MİRZƏ BALA MƏHƏMMƏDZADƏ VƏ ONUN “GƏNCLƏR YURDU” MƏCMUƏSİ
Köhnə Tiflisin məşhur
Şeytanbazar meydanından Cümə Məscidinə doğru ensiz, daş döşəkli bir küçə uzanır
– Botanika küçəsi... Bu küçənin başlanğıcında yerləşən iki saylı binanın ikinci
mərtəbəsi yüz il əvvəl Müsəlman (Azərbaycan) Qiraətxanası kimi tanınır və fəaliyyət
göstərirdi. 1918-ci ilin isti yay günləri... Müsəlman Qiraətxanasının
qonaqlı-qaralı vaxtları idi. İyul ayının əvvəllərində Tiflisə təşrif gətirən
alovlu vətənpərvər, istiqlal mücahidi Mirzə Bala Məhəmmədzadə burada yerli,
milli ruhlu azərbaycanlı gənclər ilə tanış olur. Qiraətxanada söhbət zamanı
jurnal çıxartmaq qərarına gəlirlər. Hətta, ilk nömrənin materiallarını toplamaq
barədə də məsləhətləşirlər. Bakıda milli demokratik mətbuatın silah gücü ilə
susdurulduğu soyqırımından sonrakı dövrdə Mirzə Balanın publisistik fəaliyyətini
davam etdirmək üçün bu yaxşı fürsət idi. Müsəlman Qiraətxanasında nəşrin adını
da müəyyənləşdirdilər – "Gənclər yurdu”! 1917-ci ildə Mirzə Balanın yaxın dostu
Əbdül Vahab Məhəmmədzadə Bakıda "Gənclər sədası” adlı Azərbaycan və rus dillərində
qəzet də çıxartmışdı. Amma, məcmuə qəzetdən fərqli biçimdə, mövzu və mühafizə
baxımından daha uzunömürlü və cazibədar hesab edilirdi...
Beləliklə, Mirzə
Bala yerli gənclərdən mürəttiblik və çap işini yaxşı bilən Firidun Hacızadə ilə
jurnalın nəşrinə icazə alırlar. "Gənclər yurdu” məcmuəsinin ilk sayı 1918-ci il
iyul ayının 23-də Tiflisdə fəaliyyət göstərən "Şərq” mətbəəsində daş basması
üsulu ilə işıq üzü görür. Bu nəşri Mirzə Balanın 20 yaşının tamam olmasına
qeyri-adi töhfə də adlandırmaq olar. Dərginin ilk oxunduğu və yayıldığı məkan
Tiflisin Müsəlman Qiraətxanası idi.
"Gənclər yurdu”
jurnalında məqalə müəlliflərinə xatırladılırdı: "Yazılan məqalələr aydın və
sadə, türkcə olmalıdır. Məqalələri düzəltməyə idarənin ixtiyarı var”. M.B.Məhəmmədzadə
sonuncu xatırlatma ilə müəlliflik hüququ məsələsinə aydınlıq gətirmiş,
redaksiya əməkdaşlarının və ya redaktorun mətn üzərində redaktə işi aparmağa
ixtiyarı olduğunu xüsusi vurğulamışdır. Eyni zamanda ilk səhifənin yuxarı hissəsində
xüsusi, paralel xətlər arasında yazılıb: "Hələlik on beş gündə bir çıxan türk məcmuəsidir.
23 iyul 1918. 31 şəvval 1336. Ünvan: Tiflis, Botaniçeski küçə, nömrə 2. Müsəlman
qiraətxanasında "Gənclər yurdu”. Qiyməti 60 qəpik”.
O dövrdə fərqli
növə və ölçüyə malik şriftlərin qıtlığına baxmayaraq "Gənclər yurdu” məcmuəsinin
ilk sayı yüksək peşəkarlıqla hazırlanmış, diqqətlə korrektə işləri görülmüş, bəzək
elementlərindən yerli-yerində istifadə olunmuşdur.Gənclərin böyük
maraqla qarşıladığı jurnalın məramını əks etdirən baş yazısı Mirzə Balanın "Məqsədimiz
nədir?” məqaləsi ilə açılırdı. Redaktor jurnalın məramını qısaca olaraq belə bəyan
edirdi: "Gürcüstanın paytaxtında nəşrə başlayan "Gənclər yurdu” türk məcmuəsinin
əsas məqsədi və iqtisadi amalı Osmanlı, Azərbaycan, Tatarıstan, Türkistan və
Monqolustan kimi parçalara bölünmüş türk millətini bir yerdə görmək, Turan
yurdunda yenidən diriltməkdir.
Fəqət başqaları
ilə fərq budur ki, bundan ötəri qılınca, qurşuna, oda, yalova degil, ədəbiyyata,
elmə, mədəniyyətə müraciət ediləcəkdir.
