima barəsində professional və mühüm elmi
informasiya ilə tanış olmaq imkanı qazanıblar.
Özbəkistan Milli Universitetinin
professoru, filologiya elmləri doktoru Həmidulla Baltabayev Cəlil Məmmədquluzadənin "Seçilmiş əsərləri”nin
özbəkcə nəşrinə yeni elmi araşdırma və tədqiqatlarla zəngin, son dərəcə geniş və
əhatəli bir son söz yazmışdır. Son söz belə adlanır: "Cəlil Məmmədquluzadə və
özbək ədəbiyyatı”. Alimin yeni və ciddi elmi mülahizələrinin əks olunduğu son
sözdə Cəlil Məmmədquluzadə yaradıcılığı və Azərbaycan-Türküstan ədəbi əlaqələri
barəsində hər iki qardaş məmləkətin ədəbi-elmi ictimaiyyəti üçün gərəkli olan
mühüm fikirlər öz ifadəsini tapıb. Müəllif geniş məzmunlu məqaləsinə aşağıdakı
mülahizələrlə başlayır: "Türk dünyası ədəbiyyatlarında elə böyük ədəbi simalar var ki, onların
yaradıcılığını yalnız milli ədəbiyyat çərçivəsində və müstəvisində öyrənmək, dəyərləndirmək
mümkün deyil. Onların əsərlərində məxsus olduqları məhəlli şərait, milli həyat
və yaşayış problemləri əks etdirilmiş olsa da, bu əsərlər həm milli, həm də
ümumbəşəri mənalar daşıyır, insanlığın əzəli
və əbədi dəyərlərini tərənnüm edir. Azərbaycan demokratik ədəbiyyatının
banisi, realist-satirik nəsrin və publisistikanın təkrarsız nümayəndəsi, Azərbaycan
və Şərq dramaturgiyasında özünəməxsus bir mərhələ yaratmış Cəlil Məmmədquluzadə
məhz belə ulu ədəbi şəxsiyyətlərdən biridir”.
"Cəlil Məmmədquluzadə və
özbək ədəbiyyatı” məqaləsində professor Həmidulla Baltabayev böyük sənətkarın
Türküstan ədəbi mühiti ilə ədəbi-mədəni münasibətlərinə də toxunur və yeni
maraqlı faktları elmi ictimaiyyətə məlum edir. O yazır ki, Cəlil Məmmədquluzadə
Türküstana iki dəfə - 1916 və 1924-cü illərdə səfər edib. Bu ədəbi səfərlərin təşkil
edilməsində və uğurlu nəticələrlə sona yetməsində "Turan” teatr truppasının və
xüsusən, onun ən fəal üzvləri Abdulla Əvlani, Qulam Zəfəri, Ş.Rəhimi, N.Xocayev
və başqalarının müəyyən xidmətləri olub. Xüsusən, "Ölülər” tragikomediyasının
1916-cı il 29 apreldə Bakıdakı uğurlu premyerasından sonra Mirzə Cəlilin qardaş
məmləkətdəki şan-şöhrəti birə-beş artır. Abdulla Əvlani Cəlil Məmmədquluzadəyə
məktub yazaraq, onu Daşkəndə dəvət edir. Məhz bu dəvətdən sonra Mirzə Cəlil
"Molla Nəsrəddin” jurnalının maliyyə vəziyyətini bir qədər yaxşılaşdırmaq və
"Ölülər”in Orta Asiyada səhnələşdirilməsinə kömək etmək üçün dostu Əliqulu Qəmküsarla
Türküstan səfərinə yollanır, əvvəlcə Aşqabada, sonra isə Daşkəndə təşrif
buyurur.
Görkəmli
özbək ədəbiyyatşünasının "Son söz”ündə ədəbi əlaqələrimizin tarixi inkişaf mərhələləri
ilə bağlı bir sıra qiymətli elmi müşahidə və mülahizələr mövcuddur. Müəllif,
akademik İsa Həbibbəylinin Mirzə Cəlilşünaslığa verdiyi töhfələrə əsaslanaraq
ciddi elmi-nəzəri müqayisələr aparır: "Cəlil Məmmədquluzadəyə qədər də Azərbaycanda
dramaturgiya sənətinin yaranması və teatrın inkişafında Mirzə Fətəli Axundzadənin nə dərəcədə böyük
rol oynadığı məlumdur. Amma Cəlil Məmmədquluzadə Mirzə Fətəli pyeslərindən
böyük Hüseyn Cavid dramaturgiyasına sarı uzanan qüdrətli bir körpü yaratdı. Bu
fikri görkəmli özbək dramaturqu Əbdürauf Fitrətin dramaturji yaradıcılığına da
aid etmək olar, yəni Ə.Fitrətin dramatik yaradıcılığına da Mirzə Cəlil əsərlərinin
həyatbəxş təsiri mövcuddur. Bircə fərq ondadır ki, Ə.Fitrət Mahmud Xoca
Behbudinin əsasını qoyduğu dram və teatr sənətinin bütün janrlarında əsərlər
yazmalı oldu, özbək dramaturgiyasında həm Cəlil Məmmədquluzadə, həm də Hüseyn
Cavidin ədəbi-tarixi missiyasını yerinə yetirdi”.
