AZE | RUS | ENG |

Mirzə Cəlil “Ölülər” və “Dəlilər” kontekstində

Mirzə Cəlil “Ölülər” və “Dəlilər” kontekstində
Mirzə Cəlil təkcə əsərləri üçün yaxşı kompozisiya quran sənətkar deyil, həm də onlara yaxşı ad qoya bilən söz adamı idi. "Saqallı uşaq”, "Oğru inək”,  "Zırrıma” adları ədəbiyyatla, kitabla ən az maraqlanan şəxsin belə diqqətini cəlb edə bilər. Çoxluğun oxumadığı toplum üçün müəllifin əsərlərinə belə ad qoyması təbii idi. Eyni ilə "Molla Nəsrəddin”dəki karikaturlar kimi. Xalqa keçmişindən əzəmətindən danışmazdı, lakin içindəki milli yanğı bütün əsərlərinin varlığına hopmuşdu.
C.Məmmədquluzadə  nəsr, felyeton, dram əsərlərində gülə-gülə ağlamalı mətləbləri anlatmağa çalışmışdı. Yazar problemlərə daha yüksək qiyməti, zənnimcə, "Ölülər” və "Dəli yığıcağı” əsərlərində vermişdi. Cəlil milli-mənəvi işğala münasibəti Ölülük və Dəlilik kontekstindən yanaşdı. Onun bu  usta manevr həm tarixçiləri, ədəbiyyatşünasları,  sosioloqları, psixoloqları və bütünlükdə düşünə bilən insanları aydınladır.
 
"Ölülər”: Düşünə bilməyən topluluğun yaşadığı şəhərə teleqrafla bir xəbər çatır. "Kərbalayı Fətulla dirilib”. Bu xəbər cahil topluluq üçün katalizator rolunu oynayır.  Gerçək dirilikdən bixəbər olan Hacı Həsən Məşədi Oruc Hacı Baxşəli və digərləri xəbərə inanırlar. Quranın Hücurat surəsinin altıncı ayəsində "Ey iman gətirənlər! Əgər bir fasiq sizə (pis) bir xəbər gətirsə, dərhal (onun doğruluğunu) yoxlayın, yoxsa bilmədən bir qövmə pislik edər, sonra da etdiyinizə peşman olarsınız”! Qurandan xəbəri olmayan toplum təbii ki bu xəbərə inanır. Maraqlı bir məqam da budur ki həmin teleqrafda 114 ölünün dirildiyi də xəbəri yer alır. Bu Allah ilə aldatmağın şifrəsidir. "Ölülər”dəki faciə buradan başlayır.
 
Cəhalət girdabı içində boğulmayan bir şəxs var – İsgəndər. Niyə keflidir? Niyə İsgəndər? Nə dediyini anlamadan namaz qılan mühitdə kefli olmaq təbiidir. İsgəndər içkidən dopinq kimi istifadə edir. Təhsil alan İsgəndər işıqlı ideallara sahib olsa da, o  yarımçıq adamdır. Qardaşı Cəlala köhnə tədris üsulunun faydasız olduğunu deyən İsgəndər fars dilli təhsilə xərclənən pulların əvəzinə erməni Karapetə verib şərab içməyə üstünlük verir. "O olmasın bu olsun” filmində bir epizod var intiligent Həsən bəy meyxanadan çıxanda şərabçı erməni ondan pul tələb edir. Bu o dövrün sosioloji gerçəyi idi. Avropada təhsil alanlar mühitdən bezərək içkiyə qurşanır və erməni şərab sərmayəsinə pul qoyurdular.
 