"Gənclər
yurdu”nun fikrincə həyati-bəşəriyyə ancaq millətlərin tərəqqi və təlimləri ilə
məmnundur.
..."Gənclər
yurdu” zənn edir ki, birləşmiş bir türk milləti görmək üçün ümumi bir dil düzəltmək
lazımdır. Türk qövmlərini mədəni cəhətcə birləşdirmək gərəkdir.
"Gənclər yurdu”
bu məqsədlə öz səhifələrində türk dili, türk ədəbiyyatı, türk tarixi, türk sənayeyi-nəfisəsinə
dair məlumatlar verəcək.
Anadolu, Azərbaycan,
Türküstan, Krım, Tatarıstan və Monqolustan türklərinin həyati-ictimaiyyə,
siyasiyyə və mədəniyyətlərilə öz oxucularını tanış edəcək.
"Gənclər yurdu”
tam mənasilə yeni fikir tərəfdarı olduğunu göstərmək üçün var qüvvəsilə milləti
xalqdan ibarət biləcək, onun hüququnu, onun hakimiyyətini müdafiə edəcək, təki ədəbiyyat,
mədəniyyət də xəlqiləşsin, daha qədim kimi mədəniyyət yalnız bəylərə, xanlara
aid olmasun.
"Gənclər yurdu”
bütün türk gənclərinə bir yurd olacaq səhifələrini cümlə gənclərə açacaq” (Məqsədimiz
nədir? "Gənclər yurdu”, Tiflis, 1918, 23 iyul, № 1, səh.1).
Onu da
vurğulamağa ehtiyac duyulur ki, "Gənclər yurdu” Azərbaycan Cümhuriyyəti
dövründə nəşr edilən ilk milli jurnaldır. Ayrı-ayrı istisnalar nəzərə alınmaq şərtilə
bütün materialları demək olar ki, Mirzə Bala yazmışdır. Dərginin səhifələrində
yer alan "Azərbaycan Cümhuriyyəti” məqaləsində M.B.Məhəmmədzadə çox ciddi
problemlərə toxunmuş, öz düşüncələrini, qənaətlərini bildirməkdən çəkinməmişdir.
O dövr üçün Mirzə Balanın toxunduğu ən qlobal problemlərdən biri yenicə
istiqlalını elan edilmiş Cümhuriyyətimizin ərazisi, sərhəd məsələsidir. Azərbaycan
hökumətinin 1918-ci ilin iyulunda daşnak-bolşevik qüvvələri ilə Bakının
qurtuluşu uğrunda ölüm-dirim mübarizəsi apardığı bir zamanda M.B.Məhəmmədzadə
yazırdı: "Azərbaycanın xəritəsi və sərhəddi: Şimaldan Qafqaz dağları, cənubda
Urmiya gölü və Farsistan, Şərqdə Xəzər dənizi, Qərbdə Ermənistan və Gürcüstandır.
Söylədiyim hal ilə yüz sənə irəli Azərbaycan var idi. Onun tarixi, ədəbiyyatı,
mədəniyyəti, coğrafiya və etnoqrafiya halı bunu təsdiq edir və Azərbaycan haqqında
dəyərli məlumat verə bilir. Fəqət yüz on dörd sənə bundan irəli Azərbaycan iki
hissəyə ayrıldı. Arasdan cənubu İranda, şimalı Rusiyaya getdi. İndi Rusiya Azərbaycanı
xilas etmiş, müstəqil bir hökumət halına gəlmişdir.
Cənub hissəsi barəsində
bir söz söyləyə bilmərik. Fəqət arzumuz bu iki parçanın birləşməsidir” (Məhəmmədzadə
Mirzə Bala. Azərbaycan Cümhuriyyəti. "Gənclər yurdu”, Tiflis, 1918, 23 iyul, №
1, səh. 4).
Azərbaycanın xəritəsi
zaman-zaman müxtəlif səviyyələrdə və məkanlarda, fərqli biçimdə cızılmışdır.
Lakin Xalq Cümhuriyyəti dövründə Mirzə Bala ilk dəfə mətbuat vasitəsilə Azərbaycanın
bütöv ərazisini, sərhədlərinin konturunu oxucularına təqdim edirdi. Əslində,
bu xatırlatma parçalanmış vətənin bütövlüyü, birliyi, monolitliyi uğrunda gələcək
mübarizələrə incə bir işarə idi.
Mirzə Balanı
narahat edən ciddi problemlərdən digəri yeni qurulmuş dövlətin idarəçilik
sükanının arxasına hansı əqidəyə malik insanın gətirilməsi məsələsidir. Onun fikrincə,
Azərbaycan Cümhuriyyətində millətimizin bütün təbəqələrinin hüququ düşünülməli
və təmin olunmalıdır. Mirzə Bala bu barədə haqlı olaraq yazır: "Zənn edirik ki,
millətimizin qanı, canı, dövləti və namusu ilə azad olunmuş vətənimizdə ögey və
doğma olmayacaq. Millətimizin bəyi, xanı, çobanı, əkinçisi, qadını bərabər
hüquqa, müsavi həqqə malik olacaqlardır.”