Özbəkistan
Respublikasının, Şərq və türk xalqları ədəbi irsinin tərcüməsi və nəşri sahəsində
xeyli təcrübə və şöhrət qazanmış nəşriyyatlarından biri – "Mümtaz söz” nəşriyyatı
bu gözəl kitabı nəfis şəkildə çap etmişdir: Jalil Mammadqulizoda. Pochta
qutısı. (Qissa va hikoyalar. "Mumtoz soz”, Toshkent, 2019). Müstəqillik dövründəki
ədəbi əlaqə və mədəni münasibətlərimizin inkişafında silinməz iz qoyan bu
kitabın ideya rəhbəri və ön sözün müəllifi
akademik İsa Həbibbəylidir. 316 səhifəlik kifayət qədər iri həcmli bu
kitabı özbək dilinə görkəmli özbək şairi və yazıçısı, tanınmış mütərcim Osman
Qoçqar çevirmişdir.
Ümumən,
professor H.Baltabayevin "Son söz”ündə Mirzə Cəlilin "Seçilmiş əsərləri” ilə
birlikdə ulu ədib haqqında yaradılmış ən mühüm elmi araşdırma və tədqiqatlar da
dərindən təhlil edilir, ümumiləşdirilir. Tanınmış alimin Mirzə Cəlilin ən məşhur
əsərləri haqqında Azərbaycan ədəbiyyatşünaslarının apardığı tədqiqatlarla
yaxından tanışlığı diqqətə layiqdir. Məsələn, özbək aliminin təhlillərində
akademik İsa Həbibbəylinin "Poçt qutusu” hekayəsi haqqındakı elmi düşüncələri
yüksək qiymətləndirilir: "Cəlil Məmmədquluzadə
Azərbaycan ədəbiyyatında kiçik
hekayə janrının böyük
yaradıcısıdır. Cəlil Məmmədquluzadənin kiçik
hekayələrində romanlara sığa biləcək ciddi və əhəmiyyətli ictimai mətləblər
ifadə olunur. Böyük yazıçı özünün kiçik
hekayələrində xüsusi bir məharətlə yığcam və cəlbedici süjet əsasında mənsub
olduğu xalqın taleyi ilə əlaqədar olan ən mühüm mətləblərdən bəhs etməyin
mümkünlüyünü isbat etmişdir. Cəlil Məmmədquluzadənin "Poçt
qutusu” hekayəsi Azərbaycan ədəbiyyatında
kiçik hekayənin ən kamil bir modeli hesab olunur. Yazıçı bu kiçik hekayədə
XX əsrin əvvəllərində Azərbaycan cəmiyyətində baş verən ciddi dəyişiklikləri
böyük məharətlə göstərmişdir. "Poçt qutusu” hekayəsində halal, zəhmətkeş Azərbaycan
kəndlisinin müstəmləkə siyasəti nəticəsində məhrumiyyətlərə düçar edilməsi və
milli oyanış zərurəti öz əksini tapmışdır. Hekayənin əsas qəhrəmanı olan Novruzəli
obrazı ilə əlaqədar hadisələr xalqın yeni əsrin ibtidasındakı siyasi əsarətdən
mənəvi oyanışa doğru təkamül prosesini göstərib ümumiləşdirməyə imkan yaradır. Adətən, uzun dövr ərzində
keçmiş sovet ideologiyasının təsiri ilə xalqın oyanışının 1905-1907-ci illər inqilabının
təsiri ilə baş verdiyi diqqət mərkəzinə çəkilir. Cəlil Məmmədquluzadənin
1903-cü ildə yazdığı "Poçt qutusu” hekayəsində
təsvir olunan hadisələr Azərbaycan kəndlisinin XX əsrin əvvəllərində
artıq milli oyanış proseslərinin içərisində olduğunu nümayiş etdirir. Əsərdə
Novruzəlinin "nəçərnik divanxanası”nı tanımağa məcbur edilməsi müstəmləkəçilik şəraitində
cəmiyyətdə onun üzləşdirildiyi haqsızlıqların ifadəsidir. Novruzəlinin
poçt qutusunun yerini tanımaması və ya ondan istifadə qaydalarını bilməməsinin təsviri də yerlərdəki maarifsizliyin tənqididir”. Ümumən, bu yöndəki elmi mülahizələri