Nəhayət Şeyx Nəsurullah şəhərə çatır. Avam kütləyə sudakı mikroblardan, arıların xüsusiyyətlərindən danışmaqla bərabər "gündə bir xurma yeyən” abid, alim bir şəxs kimi özünü təqdim edir. Lakin bu moizələr onun mahiyyətinin gizlənməsinə yardımcı olmur. Bütün söhbətləri özünün şəhvani hislərinə bağlayan lotunun niyyəti insanların namusunu ləkələyərək öz heyvani istəyini həyata keçirməkdi. Onun qarşısında tək hədəf olan İsgəndər var. Avropada təhsil alan lakin fırıldaqçı olan Əliqulu bəy və Heydər ağa onun ölü diriltmək "möcüzəsinə” "malades” deyirlər. Biz burada Avropatəhsilli olmağın heç də elmli, əməlli insan olmadığını göstərir.
Şeyx Nəsurullah həm də mahir psixoloqdur ,bir-birinin ətini didməyə hazır insanları yaxşı tanıyan İsfahan lotusu onları öz "ölü diriltmək möcüzəsini” göstərmək üçün qəbiristanlığa toplayır. Mənən ölü olanların məzarlığa toplanması ədəbiyyatımızda ən düşündürücü priyomlardan birdir. Bəli, ölüm məhşərdir. Dirilmə məsələsində hər kəs məhşər ayağına çəkilir. Biz burada Asif Əfəndiyevin qeyd etdiyi "kütləvi günah”ın elementlərini görürük. Dirilmək növbəsi çatanda hamı bir-birinin paxırını açır. Başqa arvad almağa görə yoldaşını, döyə-döyə öldürməsinə görə anasını diriltmək istəməyənlər var. Bu zaman hamı fikirləşməyə gedir. Həmin anda qəbiristanlığa İsgəndər gəlir. Dramın iki antoqinist qəhrəmanı üz-üzə gəlir. İsgəndərin ifşaedici mühakimələrinə qarşı Şeyx Nəsurullahın münasibəti yalnız "sənə bəd dua oxuyaram” deməklə aradan çıxmaq olur. İsgəndərin qəbiristanlıq monoloqu "Ölülər” sözünün şərtiliyini açır. Öz ailəsi tərəfindən soyuq pis münasibətə məruz qalmış qəbiristanlıqda uyuyan ölülərin "dirilər” tərəfdən mənəvi əzaba məruz qalmasını təsvir edilir.
 
"Mötəbər” şeyxin ifşası prosesi İsgəndər tərəfindən açılır. Özlərinin xəbis əməlləri nəticəsində beyni, ruhu ölü olan dirilərin də ifşası onun monoloqu ilə açılır. İsgəndərin monoloqu zamanı diqqət çəkən bir yer də var. "Əgər mən bir şey olsaydım cibimdən bir bomba çıxarıb bu evi bir saniyənin içində havaya dağıdıb İsfahan lotusunu kərpiclərin altında diri-diri dəfn edərdim”. Biz burada zəif İsgəndərin ən sərt formada mübarizə aparmaq ehtirasını da görürük. Lakin özünün dediyi kimi o "mühitinin igididir” əlindən belə bir iş gəlməz.
"Ölülər”dən "Dəli yığıncağı”na kimi olan tarixi mərhələdə bir çox hadisələr baş verdi. Birinci cahan müharibəsi başlaması M.Ə.Rəsulzadəyə "Milli dirilik” adlı yazsını yazmasına və daha sonra müharibənin sonunda bir çox silahdaşlarıyla Azərbaycan Cümhuriyyətini yaratmasıyla nəticələndi. 1918-ci ildə cümhuriyyətin yaranması İranda yaşayan fəal soydaşlarımız tərəfindən heç də, birmənalı şəkildə qarşılanmadı. Azərbaycan adının yalnız oraya aid olması iddiası səsləndi. Mirzə Cəlil "Dəli yığıncağı”nı Qacarlar sülaləsinin süqutu və fars Pəhləvi rejiminin qurulması zamanı yazdı. Özünün kimliyini tapmayan adi dil hüququndan məhrum insanlar milli diriliyə çata bilmədiyindən bu dəfə dəliyə çevrildilər desək yanılmarıq.
 
1927-ci ildə ədibinin qələmə aldığı "Dəli yığıncağı” dramın da isə ölümdən sonra dirilə bilməyib, ağlını itirənlərin faciəsindən bəhs edilir. Professor Əli Sultanlı bu əsəri "Ölülərin məfkurcə davamı” adlandırmışdır. Bu əsərdə hadislər güney Azərbaycanında baş verir. Dəli yığıncağı əsərində hadisələr daha tünd boyalarla təsvir edilir. Ölümdən diriliyə inanmaq hardasa mümkündür. Lakin dəliliyi sağaltmaq daha çətin məsələdir.
Mirzə Cəlil üçün dil məsələsi həmişə aktual olmuşdur. "Tiflis 7 aprel” məqaləsindən başlayaraq yazar təmiz, açıq dillə danışmağın tərəfdarı olmuşdur. Pyesin başlanğıcında güney insanının dilinin qadağan olunması məsələsinə toxunulur. Türk dilində danışmağın qəbahət hesab olunduğu şəhərdə insanların dəli və yaxud ağıllı olmağını müəyyənləşdirmək mümkünsüz olur. Əmristan adlı şərti ölkədən gələn doktor Lalbuyuz yerli dildə heç nə bilmir. Guya ki, yaşadığı ölkənin elmi ocağına təcrübə aparmaq istəyən bu həkim yararsız bir fəaliyyət göstərir. Yalnız məşhur sürrealist rəssam Salvodor Dalini andıracaq şəkildə dəlilərə "Dali” deyir. Əgər Şeyx Nəsurullah ərəb-farsca danışaraq insanları anlatmadan ağladırsa, doktor Lalbuyuz isə ümumiyyətlə insanlarla heç nə danışmır. Mirzə Cəlil burada hakim Həzrət Əşrəf və həkim doktor Lalbuyuzun timsalında insanların necə də hüquqsuz və xəstə buraxıldığını göstərir Bütün bəlaların səbəbini yerli ana dilinə qəddar münasibətdə görür.
 