Mirzə Bala yeni
qurulan cəmiyyətdə sosial ədalət prinsipinin vacibliyini, əhəmiyyətini
vurğulamaqla Cümhuriyyət məmurlarını, əslində, sayıqlığa, haqqa, ədalətə, obyektivliyə,
azərbaycançılığa səsləyirdi.
Gənc Mirzə
Balanın dövlət və hökumət anlayışına münasibəti də çox maraqlıdır. Onun fikrincə:
"Mətləb burdadır ki, Cümhuriyyət başqa, hökumət başqa şeydir. Cümhuriyyət bir
hökumətin üsul idarəsidir. Yuxarıda biz bunu müdafiə edirdik. Bizim dediyimiz
odur ki, yeni Azərbaycan hökuməti cümhuriyyət əsasilə qurulmalıdır.
Bəs hökumət özü nədir?
Hökumət üç mühüm əsasdan ibarət və təşkil olunan padşahlıqdır. O əsasların biri
idarə, ikincisi topraq, üçüncüsü əhalidir.
...Toprağı, dövləti,
sərhəddi olmayan bir yerdə idarə də, hökumət də olmaz. Odur ki, Azərbaycan
hökuməti ilk sırada bu ağır məsələni həllə qalxmışdır” (Məhəmmədzadə Mirzə
Bala. Azərbaycan Cümhuriyyəti. "Gənclər yurdu”, Tiflis, 1918, 23 iyul, № 1, səh.
4).
Əlbəttə, bu
düşüncələrlə tanış olduqca 20 yaşlı gənc Mirzə Bala Məhəmmədzadənin siyasi
dünyagörüşünə, dövlətçilik təfəkkürünə heyran qalmaya bilmirsən. Onun
baxışlarına görə hökumətin üç mühüm əsasının, prinsipinin sıralanmasında cüzi dəyişiklik
etsək; torpaq (vətən anlamında – A.R.), millət və dövlət düsturunun nə qədər dəqiq
ifadə edildiyinin fərqinə varmış olarıq. Biz sonralar dövlətçiliyin üç mühüm əsas
düsturuna Cümhuriyyət liderlərinin, o cümlədən Üzeyir Bəy Hacıbəylinin çıxış və
məqalələrində də rast gəlirik...
"Gənclər yurdu” məcmuəsinin
ilk sayında Mirzə Balanın "Azərbaycan Cümhuriyyəti” analitik yazısı,
"Əksinqilabçılar” hekayəsi, "Dilimizdə işlədilən özgə sözlər” məqaləsi, Fikrət
Ziyanın "Türk yurdu” məcmuəsindən alınmış "İmamın qanunları” nəzmi, Əhməd
Cavadın "Qara dəniz”, "Dilimiz” şeirləri, Azər Ellinin "Türk teatrosu”, "F.T.”
imzalı müəllifin (Firidun Tofiq oğlu Hacızadə – A.R.) "Qadınlara haqq” yazısı,
"Acı sevgi” romanından bir parça, Rəbiyyə Xanımın "Altun çiçəklər”, eləcə də "Türk
dünyası” adlı dövrün xəbərlər bloku və b. materiallar verilmişdir. "Gənclər
yurdu” məcmuəsinin ilk sayının sonuncu səhifəsində redaktorlar yerində:
"Çıxaranlar: M.Bala Məhəmməd, F.Hacızadə” – yazılmışdır.
M.B.Məhəmmədzadənin
"Əksinqilabçılar” hekayəsi 1918-ci il Mart soyqırımına həsr edilmiş ilk bədii əsərdir.
Mirzə Bala bu hekayəsi ilə Rusiyanın ideoloji təsiri altına düşmüş Azərbaycan
ziyalısının soyqırımı faciəsini öz gözləri ilə görsə də, hadisələrdə öz
yaxınlarını, əzizlərini itirsə də, yenə də qətlə yetirilənlərin "əksinqilabçılar”
olduğunu söyləməsi, həqiqəti görə bilməkdə və dilə gətirməkdə çətinlik çəkməsi,
problemin mahiyyətini dəyərləndirməkdə rus bolşeviki, erməni daşnakı kimi
düşünməsi məsələsini qabartmış, nəticədə bu gün də aktual səslənən mükəmməl bir
Hüseyn obrazı yaratmışdır. Mirzə Bala yazırdı: "Şamaxı hadisəsi Krım, Türküstan
hadisələri kimi Hüseyni o qədər düşündürmədi. Çünki, müəqqəq mənbələrdən
aldığı məlumata görə o türk ocaqlarında qırılanlar "əksinqilabçı” imişlər. Fəqət,
indi isə Bakı həyəcanlı günlər keçirirdi. Şəhər od içində yanırdı. Pulemyot,
top, tüfəng, qurşun səsilə paraxodların bombardmanı, cəmaətin qışqırığı,
çoluq-çocuğun, qadın-qızların ah-fəryadı məhşəri anladırdı. Ölən, yanan, qaçan,
çığıran, dağıdan, kəsən, kəsilən bir-birinə qarışmışdı...