alim, Mirzə Cəlilşünaslığın yalnız Azərbaycan
ədəbiyyatşünaslığı miqyasında deyil, eyni zamanda, ümumtürk ədəbiyyatşünaslığı
müstəvisindəki müvəffəqiyyətli elmi nəticələri kimi dəyərləndirməyi vurğulayır:
"Novruzəlinin poçt məmuru ilə münasibətindəki sərt davranış bir tərəfdən onun
düçar edildiyi cəhalət mühitinin formalaşdırdığı gerçəkliyi
təqdim edirsə, digər tərəfdən də yazıçının bu adi, sıravi Azərbaycan kəndlisini
geridə qoymuş siyasi rejimə qarşı etirazı mənalandırır. Fikrimizcə, hekayədə
Novruzəlinin dilindən poçt məmuruna münasibət haqqında deyilmiş "vallah, hirs
vurdu təpəmə, ikiəlli yapışdım kişinin
çiynindən, onu üzü üstə elə gətirdim yerə ki, heybətdən ağzı qanadı” sözləri dərin mənası etibarilə Cəlil Məmmədquluzadənin Novruzəliləri əsarətdən xilas etmək arzusunu
nəzərə çarpdırır. Hekayənin sonunda "qulluqçunu bihörmət eləmək barəsində” üç
aylıq cəza alan Novruzəlinin günahını boynuna almaması da sadəcə, sədaqətli
olmağı qəbahət hesab etməməsi ilə
yanaşı, həm də onun acı aqibətinin səbəbkarı olmuş "rus qulluq adamını” haqlı
saymamasının əks-sədasıdır. Bütün bunlara görə Cəlil Məmmədquluzadənin "Poçt
qutusu” əhvalatı ilə Azərbaycan kəndlisinin həyatında mənəvi intibahın, tərpənişin
və dəyişikliyin başlanmaqda olduğunu göstərmək istədiyini görməmək mümkün
deyildir. «Poçt qutusu» hekayəsi ictimai-mənəvi oyanışa çağırışın Azərbaycan ədəbiyyatındakı
ilk təbii əks-sədası idi.”
AMEA-nın elm siyasətində
beynəlxalq əlaqələrin inkişafı və dərinləşməsi həmişə prioritet təmayüllərdən
biri hesab olunub. Xüsusən, son 5-6 ildə Azərbaycan alimlərinin və elminin
xarici ölkələrdəki uğurları böyük maraq
doğurur. Bu cəhətdən Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru,
akademik İsa Həbibbəylinin rəhbərliyi və təşəbbüsü ilə həyata keçirilən
bir-birindən maraqlı və gərəkli elmi-mədəni layihələr fikrimizi təsdiq etməkdədir.
Böyük Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadə irsinin
dünya ölkələrində, xüsusən, Yaxın
Şərq və qonşu məmləkətlərdə təbliği, əsərlərinin və kitablarının nəşri bu layihənin
əhəmiyyətini vurğulamaqdadır. Böyük sənətkarın irsinin Rusiya, Misir Ərəb
Respublikası, Pakistan, Türkiyə, İran kimi böyük ölkələrdə, eyni zamanda,
Macarıstan, Gürcüstan və Baltikyanı ölkələrdə çap olunması elmimizin və mədəniyyətimizin
son illərdəki mühüm uğurlarından biri kimi dəyərləndirilə bilər. Mirzə Cəlil
yaradıcılığının qardaş türk respublikalarında, böyük Azərbaycan yazıçısını yüz
ildən bəri qəlbində sevib və əzizləyən qədirbilən oxucular arasında da təbliği və yayılması həmin
möhtəşəm layihənin tərkib hissəsinə daxildir. Böyük demokrat yazıçının
qardaş Özbəkistanda nəşr olunmuş "Poçt qutusu” adlı "Seçilmiş əsərlər”
bu böyük və qutlu işin başlanğıcıdır.