Əsərin əvvəlində maraqlı bir ironiya var. Şəhərin varlıları beş-altı dəli üçün psixika mərkəzi açmaq üçün pul toplamalıdırlar. Lakin hər kəs bir bəhanə ilə bundan boyun qaçırır. Bununla paralel türk dilinə qənim kəsilən Həzrət Əşrəf  "pul pul” söyləyərək həmin sövdəgərlərdən pul qoparır.
"Dəli yığıcağı”ndakı antoqonist surətlər  Fazil Məhəmməd və Molla Abbasdır. Fazil Məhəmmədin niyyəti dəli hesab edilən qardaşı Pırpız Sonaya sahib çıxmaqdır. Onun əl-ayağı açıq gəzməsi Fazilin şəhvani istəklərinin həyata keçirməsi üçün bəhanə olur. "Ölülər”dən gələn bir-birinin ırzına sahib olma ehtirası bu əsərdə daha geniş şəkildə təsvir edilir.
 
Molla Abbas özü kimi "dəlilər”in vaizi olur. Cinni Mustafaya, Farmosyon Rüstəmə, Sərsəm Heydərə başqalarından eşitdiyi cəhalətlə dolu moizələri komik şəkildə çatdırır. Özünü ağıllı hesab edən şəhər ruhaniləri onlara qəzəblə yanaşır, amma onlar özləri inandıqlarını iddia etdikləri dinlərini ələ salırlar. Belə ki, Fazil Məhəmməd imam Sahibzamanın naibi kimi çıxış edir, onun ordusuna guya əsgər hazırlamaq  üçün dəlilərin arvadlarına sahib çıxılmasına haqq qazandırır.
Doktor Lalbuyuzun mənasız fəaliyyətinə qarşı Molla Abbasın "Vallah bu həkim dəlidir” deməsi ən məntiqli deyilmiş cavab olur.  Nəhayət guya ki, həzrətə qoşun toplamaq üçün hazır olan karvanlar yola düşməli olur. "Dəlilərin” həyat yoldaşlarını kəcavələrə dolduraraq özləriylə aparırlar. Yalnız Pırpız Sona getmək istəmir o öz həyat yoldaşı Molla Abbasa sədaqətlidir. Lakin Molla Abbasın "get onsuzda divarlarda can verəcəyik” xəbərdarlığından sonra dəstəyə qoşulur. Pırpız Sona  "...Molla Abbas, o arvadlar ki öz ərlərini tullayıb, ərlərinin qardaşlarına qoşulub gedirlər, o arvadların ucundan qorxuram dünya və aləm dağıla küll-küfan ola”. Deməsi insanların günahlara batmasının nə ilə nəticələnə biləcəyinin ehtimalıdır. Bu bir növ İsgəndərin monoloqunun davamıdır. Əgər İsgəndər komik şəkildə ölülər aləminin faciəsindən bəhs edirsə, dəli Sona daha ciddi şəkildə bir xəbərdarlıq edir. 
 
Mirzə Cəlilin bu iki dahiyanə əsərində problemlərə dəlilik, dirilik, ölülük kontekstindən yanaşması təkcə milli yox, həm də qlobal xarakter daşıyır. İnsanların cəhalətinin öyrənilməsi üçün dünya düşünürləri və oxucuları üçün də yol göstərir.
 
Ceyhun Mirzəli 
 

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9142
GEL 1 1 Gürcüstan larisi 0.5981
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1277
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1818
CHF 1 1 İsveçrə frankı 1.7255
KWD 1 1 Küveyt dinarı 5.5849
TRY 1 1 Türkiyə lirəsi 0.2974