Dəstə ilə
qadınlar, qızlar, qocalar başları açıq, ayaq yalın evdən-evə, küncdən-küncə
qaçırdı. Bu nə üçün idi?!
Bunlar
türk-islamlar idi. Bunlar hürriyyət, muxtariyyət arzulayanlardır. Bunlar əsrlərlə
əsarət, əziyyət, həqarətdən usanmış, daha insancasına yaşamaq arzu etmişlərdi.
Ona görə cəzalanıblar. Əksinqilabçıdılar. Yəni "Velikorus” imperialistliyinə
tabe olmaq istəməyirlər. Bilməm bunları Hüseyn görürmü?!” (Mirzə Bala.
"Əksinqilabçılar”. "Gənclər yurdu”, Tiflis, 1918, 23 iyul, № 1, səh. 2-3).
Müəllif
"Əksinqilabçılar” hekayəsi vasitəsilə oxucularına bildirmək istəyir ki,
soyqırımından daha dəhşətlisi öz millətinin ziyalısının xalqının faciəsinə
biganə qalması, günahı, qanlı cinayətlərin səbəbini qatildə, qaniçəndə deyil, məzlumda,
məsumda görməsidir.
Məcmuənin 3–4-cü
səhifələrində yer alan Əhməd Cavadın məşhur "Qara dəniz” şeirinin birinci bəndi
sonrakı nəşrlərdə fərqli şəkildə çap olunduğu üçün müqayisə məqsədilə təqdim
etdiyimiz ilk mətbu variantı belədir:
Çırpınardı Qara
dəniz,
Baxıb türkün
bayrağına.
"Ah” – deyərik,
heç ölməzdim,
Düşə bilsəm
ayağına...
Birinci və üçüncü
misralarda dəyişiklik cüzi də olsa, mənaya təsir etmək gücünə malikdir.
"Gənclər
yurdu”nun "Türk dünyası” rubrikası altında təqdim etdiyi informasiyalar, xəbərlər,
məlumatlar dövrün, mühitin ictimai proseslərini izləmək, təhlil etmək və dəyərləndirmək
nöqteyi-nəzərindən diqqət çəkir.
"Türk dünyası. Azərbaycanın Bakını xilas
etmək üçün müharibəsi davam ediyor. Şamaxı tərəfdə ermənilər Ağsuya çəkilmişlər.
Cənuba gedən qüvvələr rəvayətə görə Muğan və Səlyanı tutmuşlar. Dəmir yolunda
isə türklər Ələtə qədər yüyrümüşlər.
***
Gəncədə çıxmağa
başlayan "Türk sözü” adlı bir qəzetə aldıq. Qəzetə hələlik rusca-türkcə çıxır.
***
Məktəb kitabları
almaq üçün Azərbaycan Hökuməti İstanbula nümayəndə göndərmişdir”.
"Türk dünyası”
rubrikası altında yalnız Azərbaycandan deyil, Türkiyədən, Qırğızıstandan,
Türkstandan, Başqırdstandan, Krımdan və b. türk yurdlarından, ocaqlarından xəbərlər,
məlumatlar yer almışdır.
"Gənclər yurdu” məcmuəsinin
1918-ci il 14 avqust tarixli ikinci sayı Gəncədə vəba xəstəliyindən vəfat etmiş
görkəmli Azərbaycan şairi Abbas Səhhət Mehdizadənin portreti ilə açılır.
Jurnalın ikinci və dördüncü səhifələrində Mirzə Bala Məhəmmədzadənin "Abbas Səhhət”
adlı məqaləsi verilmişdir. Şairin həyat və yaradıcılığından, pedaqoji fəaliyyətindən,
vətənpərvərliyindən, amalından, əqidəsindən bəhs edən Mirzə Bala ədibə böyük
ehtiramla yazırdı: "Milli ədəbiyyatı, milli mədəniyyəti olmayan bir millət
özünün millət olduğunu sübut eyləyə bilməz. O hətta bir millət adı altında
yaşaya bilməz. Qüvvətli, mədəni bir millətin təsiri mədəniyyəti altında dəyişib
gedər...
İngiltərə üç yüz
milyonluq Hindistanı buraxaram, Şekspiri vermərəm – deyir.