Azərbaycan və Özbəkistan ədəbiyyatşünaslığında
Mirzə Cəlilin Türküstan ədəbi-mədəni mühiti ilə əlaqələrinə dair indiyə qədər
ciddi elmi mülahizələr irəli sürülməmişdir. Yalnız "Molla Nəsrəddin” jurnalının və ədəbi məktəbinin
Türküstanın maarifçi və satirik qələm
sahiblərinin yaradıcılığına təsirindən ümumi şəkildə bəhs edilib. Öz elmi-nəzəri
fikirlərində haqlı olaraq ardıcıl şəkildə akademik İsa Həbibbəyliyə istinad edən
professor Həmidulla Baltabayev Mirzə Cəlil əsərlərinin XX yüzil Türküstan
xalqları ədəbiyyatına, xüsusən, özbək realist-satirik nəsrinə qüvvətli təsir göstərdiyini konkret dəlil-sübutlarla əsaslandırır.
Hər iki qardaş ölkənin ədəbiyyatşünaslığında bu istiqamətdə ciddi elmi tədqiqatlar
aparılmadığından təəssüflənən alim, Cəlil Məmmədquluzadənin qissə və hekayələrinin mahiyyətindəki zərif
yumor və gülüşün həmin dövrdə və sonralar yazıb-yaradan özbək yazıçılarının
yaradıcılığına təsirsiz keçmədiyini göstərir. XX əsr özbək ədəbiyyatının tanınmış
tədqiqatçılarından olan H.Baltabayev özbək nəsrinə və dramaturgiyasına
C.Məmmədquluzadə təsirinin masştab və
miqyasları barəsində də arqumentli münasibət sərgiləyir. Ötən əsrin ilk çərəyində
və sonrakı dövrlərindəki özbək nəsrində satirik-yumoristik təmayüllərin müxtəlif
təzahürlərinin nüvəsində "Molla Nəsrəddin” ədəbi məktəbi təcrübəsinin, xüsusən,
Mirzə Cəlil ənənələrinin "gizləndiyini” inandırıcı şəkildə təhlil edir. Alim sabiq Sovet dövrü ədəbi
siyasətinin və o zamanlara məxsus elmi-estetik
düşüncə tərzinin, türk xalqları arasındakı ədəbi-mədəni münasibətləri gərəyincə
və obyektiv şəkildə səciyyələndirməyə imkan vermədiyini də etiraf edir. Görkəmli
özbək ədəbiyyatşünası yazır ki, Abdulla Qədiri və Qafur Qulamın
nəsrindəki incə gülüş və təbəssüm, Abdulla Qəhharın hekayələrindəki acı
gülüş və sarkazmın kökləri barəsində
düşünərkən, biz çox vaxt rus ədəbiyyatına, ələlxüsus da, Qoqol və Çexov
təcrübəsinə müraciət etməyə adət etmişik. Amma nədənsə qardaş türk xalqları ədəbiyyatının
qiymətli və səmərəli qarşılıqlı təsir örnəklərinə yetərincə diqqət ayırmamışıq.
Həqiqətən də, Avropa ədəbiyyatlarının, rus ədəbi klassiklərinin türk
xalqlarının söz sənətinə təsirindən söz açarkən, Mirzə Cəlil dərslərindən yan keçmək mümkünsüzdür. Azərbaycan
xalqının dahi oğlu C.Məmməquluzadənin nəhəng
bir realist və demokrat sənətkar kimi xalqın həyatında və güzəranındakı dözülməz
iztirabları, müti və aciz qulluq taleyini, həyatın dəhşətli və məşəqqətli
sınaqlarını, əlacsızlıq və nicatsızlıq
burulğanında fəryad etməsini görməsi, müşahidə etməsi və bütün şahidi
olduğu insan və cəmiyyət mənzərələrini yüksək bədii məharətlə əks
etdirməsi, son dərəcə qiymətli və
təkrarsız estetik təcrübələr idi. Məsələ bundadır ki, bu yöndəki və məzmundakı
bədii ifadə və estetik inikas nümunələri başqa qardaş xalqların həm həyat və
yaşayış tərzi, həm də onların əks-sədası kimi doğulmuş bədii əsərlərlə yaxından
səsləşir və həmahəng idi. Bu cəhətdən alimin hər iki ədəbiyyatşünaslıq
kontekstində ilk dəfə vurğuladığı ədəbi-nəzəri paralellər düşündürücüdür: "Məhz
bu mənada mən "Danabaş kəndinin əhvalatları”
içərisində Abdulla Qədirinin məşhur qəhrəmanları
Kəlvək məhzumu və Daşpolad təcəngi təsəvvür edə bilirəm. Məmmədhəsən əmi
ilə Xudayar bəy zahirən özbək nəsrinin məşhur
qəhrəmanlarına oxşamasa da, "Danabaş kəndinin əhvalatları” sanki özbək
diyarında baş verən tək təəssürat yaradır. Qissədəki Xudayar bəy obrazı öz xətti-hərəkətləri
və xarakteri, özünəməxsusluğu ilə Qafur Qulamın
məşhur "Hiyleyi-şəri” hekayəsini, onun baş qəhrəmanını yadımıza salır”.