Bununla şairin
bir millət nəzərində nə qədər qiyməti olduğunu söyləyor. Millətimizin quruluşu,
yaşayışı və yüksəlməsi üçün biz də şairlərə öylə əhəmiyyət verməliyik. Mədəni
millətlər bizim kimi geridə olan millətlərə bir örnək olmalıdırlar.
Öylə ikən bizi bu
yavuqda itirmiş olduğumuz Abbas Səhhət Mehdizadə - Azərbaycan türk şairimizin
ölümü ağlatmalıdır. Zira, o millətimizin varlığı, ədəbiyyatı və mədəniyyəti
yolunda çalışan bir mücahid idi.
Abbas Səhhətə həyatda
Mirzə Abbasqulu deyilərdi. Doğulduğu yer – Azərbaycana bir neçə yazıçı və
şairlər vermiş, Sabirlər yaratmış Şamaxı şəhəridir. İlk tərbiyəsini vətəni olan
Şamaxıda görübdür. Ərəb, fars, türk lisanlarını öyrənəndən sonra İrana getmiş,
Tehranda Avropa məktəbinə girmişdir. İrandan gəldikdən sonra Mirzə Abbasqulu
bir neçə vəqt qeyri-rəsmi surətdə müəllimliyə başlamışdır.
O vəqtdən Abbas Səhhət
mətbuat aləmində işləyor. Son zamanlarda Şamaxı Edadiyyəsində türk dili müəllimliyini
ediyordu.
14-18 mart Şamaxı
hadisəsindən sonra Abbas Səhhət yurdunu buraxıb Göyçay tərəfə gəlmişdi. Fəqət
burada xilas olmamış, vəbaya düçar olub axırda canını təslim etmişdir” (Məhəmmədzadə
Mirzə Bala. "Abbas Səhhət”. "Gənclər yurdu”, Tiflis, 1918, 14 avqust, № 2, səh.
2-4).
İndiyədək heç bir
elmi mənbədə, biblioqrafiyada vurğulanmayan bu məqalə Mirzə Balanın ədəbi-mədəni
həyata həssas münasibətinin, şairə, ziyalıya qarşı qədirşünaslığının ən bariz
nümunəsidir.
"Gənclər yurdu” məcmuəsinin
ikinci sayında Mirzə Balanın "Məqsədimiz haqqında”, "Məktəb şagirdi”, "Azərbaycan
Cümhuriyyəti” məqaləsinin 3-cü hissəsi, F.Tofiqin "Qadınlara haqq”, Azər
Ellinin "Türk yerləri” məqalələri, Rəbiyyə Xanımın "Altun çiçəklər” (davamı),
"Acı sevgi” pomanının davamı, Ümmügülsümün "Türk qızlarına”, imzasız "Qafqaz”,
Əhməd Cavadın "Marş” şeirləri, eləcə də "Türk dünyası” sərlövhəli xəbərlər və
s. materiallar verilmişdir.
Əhməd Cavad
1918-ci il iyunun 12-də yazdığı və iyulun 29-da "Gənclər yurdu” məcmuəsinə
göndərərək çap etdirdiyi "Marş” şeirinin iki bəndi belədir:
Millətimin tarixində,
Şan və şərəf əkməliyim!
Şu, qarşıkı yad Qələyə,
Bir al bayrak tikməliyim!
Düşmənlərə göstərdim ki,
Bənim kibi əsgəri yox.
Bənim qılınc urmadığım,
Dünyanın heç bir yeri yox...
Beş bəndlik
"Marş”ın sonunda Əhməd Cavad aşağıdakı qeydləri yazmışdır: "B.T. Bu "Marş”ı
Qafqaz İslam Ordusu Baş komandanı Nuri Paşa həzrətlərinin arzusuna müvafiq
bizim Azərbaycan türk ordusu üçün söylədim. Fəqət hələlik bəstələnmədiyinə görə
nasıl çıxacağı bəlli degildir. Cavad. 29 təmmuz 1918” (Cavad. Marş. Tiflis, "Gənclər
yurdu” jur. 1918, 14 avqust, № 2, səh.2).
Nuru Paşanın
arzusu, təşəbbüsü ilə Əhməd Cavadın Azərbaycan türk ordusu üçün "Marş” yazması
diqqətçəkən hadisədir. "Marş”ın mətni Ə.Cavadın kitablarına daxil edilsə də,
qeydlər təəssüf ki, nəşrlərdən çıxarılmışdır.
"Gənclər yurdu” məcmuəsinin
ikinci sayının sonunda ədəbi "Yarış” elan olunması, daha çox ziyalıların, qələm
əhlinin diqqətini jurnala cəlb etməkdən ibarət idi. Mirzə Bala bildirişdə
yazılırdı: "Qadın həyatından nəsr və ya nəzmən təsvir edib bu yarışı qazanacaq
gənc əfəndilərə məcmuəmiz hədiyyə olunacaqdır” (Yarış. Tiflis, "Gənclər yurdu”
jur. 1918, 14 avqust, № 2, səh.8).
Bu bildirişi
oxuduqda istər-istəməz Seyid Hüseynin "Qurtuluş” dərgisində "Yazı yarışı” adlı
elanı yada düşür. O vaxt həmin yarışın qalibləri Mirzə Bala Məhəmmədzadə və Cəfər
Cabbarzadə elan edilmişdir.
"Gənclər yurdu” məcmuəsinin
11 oktyabr tarixli 3-cü sayı vəfat etmiş türk diplomatı, Brest – Litoski sülh
konfransının üzvü İbrahim Həqqi Paşanın rəsmi ilə açılır. Jurnalda Mirzə
Balanın "Yoldaşım” hekayəsi, "Din və mədəniyyətə bir baxış” məqaləsi, Məhəmməd
Əmin Bəyin "Ey türk oyan”, Rəbiyyə Xanımın "Altun çiçəklər” əsərinin davamı,
"Türk dünyası” yer almışdır. "Qadınların alçalması və örtülməsi” (F.Tofiq)
yazısı istisna olunmaqla bütün məqalələr, o cümlədən imzasız materiallar M.B.Məhəmmədzadəyə
məxsusdur. Redaktor məcmuənin 3-cü sayında Bakının işğaldan azad edilməsi
haqqında məlumat vermişdir. Məlumatda yazılır: "Altı ay qanlı və ağır müharibədən
sonra Azərbaycan hökuməti sentyabrın 16-nda 1918-ci ildə (9 zilhiccə) Bakını
alıb bütün mənasilə bir hökumət halına girməgə müvəffəq oldu. Hökumət Bakıya
köçmüşdür.
Gürcüstan, Ermənistan,
Almaniya, Türkiyə, Avstraliya, Macarıstan hökumətləri öz siyasi nümayəndələrini
Azərbaycana yollamışlar” (Türk dünyası.
Tiflis, "Gənclər yurdu” jur. 1918, 11 oktyabr, № 3, səh.8).
Bakının bolşevik
– daşnak tör-töküntülərindən azad edilməsi 15 sentyabr 1918-ci ildə baş
vermişdir. Çox güman ki, bu tarixi hadisənin sentyabrın 16-na aid edilməsi sadə
bir yanlışlığın nəticəsidir.
M.B.Məhəmmədzadənin
rəhbərliyi ilə uğurla nəşr edilən "Gənclər yurdu” məcmuəsinin 1918-ci il 1
noyabr tarixli 4-cü sayında "Qələmilə millətlərin intibahına çalışan böyük
türk şairi Məhəmməd Əmin Bəy həzrətləri”nin iri portreti verilmiş, onun əvvəlki
saylardan başlayan "Ey türk oyan” şeirinin davamı dərc olunmuş, Mirzə Balanın
"Azərbaycan Cümhuriyyəti” silsilə məqaləsinin ardı işıq üzü görmüş, "Mədəniyyət
dünyası”, Məbud Zeynallının "Sevgi”, Azər Ellinin "Azadə yurduma” şeiri, "Ana.
İlk sevgi”, Türk dünyası” məqaləsi, "Altun çiçəklər”in davamı, "Qızıl ehtiyatı
və kağız pullar” analitik yazısı, Əhməd Cavadın "Ana” şeiri və digər
materiallar məcmuədə yer almışdır.
"Gənclər
yurdu”nun 4-cü nömrəsi əvvəlki saylardan həcm etibarilə fərqli olaraq 8-dən 12
səhifəyə çatdırıldı və başlıq yeni dizaynda oxuculara ünvanlandı.
Dərginin 5-ci –
sonuncu sayı 15 noyabr 1918-ci (15 təşrini-sani 1334) ildə işıq üzü gördü. "Gənclər
yurdu”nun ilk sayı istisna olunmaqla birinci səhifəsində yeni portret – bu dəfə
Osmanlı sultanı Məhəmməd Xan həzrətlərinin təsviri verilmişdir. Əvvəlki
saylardan fərqli olaraq məcmuənin bu sayında Mirzə Bala naxışlı haşiyələrdən
istifadə etmiş, hətta dərc olunmuş materialların mündəricatın da xüsusi tərtibatla
vermişdir.
"Gənclər
yurdu”nun on iki səhifəlik bu sayında Məhəmməd Əmin Bəyin "Ey türk oyan!”