Akademik İsa Həbibbəylinin
"Ön söz”ündə və professor H.Baltabayevin "Son söz”ündə əksini tapmış bir çox
elmi müşahidə və müqayisələr, əminik ki, həm Azərbaycan, həm də Özbəkistan
ədəbiyyatşünaslığında güclü rezonans doğuracaq, ümumtürk müqayisəli ədəbiyyatşünaslığının
yeni istiqamətlərdə inkişafına mühüm təkan və impuls verəcəkdir.
Yuxarıda söylədiklərimizi
ümumiləşdirərək deyə bilərik ki, akademik İsa Həbibbəylinin elm siyasətində
beynəlxalq əlaqələrin genişlənməsi və dərinləşməsi prioritet istiqamətlərdən
biridir. Onun rəhbərliyi dövründə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun
xarici ölkələrlə qarşılıqlı elmi-mədəni əlaqələri daha da inkişaf etmiş, yenidən
qurulmuş və yeni açılmış bir sıra elmi şöbələr
məhz bu həmkarlığın səmərələri və
bazası müstəvisində formalaşdırılmışdır. Avropa, Asiya ölkələrinin səfirləri ilə
Ədəbiyyat İnstitutunda keçirilən görüşlər, institut əməkdaşlarının həmin ölkələrə
elmi-xidməti səfərləri kollektivin yaradıcılıq
potensialını daha da artırmışdır.
Görkəmli alimin Misir Ərəb
Respublikası, Türkiyə, İran, Pakistan, Rusiya, Hindistan, Çin, Cənubi Koreya,
Monqolustan və başqa məmləkətlərdəki elm və mədəniyyət nümayəndələri ilə
keçirdiyi görüşlər Azərbaycana və Azərbaycanın
mədəni-humanitar imkanlarına
ciddi, eyni zamanda, işgüzar münasibətin
formalaşmasına səbəb olmuşdur. Xüsusən, klassik mədəniyyətimiz və ədəbiyyatımızın
nümayəndələrinin - Nizami, Nəsimi, Füzuli, Hüseyn Cavid, Cəlil Məmmədquluzadə və
başqa ədəbi korifeylərimizin xarici ölkələrdə nəşri və təbliği sahəsində görülən
işlər qürurvericidir. Bu elmi-mədəni layihələr müstəqil Azərbaycanın beynəlxalq
arenadakı mövqeyi və fəal xarici siyasəti ilə tam mənada üst-üstə düşür, Vətənimizin
sivil və multikultural obrazını, maddi və mənəvi üstünlüyünü, sözün əsl mənasında,
zənginliyini və müasir uğurlarını nümayiş etdirir.
Mirzə Cəlilin "Poçt qutusu”
adlanan "Seçilmiş əsərləri”nin qardaş Özbəkistanda nəşr olunması sıradan və sadəcə
bir ədəbi yenilik deyil. Bu gözəl və fərəhbəxş hadisənin simvolik mənası da
diqqəti cəlb edir. Zira, ötən əsrin əvvəllərində ədəbiyyat meydanına təşrif
buyurmuş bir çox istedadlı Mərkəzi Asiya yazıçıları məhz Mirzə Cəlilin "Poçt
qutusu”ndan çıxaraq, "Molla Nəsrəddin” jurnalının səhifələrindən birbaşa həyata
və ədəbiyyata vəsiqə almışdılar. Dahi yazıçının doğma və qardaş məmləkətə yeni "səfər”ini
bu cəhətdən təsadüfi saymaq olmaz.
Almaz Ülvi Binnətova,
filologiya
elmləri doktoru,
"Azərbaycan-Türkmənistan-Özbəkistan
ədəbi əlaqələri”
şöbəsinin müdiri,
Yaşar Qasımbəyli,
filologiya
elmləri doktoru,
AMEA-nın Baş
elmi işçisi