şeirinin ardı, Əli Səbrinin "Ümid işıqları” felyetonu, "Altun çiçəklər”in növbəti
hissəsi, Ə.Qəribin "Ərbab qələm qadınları haqqında”, M.Mirzə Balanın "Bizdə gözəl
sənətlər” məqaləsi, "Azərbaycan Cümhuriyyəti” əsərinin son hissəsi, Ə.Cavadın
"Şerim”, F.Tofiqin "Gənc ordu” yazısı, "Acı sevgi” romanının ardı,
Ə.A.Seyfullazadənin "Türklük”, M.Cəfərlinin "Tiflisdə Türk teatrosu” və b. məqalələr
yer almışdır. "Türk dünyası” rubrikası altında isə xəbərlər verilmişdir.
Mirzə Balanın
"Bizdə gözəl sənətlər” adlı məqaləsi bütövlükdə mədəniyyətə, incəsənətə həsr
edilmişdir. Onun rəssamlıqdan, heykəltəraşlıqdan, musiqidən, eləcə də incəsənətin
inkişafında dini fanatizmin bu sahəyə yaratdığı maneələri təhlil edərək dəyərləndirmişdir.
Mirzə Bala düşüncələrini gənc oxucularla bölüşərək yazır: "İnsanın əqli, düşüncəsi
meydana yeni ixtiralar, yeni kəşflər, makina və radiolar çıxartmağa məşğul ikən,
duyğusu da sənətlərin daha incə, daha nəfis və daha gözəl olmaqları üstə səy
edirlər. Odur ki, iki yüz il bundan irəli olan bir rəsm imdi Rafaelin şəkilləri
qarşısında bir çocuq çızığına oxşayır. Sənət vasitəsilə insan aldığı və ya istədiyi
bir təsiratı başqasında da oyatmağa müvəffəq olur”.
Mirzə Bala insan
zövqünün, düşüncəsinin inkişafında yüksək estetik həzzə malik incəsənət əsərlərinin
tükənməz mənbə, ilham qaynağı olması qənaətlərini məqalədə xüsusi
vurğulamışdır.
"Gənclər yurdu” məcmuəsinin
beşinci sayında Mirzə Balanın "Azərbaycan Cümhuriyyəti” əsərinin yeddinci hissəsi
yer almışdır. Müəllif əsərinin son hissəsini yazanda və nəşr etdirəndə artıq
Bakı şəhəri erməni-daşnak və bolşevik tör-töküntülərindən təmizlənmiş, Azərbaycan
Cümhuriyyətinin paytaxtına çevrilmişdir. Əsərin son hissəsində müəllifi daha
qlobal problemlər düşündürür: "Biz Azərbaycanı Cümhuriyyət halında görmək istədiyimiz
kimi özünü də bütöv və həqiqi bir Azərbaycan halında görmək tərəfdarıyıq.
Əgər İran Azərbaycanı
ilə Qafqasiya birləşməgə müvəffəq olsalar o vəqt ən xoşbəxt bir millət ola
biləcəgiz deyiriz. Təbiətcə dövlətli, mədəni, Cümhuriyyətli Azərbaycan
Qafqasiya dağlarından Farslıqa kimi sərbülən (başı uca –A.R.) on milyonluq
bir əhalinin yurdu, vətəni olacaqdır”.
Mirzə Bala Azərbaycanın
ərazi bütövlüyünü, milli birliyini həmişə millətin xoşbəxtliyi, səadəti hesab
edib, idarə üsulunda demokratik prinsipləri, hüquq bərabərliyini dövlətçilikdə
vacib, əhəmiyyətli konsepsiya sayıb.
"Gənclər yurdu” məcmuəsi
5-ci sayının 11–12-ci səhifələrində "Türk dünyası rubrikası altında Türkiyədən,
Krımdan, Qırğızıstandan, Azərbaycandan maraqlı xəbərlər verilmişdir. Maraqlı
informasiyalardan bəzilərini nəzərdən keçirmək yerinə düşərdi:
"Bakının alınması. Bakının alınması
münasibətilə İstanbul qəzetləri xüsusi məqalələr yazıb şadlıq etmişlər və
İstanbulda olan Heyəti Mürəxxəsəmizi təbrik etmişlər.
Hərbiyyə məktəbləri. Azərbaycan Hökuməti 3 hərbiyyə
məktəbi güşadına əlli min ruble pul buraxmışdır.
İki aktyorun vəfatı. Azərbaycan qəzetlərində
oxuduğumuza görə Azərbaycan türk səhnəsi iki böyük sənətkarını itirmişdir.
Onlardan biri Cahangir Zeynalovdur ki, (Azərbaycanın xalq artisti Nəsibə
Zeynalovanın atası – A.R.) otuz sənədən yuxarı idi türk səhnəsi üçün çalışırdı.
İkinci Hacı
Cabbarzadədir ki, (Hacı Cabbarzadə – Hacınski – C.Cabbarlının yaxın dostu –
A.R.) hənuz cavan olub aktyorluqda böyük məharət göstərməkdə idi.
Azərbaycan Məclisi-Məbusanı. Hökumət tərəfindən doktor Rəfiyevin
təhti-sədarətində seçilmiş xüsusi komissiya Azərbaycan Məclisi-Məbusanı çağırmaq
hazırlığında bulunmadadır”.
Bu xəbərlər
Cümhuriyyət dövrünün əhval-ruhiyyəsini, siyasi-ideoloji məramını, quruculuq
istiqamətlərini özündə əks etdirməklə yanaşı qürur mənbəyimiz, şərəf
tariximizdir.
Mirzə Bala və
onun həmkarı Firidun Hacızadə jurnalın beşinci sayının sonunda oxuculara
bildirirdilər: "Gənclər yurdu” məcmuəsinə abunə dəftəri açıqdır. 48 ədədi (bir
il) – 80 ruble. 24 əd. (yarım il) – 40 ruble. 12 əd. (üç ay) – 20 ruble, tək
nüsxəsi 1 manat 50 qəpik.
Məcmuədə xalis gənclər
iştirak edir. Türk ədəbiyyatı, türk tarixi və türk həyatına dair məlumat
verilir”.
"Gənclər yurdu” məcmuəsinin
ilk sayını 60 qəpik dəyərində oxuculara ünvanlayan mühərrirlərin dörd ay ərzində
qiymətləri iki dəfədən çox artırması yalnız jurnalın həcminin 8-dən 12 səhifəyə
genişləndirilməsi ilə bağlı deyildi. Şübhəsiz ki, jurnalın sürətlə qiymətinin
yüksəldilməsi həm də inflyasiya amili ilə sıx bağlı idi.
Məcmuədə verilmiş
abunə haqqında bildiriş də təsdiqləyir ki, jurnalın təsisçisi olan Gənclər Cəmiyyəti
və onun mühərrirləri Mirzə Bala Məhəmmədzadə və Firidun Tofiq oğlu Hacızadə "Gənclər
yurdu” məcmuəsinin fəaliyyətini uzun müddət davam etdirmək niyyətində olublar.
Lakin, dərginin son sayında oxuculara xəbərdarlıq edilmədən fəaliyyətinin qəfil
dayandırılması fərqli mülahizələrə yol açır. Və hətta ehtimal var ki, "Gənclər
yurdu” adlı jurnalın Tiflisdə, Azərbaycan türkcəsində nəşri burada yaşayan erməni,
gürcü millətçilərində ərazi iddiası kontekstində qıcıq yaratdığı üçün məcmuə
güc strukturları tərəfindən xəbərdarlıq edilmədən qapadılmışdır.
Professor Nazim
Axundov "Azərbaycanda dövri mətbuat” (1832-1920) adlı biblioqrafiyasında (Bakı,
1965, səh.52) yazır ki, "Gənclər yurdu” jurnalının 1918-ci ildə 23 iyuldan 15
noyabradək 35 nömrəsi çap edilmişdir. Əlbəttə, iki həftədə bir dəfə işıq üzü
görən məcmuə üçün bu rəqəm həddindən çox şişirdilmişdir və mötəbər fakta söykənmir.
"Gənclər yurdu”nun qeyd olunan müddətdə beş nömrəsinin işıq üzü gördüyü məlumdur.
O da məlumdur ki, Mirzə Bala Məhəmmədzadə 1918-ci ilin noyabr ayında Tiflisdən
Bakıya qayıtmış, dekabr ayının 7-də fəaliyyətə başlayan Cümhuriyyət Parlamentində
(Məclisi-Məbusanında) öz təbiri ilə desək "zabit katibi” (stenoqrafçı) vəzifəsində
çalışmışdır.
Türk Gənclər Cəmiyyətinin
orqanı olan "Gənclər yurdu” məcmuəsi Azərbaycan xalqının ən ağır, məşəqqətli
günlərində, müstəqillik, azadlıq uğrunda ölüm-dirim savaşının getdiyi bir
vaxtda Mirzə Bala Məhəmmədzadənin təşəbbüsü və rəhbərliyi ilə yaradılmış, vətənpərvərlik,
yurdsevərlik ruhunda fəaliyyət göstərmiş Cümhuriyyət dövrünün ilk dərgisidir.
Toxunduğu
problemlərin böyük bir qismi bu gün də aktual səslənən, milli mətbuat
tariximizin ilk istiqlal məcmuəsi olan 100 yaşlı "Gənclər yurdu” – Cümhuriyyət
qurucularının maariflənməsində, səfərbər edilməsində, məfkurəvi düşüncəsinin
formalaşmasında nümunəvi xidmətlərinə görə geniş elmi tədqiqat müstəvisinə gətirilməyə
və yüksək dəyərləndirilməyə layiqdir.
Asif Rüstəmli